Şərtlər “gəl-gəl” deyir, amma...
Son
vaxtlar əhalinin alıcılıq qabiliyyəti azaldığı üçün mənzillərin satışında da
durğunluq müşahidə edilir. Belə bir vaxtda tikinti şirkətləri kampaniyaları ilə
gündəmə gəlirlər. Əhalinin ev problemi olduğu, kreditlə satılan mənzillərin
daha əlçatanlığını nəzərə alsaq, bu cür təkliflər cəlbedici olmalıdır.Amma əhalinin
tikinti şirkətlərinin kampaniyalarına inamı azdır. Çünki dəfələrlə mətbuatın
gündəminə tikinti şirkətləri ilə bağlı problemlər çıxıb. Bir mənzili bir neçə nəfərə
satan da olub, tikintini yarımçıq saxlayıb, aradan çıxan da. Mənzili deyilən
vaxtda təhvil verməyən də olub, sənədləşmə məsələsində problem yaşadanlar da.
Problem
o qədər aktualdır ki, ölkəmizə gələn xarici tikinti şirkətlərindən birinin
meneceri dedi ki, Azərbaycanda belə bir problem olduğunu eşitmişəm, ona görə
sizin əhali bizdən mənzil alarkən çox ehtiyatlı olur, qorxurlar ki, problem yaşanar.
Hələ bu problemlərin əks olunduğu "Azərbaycansayağı qarət” adlı filmi demirəm...
Bütün
bunlardan sonra təbii ki, tikinti şirkətlərinin kampaniyalarına inanmaq çox çətindir.
Əlbəttə, şərtlər cəlbedicidir, bəs aldanma ehtimalı? Şirkətlər müştəriyə hansı
təminatı verirlər?
"İndiyə qədər gördüyümüz işlər görəcəklərimizin zəmanətidir”
AAAF Media MMC-nin direktoru Rəşad Əliyev deyir ki, AAAF Park Yaşayış Kompleksində nağd və
kreditlə alıcılar üçün kampaniya var: "Bizdə daim kampaniyalar olur. Hazırda
nağd alışla bağlı yeni bir təklifimiz var. Belə ki, tikilməkdə olan 29 saylı
küçəmizdə nağd qiymətə mənzil alanlara 50 faiz güzəşt edilir. Bu, Azərbaycanda
bir ilkdir. Bu mənzillər müştərilərə ilkin təmir ilə veriləcək. Bizim bütün
layihələrimizdə ödənişlər bank vasitəsilə deyil, şirkət hesabına və faizsiz
olur. Bu şərt ilə ən kiçik 28.7 kvadratlıq mənzilin qiyməti 13 633 manat təşkil
edir. Tək şəxsiyyət vəsiqəsi ilə bütün vətəndaşlarımız yararlana bilərlər.
Kreditlə istəyənlərə isə ilkin ödənişsiz 20 ilə qədər şirkət daxili kreditlə və
manatla mənzil təklif edirik”.
R.Əliyev
deyir ki, satış aparılan zaman imzalanan müqavilə vasitəsi ilə mənzil hazır
olanda müştəri yaşayış hüququ əldə edir: "Satış həyata keçiriləndə birbaşa şirkətdaxili
bir müqavilə imzalanır. Bina təhvil verildiyi zaman köçüb orada yaşaya bilərlər.
Binalar tam təhvil verildiyi zaman müraciət edib mülkiyyət hüququnu təsdiq edən
sənəd - Çıxarış da ala bilərlər. Çıxarış üçün binanın ümumilikdə təhvil verilməsi
və həmin sakinin borcunun ödənilməsi şərtdir”.
Şirkətin
tikintinin dayanması, yaxud mənzili vaxtından
çox gec təhvil edilməsi ilə bağlı öhdəliyinə gəlincə, R.Əliyev bunları söylədi:
"Ümumiyyətlə, AAAF İnşaatda binaların tikintisinə zəmanət verilir. Fəqət inşaat
işi elədir ki, gözlənilməyən hadisələr ola bilir. Məsələn, yağışlı hava çox olsa,
müvəqqəti olaraq tikinti getməz və ya havalar yaxşı olsa, işlər daha sürətlə
tikinti aparıla bilər. AAAF Yaşayış Kompleksi çox böyük layihədir və bir çox
podratçı təşkilatlar ilə əməkdaşlıqlar edilib. Əvvəlki illərdə bəzi müştərilərimiz
rieltorlardan, təkrar satış aparan insanlardan mənzil aldıqları zaman yanlış məlumatlanmışdılar.
