Şirinlikdə şərbət kimidir bu dil...
YUNESCO tərəfindən elan edilən Beynəlxalq Ana Dili Günü 1999-cu ildən
bəri millətlər qarşısına "Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan
və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir” missiyasını qoyur. Hər il
fevralın 21-i də qeyd edilən bu gün, millətin millət olaraq təsdiqini, dilinin
dövlət dili statusuna yüksəlməsini tarixi hadisə kimi xatırladır. Belə ki, dilin dövlət dili statusuna yüksəlməsi
millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni
zamanda, dilinin zənginliyinin təsdiqidir. Bu mənada dilin dövlət dili statusu
qazanması həqiqətən qürur gətirən tarixi hadisədir.
Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı,
beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin
dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il
sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun
qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının dilimizlə bağlı
milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir
əhəmiyyətli addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və
onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.
Ötən illər ərzində Azərbaycan dilinin rəsmi
statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsinə dair müxtəlif qanun,
fərman və sərəncamlar təsdiq edilib. Dövlət dilinin həyatın hər bir sahəsində
qeyd-şərtsiz işləkliyinin genişləndirilməsini və saflığının qorunmasını nəzərdə
tutan bu sənədlər ölkədə dövlət dilinin tətbiqinin normativ hüquqi əsaslarını
və icra mexanizmini tam müəyyən edib. Bütün bunlar Azərbaycan dilinə məhz
dövlətçiliyin əsas atributlarından biri kimi yanaşmanın bariz nümunəsi,
dövlətin yüksək diqqət və qayğısının aydın təzahürüdür. Atılan addımlar ədəbi
dilin daha da zənginləşməsi və tətbiq dairəsinin genişlənməsi baxımından son
dərəcə əhəmiyyətli olub.
Eyni zamanda, qloballaşma proseslərinin geniş vüsət
aldığı müasir dövrdə texnoloji yeniliklərin insanlar tərəfindən sürətlə
mənimsənilməsi və maneəsiz informasiya mübadiləsi imkanlarının artması, ana
dilinin potensial imkanlarından lazımınca istifadəsində bəzi çətinliklər
yaratmaqdadır. Mövcud şərait milli ideya - azərbaycançılıq məfkurəsi işığında
dövlət dilinin saflığının qorunması və ədəbi dildən düzgün istifadə
məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.
Ölkə başçısı İlham Əliyevin sədrliyi ilə Azərbaycan
Respublikasının Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi
dilimizə diqqətin daim öndə olmasının göstəricisidir. Prezident dilimizin hüdudsuz imkanlarından
yetərincə və düzgün istifadə edilməməsi hallarının kifayət qədər geniş
yayılması, televiziya və radio kanallarında, internet resurslarında, mətbu
nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə
pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından
istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsinin az qala adi
hala çevrilməsindən narahatlığını ifadə edib. Dil Komissiyasının sədri bu
sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmamasının dil pozuntularının
azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə
imkan vermədiyini qeyd edib. Elə ölkə başçısının "Azərbaycan dilinin saflığının qorunması və
dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər
haqqında” Fərmanında Nazirlər Kabinetinə dövlət dilinin tətbiqinə nəzarət edən,
kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam
daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət
büdcəsindən maliyyələşən "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası
yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması ilə bağlı fərmanı da
bu narahatlıqdan qaynaqlanıb. Ölkə başçısının məlum fərmanından keçən
müddət ərzində hansı işlər görülüb?
