AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şeyx   Əzizəddinin   vəsfi

Şeyx Əzizəddinin vəsfi

12 Yanvar 2022, 11:00 285
 İnsanın ən başlıca keyfiyyətlərindən biri inamdır. İnam olduqda iman da formalaşır. İnsanların bir-birindən fərqliliyi onların imanlarında və o imandan törəyən əməllərində üzə çıxır. Həqiqi iman sahibi olanlar pis əmələ getməkdən özünü qoruyur, vicdanını təmiz saxlayır, ləyaqətini hər şeydən üstün tutur. İman elmlə birgə olduqda insanlığın özəyini təşkil edir.
   XIX əsrin əvvəllərində tanınmağa başlamış aşıq-şairimiz Xaltanlı Tağı yaradıcılığında elmlə imanın vəhdətini aydın görürük. Aşığın təbiətə, gözəllərə həsr olunmuş şeirləri ilə yanaşı əxlaqi-fəlsəfi şeirləri də onun bilik və maraq dairəsini əks etdirir. Əvvəl mollaxana, sonra mədrəsə təhsili onun dünyagörüşünün formalaşmasına səbəb olmuşdu. Bunun nəticəsidir ki, Tağının bağlamaları, o dövrün təhsilli şəxsləri ilə deyişmələri dini mövzularda ifadə olunmuşdur. Onun 22 bəndlik "Vücudnamə” və 33 bəndlik  "Bu mənzildə” rədifli şeirləri öz kamilliyi və fəlsəfi dərinliyi ilə seçilir.
    Xaltanlı Tağının böyük həcmli şeirlərindən biri Şeyx İbadəddin və Şeyx Əzizəddin qardaşlarına həsr olunmuşdur. Şeirin bu günümüzə gəlib çatmış iyirmi bəndi məlumdur. Şeyx Əzizəddin kəramət sahibi olmuş, Gümür kəndində yaşamış, ətraf kəndlər də ona etiqad göstərmişlər.
  "Şeyx Əzizəddinin vəsfi” adlandırdığımız şeiri, təxmini olaraq dörd hissəyə bölmək olar. Şeirin ilk beş bəndində aşıq, şeyxlərin məzarlarının yerləşdiyi ərazini təsvir edir. Bir dağın dibində məqam tutmuş ibadətə layiq Şərq mülkü gül-çiçək  məskənidir. Burada hər tərəf sakitliyə bürünüb. Bu çəmənlik kamil insanların məskəni hesab olunur. Məzarları ziyarətə gələn insanlar övliya - Şeyx  Əzizəddinin türbəsi ətrafında dolandıqca "məst olub feyzindən nura boyanır”lar. Oylağı gözəl, meşəsi marallı, soyuq bulaqlarının naləsi eşidilən bu yerlərin gözəllikləri insanı valeh etməklə yanaşı, bu yerdə uyuyan insanların ruhu da daha qüvvətli şəkildə  ziyarətçiləri ovsunlayır. Bu kəramətin təsiri ilə baş vermiş dəyişkənliyi aşıq belə ifadə edir:
                                      Əvvəldən bu yurda saldın nəzəri,
                                      Qurtardı qəlblərin dərd-intizarı.
                                      Sağ tərəfində çay, Dəhnə bazarı,
                                      Güllü bagçasına, bostanına bax.

