• cümə, 19 Aprel, 22:18
  • Baku Bakı 24°C

Siyasi tükənmişlərin “yorğalıq” həvəsi

17.04.19 17:36 417
Siyasi tükənmişlərin “yorğalıq” həvəsi
Azərbaycanda mövcud olan bir sıra müxalif partiyaların rəhbərləri və orada yer alan bəzi şəxslər 90-cı illərin ab- havasında hələ çıxmayıblar. O dövrdə siyasi fəaliyyəti öz şəxsi ambisiyalarına qurban verən bu şəxslər, dəfələrlə müxtəlif adlar altında siyasi birliklər yaradaraq "birləşirik” desələr də, nəticə etibarı ilə bir-birilərini təhqir edərək yenidən dağılışıblar. Amma şakərlərindən də qalmayıblar. Utanmadan-usanmadan başqa bir təşkilat yaradıblar. Dağılacağı, hələ yaranmamışdan bəlli olsa da. İndi də Azərbaycan Xalq Hərəkatı adlı qurumda toplaşıblar. Guya "demokratik” addım ataraq, toplantılarını sosial şəbəkə üzərindən canlı yayımlayırlar. Amma bu "canlı yayımla” özlərini biabır edir, əsl mahiyyətlərini, siyasi savadlarını və əlbəttə, əxlaqlarını nümayiş etdirilər. Buradan da belə bir nəticəyə gəlmək olur ki, bu insanlar təfəkkür etibarı ilə hələ də 90-cı illərdən kənara çıxa bilməyiblər. Siyasi cəhətdən tükənmiş və hətta psixoloji problemlərinin olduğu sezilən bu şəxslərin özlərini Azərbaycan cəmiyyətinə siyasətçi kimi sırımağa cəhd etməsi nədən xəbər verir?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Elçin Mirzəbəyli bildirdi ki, onların problemi siyasi fəaliyyət yox, təfəkkür problemidir: "Məsələ orasındadır ki, bu insanlar az qala 30 illik siyasi təcrübəyə sahib olmalarına baxmayaraq, təfəkkürlərində hər hansı bir dəyişiklik baş verməyib. 90-cı illərin əvvəllərində ölkənin siyasəti, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı düşüncələrində hansı təsəvvürlər var idisə, o təsəvvür dəyişməyib. Yəni daşlamış bir yanaşma tərzi var. Digər bir məsələ isə ideoloji və əxlaqi deqradasiya ilə bağlı olan məsələlərdir. Bu düşərgədə problemlər artıq uzun müddətdir ki, baş qaldırıb. Çünki bu insanların böyük əksəriyyəti ümumiyyətlə, siyasi fəaliyyətlərinin istiqamətindən xəbərsizdirlər. Yəni özlərinin nə sol, nə mərkəzçi, nə də sağ ideologiyaya sahib olduqlarını hələ də başa düşə bilmirlər, kriteriyaları müəyyənləşdirməyiblər. Başqa bir problem, şübhəsiz ki, həmin o ideoloji platforma müstəvisində vaxtı ilə elan etdikləri prinsiplərə dəfələrlə xəyanət etmələridir. Azərbaycanın bir məkana inteqrasiyasından danışdıqları halda, sonra bəlli olur ki, onlar ümumiyyətlə, ölkə konstitusiyasına zidd fəaliyyət göstərən bəzi qurumlarla əməkdaşlıqda maraqlıdırlar. Eyni zamanda Azərbaycanın konstitusion quruluşunu dəyişmək istəyən insanları belə, dəstəkləməyə hazırdırlar. Yaxud da ölkədə hüquqi dövlətdən danışdıqları halda, Azərbaycanda hüququn aliliyinin pozulmasında iştirak edən və buna görə cəzalandırılan korrupsionerləri öz yanlarında görməkdən böyük məmnunluq duyurlar”.
