AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Səyahətə hər iki peyvənd dozası vurulduqdan sonra çıxmaq daha məqsədəuyğundur

Səyahətə hər iki peyvənd dozası vurulduqdan sonra çıxmaq daha məqsədəuyğundur

Təfsilat
22 Aprel 2021, 21:15 576
Yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı mübarizədə peyvənd olunmaq, ilk növbədə, hər kəsin sağlamlığı üçün çox vacib məsələdir. Peyvənd süni immunitet yaratmaqla virusa qarşı mübarizəni bir qədər asanlaşdırır. Mütəxəssislərin fikrincə, peyvənd olunanların əksəriyyəti virusa yoluxmur, yoluxanlar isə xəstəliyi yüngül keçirirlər.
Qarşıdan gələn yay mövsümü zamanı istirahət və işgüzar görüşlərlə əlaqədar xaricə səfər edənlər olacaq. Bu halda vətəndaşların ikinci doza vaksinasiyasını həyata keçirilməsi və ya onlar səfərə getdiyi ölkədə vaksin olunmaq qaydası təbii ki, maraq doğuran məsələdir.
AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı, infeksion xəstəliklər üzrə həkim mütəxəssis Nəzrin Mustafayeva deyib: "Azərbaycanda birinci peyvənd dozasını alanların getdikləri ölkədə ikinci dozanı almaq imkanları yoxdur. Məlum olduğu kimi, ikinci dozanın vurulma müddəti 28-35 gün arasıdır. İkinci dozanı 28-ci gündə qəbul etməyə çalışmaq lazımdır. Obyektiv səbəblərdən bu, mümkün olmadıqda 35 günə qədər sistem aktiv vəziyyətdə olur və ikinci dozanı həmin günlərdə qəbul etmək olar. Ona görə də səyahətə getməyi pılanlaşdıranlar bunu nəzərə alaraq, ya ikinci dozanı alıb gedə, ya da səhayətdən qayıdandan sonra həmin müddətdə ikinci dozanı qəbul edə bilərlər”.
TƏBİB-in nümayəndəsi onu da qeyd edib ki, xaricdəki həmyerlilərimiz yaşadıqları ölkənin əcnəbilər üçün nəzərdə tutulan vaksinasiya xidmətlərindən də yararlana bilərlər: "Onlar yaşadıqları ölkədə tətbiq edilən vaksin strategiyasının qayda-qanunları çərçivəsində peyvənd vurdura bilərlər. Əgər həmin ölkədə bu proqram icra olunmursa və yaxud əcnəbi vətəndaşlar vaksinasiyaya cəlb olunmursa, onda ölkəmizə gələrək peyvənd edilə bilərlər”.
Peyvənd olunan hər kəs rahatlıqla ölkəni tərk edə bilər. Ona görə də səfəri hər iki peyvənd dozası qəbul ediləndən sonrakı tarixlərdə həyata keçirmək daha yaxşı olar.