Şirvanşahlar sarayı əcnəbi rəssamların yaradıcılığında
"Şirvanşahlar sarayı Azərbaycan xalqının
iftixar etdiyi
memarlıq abidəsidir. Bu həm bizim memarlığımızın ən yüksək səviyyədə olduğunu
göstərir, həm də dövlətçiliyimizin tarixini əks
etdirən bir abidədir...”
Heydər Əliyev
Ərazisi şərqdə Dərbənddən Kür çayının mənsəbinə qədər uzanan və
mövcudluğu VIII-XVI əsrləri əhatə edən Şirvanşahlar dövləti Azərbaycanın ən
mühüm dövlət quruluşlarından biri olmuşdur.
Uzunömürlülüyünə görə Şərq tarixində böyük bir dövrü əhatə edən həmin
dövlətin həm də Azərbaycan mədəniyyətinin zənginləşməsində müstəsna rolu olmuşdur.
Onun mövcudluğu dövründə Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələri kimi tanınan Əbülülla Gəncəvi, Nizami
Gəncəvi, Xaqani Şirvani, Nəimi, Nəsimi, Seyid Yəhya Bakuvi kimi klassiklərin yaşayıb yaratmaları, paytaxtı Şamaxı və Bakıda Şirvanşahlar sarayı, Bibiheybət məscidi,
Bakı qalası, Şamaxı Cümə məscidi, Gülüstan qalası, Buğurt qalası, Pirsaatçay
xanəgahı kimi onlarla dəyərli tarixi-memarlıq abidələrinin inşası da
dediklərimizi təsdiqləyir.
Həmin bənzərsiz memarlıq incilərinin zaman-zaman Azərbaycana gələn
diplomat, səyyah və rəssamların diqqətini cəlb etməsi də, ilk növbədə onların
daşıdıqları forma-biçim özünəməxsusluğu və yüksək bədii-estetik məziyyət
daşıması ilə bağlı olmuşdur.
1192-ci ildə baş verən Şamaxı
zəlzələsindən sonra paytaxt kimi mövcud olan
Bakıda inşa olunan Şirvanşahlar
sarayı (XIV-XVI əsrlər) həmin tikililərin arasında möhtəşəmliyinə görə diqqət
çəkir. Zaman axarında İçərişəhər ərazisində tikilən saray, divanxana, məscid,
hamam və s. son nəticədə, buranın əhatəli kompleks şəklini almasını
şərtləndirmişdir. Elə saraya həsr olunmuş təsviri sənət əsərləri də buranın
əsrdən-əsrə yeniləşən görkəmini görməyə imkan verir. Bu baxımdan milli memarlıq saxlancımızın uzaq-yaxın mənzərəsini
əbədiləşdirən bu əsərlər həm də tarixi əhəmiyyət daşıyırlar.
İsveçli səyyah və həkim Enqelqard Kempfer ilk dəfə olaraq 1683-cü
ildə Bakının təsvirini yaratmışdır. Bakını Xəzər dənizinin kənarında, qala
divarları ilə əhatə olunmuş təsvir etmişdir. Qrafikanın növü sayılan qravüraya
aid olan bu əsər düz olmayan dördbucaqlı formada verilmişdir. Burada kubik
formada ardıcıllıqla evlər inşa olunmuşdur.
Rusiya Elmlər
Akademiyasının nümayəndəsi, akademik Samuil Qotlib Qmelin 1768-ci ilin yayında
Xəzəryanı ölkələri öyrənmək üçün səyahətə başlayır. Onun Bakıda olması 1770-ci
ilə təsadüf edir. Qomelin
ekspedisiyasının tərkibində rəssam İvan Borisov Bakının ümumi görünüşünü düz olmayan beşbucaqlı formada təsvir
etmişdir. Kempferdə olduğu kimi, burada da evlər kubik formada, ardıcıllıqla
düzülmüşdür. Şəhərdə təkminarəli məscidlərin inşa olunması, həmçinin XVII əsrdən fərqli olaraq, artıq
XVIII əsrdə qalanın sağ tərəfində Bakı xanının bağ evinin inşası illərin
axarında müşahidə olunan yeniliklərdəndir.
