• cümə axşamı, 28 mart, 14:44
  • Baku Bakı 16°C

Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı beynəlxalq simpozium keçirilib

14.12.18 11:30 581
Şeyx Zahid Gilaninin 800 illik yubileyi ilə bağlı beynəlxalq simpozium keçirilib
Lənkəran Dövlət Universiteti (LDU) möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edib. AMEA-nın Tarix İnstitutu, Lənkəran Dövlət Universiteti, Konya Nəcməddin Ərbəkan Universiteti, TİKA-nın birgə təşkilatçılığı ilə "Doğumunun 800-cü ilində Şeyx Zahid Gilani” mövzusunda ikigünlük Beynəlxalq Simpozium bu gün işinə başlayıb.
İştirakçılar ilk öncə Lənkəran şəhərinin mərkəzində Azərbaycan xalqının ümummmili lideri H.Əliyevin xatirəsinə ucaldılmış abidə-kompleksi ziyarət edərək,önünə gül- çiçək dəstələri qoyublar.
Universitetin Böyük akt zalında keçirilən tədbir Azərbaycan və Türkiyə Cümhuriyyətlərinin dövlət himnlərinin səslənməsi ilə start götürüb.
Simpoziumu Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. İştirakçıları salamlayan LDU rəsmisi simpoziumun gündəliyi, məqsəd və məramı barədə iştirakçılara məlumat verib.Bildirib ki, doğumunun 800-cü ilidönümündə Şeyx Zahid Gilaninin anılması bu dəyərli şəxsiyyətin irsini öyrənən alimlərin bir araya gətirilməsinə, birgə fikir mübadiləsi aparılmasına, elmi tapıntıların paylaşılmasına şərait yaratmaqla, yeni tədqiqatlara yol açacaq.Simpoziuma marağın gözlənildiyindən də böyük olduğunu deyən professor Natiq İbrahimov 5 ölkədən 60-dan artıq müraciətin daxil olduğunu Şeyx Zahid Gilani şəxsiyyətinə, müdrikliyinə hörmət kimi dəyərləndirib.
Simpoziumun işində iştirak edən Lənkəran Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev rayonda Şeyx Zahid şəxsiyyətinə daim dəyər verildiyini, məqbərəsinin müqəddəs ziyaratgah olduğunu, şəhərdəki mərkəzi küçələrdən birinin onun adını daşıdığını bildirib.
Tədbirin təşkilatçılarından olan Konya Nəcməddin Ərbəkan Universitetinin əməkdaşı, professor Əhməd Taşkın, Kastomonu Uniuversitetinin professoru Cövdət Yaquboğlu, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun əməkdaşları- professor Şahin Fazil, dosent Dilavər Əzimli çıxışlarında Şeyx Zahid Gilani şəxsiyyətinin böyüklüyü, zamanında və hazırkı dövrə qədərki fəlsəfi fikir tarixində oynadığı rol, xeyirxah əməlləri və s. barədə ətraflı söz açaraq onu bütün dövrlərin müqəddəs şəxsiyyəti kimi dəyərləndiriblər.

Rəsmi hissədən sonra Bolqarıstanın məşhur "Səma” rəqs qrupunun , xanəndə Ağakərim Nafizin , ozan Fəxrəddin Salimin ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Nahar fasiləsindən sonra konfrans işini bölmələrdə davam etdirib. Qeyd edək ki, simpoziumun 1-ci günü "Klassik mənbələrdə Şeyx Zahid”, "Müasir tədqiqatda Şeyx Zahid”, "Şeyx Zahid və xalq ədəbiyyatı” mövzularında məruzələr dinləniləcək.
Simpoziumun ikinci günü "Şeyx Zahid mühiti və mədəni irsimiz”, "Şeyx Zahid ənənələri və Lənkəran bölgəsi”, "Şeyx Zahidin həyatı və fəaliyyəti”, "Şeyx Zahid məktəbinin ardıcılları” mövzularında məruzələr dinləniləcək və müzakirələr aparılacaq.
Simposiumun ikinci iş gününün sonunda Şeyx Zahid Gilaninin Lənkəran rayonunun Şıxəkəran kəndində yerləşən məqbərəsi ziyarət olunacaq, həmçinin qonaqlar Lənkəranın və Astaranın gəzməli yerləri ilə tanış olacaqlar.
Esmira İsmayılova


banner

Oxşar Xəbərlər