Sevinc Osmanqızının “stəkanda fırtına yaratmaq” cəhdləri
Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və
dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Çünki kütləvi
informasiya vasitələri (KİV) cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial
fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada
dördüncü hakimiyyət hesab olunan KİV dünyada demokratiya və informasiya
azadlığının mühüm vasitəsi hesab edilir. Lakin əfsuslar olsun ki, Azərbaycan
dövlətinin, qanunvericiliyin yaratdığı bu azadlıqlardan bəzi hallarda
sui-istifadələrə yol verilir, bəzi "jurnalistlər” tərəfindən Jurnalistlərin Peşə
Davranışı Qaydaları, eləcə də qanunların tələbləri kobud şəkildə pozulur. Belə
şəxslər söz-mətbuat azadlığına "anam mənə kor deyib, gəlib-gedəni vur deyib”
prinsipi ilə yanaşaraq, ayrı-ayrı vətəndaşlara qarşı sözün əsl mənasında "qara
piar” kampaniyası aparırlar. Müxtəlif peşə sahiblərini, o cümlədən müəllimləri,
həkimləri, sahibkarları hədəfə alaraq, guya onları ifşa edir, barələrində yalan
üzərində qurulan rüsvayedici məlumatlar yayaraq, həmin şəxslərin işgüzar
nüfuzuna xələl gətirir, cəmiyyətin gözündən salmağa çalışırlar. Məqsədli şəkildə
aparılan bu qarayaxma kampaniyasına son vermək üçün qarşı tərəflə danışıq
aparır, müəyyən məbləğdə pul müqabilində sonradan həmin "ifşaedici
materialları” rəhbərlik etdikləri saytlardan silirlər.
Söylənilənlərə nümunə olaraq onlarca sayt adı,
"jurnalist” adı çəkmək olar. Elə götürək "Reallıq.info” saytının baş redaktoru
İkram Rəhimovun "jurnlistlik fəaliyyətini”. Bu şəxs ötən il oktyabrın 28-də
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. Həmin dövlət
qurumunun bu barədə yaydığı rəsmi məlumatdan aydın olub ki, Azərbaycan vətəndaşı
İ.Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info” və digər "reket”
informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı
altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları
mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və
alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən,
sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər
DTX-də araşdırılıb. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə
İ.Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri
müfəssəl qeydə alınıb. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin 182.2.1 və
182.2.2-ci maddələri üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən
hədə-qorxu ilə tələb etmə) cinayət əməllərində şübhəli şəxs kimi saxlanılaraq
cinayət məsuliyyətinə cəlb edilib.
Davam edən istintaqla şübhəli bilindiyi cinayətlərə
görə İ.Rəhimova elan edilən ittihama əsasən, o, 2017-ci ilin sentyabr ayında zərərçəkmiş
Elxan Dadaşovdan mətbuatda sahibkarlıq fəaliyyəti zamanı qanunsuzluqlara yol
verdiyinə dair məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
İttihama əsasən, İ.Rəhimov zərərçəkmiş Zakir Hüseynovdan barəsində mətbuatda şəxsi
və işgüzar nüfuzuna xələl gətirən rüsvayedici məlumatlar yayacağı hədəsi ilə
2016-2018-ci illər ərzində müxtəlif vaxtlarda mütəmadi olaraq pul vəsaiti tələb
edərək alıb. İ.Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan
davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti
tələb edərək alıb. Daha sonra, İ.Rəhimov 2017-ci ilin dekabr ayında fərdi
sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda
məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb. Bundan əlavə, İ.Rəhimov
2018-ci ildə zərərçəkmiş Azər Mirzəyevdən, guya müxtəlif qanunsuz əməllərə yol
verdiyinə dair mətbuatda məlumatlar yayacağı hədəsi ilə müxtəlif tarixlərdə pul
vəsaiti tələb edərək alıb.
İ.Rəhimovun hədə-qorxu ilə pul tələb etdiyi barədə
ayrı-ayrı şəxslərin şikayətləri DTX tərəfindən araşdırılarkən, əməliyyat tədbirləri
nəticəsində onun "reketçiliyinə” dair audio yazılar sübut kimi qeydə alınıb.
Belə ki, İ.Rəhimov mobil telefonu vasitəsilə yuxarıda adları çəkilən şəxslərə zəng
vuraraq, saytdan onlara dair məlumatları silmək üçün konkret məbləğlər istəyib,
sövdələşmə aparıb. Həmin danışıqlar DTX tərəfindən ictimaiyyətə də açıqlanıb.
2019-cu il iyunun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb
etmədə təqsirləndirilən İ.Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa
çatıb. Hakim Əliövsət Abasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə
hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.
