• cümə axşamı, 28 mart, 22:00
  • Baku Bakı 13°C

“Şərq tərəfdaşlığı” proqramının II biznes forumu keçirilir

28.11.13 11:37 988
“Şərq tərəfdaşlığı” proqramının II biznes forumu keçirilir
Litvanın paytaxtı Vilnüsdə Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində II biznes-forum başlayıb.
APA-nın xəbərinə görə, forum AB üzvü olan dövlətlərin və “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin rəsmi şəxslərinin, iqtisadi idarələrinin rəhbərlərinin, biznes nümayəndələrinin iştirakı ilə keçirilir.
Tədbiri açan Litvanın baş naziri Algirdas Butkyaviçyus bildirib ki, bu cür forumlar hökumətlər və iş dünyası arasında əməkdaşlığın və əlaqələrin genişlənməsinə imkan yaradır. O deyib ki, “Şərq tərəfdaşlığı”nda iştirak edən 6 ölkədən hər biri unikaldır və hər ölkə bu proqramdan öz istədiyi səviyyədə yararlanır: “Biz Avropa Birliyi olaraq onlara istənilən formada yardım etməyə hazırıq”.
A. Butkyaviçyus qeyd edib ki, AB “Şərq tərəfdaşı” ölkələrinin əsas ticarət tərəfdaşlarından biridir. Onun sözlərinə görə, AB-nin bu ölkələrin (Moldova və Ermənistan istisna olmaqla) ticarətindəki payı onların xarici ticarətinin təxminən üçdə birini, Ermənistan və Moldovanın xarici ticarətinin isə yarısını təşkil edir. Bununla yanaşı, AB-nin tərəfdaş ölkələrlə ticarəti AB-nin ümumi xarici ticarət həcminin 1 faizindən artıq deyil və bu, əməkdaşlığın bundan sonrakı inkişafı üçün imkanlar olduğunu göstərir.
AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle isə bəyan edib ki, Vilnüs sammiti “Şərq tərəfdaşlığı” proqramının inkişafında vacib addım olacaq. O, artıq bir çox şeyə nail olunduğunu söyləyərək proqramın yaradılmasından sonra Avropa Komissiyasının bu ölkələrdə 2010-2013-cü illər üçün regional və ikitərəfli proqramların həyata keçirilməsinə qrantlar şəklində 2,5 milyard avro ayırdığını, Avropa maliyyə institutlarından isə əlavə 4,1 milyard avro vəsait cəlb olunduğunu açıqlayıb. Ş. Füle hesab edir ki, assosiasiya sazişinin imzalanması tərəfdaş ölkələrə böyük transformasiya üstünlükləri gətirəcək. Onun sözlərinə görə, ötən əsrin 90-cı illərində bu cür saziş imzalamış ölkələrdə Ümumi Daxili Məhsulun əhalinin sayına nisbətində artım 57% olub, yatırımlar 61%, ixrac 65% artıb. Ukrayna hökumətinin qərarına toxunan komissar bunun təkcə AB-də deyil, Ukrayna xalqında da məyusluq doğurduğunu, lakin Ukrayna hazır olacağı təqdirdə, AB-nin bu sazişi imzalamağa hazır olduğunu vurğulayıb.
banner

Oxşar Xəbərlər