1978-ci ildə tanınan haqq
AMEA Nəsimi adına Dilçilik
İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Möhsün Nağısoylu hesab
edir ki, Dil Komissiyasının yeni tərkibdə yaranması ölkə başçısının dilimizə
olan diqqət və qayğısının nümunəsidir: «Dilimizə olan qayğının bünövrəsində ulu
öndər Heydər Əliyev dayanır. O, hakimiyyətinin birinci və ikinci dövründə –
dövlət quruculuğu siyasətində Ana dili məsələsinə xüsusi yer ayırıb və buna böyük
diqqət və qayğı ilə yanaşıb. 1978-ci ildə Azərbaycan SSRİ-nin Konstitusiyasına
Azərbaycan dilinin dövlət dili olması ilə bağlı ayrıca maddənin daxil edilməsi
məhz ulu öndərin təşəbbüsü ilə həyata keçirilib. Cəmi bir-neçə respublika
Konstitusiyaya belə bir maddə daxil etmişdi. Bu isə böyük cəsarət və qətiyyət
tələb edirdi. Ulu öndər sonradan bunu xatırlayaraq "O zaman bu məsələyə
etirazlar oldu. Amma biz onu qəbul etdirdik” deyirdi. Dilimizə hamilik edən ulu öndər bilirdi ki,
dil xalqın varlığı, ən böyük milli-mənəvi sərvətidir. Ulu öndər "Hər bir xalqın
milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir” - deyə qeyd edirdi.
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun
tarixli və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi
haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları, 2002-ci ildə qəbul edilmiş
"Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının
Qanunu dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün
zəruri olan tədbirləri müəyyənləşdirib”.
Akademik bildirir ki, ulu
öndərin Ana dilimizin təbliği və qorunması istiqamətindəki diqqət və qayğısını
onun layiqli varisi İlham Əliyev eynilə davam etdirir. Belə ki, dövlət
başçısının "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq
edilməsi ilə bağlı sərəncamı var. Bu proqramın icrası ilə bağlı institutda 4
yeni şöbə yaradılıb ki, onlardan biri Monitorinq şöbəsidir. Bu şöbə həmin
proqramda birbaşa narahatlıq doğuran məsələlərlə bağlı yaranıb. Bundan əlavə,
kompüter dilçilik şöbəsi fəaliyyət göstərir. Artıq 5-ci ildir ki, institutda "qaynar
xətt” fəaliyyətə başlayıb. Müxtəlif şəxslər zəng edərək elanlarda və
reklamlarda, restoran və mağaza adlarında yol verilən nöqsanlar barədə bizə
məlumat verirlər. Ölkə başçısının Ana dilimizin inkişafı və qorunması ilə bağlı
imza atdığı daha iki sərəncamdan biri «Azərbaycan dilinin elektron məkanda
tətbiqi işinin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sənəd
idi. Bu sərəncam əsasında institutda layihə həyata keçirilir. Bu, elektron
məkanda Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi ilə bağlıdır. Belə
ki, elektron məkanda əcnəbilərə Azərbaycan dilini həm öyrətməli, həm də təbliğ
etməliyik. Hazırda institutda rusdilli, ingilisdilli əcnəbilər üçün Azərbaycan
dili dərsliyini hazırlamışıq və bu yaxınlarda həmin kitab işıq üzü görəcək”.
Mərkəz vardı, təsir
imkanları yox
Direktorun sözlərinə görə, 2018-ci il noyabrın 1-də imzalanan digər
sərəncam – "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən
istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında”
fərmandan dərhal sonra institutda bu istiqamətdə işlər həyata keçirilməyə
başlanıb: "Fərmanda əsas məsələ kimi Monitorinq Mərkəzinin yaradılması nəzərdə
tutulur. Biz Monitorinq Mərkəzinin yaradılması ilə bağlı 24 maddədən ibarət
Tədbirlər Planı hazırladıq. Nazirlər Kabineti həmin planı təsdiq edib. Eləcə də,
Monitorinq Mərkəzinin nizamnaməsini hazırladıq. Hesab edirəm ki, Monitorinq
Mərkəzi hüquqi publik şəxs kimi fəaliyyətə başlayandan sonra ədəbi dil
normaları ilə bağlı məsələlər öz həllini tapacaq. Həmin fərmanda birmənalı
şəkildə qeyd olunur ki, internet resurslarında, reklam daşıyıcılarında, KİV-də
ədəbi dilin normalarının pozulması, məişət üslubunun yer alması, yersiz əcnəbi
sözlərin işlədilməsi adi hal alıb. Biz bu istiqamətdə artıq müəyyən işlər
görmüşük. Bizim artıq 5 ildir ki, fəaliyyət göstərən Monitorinq Mərkəzimiz var
idi, sadəcə, təsir imkanlarımız yox idi. Yəni müəyyən qurumları cəzalandıra
bilmirdik. Yalnız tövsiyə xarakterli təkliflər verir, maarifləndirmə işi
aparırdıq. Ancaq publik hüquqi şəxslərin Monitorinq Mərkəzi yaradılandan sonra
fikrimcə, yenə də öz təkliflərimizi,
yardımımızı təqdim edəcək və bərabər işləyəcəyik. Düşünürəm ki, yalnız ondan
sonra bu sahədə olan nöqsanlar aradan qaldırılacaq və güclü təsir mexanizmi
olacaq. Biz inzibati cəzalarla da bağlı təkliflərimizi vermişik». M.Nağısoylu
dilimizin qorunması istiqamətində cəmiyyətdə də müəyyən narahatlıqların hiss
olunduğunu deyir: «KİV-də bu mövzu ilə bağlı çıxışlarım olur. Küçədə gedəndə
mənə yaxınlaşıb «Dilimizin saflığı qorunsun, əcnəbi sözlər işlədilməsin»
deyənlər olur. Ancaq özəl telekanallarda müğənnilər tez-tez əcnəbi sözlər
işlədir, dilimizin fonetik, leksik, qrammatik normalarını pozurlar. İnsanlar
daha çox şəhər küçələrində baş alıb gedən əcnəbi yazılardan şikayətlənirlər.
Hər hansı restoranın, mağazanın adı ingilis və ya italyan dilində yazılır.
Ancaq "Azərbaycan dili haqqında” qanunda istənilən reklamın, öncə Azərbaycan
dilində yazılması qeyd edilib. Daha sonra başqa dildə yazıla bilər, bir şərtlə
ki, onun həcmi ana dilində yazılandan böyük olmasın. Amma «Tarqovıy» kimi
tanınan Nizami küçəsinə baxın, orada necə bayağı adlar var. Həmçinin reklamlarda,
elanlarda səhvlər baş alıb gedir. Bütün bunlar yolverilməzdir”. M.Nağısoylunun
sözlərinə görə, Monitorinq Mərkəzinin təşkili başa çatandan sonra hüquqi və
fiziki şəxslərlə müqavilə bağlanacaq və bu məsələlər tənzimlənəcək.
Uşaq kanalı yaradılsın
Dilçi-alim İsmayıl Məmmədovda AMEA-nın Dilçilik İnstitutunda fəaliyyət göstərən Monitorinq
şöbəsinin dilimizin qorunması istiqamətində müəyyən tədbirlər həyata
keçirdiyini qeyd edir: «Bu istiqamətdə institutda işlər görülür – tənqidi
məqalələr yazılır, televiziya və radioda çıxışlar olur, görüşlər keçirilir”. Dilin
qorunması və istifadəsi ilə bağlı cəmiyyətdə yaranacaq dəyişikliyə gəlincə,
professor hesab edir ki, dəyişiklik birdən-birə baş
vermir: «Biz işimizi görürük, nəticə çıxaran da olur, çıxarmayan da”.
Professorun, dilimizin saflığının qorunması və istifadəsi istiqamətində verdiyi
təkliflər sırasında uşaq kanalının yaradılması da yer alıb: "Mən təklif
vermişəm ki, uşaq kanalı yaradılsın. Türkiyədə bu cür kanallar çoxdur, bizdə
isə yoxdur. Uşaqlara ana dilini sevdirmək, dili səlis anlatmaq üçün müəyyən
işlər görülməlidir. Vaxtilə teleməkanda uşaqlara ünvanlanan verilişlər var idi.
Azərbaycan Televiziyasında mədəniyyət və idman kanalları yaradılıb. Yaxşı olar
ki, uşaq kanalı da yaradılsın! Ana dilimizi öyrənmək üçün bu kanallarda
vətənpərvərlik mövzusunda, natiqliklə bağlı və s. istiqamətdə verilişlər
hazırlanmalıdır: "Uşaqlar bəzən öz öyrəndiklərini ifadə edə bilmirlər. Onlara
danışmaq, görüb-götürmək üçün tribuna lazımdır».
Təranə
Məhərrəmova