• cümə, 26 Aprel, 11:09
  • Baku Bakı 12°C

Sərhəddə genişmiqyaslı təxribat təhlükəsi - Brüssel görüşü sual altında

06.12.21 11:00 541
Sərhəddə genişmiqyaslı təxribat təhlükəsi - Brüssel görüşü sual altında
"Azərbaycan ərazisinə qanunsuz səfər edən deputatlar Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan” parlament fraksiyasının üzvləridir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıldığı, ən yüksək səviyyədə ikitərəfli görüşün tarixinin məlum olduğu bir vaxtda belə bir qanunsuz səfərin gerçəkləşdirilməsi pozucu addım kimi qiymətləndirilməlidir. Deməli, Rusiya və Avropa strukturlarının ciddi səylərinə baxmayaraq, Ermənistan daxilində iki ölkə arasında münasibətlərin yaxınlaşdırılmasına qarşı olan qüvvələr fəaliyyətə keçiblər və onlar ilk "nailiyyətlərini” qazandılar: Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dekabrın 3-nə nəzərdə tutulan görüşü baş tutmadı”.

Kaspi.az xəbər verir ki, bu barədə politoloq Əlimusa İbrahimov bildirib.


O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə üçtərəfli görüş iki dövlət başçısının Belçikanın paytaxtı Brüsseldə görüşəcəkləri haqqında məlumat yayıldıqdan sonra - 26 noyabrda Moskvanın Ermənistan Baş naziri Nikol Paşinyana ciddi təzyiqinin ardınca Soçidə baş tutub. Politoloqun qənaətincə, Vladimir Putin və Rusiya hakim dairələri Nikol Paşinyanın Avropanı Rusiyadan üstün tutaraq Brüsseldə görüşmək istəməsini birmənalı qarşılamır.


Onun sözlərinə görə, Kremldə Paşinyanın bu addımı Rusiyaya qarşı xəyanətlər silsiləsinin davamı kimi qiymətləndirilir: "Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya Paşinyanla nəzərdə tutulan məsələlərin həllində gözlədiyi nəticəni ala bilmədi. Paşinyan məcburiyyət qarşısında qalaraq Soçiyə getmişdi və ondan ciddi addımlar gözləmək sədəlövhlük olardı. O, həlledici məsələləri Brüsseldə müzakirə etmək və razılığa gəlmək üçün saxlayırdı. Bu isə indiki şəraitdə, yəni Rusiya ilə Avropa Birliyi arasında müxtəlif sahələr üzrə qarşıdurmanın ən yüksək həddə olduğu bir vaxtda Kreml rəhbərliyi tərəfindən heç qəbuledilən deyil”.


Ə.İbrahimov deyib ki, yaranan situasiyanı Ermənistanda Paşinyana müxalif olan qüvvələr - Robert Köçəryan, Serj Sərkisyan və başqaları yerində dəyərləndirərərk, həm də Moskvadan alınan siqnallar əsasında fəaliyyətə keçiblər: "Onların ilk addımı iki ölkə xarici işlər nazirlərinin Stokholmda keçirilməsi nəzərdə tutulan görüşə qarşı oldu. Onlar bu tapşırığın öhdəsindən "uğurla” gəldilər. "Ermənistan” parlament fraksiyasının deputalarının qanunsuz olaraq Azərbaycan ərazisinə səfəri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin qarşısını aldı. Bu "müvəffəqiyyətdən” ruhlanan Qarabağ erməni klanı növbəti addımlarını həyata keçirməyə başlayıblar. Onlar bu dəfə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün qarşısını almaq üçün fəaliyyətə keçiblər. Bunun üçün iki ölkə arasındakı sərhəddə genişmiqyaslı təxribatdan tutmuş Rusiya sülhməramlıəlarının nəzarəti altında olan ərazilərdən Azərbaycan əsgərlərinə qarşı hücuma qədər müxtəlif hərəkətlər müzakirə olunur”.


Politoloq söyləyib ki, Rusiya tərəfi Ermənistanda olan öz proksilərinin təxribat xarakterli hücumlarının qarşısını almaq üçün tədbirlər görmür və onları yerində oturtmur: "Görünən budur ki, Brüsseldə nəzərdə tutulmuş yüksəksəviyyəli görüşün baş tutması və bu görüşdə Soçidə əldə olunmuş razılaşmadan artıq hər hansı sənədin imzalanması Rusiyanın maraqlarına cavab vermir. Rusiyada bunu Avropa ilə qarşıdurmada uduzmaq kimi qiymətləndirirlər. Azərbaycanla Ermənistan arasındakı münasibətlərin Avropa-Rusiya qarşıdurmasında mərkəzi yer tutması heç kimə sirr deyil. Bu qarşıdurmanın nə ilə nəticələnəcəyi hələlik məlum olmasa da Brüssel görüşləri müəyyən proqnozlar verməyə imkan verəcək. Azərbaycan Ordusu, sərhədçilərimiz və müvafiq qurumlar ermənilər tərəfindən Brüsseldə keçiriləcək ikitərəfli görüşəü pozmağa yönələn növbəti genişmiqyaslı təxribatın ola biləcəyini nəzərdə tutaraq sayıqlığı daha da artırmalıdırlar”.

Alpər TURAN

banner

Oxşar Xəbərlər