• çərşənbə axşamı, 19 mart, 08:15
  • Baku Bakı 8°C

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ölkənin inkişaf etmiş regionlarına çevriləcək

24.07.21 17:15 330
Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ölkənin inkişaf etmiş regionlarına çevriləcək
Prezident İlham Əliyevin Fərmanı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması ölkədə regional iqtisadi idarəetmənin təkmilləşdirilməsi və ərazicə optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu fikriAZƏRTAC-a açıqlamasında AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mahir Zeynalov deyib.
O diqqətə çatdırıb ki, Fərmana əsasən keçmiş Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarının bazasında formalaşdırılan yeni iqtisadi rayonların əhatə dairəsi bir qədər də böyüdülüb. Bu isə o deməkdir ki, postkonflikt ərazilər bərpa edildikdən, regionun bütün iqtisadiyyatı yenidən qurulduqdan sonra həmin iqtisadi rayonlar ölkənin regional böyük iqtisadi mərkəzinə çevriləcək: "Bu iqtisadi rayonlarda iqtisadiyyat və sosial həyat tamamilə yenidən qurulacaq. Bunun üçün böyük həcmdə maliyyə resursları tələb olunsa da, dövlətimiz bunu həyata keçirəcək. Çünki Qarabağın iqtisadiyyatının bərpası və inkişaf etdirilməsi yaxın onillikdə hökumətin əsas hədəflərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi də daxildir. Nəzərdə tutulan layihələrin reallaşdırılması Qarabağda iqtisadi canlanmaya səbəb olacaq”.
İqtisadçı alim qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə Azərbaycan ərazisindən daha bir strateji əhəmiyyətli müasir yol infrastrukturu formalaşacaq. Bu, ölkə iqtisadiyyatı üçün yeni imkanlar deməkdir. Şərqi Zəngəzur iqtisadi rayonu gələcəkdə həm də nəqliyyat-logistika mərkəzinə çevriləcək. Bu isə Qarabağda keçmişlə müqayisədə yeni və daha üstün iqtisadiyyat qurmağa imkan verəcək. Qarabağa Böyük Qayıdış reallaşdırıldıqdan və yerli iqtisadiyyat dirçəldildikdən sonra bu iki böyük iqtisadi rayon sosial-iqtisadi cəhətdən özünü təmin etməklə yanaşı, bütövlükdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcək, ölkədə ərzaq təhlükəsizliyi təmin olunacaq, yeni iş yerləri yaranacaq, ixrac potensialı artacaq.
"Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Bu rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələrin də inkişaf etdirilməsi zəruridir. Xüsusən də Qarabağda kənd təsərrüfatının və emal sənayesinin, tikinti sektorunun, mədən sənayesinin, xidmət sahələrinin, turizmin inkişafı üçün yaxşı imkanlar var. Təkcə aqrar sektorla bağlı onu demək kifayətdir ki, çox münbit və məhsuldar torpaqlara malik Qarabağda taxıl, üzüm, pambıq, tütün, kartof, tərəvəz və bostan məhsulları, meyvə və giləmeyvə istehsalı ənənəvi sahələrdir. Ənənəvi sahələr arasında üzümçülük və taxılçılıq həm əhatə etdiyi əkin sahələrinə, həm də istehsal həcminə görə xüsusi çəkiyə malik olmaqla üstün və inkişaf etmiş sahələr olub. Əvvəlki dövrün yaxşı ənənələri, hazırkı potensial imkanları və müqayisəli üstünlükləri nəzərə alınmaqla Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yeni bazar tələblərinə uyğun müasir standartlar səviyyəsində inkişafı Azərbaycan iqtisadiyyatının daha da böyüməsinə təkan verəcək”, - deyə Mahir Zeynalov qeyd edib.
banner

Oxşar Xəbərlər