AZE | RUS | ENG |

Sergi Atanın qələbəsi

Sergi Atanın qələbəsi
İnsanda mənəvi saflıq Tanrı tərəfindən bəxş edilmiş istedad kimidir. Heç bir etirafa, etiraza gərək duymayan ruhun sahibi büllur kimi saf daxili dünyanın daşıyıcısıdır. O, həm də təvazökar və səmimidir. Tanrı ilə bərabər, həm də Onun yaratdıqlarını, ən başlıcası isə insanları sevir. Dünyaya sevgi ilə baxan, nəfsinə, tamahına sahib çıxan kəslər müqəddəslik pilləsinə çatmaq imkanını qazanmış olur.
 
Amma qeyd etdiyim müddəalar üzrə yazdıqlarıma bir mühüm ştrix də əlavə olunmalıdır –bu, insan olaraq daxili dünyanı kirlənməkdən, ləkələnməkdən qorumağın mümkünsüzlüyünü etiraf etməkdir. Yəni həyatın istənilən nöqtəsində, küncündə, dalanında, lap ən müqəddəs hesab edilən məkanında belə günahdan uzaq durmaq qeyri-mümkündür. Bəs nə etməli? Özünü, mənəviyyatını hansı divarlar daxilində qorumalı? Bu zaman çıxış yolu olaraq xilas rolunu daşıyan cümlələri ard-arda düzmək qalır – insanın ən böyük xilaskarı da elə onun özüdür. Çünki, mərhəmətli və rəhmdil Tanrının əfv etmək lütfünə sığınaraq mənəvi cəhətdən arınmaq şansı həmişə var və günahkar bəndəyə bu şansdan yararlanmaq fürsəti verildiyi üçün, nə xoş halına...
 
Ömründə heç olmazsa bircə dəfə dua etmiş şəxs Tanrıya edilən ibadətin nə qədər gözəl duyğu olduğunun şahididir. Bütün pafoslardan, yalanlardan qurtulub Tanrı ilə təkbətək qalmağın ləzzətini bir dəfə dadmaq Ona ömürlük bağlanmağına vəsilə olur. Lakin səmimiyyət hissinin hakim olmadığı ibadət, dua, etiraf günahkar bəndənin növbəti məğlubiyyətidir. Tanrıya gedən yolun qəlbindən başladığına inanan insan bütün hallarda daxili dünyasının arınmasının qayğısına qalmalı, kindən, nifrətdən və bu səpgidə mənfur duyğulardan azad olmalıdır.
 
Ruhanilik isə şəxsi seçimə söykənir və bu seçim insandan bir növ individuallıq tələb edir. Tanrıya iman gətirməklə ruhanilik arasında bütöv bir ömür dayanır. Ruhani termininin kökündəki ruh sözü də sanki şəxsin Yaradana həm fiziki, həm də mənəvi, yəni cismi və ruhu ilə bağlılığına işarədir.
Lev Tolstoyun "Sergi ata” əsəri bu baxımdan ibrətamiz həyat hekayəsi hesab edilir. Şan-şöhrət qazanmış, kübar cəmiyyətin üzvünə çevrilmiş, çarın pərəstişkarı olan, həm də yüksək mədəniyyət sahibi Stepan Kasatskin sosiallıqdan uzaqlaşaraq Sergi ataya çevrilməsinə, zahidliyə çəkilməsindən başlamış, günlərini ibadətdə keçirməsinə, dünyəvi nemətlərdən uzaq dayanaraq kəskin pəhrizlərə qədər (o, su və qara çörəklə qidalanır) – bütün hallarda Tanrıya gedən yolun axtarışındadır. O, hətta möcüzələr göstərərək insanlara şəfa bəxş edir. Qalan ömrünü ibadətə həsr edərək yaşamaq qərarına gəlmiş bu qürurlu insan günah, peşmanlıq və bəraət arasında seçim etmək məcburiyyətində olanlar üçün ən faydalı örnəkdir. Lakin... onun ibadəti görünüş xatirinədir. Həqiqətlə üz-üzə qalaraq əsl inamını tərəziyə qoymaq məqamı yetişdikdə uzun illər ərzində ətrafdakıları, ən əsası isə özünü aldatdığını başa düşür.
 
Qəribədir ki, insanın xisləti əksər vəziyyətlərdə özünü aldatmağa meyllidir. İstər sosial mühitdə, istərsə də daxili dünyasında yalançı obraz yaratmaq bacarığı əslində, insanın əlahiddə fantaziya sahibi olmasının, xəyal qurmaq qabiliyyətinin göstəricisidir. O, fərqli, ağıllı, müqəddəs görünmək istəyir, həm də bu cür olduğuna inanır. Stepan Kasatski (Sergi ata) nişanlısının imperatorla eşq yaşadığını öyrənməsi nəticəsində kübar cəmiyyətə daxil olmaq üçün qət etdiyi yoldan birdəfəlik üz döndərir. Ləyaqət hissini qoruması onun əxlaq göstəricilərinin yüksək səviyyədə olmasından xəbər verir. Stepan Kasatskinin Sergi ata obrazına düşməsi həm də kübar cəmiyyətin kirlənmiş mühitindən uzaqlaşmaq cəhdidir.
 
Tolstoyun dahiliyi ondadır ki, o insan xarakterinin ən incə cizgilərini belə ortaya qoymağı bacarır, sanki ey oxucu, diqqətlə bax, bu sənsən, deyə pıçıldayır. Bu əsərlər bir növ cəmiyyətin ayrı-ayrı fərdlərinin üzünə tutulan güzgü rolunu oynayır. İnsanın özüylə üz-üzə gəlməsi isə heç də bütün hallarda uğurlu nəticə vermir. Səmimiyyət duyğusundan məhrum insanın bircə anlıq da olsa öz daxili dünyasına baxması həqiqətin faş olmasına gətirib çıxarır. İnsan isə həqiqətdən qorxur, elə bəla da bundadır.
 
Sergi doğru yolda olduğunu düşünür. Məhrumiyyətlərlə yaşamaq onun fikrincə Tanrıya yaxınlaşmaq üçün bir vasitədir. Yaşadığı məkana gələn yüngülxislətli Makovkinanın cazibəsinə tuş gəlməmək üçün barmağını balta ilə kəsdikdə nəfsini nə qədər cilovladığını nümayiş etdirməyə və insanların etibarını mütləq şəkildə əldə etməyə müvəffəq olur. Bəs sonra? Qapısına üz tutaraq nicat axtaran, şəfa tapmaq üçün gələn insanlara yardım edən Sergi necə olur ki, elə həmin insanlardan birinin, gənc ruhi xəstə qızın qarşısında zəiflik göstərərək, dünyəvi istəklərə tabe olur? Axı o, Stepan Kasatskidən Sergi ataya qədər heç də qısa olmayan yol qət etmiş, Tanrı qarşısına alnıaçıq çıxa bilmək üçün saysız məhrumiyyətlərə dözmüşdür. Axı bu cür şəxsin şəhvani istəyə tabeliyi heç bir normaya uyğun gəlmir.
 
Demək ki, mənəvi aləminə boylanmağın zamanı yetişib. Bu vaxt daxilinin bomboş olduğunu, inam duyğusunun, iman obyektinin sadəcə qurama olduğunu başa düşür. Məlum olur ki, bu günə qədər yaşadıqları yalandır, ibadətləri isə təsəllidən başqa bir şey deyil. Allahsız, inamsız dindar isə dindar deyil, kobud desək, parodiyadır.
İnsana həyat verən Tanrı ona həm də həmin həyatı şəxsin özünün sonlandırması üçün şərait yaradıb (bu seçim əksər dinlərdə günah hesab olunsa belə). Sergi intiharın günahkar əməllər sırasında olduğunu bilsə də, həmin şansdan yararlanmaq qərarına gəlir. Ümumiyyətlə, Tolstoyun həyatın mənasını axtaran digər qəhrəmanlarından fərqli olaraq, Sergi öz həyatını sanki eksperimentlər üzərində qurub. Lakin bu dəfə uğursuzluq qaçılmazdır – üzməyi bacardığı üçün suda boğulmayacağını, özünü asaraq həyatına son verə bilməyəcəyini anladıqda nə qədər çarəsiz, miskin vəziyyətə düşdüyünün fərqinə varır. O, hətta ölümü də seçə bilməz. Xalqın pərəstişini qazanmış qəhrəman Sergi məğlubiyyətin bircə addımlığındadır, bir sözlə, bu, əsl fiaskodur. Və elə bu zaman Tanrı ona günahdan arınmaq, ruhunu təmizləmək üçün şans yaradır. "Paşenkanın yanına get, nə etməli olduğunu, günahın nədir, xilasın nədədir ondan öyrən." Bu, Tanrının lütfü idi, mərhəməti idi.
 
Serginin qohumu Paşenka – Praskovya Mixaylovna yoxsul, məzlum insanlardan biridir. Bu zavallı qadıncığaz sanki uşaqlıqdan bəri əzilməyə, döyülməyə meyllidir. Nə ailə həyatından, nə də övladları sarıdan səadətə qovuşa bilməyən Paşenka öz içində nəhəng Tanrı sevgisi gəzdirir. O, Sergidən – Stepandan fərqli olaraq cəmiyyətə nə imanlı, nə də müqəddəs şəxs kimi təqdim edilə bilməz. Hətta ibadətxanaya da getmək imkanı olmayan Paşenka Serginin yalnış düşüncələrinə işıq salmasına səbəb olur. Heç demə, Sergi Tanrı üçün yaşadığını zənn etdiyi halda insanlar üçün yaşayırmış, Paşenka isə insanlardan ötrü yaşadığı qənaətində olmasına baxmayaraq, əslində hər zaman Tanrı ücün yaşayıb.
 
Sergi atanın şübhələri sübuta yetir – onun qondarma dindar həyatı, imanlı biri cildində keçən illəri əbəs imiş. Elə həmin andan şöhrətpərəst Sergi atanın Tanrının sadiq bəndəsi mərhələsinə keçidi baş verir... Həmin mərhələ isə şan-şöhrətdən, qəzəbdən, nifrətdən arınma ilə başlayır. O, artıq qarşısına çıxan məzlumlara, çarəsizlərə etdiyi yaxşılıqların, yardımların əvəzində minnətdarlıq gözləmədən dərhal onların olduğu yerdən uzaqlaşır və getdikcə içində gizlənmiş Tanrını duymağa başlayır. "İnsanların düşüncəsi nə qədər az əhəmiyyət daşıyırdısa, Tanrını o qədər çox hiss etməyə başladı". Və daxilindəki şübhə ilə Tanrıya inam arasında gedən savaşdan qalib olaraq ayrılan Sergi elə bu minvalla da yoluna davam edir...
 
Xatirə NURGÜL 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019