    Şeirin sonrakı beş bəndində aşıq, Şeyx Əzizəddinin böyk kəramət sahibi olduğunu bildirərək vəsf edir. Məlum olur ki, Şeyx Əzizəddin böyük qardaşı Şeyx İbadəddinlə birgə Şam elindən gəlib  bu diyarda məskən salmışlar. 
   Qeyd edək ki, Şamlı dedikdə, birbaşa Şam şəhərindən gələn başa düşülməməlidir. Tarixçilərimizin yazdıqlarına görə, XIII əsrdə Monqol hücumları zamanı Səlcuq adı ilə tanınan türk tayfaları Suriyaya köçmüş, Əmir Teymur tərəfindən XIV əsrdə Suriyadan köçürülərək, əsasən Ərdəbil ətrafında məskunlaşdırılıb. İran ərazisində Şamlı adı ilə tanınan bu tayfalar sonrakı dövrlərdə, xüsusilə XVIII əsrin 20-30-cu illərində Səfəvi-Osmanlı müharibələri zamanı Ərdəbilin ətrafında iqtisadiyyat tənəzzülə uğradığından başqa yerlərə köç etmiş, ətraf ölkələrdə, o cümlədən Azərbaycanda Şamlı adlı yaşayış məskənləri yaranmışlar. Şamlılarla əlaqədar fikrə aşığın başqa şeirlərində də rast gəlinir. "Tərlan yuvasından Tağı bir səyyad, Aldı öz əliylə buraxdı, getdi,” deyən Tağının sevib gətirdiyi gözəl öz yurduna, Şam elinə gedir. İranda Şamlı adında şəhərin olduğu yazılır. Məlumdur ki, Tağı oğlunun müalicəsilə əlaqədar İranda olmuşdur. Güman etmək olar ki, şeyxlər də ötən vaxtlarda bu əraziyə gəlib məskən salmışlar. Bu barədə Xaltanlı Tağı deyir:
                                Nə əyyamdır bu diyara düşdüyün,
                                Vəfat qılıb mənzildən köçdüyün,
                                Şamdan gəlib bu məqamı seçdiyin,
                                Qapısına gələn qurbanına bax.

    Aşıq, Şeyx Əzizəddini Qütb (başçı, rəhbər) övliya adlandıraraq, "Neçə alim öpər astanasından” deyərək təqdim edir. Hacıların Şeyxin məqamında durması, Kəlalə adlı kəndin onun kəramətindən yaranması, Şeyxin təsir dairəsində rəhmanın mərhəmətilə ocaq yerlərinin, kösəyin də göyərdiyini bildirir, hər bir kəlməsi tanrı neməti olub oxunan ayələrin sədasına, üstündə xətm olunan qurana diqqəti cəlb edir.
    Üçüncü hissə adlandırdığımız beş bənddə aşıq, Şeyx Əzizəddinin nəslindən olan gümürlülərin öz babalarına olan rəğbətini, onların türbəni hazırlamalarını, el arasında hörmət qazanmalarını təsvir edir. Zibavər (naxış vuran) Nurəli, kamil usta Hacı Seyidağa seyr edənləri heyran edəcək səviyyədə işləyirlər. Şeirdə adları çəkilən Əlipənah, Nurəli ibn Şıxəli, Hacı Seyidağa bir nəslin nümayəndələridir. Aşıq "Bina (görücü) babasının var idi əli” deyərkən Şeyx Əzizəddinlə bağlı bir əhvalatı yada salır. Bu barədə həmin nəslin nümayəndəsi Alimşah Gümürlü ("Çeçələ barmağın işığında”... Bakı, "Çaşıoğlu”, 2013) məlumat vermişdir.
    Şeyx Əzizəddinin məqamında görülən işlərə rabbe (ögey ana) rəhbərlik edir. Aşıq onu ailədə və el arasında xətir-hörmətli, Süleyman peyğəmbərin dövründə Səba hökmdarı olmuş Bilqeyisə bərabər simalı, kəskin kamallı, qəzada hörmət sahibi kimi təqdim edir:
                                      Rabbe ədəbiylə o qoydu qədəm,
                                      Hanı belə məhbub əqli sərdə cəm?
                                      Alıcı tərlan tək yuvada möhkəm,
                                     Fatmanın buyuran fərmanına bax.

