• cümə axşamı, 28 mart, 22:30
  • Baku Bakı 13°C

Sevdiyi xanıma hisslərini etiraf edə bilməyən xalq artisti - Keçmişdəki mən

17.11.18 11:00 2651
Sevdiyi xanıma hisslərini etiraf edə bilməyən xalq artisti - Keçmişdəki mən
Onunla söhbət hər zaman maraqlı alınır. Zarafatlarından isə doymaq olmur. 69 yaşı var və düşünür ki, insan özünü hansı yaşda hesab edirsə, o yaş dövrünü yaşayır. Və hər bir yaş dövründə həyatı sevərək yaşamağı üstün tutur. Müsahibimiz xalq artisti, Lənkəran Dövlət Dram Teatrının istedadlı aktyoru Qabil Quliyevdir. O, ömrünün 45 ilini Lənkəran Teatrına həsr edib.
Atla dərsə gedən xalq artisti
1949-cu ildəCəlilabadrayonununTahirlikəndində anadan olub. İlk təhsilini 8 illik kənd məktəbində, orta təhsiliniCəlilabad1 saylı şəhər orta məktəbində alıb.1966-cı ildə orta məktəbin 11-ci sinfini bitirdikdən sonra Bakı Neft Sənayesi məktəbində oxuyub və bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirərək,1968-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinin əyani şöbəsinə daxil olub.

Xalq artisti deyir ki, uşaqlığı kənddə keçib: "Qar və yağış yağanda yollarımız palçıq olardı. Ayaqqabılarımız batmasın deyə, rezin çəkmə ilə məktəbə gedirdik. Qar yağanda əmim oğlu məni ata mindirib, məktəbə aparırdı. Boyum o qədər balaca idi ki, qarda batmağımdan qorxurdular. Ona görə, məni atla dərsə aparıb, sonra da dalımca gəlirdilər. O zaman qar çox yağırdı”.

Uşaq illərini xatırlayarkən simasında təbəssüm yaranır. Deyir ki, uşaqlığı maraq dolu keçib: "Bir dəfə uşaq vaxtı səhər tezdən hündür bir ağaca çıxmışdım və yerə yıxıldım. Ayılanda artıq axşam idi. Gördüm ki, başım üzərində bacım Elmira dayanıb və ağlayır. Sən demə, mən ağacdan düşüb, huşumu itirmişəm və yıxılıb orda qalmışam. Bacım evdə qorxusundan heç kimə bir söz deməyib və özü gedib məni axtarıb. Gəlib görüb ki, huşumu itirmişəm və ağacın altında qalmışam”.
Müəlliməsinə vurulma və nakam sevgi
Məktəb illərindən danışan Qabil müəllim mütaliəni çox sevib. Deyir ki, məktəblərinin kitabxanasında oxumadığı kitab qalmayıb. İndinin özündə də mütaliəsiz qala bilmir. Yaxşı oxuduğuna və bu səviyyəyə gəlib çıxdığıma görə, mütaliələrə borcludur.

Məktəb sevgisinin ülviliyindən danışırıq. Aydın olur ki, xalq artistimiz ikinci sinifdə oxuyarkən rus dili müəlliməsi Zinaidaya aşiq olub: "O, bizim məktəbə təyinatla gəlmişdi. Coğrafiya müəllimimiz Əhməd müəllimin nişanlısı idi. Zinaida müəllimə ona olan sevgimdən xəbərdar idi və buna görə məndən küsmüşdü. Evdən məktəbə gedəndə bizim yolumuz çaydan keçirdi. Ççayın yanında bulaq vardı. Gördüm orda çayın yanında bir pasport ilişib. Bu Əhməd müəllimin pasportu idi. Onu kitabın arasına qoyub məktəbə apardım. İkinci dərsdə Zinaida müəlliməmizin dərsi idi. Forsla, icazəsiz ayağa qalxdım və pasportu gətirib müəlliməyə verdim. Pasportu görəndən sonra Zinaida müəllimə ayağa qalxdı və məni qucaqladı. Dedi ki, səninlə artıq dostuq”.


