• çərşənbə axşamı, 16 aprel, 09:48
  • Baku Bakı 14°C

Siz yazılarınızdan görünürsüz, zəif adamlar!

24.12.13 08:48 1444
Siz yazılarınızdan görünürsüz, zəif adamlar!
Nigar İsfəndiyarqızı
...yenə gecəni ortaladım. Beynim internet səhifələrini vərəqləməyə and içib. "Oxu" deyir mənə, mən də oxuyuram. Və başlayıram işığını yandırmaqdan ehtiyat elədiyim otaqda populyar yazarların "əsər"lərini oxumağa. Sonuç?
...zəiflik. Bəli, zəiflik.
Mən heç kimin yazı tərzinə irad bildirəcək ədəbi gücdə və məntiqdə deyiləm. Haqqda da deyiləm. Amma...
...amma üzümü bu günün məşhuri-cahan olan kişi yazarlarına tutub ürəyimdəkiləri deməmək də mənim işim deyil!
...siz ədəbiyyat yaradırsız, cənablar. Daha doğrusu yaratdığınızı zənn edirsiz. Çünki ədəbiyyat güclü, iradəli duyğuların məhsuludur. Necə ki, böyük Sabir sabun satdı amma satira yarattı. Kirli, dağınıq geyimdə şəhərin məşhur küçələrində, bahalı sərxoş kimi dolaşıb oranın görünməyən hansısa zirzəmisindəki çay evində nisyə çay içmək adama şair dedirdirsə onda bu işin ədəbi harda qaldı? Əmək sərf eləmədən arada bir-iki yazı qaralamaq da ədəbiyyatdan deyil. Siz zəifsiniz, dostlar. Çayxanada "ədəbi söhbətlər" eləyib, o çayçıya "dayı" deyərək "bu dəfə də yaxşı qurtardıq" deyib çıxmaqdansa gündüzləri fəhlə çalışıb, ev qura, evinizə çörək qazana, gecələri də şirin bir yorğunluqla öz evinizdə (aylıq dərdindən sahibəsinə eşq elan elədiyiniz kirayədə deyil!) istədiyiniz yazını yazmaq daha gözəl olmazmı? Min bir nəvazişlə sizə çay dəmləyən xanımınızla səadətinizdən ilhamlanıb böyük əsərlər yaratmaq daha yaxşı fikirdi, məncə.
Heç də çarəsizlikdən dəm vurmayın. Hamının özünə görə səbəbləri və çarəsizlikləri təbbii ki, var. İnanın mənə, sizin elədiyiniz acizlik deyil, fədakarlıq hissinin tənbəlliyə qurban edilməsidir. Yazan adamlar yaxşı bilir ki, özünü kimdən gizləsə də yazısından gizləyə bilmir, çünki o, sadəcə o yazıda odur. Başqa heç bir yerdə özü ola bilməsə də.
Sözüm sizədir, yazıram deyənlər, ucuz, ədəbsiz, əxlaqsız manşetli saytların f5-i sayəsində oxunma rekordları qıranlar!
Yazılarınızdan çarəsizliyiniz tökülür...
Yoxluğunuz, aclığınız, mənəviyyatsızlığınız...
...qadınsızlığınız...
Biz bu qədərmi nazildik, incəldik? Göründüyünüzün fərqində deyilsizmi, cənablar? Saydıqlarım əyninizə gen olan paltarlarınız kimi üstünüzdən tökülür...
Kişi kasıb olar, pulsuz olar, ac olar. Nolar ki, heç kim anasının qarnından varlı və ya kasıb doğulmur. Nə vaxtsa zəngin olacağının da zəmanəti yoxdur. Ömürdü, qismətdi, nə bilmək olar sabah nə gətirəcək?
Amma kişi mənəviyyatsız olmaz! Mentaliteti təhqir edirsiz, susuruq, millətçi duyğularımızı əzib keçirsiz, susuruq, dəyərlərimizə toxunursuz, əşi, yum qulaqlarını, eşitmə, görmə deyib yan keçirik, dinmirik, bu dəfə də yaxamızdan yapışıb bu lənətə gəlmiş "azad intim həyat" iyrəncliyini ortaya atırsız. Qüsura baxmayın, bəylər, burda susmaq kişilikdən deyil! ha "kişilik" də sizin təfəkkürünüzdəki düşüncədən ibarət deyil, onun cinsi olmur. Onun ölçüsü sizin əmmədiyiniz südlə ölçülür.
Hər kəsin bildiklərini yazıya alıb nə özümü nə də oxucuları kiçiltmək istəmirəm sadəcə üzümü onlara tutub demək istəyirəm ki,
-Siz yazılarınızdan görünürsüz, zəif adamlar!
banner

Oxşar Xəbərlər