AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Silahlı Qüvvələrimizin təmin etdiyi qətnamələr - Fotolar

Silahlı Qüvvələrimizin təmin etdiyi qətnamələr - Fotolar

Cəmiyyət
23 Oktyabr 2020, 15:00 3151
BMT və digər beynəlxalq təşkilatlar buna görə Azərbaycana və hərbçilərimizə minnətdar olmalıdır
 
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Münaqişə nəticəsində 30 minə yaxın azərbaycanlı həlak olub, 50 minə yaxın vətəndaşımız yaralanıb və ya əlil olub, 4 mindən çox insan itkin düşüb. Bu münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından isə ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Lakin əfsus ki, həmsədrlər indiyə qədər problemi dinc yolla həll edə bilməyiblər.
 

 
Ərazilərin işğaldan qeyd-şərtsiz azad edilməsi
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və ətraf rayonlardan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT, həmçinin digər təşkilat və qurumların qətnamələri mövcuddur. Həmsədr dövlətlər məhz bu qətnamələri əsas tutaraq, işğalçı Ermənistana təzyiq və təsir göstərə, beynəlxalq hüququ, ölkələrin ərazi bütövlüyü prinsipini əsas götürərək təcavüzkarı torpaqlarımızdan rədd edə bilərdilər. Necə ki, biz bunu BMT Təhlükəsizlik Şurasının Liviyaya dair çıxardığı qətnamənin mürəkkəbi qurumamış Fransa qırıcı təyyarələrinin səmaya qalxması, paytaxt Tripolini bombardman edilməsi, nəticədə Müəmmar Qəddafinin devrilməsi zamanı müşahidə etmişik. Nədənsə Dağlıq Qarabağ probleminə yanaşmada BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərdən, o cümlədən Fransadan, ABŞ-dan və Rusiyadan bu çevikliyi müşahidə edə bilmədik. Bu kimi səbəblərdən də 1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr indiyə qədər icrasız qaldı.
 

 
İcrasız qalan qətnamələrin tələbləri
 
Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Sözügedən qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır. Misal üçün, 822 saylı qətnamə Kəlbəcərin işğalından sonra qəbul edilib. Qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyə, erməni qoşunlarının Kəlbəcərdən və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. 853 saylı qətnamə bölgədəki hərbi əməliyyatlara son verməyi, erməni qoşunlarının Ağdam və son dövrlərdə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edirdi. Qətnamə, həmçinin 822 saylı qətnaməyə də əməl edilməsini tələb edirdi. 874 saylı qətnamə atəşkəs imzalanmasını, hərbi əməliyyatları dayandıraraq erməni qoşunlarının işğal etdiyi Füzuli, Cəbrayıl, Qubadlı və digər ərazilərdən geri çəkilməsini tələb edirdi. Qətnamədə, həmçinin əvvəlki 822 və 853 saylı qətnamələrə əməl edilməsi tələbi də öz əksini tapırdı. 884 saylı qətnamədə isə tərəflər arasında yenidən hərbi əməliyyatların bərpası ilə nəticələnən atəşkəs pozulmaları qınanılır. Qətnamədə hərbi əməliyyatların dərhal dayandırılması tələb edilir, son dövrdə işğal edilmiş Zəngilan rayonu da daxil olmaqla, digər rayonlardan erməni silahlı dəstələrinin çıxması tələb edilirdi. Təbii ki, sonda əvvəl qəbul edilmiş 822, 853, 874 saylı qətnamələrə əməl edilməsi də tələb edilirdi.
 

                                 
Cəzasızlıqdan irəli gələn sərsəmləmələr
 
Lakin işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının nəinki bu qətnamələrin tələbini yerinə yetirmir, üstəlik, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Fransa və Rusiyanın iştirakı ilə aparılan sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirirdi. Bununla yanaşı, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq hüququn əksinə olaraq infrastruktur qurur, o cümlədən avtomobil yolları çəkərək qanunsuz məskunlaşdırma siyasəti həyata keçirirdi. Cəzasızlıq mühitindən istifadə edən Ermənistan dövləti və onun prezidentləri Dağlıq Qarabağdakı separatçılara hərtərəfli dəstək verir, erməni baş nazir Nikol Paşinyan "Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar səsləndirir, qondarma qurumun "prezidenti” üçün Şuşada inaqurasiya mərasimi təşkil edir, bu qədim Azərbaycan şəhərinin separatçılar üçün paytaxta çevriləcəyinə dair iddialar ortaya qoyulurdu. Öz baş nazirinin cəfəng bəyanatlarından ruhlanan Ermənistanın müdafiə naziri David Tonoyan isə yerli mediaya müsahibələrində Azərbaycana hər hansı güzəşt edilməyəcəyini, torpaqlarımızı nəinki işğaldan azad etməyəcəklərini, üstəlik, hücuma keçərək yeni ərazilərimizi zəbt edəcəklərini dilə gətirirdi. Bütün bunlar Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində, eləcə də Azərbaycanla sərhəd ərazilərdə tez-tez təxribatlar törətməsi, mövqelərimizə hücumlar təşkil etməsi ilə müşayiət olunurdu. 
 

 
Ermənistanın davamlı təxribatları
 
Amma 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı nümunəsində deyə bilərik ki, düşmənin hər bir belə cəhdi uğursuzluğa düçar olur, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusuna sarsıdıcı zərbələr vurması ilə yadda qalırdı. Növbəti belə bir təxribat cari il iyulun 12-də Tovuz rayonunun Ağdam kəndinə yaxın ərazidə - Ermənistan-Azərbaycan dövlət sərhədində baş verib. Mövqelərimizə soxulmaq üçün hücuma keçən erməni hərbçiləri ciddi itkilərə məruz qalaraq geri oturdulub. Avqustun 23-də isə cəbhənin Goranboy rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu təxribat törətmək məqsədilə mövqelərimizə soxulmağa cəhd göstərib. Əsgərlərimizin ayıq-sayıqlığı nəticəsində onların bu cəhdinin qarşısı alınıb, diversiya-kəşfiyyat qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan Azərbaycan Ordusu tərəfindən tərksilah edilərək ələ keçirilib. Ermənistan silahlı qüvvələrinin sonuncu, lakin daha genişmiqyaslı təxribat cəhdi isə sentyabrın 27-də baş verib. Bütün cəbhəboyu mövqelərimizi, hətta yaşayış məntəqələrimizi iriçaplı silahlardan, artilleriyadan atəşə tutan düşmən irəliləməyə çalışıb. 
 

 
Ordumuzun qarşısında duruş gətirə bilməyən düşmən
 
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əmri ilə Azərbaycan bütün cəbhəboyu genişmiqyaslı əks-hücum əməliyyatı aparmaq məcburiyyətində qalıb. İndiyə qədər Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrinə sarsıdıcı zərbələr vurub, ümumi dəyəri 2 milyard dollar həcmində olan hərbi texnika, nəqliyyat vasitəsi və silah-sursatını, həmçinin çoxsaylı canlı qüvvəsini məhv edib. Erməni əsgərlərinin döyüş meydanında qoyub qaçdığı tank, BMP, BTR, ZİL, URAL, KAMAZ və sair kimi zirehli texnikalarını, nəqliyyat vasitələri, həmçinin artilleriya qurğuları qənimət kimi ələ keçirilib. Bununla yanaşı, rəşadətli Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən düşmən işğal altında saxladığı ərazilərimizin bir qismindən də geri çəkilmək məcburiyyətində qalıb. Beləliklə, Murovdağ zirvəsi, bir sıra strateji yüksəkliklər, Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, Suqovuşan, Hadrut qəsəbələri, Xudafərin körpüsü də daxil olmaqla, Cəbrayıl, Füzuli, Xocavənd, Zəngilan rayonlarının ümumilikdə 130-dan artıq yaşayış məntəqəsi işğalçılardan təmizlənib. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmini, işğalçı Ermənistanı sülhə məcburetmə məqsədilə başladılan genişmiqyaslı əks-hücum əməliyyatı hazırda Azərbaycan Ordusu tərəfindən uğurla davam etdirilməkdədir.
 