Göründüyü kimi, jurnalist adından sui-istifadə edən,
ayrı-ayrı vətəndaşların işgüzar nüfuzuna xələl gətirən, onları şantaj etməklə
"reketçilik” fəaliyyəti ortaya qoyan birisi çoxsaylı şikayətlər qarşılığında
haqlı cəzasını alıb. Normalda peşəkar jurnalistika ilə məşğul olan hər bir şəxs
belə hallara qarşı barışmaz mövqe bildirməli, İ.Rəhimov kimi "reketlər”in
jurnalistika adından sui-istifadə etməsini pisləməlidirlər. Təbii ki, media
cameəsinin mütləq əksəriyyəti də bu fikri bölüşürlər. Amma təəssüflər olsun ki,
özlərini demokratik dəyərlərin daşıyıcısı hesab edən, cəmiyyətə şəxsi həyata
müdaxilənin yolverilməzliyindən, düzgünlükdən, ədalətdən dərs keçmək iddiasında
bulunan bəzi şəxslər İ.Rəhimov olayına da siyasi çalar qatmağa cəhd edirlər.
Misal üçün, hazırda Amerikada yaşayan Sevinc Osmanqızı iddia edir ki,
"reketçilik” fəaliyyətinə görə həbs edilən İ.Rəhimov əslində siyasi sifariş əsasında
dəmir barmaqlıqlar arxasına salınıb. Onun mülahizəsinə görə, İ.Rəhimov bəzi məmurları
tənqid etdiyinə görə həbsə atılıb. S.Osmanqızı "Youtube” kanalı vasitəsilə, internet üzərindən yaydığı videomüraciətində bununla bağlı digər absurd
iddialar da ortaya qoyub. Onun səsləndirdikləri ittihamların absurdluğu öz
yerində, diqqət çəkən məqam həm də burasıdır ki, demokratiyadan, fərqli fikrə
dözümlü münasibətdən "dəm vuran” S.Osmanqızı həmin videomüraciətin altına
yazılan və xanım jurnalistin söylədikləri yalanı konkret faktlarla ifşa edən rəyləri
dərhal silib. Bu hərəkəti ilə o, qarşı tərəfin fikrinə necə dözümsüz
yanaşdığını da ortaya qoyub.
S.Osmanqızının Azərbaycan Prezidentinin köməkçisi
Əli Həsənovun guya İ.Rəhimovun həbsini sifariş etməsi barədə iddialarına gəlincə,Prezident Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov bu barədə
Facebook səhifəsində status yazaraq münasibət bildirib. Qeyd edib ki, İ.Rəhimovun
konkret cinayət əməlinə görə azadlıqdan məhrum edilməsinə baxmayaraq, məsələni
siyasiləşdirməyə, hətta Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi Əli Həsənovla əlaqələndirməyə cəhd edən S.Osmanqızı növbəti dəfə
özünü ifşa edib. Administrasiya rəsmisi bildirib ki, peşə mənsubiyyətindən
asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı qanun qarşında eyni dərəcədə məsuliyyət
daşıyır: "İkram Rəhimova "siyasi məhbus” donu geydirməyə çalışan xanım
jurnalistdən soruşmaq istəyirəm. Hər hansı bir jurnalistin illər uzunu "reket”
informasiya saytları yaradıb, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan
şəxslərdən, sahibkarlardan dövri haqq toplaması, ayrı-ayrı vətəndaşların barəsində
rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb
dayandırılması müqabilində pul tələb etməsi və alması, cinayət məsuliyyətinə cəlb
ediləcəyini hiss etdiyi anda isə özünü sığortalamaq və həbsinə siyasi çalar vermək
məqsədilə yüksək ranqlı dövlət məmuru haqqında böhtan xarakterli yazı yazması nə
zamandan bəri siyasi fəaliyyət hesab edilib? Sizin siyasi fəaliyyət anlayışınız
budurmu? Axı bu kimi əməllər nəticəsində neçə-neçə Azərbaycan vətəndaşı
şantajla üzləşib, onların haqları tapdalanıb, şəxsi həyatlarının
toxunulmazlıqlarına müdaxilələr edilib. Baxmayaraq ki, Sevinc Osmanqızı şəxsi həyatın
toxunulmazlığı haqqında emosional çıxışlar edir, amma elə burada fərq ortaya
çıxır, xanım "Youtuber” ancaq özü üçün təminat istəyir, Azərbaycan höküməti isə
bütün vətəndaşlarının hüquqlarının qorunması ilə məşğul olur”.
Administrasiya rəsmisi vurğulayıb ki, hər bir ölkədə
olduğu kimi, Azərbaycanda da ayrı-ayrı vətəndaşların peşə mənsubiyyətinin gətirdiyi
üstünlüklərdən faydalanaraq, digər vətəndaşları şantaj etmələri, ifºa olunduqda
isə "siyasi məhbus” illüziyası yaratmağa cəhd etmələri və bu kimi çirkin niyyətlər
uçun mətbuatdan istifadəyə cəhd etmələri yolverilməzdir: "Burada qeyri-adi heç
nə yoxdur. Sevinc Osmanqızının "stəkanda fırtına yaratmaq” cəhdləri özünütəsdiq
naminə edilən naümid çırpıntılardır. Ümumiyyətlə, jurnalistika ciddi və şərəfli
peşədir. Yaxşı olardı ki, bu peşə ilə yalnız layiqli insanlar məşğul olsunlar”.
Azərbaycan Mətbuat
Şurasının sədr müavini Müşfiq Ələsgərli mövzu ilə bağlı "Kaspi” qəzetinə bildirib ki, İ.Rəhimov
və onun rəhbərlik etdiyi reallıq.info saytı barədə Mətbuat Şurasına çox
intensiv şəkildə şikayətlər daxil olub. Onun sözlərinə görə, hələ 2017-ci ildə
Şurada "Reallıq” adlı qəzet və eyni adlı saytla bağlı bir neçə dəfə şikayətlər
müzakirə edilib, hər dəfəsində İ.Rəhimova xəbərdarlıq olunub ki, məlum şikayətlər
var, həmin şikayətlər haqlıdır və ona görə də öz əməllərindən əl çəksin: "Mətbuat
Şurası iki dəfə ona xəbərdarlıq etdi. Təəssüflər olsun ki, bu şəxs öz əməllərində
dönüş etmək və Mətbuat Şurasının xəbərdarlıqlarını nəzərə almaq əvəzinə, daha
da aqressivləşdi, fərqli addımlar atmağa başladı. İkram Rəhimov barəsində
intensiv şikayətlər daxil olduğu üçün onun rəhbərlik etdiyi media qurumunu "qara
siyahı”ya da saldıq. Ancaq o, yenə də nəticə çıxarmadı, günahı özündə deyil,
başqalarında axtarmağa başladı. İkram Rəhimov gah Mətbuat Şurasını, gah da Azərbaycan
dövlət qurumlarını ittiham edirdi. Biz onun səhvlərini özünə izah edəndə elə
bilirdik ki, o, iradları qavramaqda çətinlik çəkir. Amma proseslər sonda göstərdi
ki, bu, heç də belə deyil. O, hər şeyi başa düşürdü, sadəcə kimlər tərəfindənsə
yönləndirilirdi. Niyə yönləndirilir, bunu da səbəbi bəllidir. İkram Rəhimov
KİV-dən sui-istifadə edərək həm kimlərəsə hədə-qorxu gəlirdi, şantaj edirdi,
böhtan ataraq qarşılığında maddi gəlir əldə edirdi, həm də müəyyən siyasi
qrupların yönləndirilməsi ilə ayrı-ayrı dövlət məmurlarını hədəf seçirdi və
onları şantaj edirdi. Əslində müasir dövr reketçilik də bundan ibarətdir.
İndiki dövrdə reket jurnalistlər öncəki illərdə olduğu kimi təkcə gedib sıravi
vətəndaşlar, iş adamlarını hədə-qorxu gəlib, şantaj edib pul almırlar. Onlar
eyni zamanda müxtəlif siyasi və iqtisadi qrupların əlində alətə çevrilirlər”.
M.Ələsgərli deyib ki, Mətbuat Şurası zamanla İ.Rəhimova
çoxsaylı xəbərdarlıqlar edib, məlum əməllərindən əl çəkməsi tövsiyə olunub: "Hətta
o, xuliqanlıq əməli törədərək həbs olunmuş iki məhbusa jurnalist vəsiqəsi düzəltmişdi.
Bu yolla o, həbsdə olan həmin şəxslərin guya nə zamansa jurnalistlik fəaliyyəti
göstərdiklərini, sifarişlə həbs olunduqlarını, siyasi məhbus sayıldıqlarını
ictimailəşdirmək istəyirdi. Məqsəd onlara xaricdə siyasi sığınacaq almaq idi. Təbii
ki, bu işi də o, hansısa maraq üçün qurmuşdu. Bu barədə Mətbuat Şurasına həbsdəki
həmin şəxslərin azadlıqda olarkən törətdikləri əməllərdən zərər çəkmiş vətəndaşlar
məlumat vermişdilər. Vəsiqələrin surəti də Şuraya təqdim olunmuşdu. Bu faktın
özü də sübut edirdi ki, İkram Rəhimov jurnalistlik fəaliyyəti ilə məşğul olmur,
xaricdə kimlərəsə sığınacaq almaq üçün müxtəlif vasitələrə əl atan şəbəkənin
içində yer alıb. Bütün bunlar barədə ona xəbərdarlıqlar edilsə də o, bunlara əhəmiyyət
vermədi. Həbsindən sonra da İkram Rəhimov yenə günahı başqasında axtarırdı və
istəyirdi ki, ayrı-ayrı adamları şərləsin. Halbuki, həmin vaxt DTX onun səs
yazılarını açıqlamışdı. Orada da göstərildi ki, bu adam ayrı-ayrı vətəndaşlara
necə hədə-qorxu gələrək müəyyən maddi vəsait tələb edir. Ona görə də burada nə
DTX-nın, Mətbuat Şurasının, nə də ayrı-ayrı dövlət qulluqçularının, məmurların
günahı yoxdur. Günah İkram Rəhimovun özündədir. Arzu edək ki, tezliklə o səhvini
başa düşsün və islah olunaraq həbsdən azad olunsun”.
Rufik
İSMAYILOV