AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Şərqlə Qərbi yaxınlaşdıran önəmli coğrafi məkan

Şərqlə Qərbi yaxınlaşdıran önəmli coğrafi məkan

Siyasət
06 İyul 2020, 17:41 413
Və ya 30 günlük daşımanı 17 günə endirən nəqliyyat dəhlizinin perspektivi
 
Prezident İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə keçirilən videokonfrans zamanı əsas mövzu Azərbaycanın təşəbbüskarı olduğu nəqliyyat dəhlizləri olub. Konfransda Şərq-Qərb nəqliyyat dəhlizinin regionda rolunun önəmli olduğu vurğulanıb. Bu rolun pandemiya dövrdündə nədən ibarət olması və növbəti illər üçün perspektivləri mövzusunda millət vəkilləri ilə söhbətləşdik.
Millət vəkili Aydın Hüseynov deyir ki, Azərbaycanın Şərq-Qərb dəhlizinin ən önəmli coğrafi hissəsində yerləşməsi ölkəmizin bu layihədə əhəmiyyətini artırır: "Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, demək olar ki, Şərqlə Qərbin birləşməsi üçün ən önəmli nəqliyyat dəhlizi oldu. Hazırda pandemiya ilə bağlı müəyyən iqtisadi çətinlik yarana bilər. Təbii ki, pandemiya uzun illər davam edəsi deyil. Bu virusa qalib gəldikdən sonra dünya iqtisadiyyatı yenidən öz istiqaməti üzrə davam edəcək. Bütün qloblal layihələr də öz uğurla davam etdirləcək. Məlumdur ki, Uzaq Şərqdən Avropaya yüklər okean vasitəsilə daşınır. Əvvəl, ən yaxşı halda yüklər 30-32 günə gedib çatırdı. Digər tərəfdən, hamıya bəllidir ki, yüklərin daşınması baxımından okean həmişə riskli olub. İqtisadiyyatın ən səmərə gətirən tərəfi vaxtdır. Əgər mövcud nəqliyyat koridorları vasitəsilə Şərqdən Avropaya daşınan yüklər 30 gündən çox vaxt aparırsa, 17 gün ərzində Çindən daşınan mallar Avropaya Azərbaycan vasitəsilə çatdırılır”.
Millət vəkilinin sözlərinə görə, bu dəhliz həm də ölkəmizə valyuta gətirmək cəhətdən önəmli paya sahib olacaq: "Məlumdur ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması ilə bağlı artıq Avropaya çıxış əldə olunub. Digər tərəfdən, Xəzər dənizi vasitəsilə Azərbaycanın çox böyük yükdaşıma potensialı mövcuddur. Yəni Azərbaycan vasitəsilə Qazaxıstan, Türkmənistan limanlarına, ordakı yüklərin qısa müddətdə Xəzər dənizi vasitəsilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, ordan da dəmir yolu vasitəsilə Avropaya çatdırılması ən optimal yoldur. Bunun bizə nə verməsi də maraqlı məqamdır. Birinci növbədə onu qeyd edək ki, tranzit ölkə olaraq valyuta əldə edəcəyik. Digər tərəfdən, ölkə iqtisadiyyatının daha da inkişaf etdirilməsi istiqamətində əlavə dəyər gətirəcək xidmət sahələri yaranacaq. Bu kimi iqtisadi rıçaqların bizim tərəfimizdə olması onu göstərir ki, Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın rolu, təşəbbüskarlığı yüksək dəyərləndirilir.
Hesab edirəm ki, getdikcə bizim dəmiryolu infrasturukturumuzun yenilənməsi, Xəzər dənizində böyük yükdaşıma potensialımızın olması, burda Azərbaycanın rolunu daha da artıracaq. Ən başlıcası, bizim coğrafi mövqeyimiz bunu daha da zənginləşdirəcək. Çünki təkcə Şərq-Qərb yox, eyni zamanda Şimal-Cənub istiqamətində daşınan yüklərin Azərbaycan ərazisindən keçməsi, burda nəqliyyat sisteminin şaxələndirilməsi baxımından çox əlverişlidir. Bu da ölkə iqtisadiyyatına gələcəkdə böyük dividentlər gətirəcək”.
 
Millət vəkili Azər Badamov bildirdi ki, Azərbaycan bu gün beynəlxalq nəqliyyat dəhlizlərini ortaya qoyan ölkədir. Məhz Azərbaycanın təqdim etdiyi beynəlxalq tranzit layihələri ölkəmizdən həm Cənub-Şimal, həm Qərb-Şərq istiqamətində daşımaların kifayət qədər artmasına gətirib çıxarıb. Onun sözlərinə görə, bu daşımaların ölkəmizdən keçməsi həm ixrac, həm də idxal edənlər üçün rentabelli və əhəmiyyətlidir: "Əfqanıstandan Azərbaycana gələn ilk sınaq yükü dəmir yolu vasitəsilə 12 günə çatıb ki, bu da vaxta böyük qənaət etmək deməkdir. Proses, gələcəkdə ipək yolunun dəmir yolu üzərində davamı kimi qeyd olunur. Bu istiqamətdə işlər daha da genişləndirilir. Eyni zamanda, nəqliyyat dəhlizlərinin inkişafı, dünya üçün çətin iqtisadi durumda tranzit daşımları üzərindən dövlət gəlirlərinin artmasına öz töhfəsini vermək deməkdir. Həm də ki, Azərbaycanın regionda rolunu, əhəmiyyətini artırır. Məhz Türkmənistan və Əfqanıstan dövlət başçıları ilə müzakirədə də Azərbaycanın bu istiqamətdə verdiyi töhfələrə dövlət başçıları yüksək dəyər verdiklərini, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi istiqamətində maraqlı olduqlarını bildirdilər”.
A.Badamov qeyd etdi ki, bu layihələr perspektivdə daha da əhəmiyyətli olacaq: "Çünki tranzit layihələrin, istifadəyə verilən ilk gündən həmin istiqamətə bütün yüklərin daşınmasına cəlb edilməsi qeyri-mümkdünür. Layihə işləndikcə, əhəmiyyəti və rentabelliyi digər ölkələr tərəfindən müəyyənləşir və cəlbediciliyi daha da artır. Məsələn, Şərq-Qərb nəqliyyat dəhlizi tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildən bu dəhlizdə 8,7 milyon ton yük daşınıb. Bu ilin 4 ayında isə 3 milyon tonu keçib. Bu müqayisə ötən illə bu il arasındakı artımı artıq göstərir. İllər keçdikcə bu layihələrin mahiyyəti daha da artacaq. Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının bugünkü gücü 15 milyon ton və 100 min konteynerdirsə, bu layihənin tam istifadəyə verilməsindən, bütün o seqmentlər cəlb olunandan sonra bu güc 25 milyon tona və 1 milyon konterneyerə çatdırılacaq. Perspektivdə nəzərdə tutulmuş iqtisadi göstəricilər daha da yüksəkdir. Təbii ki, bu nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin daha da artması, Azərbaycana gələn əlavə maliyyə mənbəyinin artması deməkdir”.
 
Aygün