Xalq artistindən ilk sevgisini soruşuruq. Danışmaqda tərəddüd etsə də, istəyimizə nail oluruq: "Mən heç zaman sevgi məktubu yazmamışam. Sevgi etirafının isə müxtəlif formaları var”. Əsl sevgi ilə tələbəlik illərində qarşılaşıb: "Tələbəlik illəri insan ömrünün ən gözəl illəridir. Mən iki tələbəlik yaşamışam. Bakı Neft Sənayesi məktəbində operator kursunda təhsil alırdım. Orada "çertyoj çəkənlər” qrupu var idi. Orada mavi gözlü, Gülsurə adlı incə bir qız vardı. Onlar iki bacı idilər və bir-birilərinə bənzəyirdilər. Biz Gülsurə ilə sadəcə, dost idik. Ağlımıza heç nə gəlmirdi. O, məni görən kimi elektriçkadan düşürdü, birgə gedirdik. Valideynləri də məni tanıyırdı və güvənirdi. Gedib şəhəri gəzdikdən sonra onu evlərinə ötürürdüm. Daha sonra o, Azərbaycan Dövlət Pedaqoji İnstitutuna qəbul oldu. Tələbəlik illərində cəmi iki dəfə görüşə bildik və ondan sonra bir-birimizi itirdik. O illərdən sonra bir dəfə də olsun görüşə bilmədik və mən zamanında cəsarət edib ona hisslərimi etiraf edə bilmədim. Onun surəti heç zaman gözlərim qarşısından getmir. 1966-cı ildə olduğu kimi, onun surəti, şəkli gözümün qarşısındadır. Ondan sonra heç zaman tale bizi qarşılaşdırmadı”.

Müsahibimizə "indi onunla qarşılaşsaydı nə deyərdiniz” sualını veririk: "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”.
Tələbəlik illərində universitetin yataqxanasında qalıb. Deyir ki, tələbəlik illərinin gözəlliyi bişirdikləri yeməklər olub. Tələbənin ən çox sevdiyi yemək qaynadılmış kartof və ət konserv idi.
Tələbəlik illərində çalışıb, özünü zəhmətə alışdırıb: "Mənim kurs rəhbərim Akademik Milli Dram Teatrının direktoru, rəhmətlik Əliheydər Ələkbərov idi. İşləmək üçün
ona müraciət etdim. Əgər işləməsəm, oxuya bilməyəcəkdim. O da məni böyük məmnuniyyətlə "Azdrama”ya işə götürdü. İlk olaraq səhnədə dekorator işlədim. Daha sonra məni yardım heyətinə aktyor götürdü. Beləliklə, həm əlaçı təqaüdü, həm də "Azdrama”dan məvacib alırdım. Bəy balası kimi yaşayırdım. Televiziya verilişlərindən qonorar alırdım. Maliyyə cəhətdən heç bir problemim yox idi”.

50 ilə bərabər 1 il

Onun hərbi xidməti yaradıcılıqla bağlı olub. Belə ki, hərbi xidmət borcunu Dövlət Kino Komitəsinin hərbiləşdirilmiş kino bazasında keçirib: "Orda ancaq filmlərin çəkilişlərində iştirak etmişəm. O illər çox gözəl keçib. "Mosfilm”in truppası ilə işləyirdik. "Marşal ulduzu”, "İnsanlıq naminə” kimi filmlərdə çalışmışam. Gürcülərin "Sibir babası”, "Azərbaycanfilm”lə Çexoslovakiyanın "Baranda” studiyasının çəkdiyi "Səmt küləyi” fillərində də çalışmışam. "Qatır Məmməd”, "Nəsimi” kimi filmlərdə işləmişəm”.
Deyir ki, əlinə silah almayıb: "Mənim dövrümdə müharibə yox idi. Sibir meşələrində film çəkərkən çox əziyyət çəkirdik, soyuqdan donurduq. Bığlarımız, qaşlarımız buz bağlayırdı. Bakıda film çəkilişlərində isə günlərimiz çox yaxşı keçirdi. Bir dəfə Naxçıvanda çəkilişdə idik. Sirkdən ora iki qartal gətirmişdilər. Ordan qayıtdıq, gəlib Biləcəriyə çatanda gördük ki, qartalın biri yoxdur. Baxdıq ki, qartal relsin üstündə oturub. Çox nəhəng quş idi. Onu güclə tutduq. Qatarın altında qalsaydı, yəqin ki, bizə böyük bir problem yaranardı. Bəxtimizdən, qartal çox yorğun idi. Leş yeyən qartallardan idi. Bir qanadının uzunluğu iki metr olardı”.

