• bazar ertəsi, 25 noyabr, 07:36
  • Baku Bakı 11°C

“Şimal-Cənub” dəhlizini kim ləngidir?

23.10.21 09:30 780
“Şimal-Cənub” dəhlizini kim ləngidir?
İran layihənin ən zəif həlqəsidir

Beynəlxalq və qlobal əhəmiyyətli layihələri reallaşdıran Azərbaycan mühüm nəqliyyat qovşaqlarından birinə çevrilib. Günbəgün tranzit ölkə kimi geosiyasi və geoiqtisadi çəkisini artırmaqda davam edən ölkəmizin imza atdığı ən uğurlu layihələrdən biri "Şimal-Cənub” nəqliyyat dəhlizidir. 2000-ci ildə Rusiya, İran və Hindistan arasında Sankt-Peterburqda imzalanan saziş bütün nəqliyyat növləri - dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatı ilə daşımaları təmin edən logistika infrastrukturunu və vasitələrini əhatə edir. Prezident İlham Əiyevin də qeyd etdiyi kimi, "Şimal-Cənub” nəqliyyat dəhlizi ölkələrimizin həm təhlükəsizliyini, həm də iqtisadi maraqlarını təmin edəcək bir layihədir.

Məsələ ondadır ki...

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Qərbi Avropa ölkələrinin, Rusiyanın, Mərkəzi Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalardan əldə etdiyi gəlirləri artırmağa imkan verəcək. Lakin məsələ ondadır ki, layihənin reallaşması yolunda İran üzərinə düşənləri yerinə yetirə bilmir.

Səfir bunu onunla əsaslandırır ki...

Beləliklə, aydın olur ki, İran nəqliyyat şəbəkəsi, tərəfdaşların güvəndiyi mal axınını öz ərazisindən keçirmək iqtidarında deyil. Qonşu dövlətin ərazisindəki dəmir yolunun genişləndirilməsi həmişə ləng gedib. Səbəb kimi də kifayət qədər maliyyənin olmamağı göstərilir. Vaxtilə Hindistan İranın Çabahar limanına yarım milyard dollar sərmayə qoyaraq kömək etdi. Ancaq o zaman məlum oldu ki, layihənin zəif halqası məhz İrandır. Bu da dəhlizin tikintisi üçün son tarixləri pozmuş oldu. Buna baxmayaraq, Belarus, Qazaxıstan, Oman, Tacikistan, Azərbaycan, Ermənistan, Suriya, Bolqarıstan, Qırğızıstan, Türkiyə və Ukrayna "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinə qoşulub. Adları çəkilən dövlətlərin marağı da başa düşüləndir - layihə digər marşrutlardan, xüsusən də Süveyş kanalından keçən dəniz yolundan nəqliyyat məsafəsini iki dəfə azaldır. İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiya mediasına müsahibəsində bunu onunla əsaslandırır ki, sanksiyalar səbəbindən ölkəsinin problemləri var.

Köhnə dəmir yolu və tarif sistemi
"Afanasi Nikitin" Assosiasiyasının idarəedici direktoru İqor Qots isə məsələni daha konkret şəkildə ifadə edir: "Hindistan və Avropa "Şimal-Cənub” dəhlizi olmadan ünsiyyət qurmaq imkanına malikdir, buna görə də, yük axınının bir hissəsinin burdan keçməsi üçün hər iki mərkəzin tələb etdiyi rəqabət qabiliyyətli bir məhsul olmalıdır. Müasir rəqəmsal texnologiyalara əsaslanan "Şimal-Cənub" dəhlizi üçün strateji bir plan hazırlamağa başlamaq lazımdır. Amma İran Qərbin sanksiyaları altındadır, köhnə dəmir yolu və mükəmməl olmayan tarif sistemi var. Eyni zamanda iranlı mütəxəssislər tez-tez Xəzər dənizində güclü bir regional mərkəzin formalaşmasında maraqlı olmayan qüvvələrdən irəli gələn risk və təhdidlərdən danışırlar".

İran təhdid edir

Rusiya mediası yazır ki, ancaq son illərdə İranın özü "Şimal-Cənub" dəhlizinin həyata keçirilməsini təhdid edə biləcək addımlar atmaqdadır. Qeyd olunur ki, İran Azərbaycan sərhədləri yaxınlığında hərbi manevrlərə başlayaraq Bakı ilə qarşıdurmaya girdi. 350 kilometrlik Qəzvin-Rəşt-Astara avtomobil yolu, Astaranın dəniz limanı terminalları sahəsindəki sənaye parkı, Rəşt-Astara layihəsi və Azərbaycan və İran dəmir yollarının qovşaqları daha uzun müddətə təxirə salınıb.

Azərbaycanın gördüyü işlər

Azərbaycana gəldikdə, ölkəmiz "Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı mühüm addımlar atıb. Ötən il Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadıb, Astara çayı üzərində 82 metr uzunluğunda dəmir yolu körpüsü tikib və istifadəyə verib. Bundan əlavə, İran ərazisində 1,4 kilometr yol və terminallar tikilməsi üçün 35 hektarlıq ərazi Azərbaycan tərəfindən uzunmüddətli icarəyə götürülüb.
"Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi həm də çox mühüm geosiyasi layihədir və Cənubi Qafqaz regionunda, Xəzər bölgəsində Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Azərbaycanın nəqliyyat potensialı, həmçinin İkinci Qarabağ müharibəsinin başa çatması sayəsində də artır. Azərbaycanın qərb rayonlarını Naxçıvanla bağlayan Zəngəzur dəhlizi Rusiyaya nəinki Azərbaycanla, eləcə də Ermənistan, Türkiyə və İranla fasiləsiz dəmiryolu əlaqəsi qurmağa imkan yaradacaq.

Ermənistanın planlarını alt-üst edir

Bu layihə, eyni zamanda Ermənistanın beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı planlarının üzərindən xətt çəkir, işğalçı ölkənin regionun tranzit dalanında boğulmasına şərait yaradır. Rəsmi İrəvan uzun illər idi ki, İranla Rusiya arasında birləşdirici halqa olmaq istəyini hər fürsətdə gündəmə gətirirdi. Lakin iqtisadi problemlərin əhatəsində itib-batan, qonşular ilə münasibətləri olmayan Ermənistanın bütün cəhdləri uğursuzluqla nəticələndi. İndi işğalçı ölkə respublikamızın tranzit potensialının hər keçən gün artdığını müşahidə etməklə kədərlənir. Ermənistanın yolları dəhliz üçün arzuolunmazdır, iqtisadiyyat tənəzzülə uğrayıb, xüsusən də İkinci Qarabağ müharibəsindən sonra.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər