• cümə, 29 Mart, 01:40
  • Baku Bakı 7°C

Sərhədləri aşa bilməyən xalçalarımız

14.01.19 19:03 1713
Sərhədləri aşa bilməyən xalçalarımız
Xaricdə yaşayan skripka ifaçısı Emilya Qurbanova Yeni ili vətəndə keçirib və vətənə gəlmişkən, yerli xalça alaraq, özü ilə aparmaq istəyib. Deyir ki, qürbət eldə vətən üçün darıxır və hər dəfə Azərbaycana gələndə özü ilə bərabər aparmaq üçün milli suvenirlər, əşyalar alırmış. Bu dəfə isə özü ilə yaşadığı ölkəyə - Amerikaya xalça aparmaq istəyib.
Ancaq onun bu arzusu ürəyində qalıb: "Ordakı heç bir xalça bizim xanımlarımız, nənələrimiz toxuduğu xalçaların yerini vermir. Çünki bizim xalçalarımızdan vətənin qoxusunu alırıq. Amerikada yaşadığım evdə, nənəmgildəki kimi divardan milli xalça asmaq istədim. Şəhərdən üzərində buta elementləri olan, nənəmin toxuduğu xalçaya oxşar xalça aldım. Ancaq aldığım xalçanı sərhəddən keçirməyimə icazə vermədilər. Tarixi əşyaları, xüsusən də xalçaları sərhəddən keçirərkən bunun üçün ekspertizadan icazə kağızının alınmasının vacib olduğunu vurğuladılar. Qeyd etdilər ki, xalçanı sərhəddən keçirmək üçün elektron və ya kağız üzərində yazılı formada sənəd alınmalıdır. Məhz bu təqdirdə xalçanı özümlə apara bilərəm. Yaxşı olmazdımı, bizi bu haqda ölkəyə gələndə məlumatlandıralar?”
Mövzunun aktuallığını nəzərə alıb, sərhəddən xalçaların, antik əşyaların necə keçirilə biləcəyini və bunun üçün öncədən hansı edilməli olduğunu araşdırmağa çalışdıq.

Məsələ ilə bağlı ilkin olaraq Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriİntiqam Hümbətovla danışdıq. Nazirliyin sözçüsü bildirdi ki, Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan daşınar mədəni sərvətlər Nazirlər Kabineti tərəfindən təsdiq edilən "Sərgi, qastrol səfərləri, bərpa işləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti ixracı Qaydası”na əsasən müvəqqəti ixrac oluna bilər: "Həm yerli, həm də xarici vətəndaşlar buradan aldığı hər hansı xalçanı sərhəddən keçirərkən, onu ekspertlərə təqdim etməli, onların verdiyi sənədlə ölkədən çıxarmaq hüququna malik ola bilərlər. Bunun üçün bizim ekspertkomissiya üzvlərimiz də mövcuddur. Mədəni sərvətlərin qanunsuz idxalının, ixracının və ya dövriyyəsinin qarşısının alınması məqsədi ilə Mədəniyyət Nazirliyi xarici dövlətlərin aidiyyəti orqanları və təşkilatları ilə əməkdaşlıq edir”.

Xalçanın yaşı 60 ildən artıqdırsa, əntiq əsər kimi qiymətləndirilir

Sənətşünas, Xalça Muzeyinin baş mühafizi, ekspert komissiyasının üzvü Mira Məmmədxanova mövzu ilə bağlı fikirlərini bizimlə bölüşərkən bildirdi ki, mədəniyyət sərvətlərinin qanunsuz olaraq ölkəyə gətirilməsi və ölkədən çıxarılmasının qarşısının alınması ilə əlaqədar 1992-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən qanun qəbul edilib: "Qanunda qeyd edilir ki, Azərbaycan Xalça və Milli İncəsənət muzeyləri və Mirzə Fətəli Axundov adına Milli Kitabxanada ekspert komissiyaları yaradılmalıdır. Həmin ekspert komissiyaları bu günə qədər fəaliyyət göstərirlər. Komissiyalar öz profillərinə uyğun olaraq mədəniyyət sərvətlərinin tarixi, bədii və elmi dəyərlərinin müəyyənləşdirilməsi ilə bağlı iş aparır, onlara baxış keçirirlər. Əgər daşınan məhsul tərkibində tarixilik əhəmiyyəti daşıyırsa, onun sərhəddən keçirilməsinə icazə verilmir. Xalça muzeyi nəzdində fəaliyyət göstərən ekspert komissiyası xalq tətbiqi sənətinə aid olan əşyalara, xalça və xalça məmulatlarına, mis əşyalara, milli geyim, parça və arxeoloji nümunələrə baxır. Onların tarixi, bədii, elmi dəyərlərini müəyyənləşdirir”.
Mira xanım deyir ki, onlara təqdim olunan əşyaların tarixiliyi xüsusi önəm kəsb edir: "1960-cı ildən sonra istehsal olunan, tarixi-bədii əhəmiyyət kəsb etməyən hər bir əşyaya respublikadan kənara çıxarılması üçün icazə sənədi verilir. Komissiyalar tərəfindən aparılan işlər mütəmadi olaraq Mədəniyyət Nazirliyinin nəzarətindədir. Qanunsuz aparılan əşyalar Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunur və komissiyaya təqdim olunur. Ekspert komissiyası olaraq bu əşyaların təbii və texnoloji xüsusiyyətlərini müəyyənləşdirir və onlara rəy veririk. Biz Mədəniyyət Nazirliyi ilə birlikdə bu işi həyata keçiririk. Bizə təqdim olunan xalçaların mənşəyini, keyfiyyətini, mühafizə dərəcəsini təyin edirik. Hansı xalçaların ki sərhəddən keçirilməsinə icazə vermirik, mütləq Mədəniyyət Nazirliyinə bu barədə məlumat verilir”.

Ekspert Komissiyasının daha bir üzvü Qabil Qasımovməsələ ilə bağlı danışarkən Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qərarların əsasında həmin əşyalara nəzarət olunduğunu bildirdi: "Məsələnin həlli ilə bağlı Mədəniyyət Nazirliyinin nəzdində dövlət ekspert komissiyaları fəaliyyət göstərir. Nazirlər Kabinetinin qərarlarına əsasən, əsərlərə, antik əşyalara baxılır, nəzarətdən keçirilir. Əgər həmin əşyalar tarixi və bədii əhəmiyyət daşımırlarsa, mədəni irs hesab olunmurlarsa, ölkədən çıxarılmasına icazə verilir. Xalçaların və bizə təqdim olunan əşyaların hardan alınmasının heç bir fərqi yoxdur. Əgər əşya satış nöqtələrindən alınıbsa, alan şəxslər iki növ prosedura əməl etməlidirlər: özləri aparırlarsa, yaxud karqo ilə göndərirlərsə, çətinlik yaranmasın deyə, onun öncə mənşə sertifikatını almalıdırlar. Yaxud da həmin əsərləri ekspert komissiyasına təqdim etməlidirlər. Ekspert komissiyasının üzvləri ona baxır, qiymətləndirir və qərar verirlər ki, bu əsəri sərhəddən buraxmaq olar, ya yox. Daha sonra ərizə yazıb ödəniş edərək, qəbz alırlar. Həmin əşyanın sertifikatlarını əldə edirlər. Bu proses təcilidirsə, bir günə, təcili deyilsə, beş günə başa gəlir. Yoxlanış əsasında dəfələrlə əşyaların ölkədən buraxılmaması ilə bağlı qərarlar qəbul olunub. Nazirlər Kabinetinin 29 avqust 2014-cü il tarixli, 293 və 294 nömrəli qərarları var. Həmin qərarlara əsasən, sərgi, qastrol səfərləri, təqdimat, beynəlxalq mədəniyyət tədbirlərinin keçirilməsi ilə əlaqədar mədəni sərvətlərin müvəqqəti icraçı qaydasına uyğun olaraq, bu əşyalar ölkədən çıxarıla və yaxud da saxlanıla bilər. Əgər həmin əşyanın yaşı 60 ildən artıqdırsa, tarixi əhəmiyyət kəsb edən əntiqi bir əsər kimi qiymətləndirilir. Əsas kriteriyalardan biri odur ki, o, muzey əhəmiyyəti daşımasın. Yox, əgər muzey əhəmiyyəti daşıyırsa, qanuna müvafiq olaraq, həmin əşyanın ölkədən çıxarılmasına icazə verilmir. Vətəndaş onu öz evində saxlayır və öz əmlakı kimi istədiyi şəkildə istifadə edir”.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovsərhəddən hər hansı tarixi bir əşya keçirmək istəyən şəxslərin mütləq şəkildə Mədəniyyət Nazirliyindən kağız almasının vacibliyini vurğuladı: "Yalnız bu şəkildə həmin əşyanın ixrac olunmasına icazə verilir. Belə olan halda, gömrük icraedici orqana çevrilir. Verilmiş sənədə baxılır və əşyalar sərhəddən keçirilir. İçərişəhərdə bəzi mağazalar var ki, sertifikat verirlər və onlar Mədəniyyət Nazirliyinin nəzarətindədir. Onların qarşılıqlı anlaşması var”.

