• şənbə, 27 Aprel, 07:58
  • Baku Bakı 12°C

Sərt karantinə ehtiyac yoxdur, əgər...

30.07.21 16:30 1567
Sərt karantinə ehtiyac yoxdur, əgər...
Ekspertlərin fikrincə, 4-cü dalğada qapanma qərarı yoluxma sayına görə yox, xəstəliyi ağır keçirənlərin göstəricisinə əsasən veriləcək
212, 371, 386, 750, 615... Bu rəqəmlər son 1 həftədə virusa yoluxma sayını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanan rəsmi rəqəmlərdə yoluxma sayında artım müşahidə edilir. Sosial şəbəkələrdə, eləcə də insanlar arasında yayılmış şayiələrə görə, avqust-sentyabr aylarında yenidən qapanmalar, məhdudiyyətlər olacaq.
Məlumat üçün bildirək ki, ilk qapanma 5 Aprel 2020-ci ildə oldu, aktiv xəstə sayı təxmini 590 nəfər idi. İkinci qapanma 21 iyun 2020-ci ildə gerçəkləşdi ki, həmin vaxtaktiv xəstə sayı 6613-ə çatmışdı. Ötən ilin 14 dekabrında tətbiq edilən son qapanmada isə aktiv xəstə sayı 62179nəfər idi. Hazırda isə aktiv xəstə sayı 4955 nəfərdir. Bəs avqust-sentyabr aylarında qapanma olacaqmı? Ümumiyyətlə, hansı hallarda qapanmaya gedə bilərik?
"Toylar ləğv edilməlidir”
İnfeksionist Mərdan Əliyev deyir ki, hazırkı vəziyyətdə qapanmanın olması gözlənilmir. Amma vəziyyəti stabil saxlamaq üçün mütləq şəkildə kütləvi məclislərin keçirilməsi qadağan olunmalıdır: "Düşünürəm ki, toyların, kütləvi məclislərin keçirilməsi qəti şəkildə qadağan olunmalıdır. Kütləvi şənliklərə icazə verildikdən sonra yoluxma sayı artmağa başladı. Çünki toylarda maska taxmaq mümkün deyil və sosial məsafə qorunmur. Bu da xəstəliyin yayılma tempinə təsir edir. Buna görə, mütləq toyların ləğv olunmasına ehtiyac var”.
"Sərt karantinə ehtiyac yoxdur”
Həkim deyir ki, 4-cü dalğada qapanma yoluxma sayına görə deyil, xəstəxanalardakı vəziyyətə görə təyin ediləcək. Yəni vacib olan yoluxma sayı yox, yoluxanlar arasında xəstəliyi ağır keçirənlərin göstəricisidir: "Yoluxma sayı kifayət qədər artıq ola bilər, amma onların əksəriyyətinin xəstəliyi evdə, yüngül keçirmə ehtimalı daha çoxdur. Həm vaksinasiya, həm də xəstəliyə yoluxub sağalanların sayı bu dalğanın daha yüngül keçəcəyi ehtimalını artırır. Artıq həkimlərin də virusla bağlı təcrübəsi var”.
"Xəstəxanada yatanların sayı çox deyil”
Həkim deyir ki, aktiv xəstə sayı xəstəxana sayından çox olanda səhiyyə sistemi yüklənir: "Məsələn, birinci dalğada biz gördük ki, xəstəxanalarda yer olmur. Bu, arzuolunmaz haldır. Belə hallarda qapanmalara gedilir. İndi isə aktiv xəstələrin sayı çoxdur, amma xəstəxanada yatanların sayı çox deyil. Yoluxma sayı da hazırda yüksək deyil. "Delta” ölkəmizdə yayılmaqdadır. Amma insanların neçəsi xəstəliyi ağır keçirir? Bu barədə məlumatsızıq. Əgər xəstəliyi ağır keçirənlərin göstəricisi azdırsa, heç bir sərt karantinə, əlavə tədbirə ehtiyac yoxdur. Gələcəkdə xəstələrin vəziyyətinə görə qərar verilə bilər ki, qapanmalara gedilməlidir, ya yox. Amma düşünürəm ki, sərt karantin qaydalarına ehtiyac yoxdur. Bəzi qadağalar olsa, daha yaxşı olar. Maska taxılması ilə bağlı insanlar arasında biganəlik var. Hazırda nəzarət də zəifdir. Bu da arxayınlaşma ilə əlaqədardır. Maskaların taxılmasına həm dövlət, həm də insanlar tərəfindən nəzarət güclənməlidir”.
"Təkrar yoluxma vaksin olunanlarda nadirdir”
Həkim vurğulayır ki, COVİD-19-un sürətlə artması həm "Delta” ştammının hesabına, həm də maska taxmağa qarşı biganəlikdəndir: "Xarici mətbuatda son araşdırmaların və müşahidələrin nəticəsi belədir ki, "vaksinin yaratdığı immunitet xəstəliyi keçirənlərdən (təbii immunitet) daha möhkəm olur” iddiası yalandır, bu immunitetlər eynidir, bəlkə də, təbii immunitet daha güclüdür. Həm xəstəliyi keçirib sağalanlarda, həm vaksin olunanlarda immunitet səviyyəsi fərdidir və bəzilərində kifayət qədər güclü, bəzilərində isə zəif ola bilər. Təkrar yoluxma həm xəstəliyi keçirənlərdə, həm də 2 doza vaksin olunanlarda nadirdir və yoluxma olarsa, xəstəlik birincidən xeyli yüngül keçir. Bu qanunauyğunluq Delta ("Delta”) ştammına münasibətdə faiz nisbətində dəyişsə də, qorunub saxlanır. Ona görə də, vaksin bizi ağırlaşmalardan xilas edəcək”.
"4-cü dalğaya hazırıq”
Həkim Vasif İsmayıla görə isə toylar və kütləvi məclislər qadağan olunacaq. Həkimin sözlərinə görə, dövlət 4-cü dalğa ilə mübarizəyə ciddi şəkildə hazırlıq görüb: "Azərbaycanda IV dalğa təxminən avqustun ortasından sonra gözlənilir. Hesab edirəm ki, IV dalğa III dalğadan bir az daha güclü olacaq. Qapanmalar, "evdə qal” kampaniyası, iş yerlərinin bağlanması gözlənilir. Biz kifayət qədər yataq hazırlamışıq. Məndə olan məlumata görə, dövlət ciddi şəkildə hazırlıq görüb. Xeyli dərman alınıb, yataq sayları artırılıb, yeni korpuslar açıblar. Hər şeyə hazırdırlar. Buna görə də, çalışacaqlar ki, sərt qadağalar olmasın. Hesab edirəm ki, toylar və digər məclislər bir müddət qadağan olunacaq”.
"Narahatedici həddə deyil”
Məlumat üçün bildirək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan da bildirilib ki, sərt qərarlar bütün göstəricilər nəzərə alınaraq verilir: "Yumşalmalardan sonra yoluxma sayında artım olması gözlənilən idi. Amma hazırda rəqəmlər narahatedici həddə deyil. Yoluxma sayı bu şəkildə davam edərsə, sərt qapanmalara gedilməyəcək”.
Aygün ƏZİZ
banner

Oxşar Xəbərlər