AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Sergey Lavrov Bakıda Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib

Sergey Lavrov Bakıda Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib

Təfsilat
11 May 2021, 17:08 745
Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mayın 11-də Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.
Kaspi.az xəbər verir ki, Rusiya XİN-in rəhbəri bu məbədin binasının 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilməsi barədə məlumatlandırılıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.
Qeyd olunub ki, 1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb. Bu, SSRİ-də uzun illər boyu dinə qadağa qoyulandan sonra Azərbaycanda fəaliyyətə başlamış ilk xristian məbədi idi. İki ildən sonra məbədə Sergi Radonejski kilsəsi əlavə edilib.
Müqəddəs Məryəm Mövlud kilsəsi təkcə ibadət məkanı deyil. Kilsənin nəzdində pravoslav ədəbiyyatı kitabxanası, uşaqlar üçün bazar günü məktəbi, yaşlılar üçün katexizasiya məktəbi və xeyriyyə yeməkxanası da fəaliyyət göstərir.
2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.
Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar. (Azərtac)