Əsas xalçanı satmaqdır?

İçərişəhərdə qədim və əntiq əşyalar satan Ramiz dayı deyir ki, turistlər onlara xalça almaq üçün müraciət edəndə, onu hava limanından necə keçirmək barədə sual vermirlər: "Onlar bizdən xalça alanda, onu necə aparacaqları ilə bağlı heç maraqlanmırlar. Turistlər şəkil çəkdirməklə kifayətlənirlər. Onlar çox kiçik xalçalar alırlar. Daha iri və böyük xalçaları adətən Avropa və Şərq ölkələrindən gələn turistlər alırlar. Daha çox turistlər deyil, xaricdə yaşayan azərbaycanlılar tərəfindən alınır. Xaricdə yaşasalar da yerli, qədim xalçalarımızdan istifadə etmək istəyirlər. Ancaq uzun müddət kənarda yaşadıqları üçün qayda-qanunlardan xəbərsizdirlər”.
Ramiz dayı deyir ki, xalçaların sərhəddən buraxılıb-buraxılmamasına onlar cavabdeh deyil: "Biz satıcıyıq. Qədim xalçaları yerli vətəndaşlardan alıb, restavrasiya edib yenidən satırıq. Başqa məsələlərə qarışmırıq”.
Xalçaların satıldığı İçərişəhərdə növbəti satıcı ilə söhbət edirik. Onların mağazaları daha geniş və bol çeşidlidir. Satıcı Elşən deyir ki, onlar satdıqları hər bir xalça üçün üzərində sertifikat verir, dünyanın istənilən ölkəsinə aparmaq üçün sənədləri təqdim edirlər: "Xalçalarımızın keyfiyyətinə və sərhəddən keçirilməsinə özümüz zəmanət veririk. Belə ki, əgər alıcı bizdən bunu tələb edirsə, o sənədləri hazırlayırıq. İndiyədək bizdən xalça alan heç bir müştəri bununla bağlı narazılıq etməyib. Çünki uzun müddətdir bu işlə məşğuluq və bütün proseslərdən xəbərdarıq”.

Ta qədimlərdən Azərbaycan xalçaları dünyanın hər yerində özünəməxsus gözəlliyi, başqalarına bənzəməməsi ilə seçilib. Həm də ona görə ki, o xalçalarda bizim nənələrimizin, analarımızın ürəyinin istisi, gözünün nuru var. Xalça qiymətli əşya, eyni zamanda sənət əsəri, istilik, gözəllik mənbəyi, dəyərli hədiyyə və bir müalicə vasitəsidir.Xaricdə yaşayan soydaşlarımızın, eləcə də əcnəbilərin öz evlərində Azərbaycan xalçasının olmasını istəmələri başadüşüləndir. Ancaq onların özlərində tariximizi yaşatdığını da unutmamalıyıq. Bu tarixi qorumaq, onlara sahib çıxmaq isə hər birimizin borcudur.

Yazı Dövlət Gömrük Komitəsi və Mətbuat Şurasının "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda birgə təşkil etdiyi yazı müsabiqəsinə təqdim olunur.

Xəyalə Rəis



banner

Oxşar Xəbərlər