 
Azərbaycan əsgərinin gücü hesabına
 
Bu məqamda bir məsələyə xüsusi diqqət çəkərək vurğulamaq istərdik ki, Azərbaycan Silahlı Qüvvələri BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin 30 ilə yaxın bir müddətdə həll edə bilmədiyi, bəlkə də etmək istəmədiyi bir problemi kökündən həll edir. Bununla, Azərbaycan illərdir qəbul etdiyi qətnamələrə sahib çıxmayan, onların yerinə yetirilməsi üçün heç bir addım atmayan BMT Təhlükəsizlik Şurasının vəzifəsini həyata keçirir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, BMT Təhlükəsizlik Şurasının 1993-cü il noyabrın 12-də qəbul etdiyi 884 saylı qətnamədə Azərbaycanın Zəngilan rayonunun və digər ərazilərimizin işğalı pislənilir, işğalçı qoşunların həmin ərazilərdən çıxarılması tələb edilirdi. Rəşadətli Azərbaycan Ordusu artıq Zəngilan şəhəri də daxil olmaqla, Zəngilan rayonunun əksər yaşayış məntəqələrini işğaldan azad edib. 874 saylı qətnamədə isə Ermənistandan işğal etdiyi Füzuli, Cəbrayıl və Qubadlını tərk etməsi tələb olunurdu. Bu qətnamənin tələbini də Azərbaycan əsgəri qanı və canı bahasına icra etməkdədir. Füzuli və Cəbrayıl şəhərləri, hər iki rayonun yaşayış məntəqələrinin mütləq əksəriyyəti işğalçılardan təmizlənib. Heç şübhə etmirik ki, yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin hamısının tələbləri Azərbaycan əsgərinin gücü hesabına tam təmin ediləcək.
 

 
Haqlı davada böyük zəfərlər
 
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, politoloq Hikmət Babaoğlu mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin davam etdiyi ilkin mərhələdə BMT Təhlükəsizlik Şurası erməni işğalçı qruplaşmalarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə qəbul etsə də, onların heç biri həyata keçirilməyib. Millət vəkilinin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının digər regionlarda qəbul etdiyi qətnamələrin icra olunması ilə bağlı konkret mexanizmlər qurulur və bu qətnamələr yerinə yetirilir, amma Azərbaycana münasibətdə bunun əksi müşahidə edilir: "Bu gün Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Öz haqlı davasında böyük zəfərlər qazanır. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrasını həyata keçirir. Bu, bir növ BMT-nin nüfuzunun bərpasına xidmət edir. Çünki Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunmamış qalmışdı. Bu gün Azərbaycan Ordusu təkcə öz torpaqlarını erməni işğalçılarından azad etmir, eyni zamanda, beynəlxalq hüququn tələblərini yerinə gətirir. Buna paralel olaraq həm də BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnu təmin edir. Bu da bütün dünyada istər hüquq kontekstində, istər dövlətlərarası münasibətlərdə, istərsə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar kontekstində haqlı addımlardır, təqdir olunmalıdır və olunur”.
 

 
Böyük qürur, milli özünəinam, ordumuza güvən hadisəsi
 
Deputat qeyd edib ki, ötən müddət ərzində Azərbaycan öz suveren ərazilərini bərpa etmək üçün hüquqi bazanı bir qədər genişləndirib: "Onu hansısa hüquqa əsaslanaraq ittiham edə biləcək mümkün perspektiv arqumentlərin hamısını, istər beynəlxalq təşkilatlardan, istər erməniləri, işğalçılığı himayə edən dövlətlərdən alıb. Azərbaycan ötən illər ərzində hüquqi müstəvidə və qlobal ictimai rəydə haqlı olduğunu o qədər dəqiq və əsaslı şəkildə bütün subyektlərin diqqətinə çatdırıb ki, indi heç kəs Azərbaycanın bu addımlarını qınaya bilmir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü var və faktiki olaraq onlardan 3-ü problemi həll etmək üçün mandat almış ATƏT-in Minsk qrupunun həmsədrləridir. Buna baxmayaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa ötən illər ərzində problemin həll ilə bağlı qətiyyətli mövqe ortaya qoya bilmədilər. Yəni Minsk qrupunun fəaliyyəti uğursuz oldu. 28 ildə, 1992-ci ildən bu günə qədər heç bir uğur əldə edə bilməyən bir qurumun fəaliyyəti əslində fiasko hadisəsidir. Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi isə sırf milli kontekstdə bizim üçün  böyük qürur, milli özünəinam, ordumuza güvən hadisəsidir. Ona görə də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması, əslində bizi hazırkı addımları atmağa məcbur etdi. Yəni Azərbaycan bu gün artıq beynəlxalq hüquqa, vasitəçilərə güvənmir, özünə, ordusuna, Ali Baş Komandanına güvənir və müzəffər ordumuz torpaqlarımızı işğaldan azad edir”.
 
Rufik İSMAYILOV