   Axırıncı beş bəndin üçündə aşıq, görülən işlərlə yanaşı, verilən ehsanı təsvir edir. Hesabsız verilən xörəkləri, sərin sərnicin pendiri, yağı, ləzzətli kababı, üzlü qatığı, ayranı, beçə balını dilə gətirir. Nəinki yeyinti məhsullarını, tikinti materiallarını da özündə yetirdiyini deyərək bu torpağın tutiyəyə bərabərliyini bildirir. Görülən işləri yüksək qiymətləndirən aşıq, mübaliğəli olsa da, belə müqayisə edir:

                                      Fərhad Bisütunu çapan kimidir,
                                      Yaqub Yusifini tapan kimidir,
                                      İbrahim Kəbəni yapan kimidir,
                                      Mehriban dostların ehsanına bax.

  Şeyx Əzizəddin, nəslinin davamçıları, bugünkü Gümür kəndinin əhalisi, demək olar ki, etiqad sahibi kimi, hamısının babasıdır. Odur ki, Əzizəddin baba deyərək, təkcə gümürlülər deyil, ətraf kəndlərin sakinləri də dar məqamda ruhən ona sığınmışlar.
     Xaltanlı Tağı öz vəsfini, o vaxtların təbirincə, kitab adlandıraraq şeirin on doqquzuncu bəndində deyir:

                                     Tamam oldu kitabın intəhası,
                                       Gərəkdir kitaba cənnət libası.
                                       Daim övliyanın adı qalası,
                                       Onu unutmayan övladına bax.

    Şeyx Əzizəddinin övladlarının yaratdığı bu təntənə, bu məclis və  görülən işlərlə yanaşı, aşığın Xaltandan buraya gəlişinin başqa bir səbəbi də olduğunu düşünmək olar. Məlumdur ki, Sədi təhsil illərindən sonra, gənclik vaxtında uzun müddət xəstəliyə tutulmuşdu. Aşıq, əziz oğlunu ümidi gələn hər yerə aparır, sağalmasına çalışır. Güman ki, o, oğlu ilə bərabər gəlmiş, Şeyx Əzizəddinin kəramətinə üz tutub ona sığınmışdır. Şeirin son bəndi də belə düşünməyə imkan verir:

                                        Vəsfini söylədim səxavətinin,
                                        Doğma od-ocağa itaətinin.
                                        Tağı deyər, Xaltan camaatının
                                        Mənim kimi düşgün qurbanına bax.

    Aşığın yaradıcılığında gördüyümüz kimi, bu şeirində də bədiilik özünü yüksək səviyyədə göstərir. "Kamil usta”, "kəskin kamal”, "sərin sərnic”, "cənnət libası” kimi epitetlərlə yanaşı, ailənin anası və böyüyü Fatmanı yuvada möhkəm dayanmış alıcı tərlana, Səba hökmdarı Bilqeyisə bənzədərək təşbehdən istifadə etmişdir.
"Qurtardı qəlblərin dərd, intizarı”, "Neçə alim öpər astanasından”,  "Məst olub feyzindən nura boyandı”, "Kösöyü göyərdən rəhmanına bax” kimi məcazla yüklü ifadələr şeiri bədii cəhətdən gözəlləşdirmiş və qüvvətləndirmişdir.
    Şeirdə adları çəkilən insanların siyahıyaalmalarda verilmiş doğum tarixlərini və Sədinin xəstəliyi ilə bağlı dövrü əlaqələndirməklə, demək olar ki, türbənin hazırlanması və şeirin yazılması 1850-ci illərə aiddir. Bu şeirdən həm də öyrənirik ki, aşığın yaşadığı ərazidə dövrün hacıları, alimləri, bacarıqlı ustaları, xeyirxah və imkanlı insanları, el içərisində hörmətli, idarəetmə qabiliyyətinə malik qadınları olmuşdur.
    Xaltanlı Tağının bu şeiri, eləcə də şeirlərinin bir çoxu onun başına gələn hadisələrlə bağlı olduğundan, yaşadığı dövrü və həyatını öyrənmək baxımından da əhəmiyyətlidir.
                                                          Tahir   HƏSƏNLİ,  
                                                                                 Quba rayonu, Yerfi kəndi.