Simasını gizlədən modelyer
Müsahibimin 21 yaşı var. Yaşının az olmasına baxmayaraq, moda-dizayn
aləminə yeni bir nəfəs, yeni ruh, yeni üslub gətirib. Hazırladığı geyimlərdəki
xalça naxışları ilə diqqət çəkən Anara Zakirli, xarici moda aləmində də tanınmağa
başlayıb. İki həftə bundan əvvəl 21 yaşlı modelyer Dubayda keçirilən moda
həftəsində nümayiş etdirdiyi geyimləri ilə öz dəst-xəttini tanıdıb. Qonağımız
bizimlə söhbətində gələcək hədəflərindən və bugünkü nailiyyətlərindən danışdı.
- Anara xanım, dəbə olan marağınız
nə vaxtdan yaranıb?
- Uşaq yaşlarımdan rəssamlığa, modaya böyük həvəsim vardı. Özümü tanıyandan
dəblə maraqlanıb, yeniliklər axtarışında olmuşam. Anamın da rəssamlığa marağı olub. Ancaq onun bu istəyini mən gerçəkləşdirdim
və Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecində "dekorativ
tətbiqi sənət” fakültəsinə daxil oldum.
Xalçaçı-rəssam olaraq kolleci bitirdim. İkinci təhsilimi də Zülfiyyə Sultan Fashion
Schoolda aldım. Bura moda məktəbidir və mən burada özümü inkişaf etdirdim,
öyrəndiklərimi təkmilləşdirdim. Hazırda Zülfiyyə müəllimə ilə çalışıram. O, bu
işdə mənə çox kömək etdi. Bunun üçün müəllimimə minnətdarlığımı bildirirəm.
- Bəs nə üçün əvvəldən modelyer
deyil, xalçaçı-rəssam olmaq istədiniz?
- Mən kollecə daxil olan ili moda sənəti ixtisası bağlandı və qismət
elə gətirdi ki, bu ixtisasa qəbul oldum. Bu illər ərzində xalçaçılıq sənətinə böyük
marağım yarandı. Sənətin sirlərinə yiyələndikcə, xalça sənətinin xırdalıqlarına
vardıqca, içimdə xalçalara xüsusi bir maraq oyandı. Onu da qeyd edim ki, anamın
anası, onun nənəsi də xalça toxuyublar.
- Əl işlərinizə nəzər yetirdikdə,
xalçanın ornamentləri həmin dəqiqə sezilir. Sanki qədim naxışların yeni üslubda
təzahürü moda aləminə yeni nəfəs, yeni ruh gətirib.
- Bəli, çalışıram ki, geyim hazırlayarkən özümə məxsus yeniliklər
edim. Misal üçün, Dubayda nümayiş olunan kolleksiyamı "Əfşan” xalçasından təsirlənib
hazırlamışam. Digər kolleksiyalarımda isə "Bağçada güllər” adlanan xalçadan bir
parça nümayiş olunub. Bu xalçalar Cəbrayıl xalçası kimi tanınır. Hazırladığım
geyimlərdə bu naxışlardan istifadə etmişəm. Bunun adı Zərəfşandır. Zərəfşan qızıl
kimi parıldayan deməkdir. Biz o parçadan və o naxışlardan istifadə edirik.
O ki qaldı qədim naxışların yeni üslubda təzahürünə, bəli, istəyirəm ki, mənim istiqamətim, dəst-xəttim
məhz bu naxışlar üzərində tanınsın. Xalçanın üzərindəki naxışları, elementləri
çox bəyənirəm. Modaya da çox böyük həvəsim vardı. Xalçaçılıq sənətinə və modaya
olan marağım məni belə bir kolleksiya hazırlamağa vadar etdi. Xalça ilə modanı
sintez etdim. İki sənəti birində birləşdirdim. İkisini bir araya gətirib, öz
imzamı tanıtmaq istədim.
- Azərbaycanda ilk dəfiləniz
nə zaman gerçəkləşib?
- İlk dəfə ötən ilin iyun ayında "Mercedes-Benz Fashion Week”-də
hazırladığım geyimləri tamaşaçılara təqdim etmişəm. O zaman kolleksiyama toxunma paltarlar daxil idi. Toxunma geyimlər
də tamaşaçılar tərəfindən maraqla qarşılandı. Bu moda həftəsində xalça güllərdən
dizayn verdiyim 10 geyim iştirak edirdi. Daha sonra dəri kolleksiyamı nümayiş etdirdim.
Dubayda isə üçüncü kolleksiyam baş tutdu.
- Dubayda keçirilən moda
həftəsinə necə dəvət aldınız?
- "Hicab Queen” adlı bir firmadan təklif aldım. Dedilər ki, Dubayda
"Modest Fashion Week” keçiriləcək, istərdik ki, Azərbaycandan sizin əl işləriniz
orada nümayiş olunsun. Dubayda "Emerald palace by Kempinski” otelde moda
həftəsi keçirildi və mənim 6 geyimim orada iştirak etdi. Kolleksiyam çox
bəyənildi, izləyicilər tərəfindən alqışla qarşılandı. Hətta o qədər çox alqış aldım
ki, heç Bakıda bu qədər alqış almamışdım.
- Yəqin ki, bu səfərdən
sonra başqa təkliflər də almısınız.
- Bəli, Moskvadan, Ərəbistandan və bir çox ölkələrdən təkliflər aldım.
Ancaq hazırki vəziyyətdə mən o dəfilələrdə iştirak edə bilməyəcəm. Çünki bu
sərgilərdə iştirak etmək üçün böyük maliyyə tələb olunur.
