"Siyasi məhbus" labirinti: bir irəli, iki geri
Radikal müxalifət düşərgəsində ötən ayın ortalarından başlayan
"siyasi məhbus" qovğası prosesə daha çox iştirakçının qoşulması ilə yeni
mərhələyə qədəm qoyub. Bəzi siyasilərin və "hüquq müdafiəçiləri"nin aktiv
rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün arsenallarını
səfərbər ediblər. Oktyabrın 17-də özlərinin 94 nəfərlik siyahısını təqdim edərək
rəqiblərindən bir addım önə keçən Xədicə İsmayıl və dəstəsinin qarşı tərəfin 166 nəfərlik siyahısı ilə bağlı ittihamlarının
ana xəttini bu ikitirəliyin Əli Kərimli tərəfindən salınması təşkil edir. Xədicə
hesab edir ki, bu işlərin başında "ağılsız ambisioz" adlandırdığı Kərimli
dayanır. Radikal müxalifət düşərgəsində də ümumi yanaşma məhz bu yöndədir.
AXCP və "Milli şura"nın açıq mətnlə 166
nəfərlik siyahını dəstəkləməsi, Kərimlinin nəzarətində olan "Azadlıq"
qəzetində Xədicəgilin 94 nəfərlik siyahısının "iqnor" olunması, eyni zamanda,
ötən müddət ərzində hər iki tərəfə yaxın olan adamların dilindən səslənən fikirlər
belə qənaətə gəlməyə əsas verir ki, 166 nəfərlik siyahının təbliğatına qollarını
çırmalayanlar məhz Ə. Kərimlinin sifarişini yerinə yetirirlər. Eyni zamanda, 94
nəfərlik siyahı müəllifləri Ə.Kərimli və Leyla Yunus
tandeminin siyahısının qeyri-peşəkarcasına, əsaslandırılmamış məlumatlar əsasında
hazırlanması yönündə ictimai rəy formalaşdırmağa çalışırlar. Təbii ki, qarşı tərəf
də boş dayanmaq niyyətində deyil. Onlar bir gün gec açıqladıqları siyahılarına bəraət
qazandırmaq üçün Xədicəgilin dəstəsini hakimiyyətə işləməkdə ittiham edirlər. Qarşılıqlı
söz duelinin əsas ünvanı qismində isə sosial şəbəkələr çıxış edir. Odur ki, ötən
həftə ərzində tərəflərin bir-birlərinə ünvanladıqları "facebook" mesajlarına
diqqət yetirməkdə fayda var. Bu, həm də "siyasi məhbus" davasının alt
qatında yatan səbəblərə işıq tutmaqda yardımçı olur.
Əvəz
Zeynallının qrant etirafı
Ə. Kərimli – L. Yunus cütlüyünün 166 nəfərlik siyahısının
ən fəal təbliğatçılarından biri "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıdır.
O, "Yeni Müsavat" qəzetinə müsahibəsində siyahının hazırlanmasında iştirak
etmədiyini, sadəcə, təbliğinə qoşulduğunu dilə gətirib. Öz facebook səhifəsində
açılmış diskussiyalarda X. İsmayılın dəstəsinin ünvanına kəskin ittihamlar səsləndirməsini
və qarşı tərəfdə yer almasını Ə. Zeynallının köhnə düşmənçilikdən doğan hesablaşması
kimi qiymətləndirənlər də var. Bununla belə, hesab edirik ki, səbəb nə olursa olsun,
Ə. Zeynallının toxunduğu məsələlər müəyyən qədər aydınlaşdırıcı rol oynaya bilər.
Belə ki, "siyasi məhbus" oyununun arxasında sırf maddi maraqların dayandığını
bu gün dünyada bilməyən yoxdur. Siyasi proseslərdən az-çox başı çıxan hər kəs bu
gün "siyasi məhbus" bazarının yaxşı qazanc vəd etdiyini anlayır. Elə Azərbaycanda
da bu biznesin tərəfləri üçün pul qazanmaq istəyi birinci məqsəddir.
"94"lüklərlə "166"lıqlar arasında gedən qızğın mübarizəni məhz
bu amillə izah etmək heç də əsassız yanaşma
deyil. Ə.Zeynallının müsahibəsində səsləndirdiyi fikirləri bu məsələdə etiraf kimi
də qəbul etmək olar: "Açığı, bu qrant
məsələsi ilə hər yerdə qabaqlaşıram. Bu ölkədə böyük qrant mafiyası var. Özümü bir
çox hallarda bu mafiyanın əhatəsində hiss edirəm. Eşidirəm ki, siyasi məhbus məsələlərinin
arxasında böyük pullar var. İddia etmirəm ki, pul yoxdur. Və bunu ölkəyə "vicdan
dərsi" keçən adamlar edirsə, əxlaqsızlığın rəngi qıpqırmızı olur"...
Zaman
tutarsızlığı: kim haqlıdır?
Hər iki tərəfin öz həqiqətlərini müdafiə etmək üçün
istinad etdiyi məqamlardan biri də siyahıların elan olunması tarixi ilə bağlıdır.
Xədicə İsmayıl, onun dəstə üzvləri Rövşən Hacıbəyli və Xalid Bağırov oktyabrın
17-də öz siyahılarını elan etdiklərini, bir gün sonra isə qarşı tərəfin tələm-tələsik
natamam siyahı hazırlamaqla özünü gülünc vəziyyətə qoyduğunu bildiriblər. Əvəz Zeynallı
isə adları sadalananların iddialarının doğru olmadığını, əslində, Xədicəgilin siyahısının
oktyabrın 20-21-də açıqlanmalı olduğunu bəyan edib: "Əvvəlcədən elan etmişdik
ki, oktyabrın 18-də siyasi məhbus siyahısını təqdim edəcəyik. Bizim dostlarımız
tələm-tələsik bir gün əvvəl siyahılarını təqdim etdilər. Bu, peşəkarlıq və qaydalara
ziddir. Onlar ayın 20-21-də elan etməli idilər".
94 nəfərlik siyahının müəlliflərindən olan vəkil Əsabəli Mustafayev
Ə.Zeynallının zaman məsələsi ilə bağlı söylədiklərinə elə "Xural"ın baş
redaktorunun facebook səhifəsində gedən müzakirələrdə cavab verib: "Əvəz bəyin
guya 166 nəfərlik siyahıdan sonra biz siyahı tutmuşuq məlumatı yalandır. Bizim siyahı
çoxdan hazır idi, lakin bəzi mübahisəli məqamlar olduğu üçün yekunlaşdırmaq olmurdu".
Rəsul Cəfərov da qarşı tərəfin iddialarını bu fikirlərlə
yalana çıxarmağa çalışıb: "Siyasi məhbuslarla bağlı sənəd bir gün və ya bir
ayın içərisində hazırlanmış sənəd deyildi. Sənəd oktyabrın 17-də elan olundu. Bu
sənədin hazırlanmasına faktiki bir neçə ay əvvəldən başlanılmışdı. Bununla bağlı
konkret işçi qrupu olub. Bu qrup görüşlər keçirib, araşdırma aparılıb və yekunda
bu siyahı ortaya çıxıb".
Tərəflərin tarix məsələsinin üzərində niyə bu qədər
durduqlarının səbəbi bəllidir. Burada auditoriyaya vermək istədikləri mesaj ondan
ibarətdir ki, "vahid siyahı kimi bizim siyahımız hazırlanıb, digəri isə onun
əsasında meydana çıxıb". Dava yenə, Ə.Zeynallının etiraf etdiyi kimi, qrant
davasıdır ki, ona görə də bu cəftədən bərk yapışıblar. Amma cəftə kimin əlində qalacaq,
onu az sonra daha aydın müşahidə edəcəyik.
Oktay
Gülalıyev məlumat daşıyıb?