Ona görə tikintinin gec təhvil verildiyini deyirdilər. Səbəbi aydınlaşanda
onlara da məlum oldu ki, şirkət tərəfindən binaların vaxtında təhvil verilməsi
ilə bağlı problem yoxdur. Müqavilədə şərtlər və gözlənilməyən hadisələr də əksini
tapır. Ümumiyyətlə, biz binanı tikəcəyimiz vaxtdan daha artıq bir müddəti müştəriyə
bildiririk ki, gözlənilməyən gecikmə yaşanarsa, insanlarda narahatlıq
yaranmasın. Əhalinin kampaniyalara, hazır olmayan mənzillərdə ev almağa
inamının az olduğu dövrdə şirkətin müştərilərə verdiyi ən böyük zəmanət indiyə
qədər gördükləri işlərin yüksək keyfiyyətdə olmağıdır. İndiyə qədər gördüyümüz
işlər görəcəklərimizin zəmanətidir”, – deyə R.Əliyev qeyd
etdi.
Müştəri bir evin bir neçə nəfərə satılmadığına müştəri
necə əmin olsun?
Kristal Abşeron MTK-nın müştəri təmsilçisi Çiçək Həsənova deyir ki, hazırda kompleksdə ilkin ödənişsiz, 1
ildən 20 ilə qədər manatla ödəmə şərtləri ilə
kampaniya var. Kreditlər tək şəxsiyyət vəsiqəsi ilə, manatla verilir. Bu
kampaniyaya 2017-ci ilin yanvar ayında hazır olacaq binalar belə aiddir. Mənzillər
müştərilərə yüksək keyfiyyətli təmirlə təqdim edilir. Təhvil verilən zaman
bütün kommunal xidmətlər də hazır olur. Sənədləşmə məsələsinə gəlincə Ç.Həsənova
dedi ki, indiyə qədər sadəcə Xırdalan layihəsində 2000-dən artıq sakinə artıq Çıxarış
təqdim edilib. Ümumilikdə isə Çıxarış bina tam təhvil veriləndən 1-2 ay sonra təqdim
olunur.
"Bir
evin bir neçə nəfərə satılmadığına müştəri necə əmin olsun” – sualımıza isə Ç.Həsənova
belə cavab verdi: "Bir çox
tikinti şirkətlərində olduğu kimi bizdə mənzillərin satışı daxili kreditlə
deyil, bank vasitəsi ilə həyata keçirilir. Bu isə öz növbəsində 1 mənzilin 2 və
daha artıq şəxsə satılmasının qarşısını tamamilə alır. Bundan əlavə, bu günə qədər
komplekslərimizdə, öz çıxarışlı (kupçalı) mənzillərində yaşayan minlərlə ailə
şirkətimizə olan inamın göstəricisidir”.
"Dediyimiz vaxtdan tez təhvil veririk”
Xəzər İnşaat MTK-nın satış meneceri Məharət Məmmədli deyir ki, şirkətdə hazırda tam hazır və tikilməkdə
olan binalarla bağlı kampaniyalar var: "2-3 min manat ilkin ödəniş etməklə
hazır mənzillərdə köçüb yaşamaq olar. 20 ilə qədər olan kreditlərimiz tək şəxsiyyət
vəsiqəsi ilə, heç bir bank xərci olmadan manatla verilir. Hazır olmayan tikililərimizdə
qiymətlər ucuzdur. Tam təmirli mənzillərdə isə kvadratın qiyməti bazarda təklif
edilən qiymətlərlə müqayisədə münasibdir. İnşası davam edən binalarda ilkin ödəniş
tələb olunmur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış isə bina
tam təhvil veriləndən 5-6 ay sonra hazır olur”.
Müştəriyə
verilən zəmanətə gəlincə, M.Məmmədli bildirdi ki, müştərilər istənilən sakindən
maraqlana bilərlər: "Bizdə bir bina deyil, bir neçə kompleksdir. Müştərilər digər
binalara baxırlar, yaşayan sakinlərlə maraqlanırlar. Bu günə kimi tikintimizin
dayanması, yaxud deyilən vaxtdan gec verilməsi halı baş verməyib. Əksinə,
dediyimiz vaxtdan tez təhvil veririk. Maksimum müddət götürürük. Bir də ki bizdə
daxili kredit deyil. Ödənişlər bank vasitəsilə edilir”.