XIX əsrdə yaşanan "neft bumu”
ilə əlaqədar Bakı şəhərində duyulası
dəyişikliklər baş vermişdir. Ona görə, həmin vaxtlarda bura gələn rəssamların
da sayı əvvəlki illərə nisbətən çox olmuşdur. Onlardan biridə Qriqori
Qaqarindir. Rus rəssamı və tədqiqatçısı hesab olunan Q.Qaqarin Qafqazda hərbi
xidmətdə (1840-1850) olduğu zaman, müxtəlif Azərbaycanın şəhərlərində olmuş və
əsərlər yaratmışdır. Onlardan bir neçəsində məhz Şirvanşahlar sarayı təsvir olunmuşdur. Bunlar, onun 1843 və 1847-ci illərdə
yaratdığı "Xan sarayı”
tablolarıdır.
O, 1843-cü ildə yaratdığı tabloda Divanxananın təsvirini vermişdir.
Bu məkanın həm o dövrdəki, həm də indiki görkəmi eynilik təşkil edir. Qriqori Qaqarinin digər tablosu divanxananın
giriş hissəsi olan portalın təsviridir. Burada rəssam, o dövrün yerli Bakı
sakinlərinin təsvirini də vermişdir. Odur ki, burada eyni zamanda etnoqrafik
xüsusiyyətlərlə də rastlaşırıq. XIX əsrin kişi geyiminin diqqətçəkənliyində,
rəssamın milli xüsusiyyətləri dəqiqliklə ifadə etmək istəyi duyulur. Hər iki əsərin ümumi mənzərəsi göstərir
ki, bizim günümüzə qədər divanxanada heç
bir dəyişiklik baş verməmişdir.
Qriqori Qaqarinin 1847-ci ildə yaratdığı "Xan sarayı” adlı əsərində isə Şah məscidinin, Şah türbəsinin
və giriş qapısının real biçimli təsviri verilmişdir.
Şirvanşahlar sarayına öz heyranlığını
bildirən digər rəssam Rusiyadan olan Georgi Qoqenfelden olmuşdur. Qriqori
Qaqarin kimi onun da əsərlərində Şirvanşahlar sarayının XIX əsrin ortalarını
əhatə edən təsvirləri vardır. 1850-ci ilə aid olan və hal- hazırda Kazandakı Topoqrafiya
Universitetində saxlanılan "Bakı sarayının cənub-şərq tərəfdən görünüşü”,
"Bakıdakı şah sarayında Divanxana”,
"Şimal-qərb tərəfdən Bakı sarayının görünüşü” tabloları rəssamın
Azərbaycana səfərinin bədii tutumlu nəticələridir.
Tarixdən, Bakının 1723-cü ildə
I Pyotrun ordusu tərəfindən mühasirəyə
alınması və top atəşinə məruz qalması məlumdur. Bununla əlaqədar sarayın cənub-şərq fasadı ziyan görmüşdür.
Məhz Georgi Qoqenfeldenin əsərlərində həmin hücumun acı nəticələrini - saraya
dəyən ziyanı görmək mümkündür.
"Bakı sarayının cənub-şərq tərəfdən görünüşü” tablosunda sarayın ön
fasadını, portalını və divanxananın
girişini görmək mümkündür. Möhtəşəm sarayın ikinci mərtəbəsi həmin
hücumlar zamanı sökülmüşdür. Bu tablonun mərkəzində iki insan fiquruna rast
gəlinir.
Georgi Qoqenfeldenin digər əsəri isə "Şimal-qərb tərəfdən Bakı
sarayının görünüşü” adlanır. Buradakı təsvirdə rəssamın təxəyyülündən - yaradıcı
əlavələrdən istifadəni də müşahidə etmək mümkündür. Kompozisiyanın mərkəzində divanxananın özünün
deyil, yalnız portalının, arxa fonda isə saray və Seyid Yəhya Bakuvinin
türbəsinin təsviri verilmişdir. Bu
əsərin ümumi görüntüsünün şəhər xarabalığını xatırlatması da, müəllifin
gördüklərini reallıqla ifadə etmək istəyindən qaynaqlanır.
Digər bir əsərini isə rəssam,
"Bakıdakı Şah sarayında Divanxana” adlandırmışdır. O, rəssam Qriqori Qaqarindən
fərqli olaraq buranı tam ayrı formada
təsvir etmişdir. Belə ki, Q.Qaqarindən
fərqli olaraq, divanxananın portal hissəsi bir qədər enli, tağ hissəsi də fərqli
təsvir olunmuşdur. Tikilinin detallarının - oyuq və naxışların təsvirində də
fərqlilik hiss olunur. Giriş hissəsində olan medalyonlar da altıbucaqlı yox,
dördbucaqlı təsvir edilmişdir.
Məlumat üçün bildirək
ki, XIX əsrin ortalarında saray Rusiya imperiyası Hərbi Nazirliyinin nəzarətinə
verilmişdir. Onlar sarayda bərpa işləri görərək, müəyyən hissələrdə: sarayın
daxilində, həyətdə dəyişikliklər etmişdilər. Bununla da, tarixi abidə kimi
saraya böyük ziyan vurulmuşdur.
Bakıda inşa olunan tikililərdə
Şirvanşahlar sarayının XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid mənzərəsini əks
etdirən əsərlər də az deyil. Onlardan birinin kətan və kağız üzərində yox,
divarda çəkilməsi, onun unikallığını artırmışdır. Zamanına görə yeganə olan bu
divar rəsmi milyonçu Ağabala Quliyevin evinin dəhlizində yerləşir. Ağabala
Quliyevə gəldikdə, milyonçu şəhər tikintilərində istifadə olunan Avropa
üslubuna qarşı etirazını bildirərək, Polşadan Yevgeni Yakovleviç Skibiskini
dəvət edir və layihəni sifariş edir. Lakin Şirvanşahlar sarayı, Yaxın Şərq və
Ərəb memarlığından istifadə etməyi tələb edir. Skibinski binanın inşasına 1899-cu
ildə başlayır və qısa müddət ərzində başa çatdırır. Binanın pəncərələrinin üzərində olan tağlardakı
stalaktiklərdə Şah türbəsi və divanxananın portalının təsviri açıq şəkildə görünməkdədir.
Tikilidə həmçinin divanxananın giriş hissəsində olan altıbucaqlı medalyonlara
bənzər dördbucaqlı medalyonlardan istifadə edilmişdir.
Yuxarıda da qeyd olunan
kimi, binanın dəhlizində divar rəsmlərini Rus rəssamı Vladimir Durov çəkmişdir.
Yeri gəlmişkən deyək ki, onun Əzim Əzimzadənin rəssamlıq vərdişlərinə
yiyələnməsində də müəyyən rolu olmuşdur. Elə buradakı rəsmlərin çəkilməsində
Ə.Əzimzdə də iştirak etmişdir. Bu rəsmlər içərisində Şirvanşahlar sarayının
təsviri də var. XIX əsrin sonu, XX əsrin əvvəlinə aid olan divar rəsmi demək
olar ki, müasir dövrün görünüşündən heç də fərqlənmir.
Buradakı əsərlərə nəzər
saldıqda, XVII əsrdən XIX əsrin sonuna qədər Bakıda, xüsusilə də İçərişəhərdə
olan dəyişiklikləri çox aydın şəkildə görmək mümkündür. İçərişəhərin ən yüksək
yerində yerləşməklə, şəhərin bəzəyinə çevrilən, əsrləri keçib gəlmiş bu
möhtəşəm kompleksin divarda təsviri, binanın darvazalarını açıb içəri daxil
olan hər kəsi XV əsrə aparmış olur...
İnşa olunduğu vaxtdan
başlayaraq onu görənləri öz sehrinə salan Şirvanşahlar sarayı, müasir dövrdə öz
yeni həyatını yaşamaqda, əvvəlki kimi, rəssamların diqqətini cəlb
etməkdədir. Yaradılan çoxsaylı
rəngkarlıq və qrafika əsərlərinin mövcudluğu da dediklərimizi
təsdiqləyir...
Mədinə Atayeva,
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının magistri