E.Mirzəbəyli əlavə etdi ki, bunun bir aspekti də əxlaqi deqradasiya ilə bağlıdır və əslində bu, çoxdan baş verib: "Bu, hələ 90-cı illərdən baş verən bir prosesdir. Onlar üçün kriteriyalar, dəyərlər anlayışı qalmayıb. Vaxtı ilə bir-birini ən sərt formada təhqir edən insanlar, qısa müddətdən sonra yenidən bir araya gəlir və az bir vaxtdan sonra növbəti təhqir və söyüşlərlə ayrılırlar. Bu prosesi Azərbaycan cəmiyyəti gördüyü üçün uzun illərdir ki, bu insanlardan imtina edib. Onların keçirdiyi toplantı, səsləndirdikləri fikirlər və verdikləri bəyanatların ölkə əhalisi üçün heç bir əhəmiyyəti yoxdur. Bu insanlar Azərbaycan cəmiyyətinin kənarında olan bir prosesdə iştirak edirlər. Yəni onların siyasi fəaliyyətindən nə cəmiyyətin xəbəri var, nə də, cəmiyyət onların siyasi fəaliyyətlə məşğul olmasında maraqlıdır. Bütövlükdə, bunun ölkəyə hər hansı bir faydası olmayacağını insanlarımız yaxşı başa düşürlər. Nə qədər ki, bu adamlar var, təəssüflər olsun ki, ölkənin müxalif düşərgəsində sabitləşmə və durulma olmayacaq. Azərbaycanda çoxpartiyalı sistemi mövcuddur və bu sistemin mahiyyətində ölkədə sivil və siyasi proseslərdə aktiv şəkildə iştirak etməyi bacaran intellektual bir müxalifətin olması vacib şərtlərdən biridir. Təbii ki, belə siyasi qurumlar var. Amma bununla yanaşı, bu prosesin qarşısını alan, göz önündə olub fəaliyyətləri ilə insanlarda ikrah doğuranlar da var ki, öz fəaliyyətləri ilə Azərbaycan cəmiyyətinə, siyasi sistemə də hər hansı bir xeyir gətirmirlər”.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, ümumiyyətlə, bu gün Azərbaycanın siyasi mənzərəsinə baxsaq, 90-cı illərin əvvəllərindən indiyədək siyasi arenada olan çoxlu sayda simalar görmək olar: "Onların da bir qismi hələ o zaman AXCP-Müsavat hakimiyyətində təmsil olunurdu. Elə o hakimiyyətin dağılmasının əsas səbəbi də məhz o insanların arasında olan ziddiyyətlər idi. Hətta bu ziddiyyətlər bəzən aradan qaldırılmaz münasibətlərə, dava-dalaş çevrilirdi. O dövrdən indiyədək, həmin şəxslər siyasi arenada müxtəlif üsullarla qalmağa çalışırlar, ayrı-ayrı hadisələrlə bağlı bəyanatlar verirlər. Yəni gündəmdə qalmaq üçün çeşidli üsullardan istifadə edirlər. Əslində onlar heç siyasi fəaliyyətlə məşğul da deyillər. Onların fəaliyyətinə diqqət yetirəndə görürük ki, sözün həqiqi mənasında məqsədləri gündəmdə qalmaq, adlarının hallandırılmasının, kimlərinsə diqqətini cəlb etməkdən o yana keçmir. Bu, sanki onlar üçün "bazara” çevrilib. Elə onların yaratdıqları qurumlar, birliklər də sanki bazarı xatırladır. O bazarda hər şey olur, dava-dalaş, əlbəyaxa döyüşlər”.
M.Səfərli qeyd etdi ki, AXH-də siyasi cəhətdən tükənmiş insanlar var və onlar siyasət meydanından getməli, yerlərini gənclərə verməlidirlər: "Azərbaycanda normal siyasi fəaliyyətin təmin olunması üçün radikal müxalifət düşərgəsində monopoliya yaratmış adamların siyasətdən getməsi lazımdır. Onlar öz nağılları ilə gəncləri aldatmaqla məşğuldurlar. Əgər özlərinə hörmət edirlərsə, siyasətdən çəkilib getməlidirlər. Sözün açığı, Azərbaycan cəmiyyəti belə insanları dəstəkləmir və yer aldıqları qurumlarda baş verənləri də vətəndaşlarımız yaxşı görür, qiymətləndirir”.
AZAD
banner

Oxşar Xəbərlər