Şeytan xislətli xəyanətkar
Maksim
Musayev: "Serjik İrəvan Dövlət Universitetini nə az, nə çox, düz 8 ilə
(1971-1979), özü də ona-buna xahiş-minnət edərək bitirib, hər dəfə Qarabağa səfər
edəndə yanımdan əl çəkmirdi”
Ötən ilin
sentyabrına qədər ermənipərəst qüvvələr hər addımda "güclü Ermənistan ordusu”,
"keçilməz Ohanyan səddi”, "müasir hərbi texnikaya malik yenilməz ermənilər” və
sair bu kimi cəfəng iddialarla özlərini
və region ölkələrini aldatmağa çalışırdılar. Lakin 44 günlük Vətən müharibəsi
göstərdi ki, bütün bu iddialar "sabun köpüyü”ndən başqa bir şey deyilmiş. Özü də
belə görüntü Paşinyan yox, ondan əvvəl hakimiyyətdə olan Serjik (Serj)
Sarkisyan dövründə hazırlandı. Amma Azərbaycan Ordusunun hücumu nəticəsində
"güclü Ermənistan ordusu”nda on minlərlə əsgər və zabit fərarilik etdi, "keçilməz
Ohanyan səddi” isə yerlə-yeksan oldu.
Rəzil bir
şəkildə İrəvana qaçdı
Serjik
Sarkisyan və digər erməni "generallar” Azərbaycan Ordusunun Şuşaya hücum
etdiyini eşidib rəzil bir şəkildə İrəvana qaçdılar. Niyə qaçdılar? Çünki
Sarkisyan çox yaxşı bilirdi ki, "müasir” adı altında yararsız silahlar alınıb,
ordunun texniki təchizatı, maddi təminatı müxtəlif yollarla talanıb. Buna
etiraz edən zabitlər, əsgərlər "ehtiyatsızlıq ucbatından” qətlə yetirilib. Savadı,
bacarığı, təşkilatçılığı olmayan, korrupsiya, rüşvət yolu ilə milyonlar qazanan
Serjikin indi mediada hansı haqla danışması təəccüb doğurur. Danışdıqca da
aydın olur ki, Ermənistan ordusunun darmadağın olması da bu qatilin, cinayətkarın
şeytan xislətini dəyişməyib. Yenə də öz
maraqlarını güdür, nəyəsə ümid bəsləyir.
"Oğru,
cinayətkar, saxtakar, xain, satqın, fərari”
Prezident
İlham Əliyev Suqovuşana səfəri zamanı məsələyə toxunaraq qeyd edib ki, bu adam
ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb. Dövlət
başçısı bildirib ki, Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. O
vurğulayıb ki, bu gün onunla əlbir olan "müharibə qəhrəmanları” artıq ya həbsdədir,
ya cəhənnəmdə.
Prezident
İlham Əliyev vurğulayıb ki, britaniyalı jurnalistə verdiyi müsahibəsində Xocalı
soyqırımını şəxsən özü törətdiyini deyən Serjik Sarkisyan hərbi cinayətkardır.
Dövlət başçısı qeyd edib ki, Serjik hər addımbaşı hər kəsə xəyanət edib. Ali
Baş Komandan haqlı olaraq qeyd edib ki, müharibə olmasaydı, bu acı məğlubiyyət
olmasaydı, Serjik də indi həbsxanada idi. Prezident İlham Əliyev Ermənistanda olan
Serjik kimilərə, bütün revanşist hisslərlə yaşayanlara xəbərdarlıq edərək
bildirib ki, ağlınızı başınıza yığın, dəmir yumruq buradadır, heç yerə getməyib,
yerindədir.
"Daşnaksütyun”un
əlaltısı”
Mövzu ilə
bağlı "Kaspi” qəzetinə açıqlamasında sabiq deputat Maksim Musayev bildirdi ki, Serjik Sarkisyan hələ keçmiş muxtar
vilayət dönəmində savadsız bir adam idi: "Hamı ona yazıq bir adam kimi
yanaşırdı. Onun atası Azat dəmirçi, anası Nora təmizlikçi, qardaşı taksi
sürücüsü işləyirdi, dolanışıqları çox ağır idi. Serjik Qarabağ ermənisi deyil.
O, Qarabağa Qafandan gəlib. Serjikin ailəsi, valideynləri isə Qafana xaricdən
köçüb. Valideynləri hələ gənc yaşından Serjikin hərəkətlərinə fikir vermirdilər.
Çünki o, elə gənc yaşından "Daşnaksütyun” partiyasının əlaltısı olmuşdu.
Düzdür, sonralar bunu inkar edirdi, guya, müstəqil olduğunu deyirdi, amma yalan
idi.
"Yanımdan əl
çəkmirdi”
Bütün
bunları ona görə bilirəm ki, sovet dönəmində Qarabağ üzrə "kurator” idim. Hər dəfə
Qarabağa səfər edəndə Serjik yanımdan əl çəkmirdi. Erməni dilini təmiz bildiyim
üçün Serjik danışmaqda maraqlı idi. Ancaq gədə olduğu bəlli idi, ona görə də, əhəmiyyət
vermirdik. Sonradan Serjikə imkanlar yaradılanda qudurdu və ağlına gələn hərəkətləri
etməyə başladı. Amma o dönəmdə ali təhsili yox idi. O nə Xankəndində təhsil ala
bilirdi, nə də İrəvanda yaxına buraxırdılar. Bakıya isə gəlmirdi. Serjik beş il
zavodda fəhlə işlədikdən sonra 2 №-li Xankəndi orta məktəbinə pioner baş dəstə
rəhbəri təyin edilmişdi. Lakin o, heç iki ay pionerlərə rəhbərlik edə bilmədi,
vəzifəsinin öhdəsindən gəlmədi. Çünki qabiliyyətsiz, savadsız, təşkilatçılığı
olmayan adam idi. Kimlərinsə himayəsi altında şəhər komsomol komitəsinin idman
şöbəsinə işə düzəlmişdi. Danlayanda da, eləcə adamın üzünə baxırdı, nə "hə”, nə
də "yox” deyirdi. Bu üzünə tüpürürdün, o biri üzünü çevirirdi.
Boris və
Henrixin dövrəsində fırlanırdı
Serjiki
komsomola, sonra partiya işinə dartanlardan biri Dağlıq Qarabağda müharibə
yaradan, qan tökən Henrix Petrosyan idi. Henrix mühəndis-elektrik olsa da,
Boris Gevorkov onu Qarabağ şərab trestinə rəis qoymuşdu ki, pul gəlirlərinin əksəriyyətini
"Krunk"a versin və sonra Dağlıq Qarabağ ağır vəziyyətə düşsün. Serjik
də Boris və Henrixin dövrəsində fırlanır, buyruq qulu kimi onların əmrlərini
yerinə yetirirdi. Serjik rəhbərinin ayaqqabısını təmizləyir, paltarlarını yudurdurdu.
Özünü elə aparırdı ki, Gevorkov onu övladı hesab edirdi. Əslində Serjik
Sarkisyan çox saxta, yalançı, qabiliyyətsiz və işgüzarlığı olmayan bir adamdır”.
"Hər kəsə
xəyanət edib”
M.Musayev
qeyd etdi ki, Serjik İrəvan Dövlət Universitetini nə az, nə çox, düz 8 ilə
(1971-1979), özü də ona-buna xahiş-minnət edərək bitirib: "1980-ci illərin əvvəllərində
Serjik Sarkisyan Dağlıq Qarabağ Muxtar Vilayətinin Komsomol Komitəsinin ikinci
katibi təyin olunub. O, elə həmin dövrdə rəhbəri olmuş Gevorkova, eyni zamanda ətrafında
olan insanlara xəyanət edirdi. Sonradan onun elə Robert Koçaryana, Poqosyana və
bir sözlə, hər kəsə qarşı xəyanət etməsinin də şahidi olduq”.
Bəxtiyar Məmmədli