• cümə axşamı, 25 aprel, 14:36
  • Baku Bakı 23°C

“Şerif” ola bilməyən “Neftçi” - TƏRS BUCAQ

02.10.21 12:45 985
“Şerif” ola bilməyən “Neftçi” - TƏRS BUCAQ
3 il əvvəl – 2018-ci ildə Azərbaycan çempionu "Qarabağ” Moldovanın "Şerif” klubunu Avropa Liqasının fley-off mərhələsində məğlub edərək qrupa buraxmamışdı. Bir il əvvəl – 2020-ci ilin yayında isə yenə də Azərbaycan çempionu "Qarabağ” "Şerif”i bu dəfə Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırmışdı.
Azərbaycan çempionu haradadır?
Bir ildən sonra "Şerif” artıq Çempionlar Liqasının qrup mərhələsində idi. Və ilk iki turda "Şaxtyor” və "Real”a qalib gəlməklə, bütün Avropanı özündən danışmağa məcbur etmişdi. Bəs Azərbaycan çempionu haradadır? Yox, artıq Azərbaycan çempionu "Qarabağ” deyil. "Neftçi” 7 ildən sonra bu titulu "köhlən atlar”dan ala bilmişdi. Ona görə də "Qarabağ” Konfrans Liqasında oynamalı oldu. Və vəzifəsinin öhdəsindən də gəldi. Ardıcıl 8-ci dəfə avrokubokların qrupuna vəsiqə qazandı.
Ən asan yolda da yıxılırsa...
Avrokuboklarda çıxış etmək üçün ən asan yol isə "çempionlar yolu”dur. Amma Azərbaycan çempionu Neftçi” bu yolda da yıxıldı. Hələ mövsüm bitəndə mütəxəssislər deyirdilər ki, "Neftçi” bu heyətlə avrokuboklarda heç nəyə nail ola bilməyəcək. Komandanın baş məşqçisi Samir Abasov da problemləri açıq şəkildə deyir, rəhbərliyin transfer siyasətini tənqid edirdi. Nə olsun... Məlum oldu ki, "Neftçi”də ümumiyyətlə, transfer siyasəti yoxdur. Komanda ÇL-də məğlub oldu, Avropa Liqasında mübarizəni dayandırdı, Konfrans Liqasının qrupuna buraxılmadı. Və bundan sonra "Neftçi”nin "transfer siyasəti” başladı. Məlum oldu ki, rəhbərlik uzaq Avstraliyada 34 yaşlı futbolçu ilə maraqlanır.
Legioner var, legioner var da!
"Real”ı məğlub edən "Şerif”in heyətində kimlər var? Afrikadan gətirilmiş 21 yaşlı istedad. "Real”a qol vuran özbək futbolçu. "Şerif”in heyəti bütünlüklə legionerlərdən qurulub. Elə "Neftçi” də avrokubok qarşılaşmalarında meydana 8-9 legionerlə çıxırdı. Amma legioner var, legioner var da! Moldova çempionatının səviyyəsi Azərbaycan çempionatından üstün deyil. Heç "Şerif”in büdcəsi də "Neftçi”nin büdcəsini üstələmir. Bəs neçə olur ki, "Şerif” səviyyəli, istedadlı legionerlər tapa bilir, amma "Neftçi” yox? Burdan-bura Özbəkistan bazarını qoyub Avstraliyada futbolçu axtarmaq hansı transfer siyasətinin önəmli hissəsidir? Hə, hər şey də bu sualın cavabında gizlənib. Klublara peşəkarlar rəhbərlik etməlidir. Peşəkarlar 20 milyonluq büdcə ilə də bir milyardlıq büdcəyə sahib komandaya qalib gəlməyin yolunu tapırlar. Qeyri-peşəkarlar isə avrokubokların bütün turnirlərindən qovulurlar.
Dövlət hər şeyi edir ki...
"Şerif” Moldova hökumətindən maliyyə yardımı almır. "Neftçi”nin əsas maliyyəçisi isə dövlətdir. Dövlət üzərinə düşən hər şeyi edir. Edir ki, ölkənin ən köklü klubu inkişaf etsin. Amma bu klub, daha doğrusu, ona rəhbərlik edənlər necə, öz üzərilərinə düşəni edirlərmi? Onlar, ümumiyyətlə, bunu etmək bacarığına sahibdirlər? "Şerif” özündən savayı heç kimə maliyyə hesabatı verməyə borclu deyil. "Neftçi” isə borcludur. Çünki maliyyəni dövlətdən, deməli, xalqdan alır. Bəs hanı nəticə?
Natiq Muxtarlı
banner

Oxşar Xəbərlər