"Müştəri istədiyi
zaman mənzili geri qaytarıb, pulunu ala bilər”
"Renessans Palace”-ın tikintisini
həyata keçirən "AS Group İnvestment” Şirkətlər qrupundan bildirdilər ki, hazırda
yaşayış kompleksində müştərilərə
üç satış şərti təklif olunur. "Renessans Palace”-da istər nağd, istərsə də
kredit və ya ipoteka ilə mənzil almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim
etmək kifayətdir. Çıxarış tikinti işləri başa çatandan sonra tikinti şirkəti tərəfindən
alınıb, sakinlərə verilir.
Tikintinin
vaxtından gec təhvil verilməsinə gəlincə bildirildi ki, tikintinin başa çatma müddəti mümkün gecikmələr nəzərə alınmaqla
müəyyənləşdirilir. "Renessans Palace”-da tikinti işləri qrafik üzrə gedir və
vaxtında başa çatacaq”.
Şirkətin
məlumatında qeyd olunur ki, "Renessans Palace” layihəsi üzrə əhalinin inamının
azaldığı hiss edilmir. Əksinə, 2016-cı ilin ilk yarımilliyində satış keçən ilin
analoji dövrünə nisbətən 3 dəfə artıb: "Digər göstəricilərdə də əhəmiyyətli
artım var. Təminata gəldikdə isə, kəskin rəqabət gedən tikinti sektorunda
aparıcı tikinti şirkətləri üçün reputasiya hər şeydən üstündür. Məhz bunu nəzərə
alaraq, "Renessans Palace” layihəsinin reallaşdırılması üçün nəzərdə tutulmuş
maliyyə, mümkün fors-major vəziyyətlər nəzərə alınmaqla, layihə başlayan zaman
ayrılıb. Bundan əlavə, təminat mənzilin fiziki mövcudluğudur. Belə ki,
"Renessans Palace”-da 3 binanın tikintisi artıq başa çatıb, fasad və daxili işlər
gedir. İstənilən halda, müştəri istədiyi zaman mənzili geri qaytarıb, pulunu
ala bilər”.
Tikinti şirkətləri kampaniyalarla istehlakçı
hüquqlarını pozurlar?
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı hesab edir ki, tikinti şirkətləri tərəfindən əhalinin aldadılması probleminin qarşısı tam
olmasa da, müəyyən qədər alınıb: "Problemlər daha çox kənar resurslar hesabına
fəaliyyət göstərən, ciddi maliyyə resurslarına malik olmayan tikinti şirkətlərində
qeydə alınırdı. Bazarda belə tikinti şirkətlərinin sayı məhdudlaşmaq üzrədir”.
R.Osmanlı
deyir ki, tikinti şirkətləri kampaniyalarla istehlakçı hüquqlarını Azərbaycan
qanunvericiliyinin bəzi müddəalarını pozurlar: "Kredit kampaniyalarını banklar
vasitəsilə həyata keçirən şirkətlər müəyyən qədər normal fəaliyyət göstərirlər.
Banklardan kənar fəaliyyət təşkil edən, bununla bağlı reklam çarxları verənlər
banklar haqqında qanunvericiliyinin tələbləri pozulmuş olur. Eyni zamanda,
kampaniya adı altında əmlakın öz dəyərindən iki dəfə artıq qiymətə də satılması
kimi problemlər ortaya çıxır. Bu da ondan irəli gəlir ki, bazarda tikinti şirkətlərinin
fəaliyyətinə nəzarət çox aşağıdır”.
R.Osmanlı
onu da bildirdi ki, tikinti şirkətləri öz sənədlərini qanunvericiliyin tələblərinə
uyğun şəkildə qururlarsa, ilkin qeydiyyat sənədləri tam qaydadırsa, tikinti
prosesini normal şəkildə aparırlarsa, onların gələcəkdə Çıxarış verməklə bağlı
problemi olmur: "Əslində tikinti şirkəti Çıxarış vermir. Şirkətin verdiyi sənəd
Çıxarış almaq üçün əsasdır. Çıxarış almaq üçün sənədlər qaydasında olmalıdır.
Qaydasında olsa, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinə Çıxarış üçün müraciət
edib ala bilər. Əgər sənədlərdən hansısa biri yoxdursa, sənədləşmədə ciddi
problemlər ortaya çıxır”.
Aygün
Asimqızı