- 21 yaşınız var, hələ yolun
başındasınız. Bəs hədəfləriniz nələrdir?
- Gələcəkdə özümü daha təkmilləşmiş, sözünü demiş peşəkar bir modelyer
kimi görmək istəyirəm. Hədəfim dünyada xalça naxışlarından geyim hazırlayan,
fərqli üslubu ilə tanınan bir modelyer-dizayner olmaqdır. İstəyirəm ki, əl işlərim
dünya miqyasında tanınan bir brendə çevrilsin. Hələ ki yaxın 10 il ərzində
qarşıma bu hədəfi qoymuşam. Təbii ki, hər şeyi zaman göstərəcək.
- Özünüz hicablı xanımsınız,
ancaq kolleksiyanızda hicab yoxdur.
- Bəli, kolleksiyamı hazırlayarkən özüm hicabdan istifadə etmədim.
Geyimlərimdə sadəcə olaraq çalmalardan yararlandım. Özüm bu üslubu seçdim.
İstəmədim düşünsünlər ki, bu geyimlər yalnız hicablı xanımlar üçündür. Mənim hazırladığım
geyimlərdə açıq-saçıqlıq yoxdur. Hər bir xanım bu geyimlərdən istifadə edə bilər.
Ancaq düşünürəm ki, bir gün də hicablı xanımlar üçün geyimlər hazırlayacam.
- Hazırladığınız geyimləri özünüz
istifadə edirsinizmi?
- Açığı, hazırladığım kolleksiyadan geyinmirəm. Düzdür, onların hamısına
əmək sərf edirəm, zövqümə görə işləyirəm, ancaq nədənsə onları öz üzərimdə sınamamışam.
Misal üçün, üst geyimlərimi özüm hazırlayıram. Bura geyinib gəldiyim üst paltomu
özüm hazırlamışam, ancaq onu satışa verməmişəm. Yeri gəlmişkən qeyd edim ki, gələcək
kolleksiyada üst geyimləri də hazırlamağı düşünürəm.
- Sosial şəbəkələrdə paylaşımlar
edərkən və hətta moda həftələrinə qatılarkən simanızı gizlədirsiniz. Bu nə ilə əlaqədardır?
- İstəyirəm ki, əl işlərim simamdan daha çox tanınsın. Mən bu sənətə
məşhur olmaq üçün gəlməmişəm. İşimi nümayiş etdirsinlər, əl işlərim məşhurlaşsın,
özüm tanınmasam da olar. Bu mənim özümdən asılı olan bir haldır. Göz önündə
olmağı xoşlamıram. Ola bilər ki, gələcəkdə düşüncələrim dəyişsin. Ancaq hazırda
bunu istəmirəm.
- Bir geyimi hazırlamaq üçün nə
qədər zaman sərf edirsiniz?
- Əsas zamanım geyimin eskizini hazırlayanda sərf olunur. Belə ki, onu
düşünmək, hazırlamaq bir az uzun prosesdir.
Parça hazır olduqda isə, ən azı iki günə geyim hazır olur. Baxır, onun dizaynına.
Toxunma geyimlər üzərində çox çalışıram. Çünki toxunma geyimlər bir neçə günə
ərsəyə gəlmir.
- Gələcəkdə Azərbaycan brendi olaraq
geyim istehsal etməyi necə, düşünürsünüzmü?
- Əlbəttə ki, hələ yolun başındayam. Düşünürəm və bu istiqamətdə çox çalışmalıyam.
İstəyirəm ki, hazırladığım məhsullar xaricdə də satılsın.
- Geyim hazırlayarkən nədən
ilhamlanırsınız?
- Geyim hazırlayarkən milli naxışlarımızdan, xalçalardan, təbiətdən, gördüyüm
hansısa dizayndan, güldən, çiçəkdən və gözəl olan hər bir şeydən ilhamlana
bilirəm.
- Geyimlərinizdə çox rəngarənglik
var. Demək olar ki, kolleksiyanızda qara və ağ rənglərdən istifadə etmirsiniz.
Bu sizin təbiətinizlə bağlıdır, yoxsa yaşınızla?
- Rəngarəngliyi sevirəm. Biz o kolleksiyanı hazırlayanda dedilər ki, bu
rənglər o qədər də dəbdə deyil. Mənsə israrla dedim ki, bu stili və rəngləri sevirəm.
Hər bir modelyer öz stilini qorumalıdır. Mənim stilim budu və çalışıram ki, onu
qoruyum. Rəssamları ən çox əl işləri ilə tanıyırlar. Əgər mən bir rəssamın işlərini
bəyənirəmsə və hardasa onun əl işlərini görürəmsə, bilirəm ki, kimə məxsusdur. Yaxud
da kolleksiyalara baxanda, onun kimə məxsus olduğunu sezmək mümkün olur. İstəyirəm
ki, gələcəkdə kimsə mənim işlərimə baxanda desin ki, bu, Anara Zakirlinin əl işidir.
Yaratdığım bu dəst-xətti qoruyub saxlamağa çalışıram.
- Gündəlik geyim sifarişləri
qəbul edirsinizmi?
- Hələ ki qəbul etmirəm. Çünki Azərbaycanda bu işi görən çox dizayner
və dərzilər var. Özümü bu sahədə görmürəm. Mənim hazırladığım geyimlər həm gündəlik,
həm də mərasimlər üçün istifadə edilir.
Xəyalə Rəis