"Siyasi məhbus" vurhavurunun baş qaldırdığı ilk günlərdə
Xədicə İsmayılın komandasının hədəfindəki isimlər Ə. Kərimli və Cəmil Həsənli idisə,
irəliləyən günlərdə bu siyahının hazırlanmasında iştirak etdiyi iddia olunan
"Milli şura"nın Koordinasiya Şurasının üzvü Oktay Gülalıyevi də hədəf
taxtasına yazdılar. Çünki onlar belə düşünürlər ki, Ə.Kərimli bu dəfə şahmat taxtasında
xarakteri tez-tez dəyişkənliyə məruz qalan Gülalıyevi piyada kimi irəli verib ondan
faydalanmaq istəyir. Amma qarşılıqlı atışmalardan aydın olur ki, köhnə KXCP-çi,
hazırda isə Kərimliçi olan bu siyasi dəllaldan faydalanmaq həvəsinə düşən təkcə
AXCP sədri olmayıb. Sən demə, O. Gülalıyev çox uğurla "kamuflyaj" olunaraq
hər iki siyahının hazırlanmasında iştirak edib. Vəkil Əsabəli Mustafayev bununla
bağlı belə deyib: "Yekun siyahının hazırlanmasında
O. Gülalıyev də son günlərə qədər iştirak edirdi. Bizim heç xəbərimiz yox idi ki,
o, bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində işləyir. Oktay
bəyin və bəzi şəxslərin rəyi bu idi ki, Nardaran işi üzrə tutulanların hamısı dərhal
siyasi məhbus elan olunmalıdır. Əsasən də vəkillər bunun qəti əleyhinə idi. Çünki
bu şəxslər barədə bizdə heç bir məlumat, sənəd yox idi. Siyahı isə hüquqi sənəddir
və onun hazırlanmasında sənədlərə istinad olunmalıdır. Bu şəxslərin çoxunun vəkilləri
yox idi, hökmdən apellyasiya şikayəti verilməmişdir. Hələ yazmadığım digər məlumatlar
da var idi və bütün bunlar haqqında Oqtay bəy məlumatlı idi".
İndi X. İsmayılın dəstəsində belə bir şübhə hakimdir ki, O. Gülalıyev
məqsədli şəkildə Kərimli tərəfindən bu qrupun içərisinə daxil edilib və o, həm də
məlumat daşımaqla məşğul olub. Əsabəli Mustafayev həm də onu deməyə çalışır ki,
166 nəfərlik siyahı dəqiqləşdirilməmiş və yarımçıq məlumatlara istinad edir.
"5-ci
kolon" təmsilçilərində indi də Türkiyə düşmənçiliyi zühur edib
Bizim üçün O.Gülalıyevin sosial şəbəkələrdəki diskussiyalar
zamanı illərdir birgə addımladığı, bütün fəaliyyətlərinə bələd olduğu keçmiş dost
və indiki düşmənləri barədə söylədiyi fikirlər yetərincə maraqlıdır: "Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə
xidmət edənlər elə zənn edirlər ki, başqaları da onlar kimi sifarişlə iş görürlər.
Necə deyərlər, kar elə bilir hamı kardır…" Əlbəttə, bu debütant "hüquq
müdafiəçisi"nin sözlərində həqiqət payı var. Çünki "siyasi məhbus"
alverçilərinin xaricdən gələn konkret sifarişləri icra etməsi şübhə doğurmur. Bu
gün O.Gülalıyevin həmin məqamı qabartması, sadəcə, məlumun elanıdır. Əslində, elə
buna qədər də sözügedən insanların "beşinci kolon" təmsilçiləri olması
ilə bağlı ciddi fikirlər irəli sürülmüş, onların anti-azərbaycançı mərkəzlərlə əməkdaşlığına
dair sübutlar ortaya qoyulmuşdu.
Bildiyimiz kimi, bir neçə gün öncə Türkiyədə PKK terror
təşkilatının təbliğatını aparmaq, onlarla işbirliyində olmaq, terrorçu təşkilat
yaratmaq və ya ona üzv olmaq ittihamları ilə Xalqların Demokratik Partiyasından
(HDP) olan bir neçə deputat həbs olundu. Uzun illərdir ki, Türkiyə mediası və siyasi
dairələr HDP-nin islamofob imperialist mərkəzlər tərəfindən qardaş ölkəyə təzyiq
vasitəsi kimi istifadə olunduğu, bu partiyanın həmin mərkəzlərin sifarişlərini yerinə
yetirdiyi barədə əsaslı fikirlər səsləndirib. HDP-li millət vəkillərinin həbsindən
sonra həmin imperialist mərkəzlərin Ankara hökumətinə qarşı təzyiqləri daha da artıb.
Onlar açıq mətnlə PKK terrorunu dəstəkləyən, əksər siyasi ekspertlər tərəfindən
onun siyasi qanadı kimi qəbul olunan partiyanın həbs olunmuş üzvlərini dərhal azadlığa
buraxmağa çağırır, hətta Türkiyədə davam edən hüquqi prosesə müdaxilə etmək istəyirlər.
O mərkəzlər ki, vaxtilə X.İsmayıla, L. Yunusa və digər "5-ci kolon" təmsilçilərinə
müxtəlif adlar altında mükafatlar vermiş, onların bu mərkəzlər qarşısındakı öhdəliklərini
uyğurla yerinə yetirməsini qarşılıqsız qoymamışdılar. Bu gün həmin mərkəzlərin qardaş
Türkiyə dövlətinə qarşı apardıqları təzyiq kampaniyalarına X. İsmayılın, Anar Məmmədlinin
və digərlərinin açıq dəstək verməsi, özlərinin sosial şəbəkələrdəki səhifələrində
bununla bağlı çoxlu sayda statuslar paylaşması isə həm də o reallığı ifadə edir
ki, adları sadalanan "fəal"lar türk və müsəlman düşmənçiliyi aparan, dünya
erməniliyinə xidmət edən mərkəzlərlə işbirliyini davam etdirir, onların istənilən
kampaniyalarında canla–başla iştirak edirlər. Ona görə də Oktay Gülalıyevin Xədicə
İsmayıl dəstəsinin ünvanına "ömrü boyu
siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər" ifadəsi işlədərkən
nəyi nəzərdə tutduğunu anlamaq elə də çətin deyil. O, özünün də təmsil olunduğu
"5-ci kolon" təmsilçilərinin qardaş Türkiyəyə qarşı kininin məhz maddi
maraqlara söykəndiyini və bu qara piar kampaniyasının xarici maraq qruplarından
alınmış təlimatlara əsaslandığını izah etməyə çalışır.
Radikal ünsürlərin ikrah doğuran pis bir mərəzi də var: nə zaman işləri
düz getmirsə, ayaqları büdrəyib üzüaşağı yumarlanmağa başlayırlarsa, dərhal "xoxan”
axtarışına çıxır, günahı onun–bunun üstünə atırlar. "Siyasi məhbus" qalmaqalı
da bu sarıdan əlamətdardır. Ortada eyni məqsədlə hazırlanmış iki fərqli siyahı var
və bu siyahıların müəlliflərinin təxminən bir aya yaxındır ki, bir-birlərinin ünvanına
mətbuat orqanlarında, sosial şəbəkələrdə demədikləri sözlər qalmayıb. İndi düşüblər
ki, sən demə, "günah həm hakimiyyətdə, həm də hakimiyyətin trollarında"
imiş. Əvvəlcə X.İsmayıl, sonra O.Gülalıyev, Ə. Zeynallı və digərləri olanların səbəblərini
hökumətdə axtarmağa başladılar. Onlar sosial şəbəkələrdə yazdıqları statuslarda
məhz bu iddia ilə çıxış etdi. İndi isə cəmiyyət üçün maraqlı olan müəyyən suallar
meydana çıxır: görəsən, hakimiyyətin bu prosesdə təqsiri nədən ibarətdir? Məgər
bu siyahıları hakimiyyət hazırlayıb, ya da bununla bağlı hakimiyyət sifariş verib?
Bəlkə, xəbərimiz yoxdur, bu "siyahıpərəstlər" "siyasi məhbus"larını
hökumətə sırıyıb ondan qrant alacaqlar? Əlbəttə, bütün bunların cavabını hamı yaxşı
bilir. Radikallar "siyasi məhbus" labirintində bir irəli, iki geri vurnuxmaqdan
başlarını itiriblər. Çirkin mübarizələrini kiminsə ayağına yazmağa cəhd edənlərin
özləri də dərk edirlər ki, bu absurd iddiaları sabun köpüyündən başqa bir şey deyil
və cəmiyyətdə ciddi qəbul olunmur, elə qondarma "siyasi məhbus" siyahıları
kimi.
Aqşin ŞAHİNOĞLU