• cümə, 27 Dekabr, 05:13
  • Baku Bakı 9°C

Sinif otaqlarında smartfonlara qadağa?

23.12.23 04:45 9009
Sinif otaqlarında smartfonlara qadağa?

Artıq dünyanın bir çox ölkəsində bu qərar qəbul edilib. UNESCO-nun “Global Education Monitor” hesabatında da sinif otaqlarında smartfonların qadağan edilməsi təklif edilir. Azərbaycanda isə bu məsələyə münasibət birmənalı deyil. 

“Şagird və tələbələrin sinifdə və evdə telefon, planşet, noutbuk və s. kimi texnologiya vasitələrindən həddən artıq və qeyri-münasib istifadə etməsi diqqəti yayındırır, öyrənməyə zərərli təsir göstərir”. UNESCO-nun “Global Education Monitor” hesabatının 2023-cü il üçün buraxılışında tövsiyə olunur ki, təhsili yaxşılaşdırmaq və uşaqları onlayn zorakılıqdan qorumaq məqsədilə bütün dünyada sinif otaqlarında smartfonlar qadağan edilməlidir. “Uşaqların ekran qarşısında çox vaxt keçirməsi onların emosional sabitliyinə mənfi təsir göstərir”, - deyə buraxılışda bildirilir. 

Təşkilatın baş direktoru Audrey Azouley deyib ki, rəqəmsal inqilab ölçüyəgəlməz potensiala malikdir, lakin onun cəmiyyətdə necə tənzimlənməsi ilə bağlı xəbərdarlıqlar edildiyi kimi, təhsildə istifadə üsuluna da eyni diqqət yetirilməlidir.

UNESCO-nun məlumatına görə, artıq dünyada hər dörd ölkədən birində məktəblərdə smartfonların istifadəsi qadağan edilib. Çində rəqəmsal cihazların tədris aləti kimi istifadəsi məhdudlaşdırılıb və orada şagird və tələbələrə müntəzəm olaraq ekran fasilələri verilir. Finlandiya imtahan nəticələrinin aşağı düşməsinə mane olmaq məqsədilə sinif otaqlarında telefonlardan istifadəni qadağan edib. İtaliyada 2023-cü ilin dekabr ayından məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulub. Türkiyədə qanuna əsasən, mobil telefonlar, kameralar, planşetlər, kompüterlər, smart saatlar və bu kimi cihazlar məlumat vasitəsi kimi müəyyən edilir və dərs zamanı istifadəsinə icazə verilmir. Tənəffüs vaxtı telefondan istifadə edib-etməmək qərarı məktəb rəhbərliyinə həvalə edilir. 

Rusiya məktəblərində də mobil telefonlardan istifadə  qanunla tənzimlənəcək. Dövlət Dumasının deputatları bununla bağlı qanun layihəsi hazırlayıblar. Keçirilən sorğu nəticəsində respondentlərin 85%-i uşaqların sinifdə telefondan istifadə etməsini zərərli hesab edib. 
Bizim ölkəmizdə də problem daim müxtəlif kontekstlərdə gündəmə gəlir. Amma hələlik məktəblərdə mobil telefondan istifadənin tamamilə qadağan olunması və ya məhdudlaşması ilə bağlı hər hansı qərar yoxdur. Son günlər bəzi onlayn resurslarda ölkənin ümumi təhsil müəssisələrində şagirdlərə dərsə mobil telefon gətirməyə qadağa qoyulması barədə məlumatlar yayılmaqdadır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə yayılan xəbərin reallığı əks etdirmədiyini bildirir. Belə ki, ötən tədris ilinin ikinci yarımilindən başlayaraq ölkəmizin pilot olaraq 300 məktəbində tətbiq edilən “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na görə şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir: “Şagird, əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə telefon gətirirsə, həmin telefon şagirddən alınaraq təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona geri qaytarılır”.

“Maarifləndirmək daha yaxşı nəticə verər”

Böyük Britaniyanın Kembric Universitetinin professoru Qərib Mürşüdov məktəbyaşlı uşaqların mobil telefondan istifadə etməsinə narahatlıq yaradan hal kimi yanaşır: “Bilmirəm, bu problemi qərarlar və ya qanunlarla həll etmək mümkündürmü? Ümumiyyətlə, sosial mediaya indi dünyada bir problem kimi baxılmalıdır. Bu platformalara müəyyən nəzarət zəruridir”. Professor hesab edir ki, əsas nəticəyə tərbiyə və biliklərlə nail olmaq mümkündür: “Bunun üçün müəyyən dərslər keçmək olar: sosial media nədir, hansı tərəfləri var? İnternet necə inkişaf üçün istifadə edilə bilər? Bildiyim qədər belə dərslər yoxdur. Məktəblilər arasında telefonu, interneti qadağan etməklə problem həll olunmayacaq, əksinə, daha da cəlbedici olacaq. Bu kimi problemləri maarfiləndirməklə həll etmək mümkündür. Uzun müddət ərzində qərbdə gənclər arasında seks və narkotik böyük problem idi. Bu problemə yanaşma üçün xüsusi maarifləndirici dərslər keçirlər. Bu, müəyyən müsbət nəticə verir. İnternet, sosial media və mobil telefonlar da oxşar problemdir. Fikrimcə, maarifləndirmək daha yaxşı nəticə verər”.

Diqqətin dərsdə olması üçün

İnternet Texnologiyaları üzrə (İT) mütəxəssis Tural Mustafayev hesab edir ki şagirdlərin mobil telefondan istifadəsinin məhdudlaşdırılması nəinki mümkündür, hətta vacibdir: “Hətta ABŞ və Avropa şirkətlərinin bəzilərində əməkdaşların mobil telefondan istifadəsinin məhdudlaşdırılmsı təcrübəsi var. İş yerinin girişində işçilərin telefonları yığılır. Bu baxımdan, məktəblərdə şagirdlərin də mobil telefonlardan istifadəsinə qadağa qoymaq mümkündür. Çünki məktəblilər “TikTok”, “Instagram” kimi platformalara, bloqerlərə, video çəkib populyarlaşmaq istəyən adamlara fərqli gözlə baxırlar. Şagirdlər məktəbin dəhlizlərində və həyətində toplaşanda müəyyən qeyri-etik, məktəb nizam-intizamına uyğun gəlməyən videoları izləyirlər. Təcrübələr göstərir ki, indiyə qədər məktəblilər tərəfindən çəkilən videoların bir çoxu qeyri-etikdir. Üstəlik bu, videosu çəkilən uşaqların nüfuzuna da təsir göstərir”. Mütəxəssisin fikrincə, müəllimin sinifdə hər şagirdə ayrı-ayrılıqda nəzarət etməsi çətindir: “Mən məktəbin girişində telefonların mühafizəçilər tərəfindən yığılmasının tərəfdarıyam. Məsələ uşaqları zərərverici kontentlərdən uzaqlaşdırmaq, şagirdlər tərəfindən məktəbə aidiyyəti olmayan kontentlərin yaradılmasının qarşısını almaqdır. Bu qadağa şagirdlərin heç bir formada texnologiyaya olan əlçatanlığının qarşısını almır. Çünki məktəblərdə informatika dərsi keçirilir. İnformatikaya çıxış əldə etmək istəyən, rəqəmsal dünya ilə əlaqəsini kəsmək istəməyən uşaq onsuz da evdə olduğu müddətdə kompüterdən istifadə edəcək. Amma bu, uşaqlara toplu şəkildə təhsil verildiyi yerdə olmamalıdır. Çünki 3-5 uşağın dərsə telefon gətirməsi yanındakı şagirdin də diqqətini alır. Bunun qarşısını almaq istəyənlərə də texnologiya düşməni kimi baxmaqları qəribə görünür”. 

Asudə vaxtları düzgün təşkil olunsa

Azərbaycan Dövlət Pedaqoji Universitetin Pedaqoji-psixologiya kafedrasının müəllimi Yaqut Ağasiyevanın fikirləri bir qədər fərqlidir: “Telefonu tamamilə məhdudlaşdırmaq mümkün deyil. Düzdür, şagirdlər mobil telefonları məktəbə aparırlar, problemlər də bundan yaranır. Fikrimcə, əgər müəllimlər dərsləri düzgün qursalar, interaktiv dərslərdən istifadə etsələr, onda uşaqlar dərsə cəlb olunar və onların telefona diqqəti məhdudlaşar. Evlərdə isə buna əməl etmək valideynlərdən asılıdır. Mən özüm də valideynəm. Uşaqlar bəzən telefondan tapşırıqların həlli üçün istifadə edir, axtarış aparırlar. Həmişə deyirəm ki, tələbələrin, məktəblilərin və azyaşlıların asudə vaxtları düzgün təşkil olunsa, onlar telefona bu qədər meyl etməyəcəklər”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər