• cümə axşamı, 28 mart, 21:00
  • Baku Bakı 13°C

Siyasi şərhçi: "Azərbaycan dünyada sayılıb-seçilən dövlətlərdən biri kimi qəbul edilir"

05.01.22 18:45 563
Siyasi şərhçi: "Azərbaycan dünyada sayılıb-seçilən dövlətlərdən biri kimi qəbul edilir"
Azərbaycan 2021-ci ilə alnıaçıq, üzüağ daxil oldu. Çünki 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkəmiz məhz öz gücünə, əsgərimizin canı-qanı, Ali Baş Komandanın əzmi hesabına torpaqlarını işğaldan azad etdi. 2021-ci ilə isə məhz bu ruhda daxil oduq. Eyni zamanda, beynəlxalq platformalarda da Azərbaycanı məhz qalib, müzəffər ölkə kimi qəbul etdilər, ölkəmizlə daha yüksək səviyyədə hesablaşmağa başladılar. Ümumiyyətlə isə Azərbaycanın qlobal platformalarda söz sahibi dövlətlərdən biri olduğu öz təsdiqini tapdı. Əlbəttə, il ərzində istər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şəxsən özünün, istərsə də bütövlükdə Azərbaycan dövlətinin beynəlxalq platformalarda, qurumlarda təmsilçiliyi çox yüksək səviyyədə oldu. Bu platformalardakı iştirakımız əvvəlki illərdən daha diqqətlə izlənilməyə başlanılıb. Azərbaycan dövlətinə olan marağın və hörmətin artması təbii ki, 44 günlük Vətən müharibəsindəki rəşadətli Qələbə ilə bağlıdır.
Kaspi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Azər Həsrət söyləyib.
O qeyd edib ki, bu gün Azərbaycan dünyanın ən sayılıb-seçilən dövlətlərindən biri kimi qəbul olunur. İl ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizlə bağlı yalnız yüksək fikirlər səsləndirilib. 2021-ci il Prezident İlham Əliyevin keçirdiyi görüşlərlə yanaşı, yaddaqalan digər hadisələrlə də olduqca zəngindir. Lakin bizim üçün ən önəmli məsələ Ermənistanla münasibətlərin sülh müstəvisində tənzimlənməsidir. Bu baxımdan noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putinin, dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlər və əldə edilən nəticələr xüsusilə diqqət çəkir. Azərbaycan dövləti döyüş meydanında işğalçı düşmənə yerini göstərdiyi kimi, bu görüşlərdə də qətiyyətini qoruyub saxladı, sarsılmaz mövqeyini bir daha nümayiş etdirdi.
"Ötən il Prezident İlham Əliyevin də banilərindən biri olduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının adının "Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi, Azərbaycan Respublikası Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi xüsusi əhəmiyyətli hadisələrdəndir. Eyni zamanda, 2021-ci il iyunun 15-də prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması dünyanın diqqətini cəlb etdi. Ümumiyyətlə, 2021-ci il Azərbaycanın xüsusilə beynəlxalq platformalarda uğurlu iştirakı ilə yadda qaldı. Bu qüruru bizə yaşadan isə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusudur. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin fonunda 2021-ci ilə daxil olduq və eyni uğurla da həmin ili başa çatdırdıq”, - deyə Azər Həsrət qeyd edib. (Azərtac)
banner

Oxşar Xəbərlər