Xalq artistindən ilk maaşını xəbər alırıq: "İlk maaşımı neft sənayesində işləyəndə almışam. Orada neft çıxarma operatoru işləyirdim. Çox zaman mədəndə növbətçi qalırdım. O zaman maaşım 200 manatdan çox idi. Mən heç zaman iş axtarmamışam, iş məni tapıb. İncəsənət Universitetində təhsil alandan sonra ilk iş yerim "Azdrama” olub və orada ilk məvacibimi 1969-cu ilin yanvarında almışam. O zamanlar ayda iki dəfə - ayın 15-də, bir də ayın 30-da məvaciblər verilirdi. 120 manat maaş almışdım”.

Hərbi xidmətdən isə heç dönmək istəməyib, ancaq nə biləydi ki, qisməti onu Lənkəran Teatrında gözləyir: "Əslində, mənim niyyətim əsgərlikdə qalmaq idi. Dostlarım təkid edirdilər ki, Moskvada qalma, geri dön. O zaman kaskadyorluq da edirdim. Yaxşı at çapırdım və kaskadyor kimi çalışırdım. Mən də geri döndüm. Gördüm ki, kinostudiyada aləm bir-birinə dəyib. Heç kim mənə sahib çıxmadı. Mən də Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. O vaxt rəhmətlik Məmməd Ziyadov nazirin birinci müavini idi. Dedi ki, Bakıda indi vəziyyət yaxşı deyil, gəl səni Lənkəranda bir teatr açılıb, ora göndərək. Bir il orada işlə, bir ildən sonra da Allah kərimdir, bir şey fikirləşərik. O bir ilin üzərindən artıq 50 il keçib ”.

Sevgi dolu ömür
Xalq artisti hesab edir ki, həyat sevgisi olmasa, insan yaşaya bilməz. O, insanın hər bir yaşam dövrünü yüksək qiymətləndirir: "Hər bir yaş dövründə insan həyatını sevməlidir. Həyatı gözəlləşdirən, şirinləşdirən sevgidir. Heç zaman peşman olmamışam. Hərdən düşünürəm ki, bir zamanlar mənimlə bərabər neft sənayesində işləyənlərin arasında Sosialist Əməyi Qəhrəmanları da, böyük vəzifə sahibi olanlar da. Mən heç də onlardan kiçik bir mənsəbə sahib deyiləm. Bu gün onları heç kim tanımır, amma məni çoxları tanıyır”.

Qabil Quliyev müasir gənclərə baxanda təəssüf hissi keçirir. Deyir ki, müasir gəncliyimiz çox dar çərçivədə böyüyür: "Onların dünyagörüşləri o qədər də geniş deyil. Gənclərimizin əksəriyyəti bu gün öz tarixini, klassik ədəbiyyatını bilmir. Soruşanda da deyirlər ki, bunlar mənim nəyimə lazımdır? Ancaq bu, belə olmamalıdır. İnsan öz tarixini, adət-ənənələrini bilməlidir, mənən zəngin olmalıdır. Mənən zəngin olan insanlar həyatda xoşbəxt yaşaya bilərlər. İstərdim ki, bizim gənclərimiz öz tarixini və mədəniyyətini sevsin və qiymətləndirsin. Hər şey mədəniyyətdən başlayır. Torpağını, vətənini, xalqın milli dəyərlərini hər bir vətəndaş sevməlidir və buna məhkumdur. Torpaq anadır, onu sevmək mütləqdir. Ayağımın altında torpaq olmasa, mən necə yaşayaram? İnsanın ayağı torpaqda olanda güclü olur. Öz torpağında olanda isə o daha güclü, ürəkli olur. Bu torpağı qorumaq vacibdir”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər