• çərşənbə, 17 Aprel, 00:37
  • Baku Bakı 14°C

Sərhəd təxribatı enerji və nəqliyyat dəhlizlərini hədəfə alırdı

28.07.20 18:11 720
Sərhəd təxribatı enerji və nəqliyyat dəhlizlərini hədəfə alırdı
Amerikalı siyasi şərhçi: "Tovuzdakı son toqquşma Ermənistan üçün fəlakət oldu”

Ermənistanın son sərhəd təxribatının hədəfinin enerji və nəqliyyat dəhlizləri olmasını artıq əksəriyyət qəbul edir. Bəllidir ki, Tovuz rayonu Azərbaycan və Türkiyənin iri regional layihələrinin reallaşdırılması baxımından əhəmiyyətli bölgədir. Sərhəd ərazidə strateji yüksəkliklərin ələ keçirilməsi Bakı-Tbilis-Qars dəmir yolu, Bakı-Ceyhan neft kəməri və Avropaya istiqamətinə yönələn qaz kəmərləri üçün təhlükə yarada bilərdi. "Arab News” nəşrində dərc edilən məqalədə iyulun 12-də Azərbaycan və Ermənistan sərhədində baş verən toqquşma analiz edilib. Müəllif yazır ki, Dağlıq Qarabağ məsələsi Azərbaycan və Ermənistan arasında 1989-cu ildə erməni millətçilərinin Qarabağın onlara verilməsi tələbindən sonra qızışıb. İrimiqyaslı hərbi toqquşmalar ötən əsrin 80-ci illərin sonlarından başlayaraq 1994-cü ilin mayına qədər davam edib: "Ermənistan bu müddət ərzində tək Dağlıq Qarabağı deyil, Azərbaycanın digər ətraf rayonlarını – onun torpaqlarının beşdə birini da işğal etdi. Atəşkəs rejimi bir neçə dəfə pozulsa da, bu pozuntular adətən qoşunların təmas xəttini əhatə edirdi. İyul təxribatı isə Tovuz rayonunda - yuxarıda qeyd olunan iri nəqliyyat və enerji layihələrinin yaxınlığında baş verdi. Belə bir strateji yer isə təbii ki, əhəmiyyətli hərbi hədəfə çevrilir. Türkiyə və Azərbaycan Türkiyənin Qars əyaləti ilə birləşdirəcək dəmir yoli inşa etmək qərarını verəndə artıq Ermənistan ərazisindən keçən dəmir yolu mövcud idi. Lakin siyasi səbəblərdən Ermənistandan yan keçməklə Gürcüstandan keçəcək yeni dəmir yolu inşa etmək qərarına gəlindi”.
Ardınca əlavə edilir ki, Ermənistandan yan keçəcək digər iri bir infrastruktur layihəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri oldu. Bu kəmər özlüyündə 9 ölkənin neft şirkətinin əhatə edirdi – Türkiyə, Azərbaycan, ABŞ, Böyük Britaniya, Norveç, Fransa, Yaponiya, İtaliya və Hindistan. Bu kəmərlə gün ərzində 1 milyon barel Azərbaycan neftinin Aralıq dənizinin Ceyhan limanına çatdırılması nəzərdə tutulurdu. Daha qısa və iqtisadi cəhətdən əlverişli boru xətti isə Ermənistan keçə bilərdi. Nə Azərbaycan, nə də, Türkiyə Yerevanı bu layihəyə cəlb etmək istəmirdilər. Bu səbəbdən də Gürcüstandan keçəcək daha uzun boru xətti inşa etmək variantı üzərində dayandılar. Üçüncü əhəmiyyətli infrastruktur layihəsi – TANAP da heç bir halda Ermənistanı əhatə etmir. Bu boru xətti Azərbaycanın "Şahdəniz” yatağından Avropaya qazın nəqlini nəzərdə tutur - Yunanıstanla Transadriatik boru xəttini birləşdirir. Bu da özlüyündə Albaniyanı və Adriatik dənizini keçməklə İtaliyaya qədər gedib çıxır. TANAP Türkiyənin qaza olan tələbatının böyük bir hissəsini ödəyir, yerdə qalanı isə Avropa ölkələrinə göndərir. Bu qaz kəməri iki başqa kəmərlə rəqabət aparır. Həmin kəmərlərlə Rusiya qazı Türkiyəyə, oradan isə Avropaya çatdırılır. Aydındır ki, Rusiya bu təxribatın arxasında dura bilməz. Bir sıra sahələr üzrə fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Rusiya Suriya və bir sıra iqtisadi məsələlərdə əməkdaşlıq edir.
Müəllif yazır ki, bundan əlavə, 2018-ci ildə "məxməri inqilab” nəticəsində hakimiyyətə gələn Nikol Paşinyan amerikayönümlü siyasət yürüdərək ölkədə fəaliyyət göstərən Rusiya biznesmenləri üçün lazımsız problemlər yaratdı. "Cavab tədbirləri isə sərt oldu. Rusiya Paşinyana qarşı müəyyən dairələri işə saldı və daha çox prezident Armen Sarkisyanla sıx əməkdaşlıq etməyə başladı. Sərhəddə baş verən son qarşıdurma Tovuz rayonunun dinc sakinlərin də həyatına təsir etdi və onlar o ərazilərdən evakuasiya olunsaydılar, onda Ermənistan bu əraziyə nəzarəti ələ ala bilərdi. Hadisələrin belə inkişafı isə belə bir strateji dəhlizdə Türkiyə və Azərbaycanın iqtisadi maraqlarına təhlükə yarada bilərdi. Erməni tərəfi ümid edirdi ki, Türkiyənin ikinci cəbhəni açmağa resursları kifayət etməyəcək. Bu səbəbdən də Azərbaycanı bu münaqişəyə cəlb etmək həvəsi yarandı. Lakin sərhəd qarşıdurması zamanı Ankara dərhal rəsmi Bakını diplomatik səviyyədə dəstəklədi. Azərbaycanın isə təxribatçlara cavab vermək üçün hərbi gücü kifayət qədərdir”, - deyə nəşr yazır.
Adıçəkilən əcnəbi nəşrlə yanaşı, ekspertlər də sərhəddə baş verənlərin erməni təxribatının mahiyyətini açıqladığı qənaətindədirlər. Məsələn, amerikalı siyasi şərhçi Endryu Korıbko xüsusi olaraq "Moskva-Baku” portalı üçün analizində erməni təxribatını regionda sülh və sabitliyə təhlükə adlandırıb. Ekspert analizində "etiraf etmək lazımdır ki, işğalçı rolunda Ermənistan çıxış edib. Azərbaycan əhəmiyyətli beynəlxalq boru xətlərinin keçdiyi ərazidə vəziyyətin gərginləşməsindən heç nə qazanmır” yazır. Əlavə edir ki, "onun yaxınlığında Mingəçevir su anbarı da yerləşir. Ermənistanla növbəti münaqişə zamanı ona zərbə endirilərsə, bu zaman bunun milyonlarla azərbaycanlı üçün hansı nəticələrə gətirib çıxaracağını təsəvvür etmək olar. Yuxarıda qeyd olunan səbəblərdən çıxış edərək deyə bilərik ki, Ermənistanın Tovuzda insidentini törətməkdən müəyyən mənfəət güdür. Ermənistanın maraqlarını ifadə edən beynəlxalq lobbistlər son illər özlərini təkəbbürlü aparır. Hesab edirlər ki, onlar regionda vəziyyəti nəzarətə alıblar və gözləyirdilər ki, Qərb və Rusiya onların Azərbaycanın ünvanına səslənən saxta ittihamlarını təkrarlayacaq. Dağlıq Qarabağ məsələsində kompromis əldə etmək üçün ona təzyiq göstərəcək. Ümid edirdilər ki, dünya Ermənistanı deyil, Azərbaycanı regiona sülh və əmin-amanlığa təhlükə kimi görəcək. Və bu riskli strategiya dramatik bumeranqla nəticələndi. Belə ki, Ermənistan ümid etdiyi dəstəyi ala bilmədi”.
Ekspert sonda yazır ki, Ermənistan bir sıra səhvlər buraxıb: "Birinci, özünün beynəlxalq lobbi şəbəkəsinin imkanlarını həddən artıq yüksək qiymətləndirdi. İkinci də birbaşa birinci ilə əlaqəlidir. Nüfuzlu beynəlxalq lobbistlər əvvəlki kimi təsir vasitələrinə malik deyillər. Bu dəfə Ermənistanın iddialarına sadəcə, inanmadılar. Nəhayət, indi beynəlxalq ictimaiyyət Ermənistana daha çox təzyiq göstərməyə başlayacaq. Dünya artıq Ermənistanın beynəlxalq lobbi şəbəkəsinin manipulyasiyalarının kursundadır. İndi də beynəlxalq aləm Ermənistanı regionda sülhə təhlükə görür. Beləliklə, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağla bağlı siyasətini dəyişə bilər və daha çox Ermənistana təzyiq göstərə bilər. Tovuzdakı sonuncu toqquşma da Ermənistan üçün fəlakət oldu və bu səbəbdən də rəsmi Yerevan baş verənlərdə özündən başqa kimsəni ittiham etməli deyil”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər