“Siyasi əcəbsəndəl”, yoxsa Paşinyanın seçki siyahısı?
Ermənistan Mərkəzi Seçki Komissiyası növbədənkənar
parlament seçkilərində iştirak etmək üçün müraciətlərin qəbulunu başa çatdırıb.
Hakimiyyət əksər müxalifət partiyalarının boykot və seçkilərdə iştirakdan
imtina barədə qərarına baxmayaraq seçkini keçirməkdə israrlıdır. Prosesdə 11
siyasi subyekt - iki blok və doqquz partiya iştirak edir. Onların da böyük
əksəriyyəti Ermənistan Respublika Partiyası istisna olmaqla Paşinyana yaxınlığı
olan və ondan necə deyərlər "razılıq” alan partiyalardır. Bloklar qalib gəlmək
üçün yeddi, partiyalar isə beş faizlik həddi keçməlidirlər. Rusiya mediası
yazır ki, onların qalib gəlmək şansları müxtəlif cür qiymətləndirilsə də, aydın
olan tam bir məsələdir – Ermənistanın
yeni parlamentini Paşinyanın lideri olduğu "Mənim addımım” bloksuz təsəvvür
etmək mümkün deyil. Sadəcə nə qədər mandat alacaqları bəlli deyil. Blok
seçkilərdə özünə şüar da fikirləşib tapıb. Parlamentdə təmsil olunan "Çıxış”
blokundan olan deputat Qraçya Akopyan bildirib ki, onlar seçkilərə "Nikol - baş nazirdir” şüarı ilə gedirlər. Öz
növbəsində parlamentin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, "Mənim
addımım” blokunun proporsional siyahısı
bu siyasi qüvvənin ideologiyasının olmamasından xəbər verir: "Bu siyahı
daha çox siyasi əcəbsəndələ bənzəyir”. Əsas məsələ Respublika Partiyasının
parlamentə düşə biləcəyi ətrafındadır. Bu
günlərdə partiyanın sədr müavini seçilən keçmiş müdafiə naziri Vigen Sarkisyan
məqsədlərini açıqlayıb – əsas müxalifət partiyası olmaq. Əgər Paşinyan
parlamentin yeni Seçki Məcəlləsini qəbul etməyə məcbur edə bilsəydi, onda
Respublika Partiyası üçün məqsədlərinə çatmaq bir qədər ağır olardı. Lakin
parlamentdə çoxluğa malik "respublikaçılar” yeni Məcəllənin qəbulu cəhdini alt-üst
etdilər və seçkilər də bu səbəbdən də əvvəlki qaydada keçiriləcək. Bu qayda isə
majoritar və proporsional seçki sistemi şəraitində seçkilərin keçirilməsidir.
Siyasi təhlilçi David Petrosyanın fikrincə, bu sistemi keçmiş iqtidar partiyası
bir vaxtlar özü üçün fikirləşib tapıb. Onun qənaətincə, bu sistem seçiciləri az
qala leqal şəkildə pulla ələ almağa
imkan verir. "Seçici seçkilərdə iştirak edən bütün partiyaların bülletenlərini alır
və seçki qutusu qarşısında özünə lazım olan partiyanın bülletenini saxlayır.
İstədiyi namizədə səs verməklə yanaşı, eyni vaxtda istədiyi partiyaya səs
verir. Yəni onun reytinqinin artırır”, - deyə o bildirib. Öz növbəsində
"Əriklər ölkəsi” partiyanın rəhbəri Zaruhi Postancyan indiki rəhbərliyi əvvəlki
hakimiyyət kimi Qarabağ məsələsində tutduğu mövqeni sərt tənqid edib. Onun
qənaətincə, indiki hakimiyyət münaqişənin həllində güzəştə getməyə hazır
görünür. Politoloq Mikael Zolyanın qənaətincə, "respublikaçılar” parlamentdə
təmsil olunmaq şansından məhrum olmaq istəmirlər. "İstisna etmirəm ki, ona
siyasi və biznes elitasının bir qismi dəstək verə bilər. Eləcə də keçmiş
prezident Robert Koçaryan da bu dəstəyi verə bilər”, - deyə o bildirib. Lakin
məsələ ondadır ki, Paşinyan Koçaryanı kiməsə dəstək verməkdən məhrum etmək üçün
əlindən gələni edir. Belə ki, artıq bəlli olub ki, Ermənistanda 1 mart 2008-ci
il hadisələri zamanı ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunan
keçmiş prezident Robert Koçaryan hələlik azadlıqda qalacaq. Bununla belə
Kassasiya Məhkəməsi ötən gün keçirilən iclasında Baş Prokurorluğun Apelyasiya
Məhkəməsinin qərarı ilə bağlı vəsatətini qismən təmin edib. Apelyasiya
Məhkəməsi keçmiş prezidentin həbsi barədə qərarı ləğv etmişdi, lakin indi bu iş
təkrar baxılmasıüçün apelyasiya instansiyasına qaytarılıb. İki saat
müddətində qapalı keçirilən iclasda əvvəlcə Robert Koçaryan da iştirak edib.
Daha sonra Kassasiya Məhkəməsi qərarını elan edib. Ermənistan Baş Prokurorluğu
Kassasiya Məhkəməsindən Koçaryanın həbsdən azad olunmasına dair Apelyasiya
Məhkəməsinin qərarının ləğv olunmasını tələb edir. Beləliklə, prokurorluq
keçmiş prezidentin yenidən həbs olunması əzmindədir. Ermənistanın ikinci prezidenti
isə bəyan edib ki, onun əlində 2008-ci ilin 1 mart hadisələrinə dair ciddi
dəlil rolunda çıxış edə biləcək video-kadrlar var. Bunu Koçaryanın vəkili Ayk
Alumyan keçirdiyi mətbuat konfransına deyib. Onun sözlərinə görə, həmin
kadrlarda avtobusların arxasında gizlənən aktivistlərin nümayişçilərə necə atəş
açdıqları açıq-aydın görünür. Alumyan bəyan edib ki, bu video Koçaryanla bağlı
açılan cinayət işi üzrə məhkəmənin çıxardığı ilkin qətimkan tədbirindən şikayət
olaraq, şəxsən sabiq prezidentin özü tərəfindən Ermənistanın Kassasiya
Məhkəməsinə təqdim edilib. Xatırladaq ki, Robert Koçaryan 2008-ci il martın
1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü
və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət
işi çərçivəsində, həmçinin, maliyyə maxinasiyaları və pulların yuyulmasında
ittiham olunur.
Azər
Azər