• cümə axşamı, 28 mart, 16:20
  • Baku Bakı 16°C

Siqaret qadağası restoranların fəaliyyətinə necə təsir edəcək?

18.04.17 11:00 1672
Siqaret qadağası restoranların fəaliyyətinə necə təsir edəcək?
Bu günlərdə Milli Məclisdə yeni hazırlanmış "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qeyd edib ki, layihənin hazırlanması sosial tələbatdan irəli gəlir: "Azərbaycanda son illər qadınların siqaretə marağı artaraq 1 faizi keçib. Kişilərin 67,5, qadınların 52,5 faizi tütünün təsirindən əziyyət çəkir. Dözülməz hal odur ki, bunun nəticəsi narkotik aludəçiliyinə gətirib çıxarır. Bu məsələlər də cəmiyyətin narazılığına səbəb olur. Sevindirici haldır ki, layihə son günlər mətbuatda müzakirəyə çıxarılıb və cəmiyyət tərəfindən dəstəklənib”.

Komitə sədri deyib ki, Azərbaycanın tütün məhsullarına xaricdə maraq çoxalıb və layihənin qəbulu tütünün istehsalını heç də azaltmayacaq. Qanun layihəsində ölkədə tütündən (siqaretdən) istifadənin qadağan olunduğu yerlər, tütün əleyhinə tədbirlər və sair bu kimi məsələlər yer alıb. Qanun layihəsi 17 maddə, 3 fəsildən ibarətdir. Yeni qanun layihəsinə əsasən, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələrində, onların ərazilərində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlarda, iş yerlərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, restoranlar, kafelər, barlar daxil omaqla ictimai iaşə obyektlərində (açıq məkanlar sitisna olmaqla), ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, mehmanxanalarda, teatr və kinoteatrlarda, sərgilərdə, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində tütündən istifadə qadağan ediləcək, eyni zamanda, yerüstü və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlarası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda və taksilərdə, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda da bu qadağa keçərli olacaq.

Belə bir qanunun qəbul edilməsi təbii ki, müsbət haldır və yalnız alqışlana bilər. Lakin qanunun qəbul edilməsindən daha vacib bir məqam varsa, o da bu qanunun icra mexanizmidir. Qeyd etdiyimiz kimi, siqaretin qadağan edildiyi yerlərdən biri də kafelər, restoranlar və ictimai iaşə obyektləridir. Bundan sonra belə məkanlarda siqaret çəkənlər İnizbati Xətalar Məcəlləsinə əsasən təyin edilən məbləğdə cərimə ödəyəcəklər. Bu günə kimi hər birimiz kafe və restoranlarda siqaretin çəkildiyinin dəfələrlə şahidi olmuşuq. Bir çoxları bundan narahat olub sərt reaksiya bildirsə də, digərləri səsini çıxarmadan tüstünü ciyərlərinə çəkməyə məcbur olurdu. Düzdür, bəzi məkanlara siqaret çəkilən və çəkilməyən zallar ayrı olsa da, tüstünün ümumi ab-havaya təsir etdiyini heç kim inkar etmir. Bəs görəsən restoran və kafelərin bu qanun layihəsinə münasibəti necədir? Yeni qanun ticarət dövriyyəsinə və müştərilərin sayına təsir edəcəkmi? Suallarımıza cavab tapmaq üçün şəhərin mərkəzində yerləşən bir neçə kafe və restoranlar arasında kiçik sorğu keçirdik.

"Meating Point” restoranının administratoru ilə söhbətləşdik. O, qeyd etdi ki, restoranda müştərilər üçün nəzərdə tutulan iki zal var: "Bunlardan biri siqaret çəkən müştərilər üçün nəzərdə tutulub ki, digərlərinə mane olmasın.Lakin düşünmürəm ki, bu qanun bizim müştərilərimizin sayına və ümumi dövriyyəyə mənfi təsir göstərsin. Əksinə, fikirləşirəm ki, qanunun qəbulu bundan sonrakı fəaliyyətimizə daha da müsbət təsir göstərəcək. Çünki bizim əksər müştərilərimiz xanımlar olur. Həmçinin ailəvi olaraq öz körpə uşaqları ilə məkanımıza gələnlərin sayı da xeylidir və onlar siqaretin əleyhinədirlər. Bu baxımdan, hesab edirəm ki, qanunun qəbulu bizim üçün faydalı olacaq. Yaxşı olardı ki, bütün zallarda siqaret çəkilməsi qadağan edilsin”.

"Cafe 1953”lə də əlaqə saxladıq. Kafedən bildirildi ki, onlarda siqaret çəkən müştərilər üçün xüsusi zal ayrılıb: "Bunun üçün xüsusi zal ayrılıb. Lakin müştərilərimizin əksəriyyəti anlayışlı davranaraq adətən siqareti çöldə çəkirdilər. Bu baxımdan, qanun layihəsinin fəaliyyətimizə mənfi təsir edəcəyini hesab etmirəm”.

"Cafe City”nin adminstratoru fikirləşir ki, əsas olan restoranın nüfuzudur: "Bizdə iki zal var. Aşağı zal siqaret çəkən müştərilər üçün nəzərdə tutlub. Yuxarıda isə siqaret çəkməyən müştəriləri qəbul edirik. Amma təqribən iki gündür heç bir zalda müştərilərə siqaretin çəkilməsinə icazə verilmir. Hələlik qanunun bizim iş fəaliyyətimizə necə təsir edəcəyini demək üçün çox tezdir. Çünki qanun yeni qəbul olunub. Qeyd etdiyim kimi, bizdə də cəmi iki gündür belə bir qadağa tətbiq edilir. Amma siqaret çəkən müşətrilər kafedə əyləşirlər. Onlar siqaret çəkmək istədikləri zaman adətən çölə çıxırlar. Amma siqaret qadağa edildiyinə görə restoranı tərk edən müştəri hələ ki olmayıb. Məncə, bu problemin həlli üçün əlavə nə isə etməyə ehtiyac yoxdur. Siqaret çəkmək istəyən və istəməyən müştəri də bundan sonra yenə gələcək. Burada mühüm olan kafenin nüfuzu və keyfiyyətidir. Bizim kafenin nüfuzuna görə gələn müştərilərimiz var. Mən inanmıram ki, sırf siqaretə görə bundan sonra onlar bizi seçməkdən imtina etsinlər”.

"Araz Kafe”nin idarəçilərinə də öz sualmızı ünvanladıq. Kafedən sualımıza qısa cavab verildi: "Müştərilərimiz üçün siqaret çəkilən və çəkilməyən zallar təklif olunur. Kim harda sitəsə, əyləşə bilər. Bu qadağanın işimizə necə təsir edəcəyi haqda hələ ki nəsə deyə bilmərik”.

"Fairplay Pub-Kafe”nin adminstratoru Bəhruz Əliyev bizimlə söhbətində bildirdi ki, belə bir qanunun qəbul edilməsi onların bundan sonrakı fəaliyyətinə neqativ təsir edəcək: "Hesab edirəm ki, yeni qanun müştərilərin sayına və ümumi ticari dövriyyəyə mənfi təsir göstərəck. Çünki bura pub-kafe olaraq fəaliyyət göstərdiyinə görə, müştərilərin əksəriyyəti siqaret çəkməyə üstünlük verir. Düzdür, seçimnən asılı olaraq siqaret çəkilən və çəkilməyən zallar var. Amma siqaret çəkilən zal digəri ilə müqayisədə həmişə daha dolu olur. Bu baxımdan da qanun layihəsinin iş fəaliyyətimizə təsir edəcəyini düşünürəm. Problemi həll etmək üçün yəqin ki, nə isə bir şey fikirləşərik. Məsələn, müştərilər üçün nəzərdə tutulan xüsusi zibil qutusu qoya bilərik. Yaxud da alternativ bir şey fikirləşməli olacağıq”.

"Firuzə” restoranından Eldar bəylə əlaqə saxladıq. Onun sözlərinə görə, artıq restoranda siqaretin çəkilməsi ləğv edilib: "Qanunun müştərilərin sayına və ümumi ticari dövriyyəyə hansısa formada təsir edəcəyini düşünümürəm. Çünki müştərilərimiz də buna öyrəşib. Əvvəllər zalın biri siqaret çəkənlər üçün nəzərdə tutlmuşdu. İndi isə ümumiyyətlə ləğv edilib”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər