• çərşənbə, 24 Aprel, 11:50
  • Baku Bakı 13°C

Şərab turizminin mərkəzi kəndi - FOTOLAR

02.10.21 11:45 1258
Şərab turizminin mərkəzi kəndi - FOTOLAR
Meysəri qədim üzümçülük və şərabçılıq ənənələrini müasir dövrün turizm imkanları ilə birləşdirərək yeni Azərbaycan brendi təqdim etmək niyyətindədir
Azərbaycanın üzümçülük və şərabçılıq ənənələrinin min illərlə ölçülən yaşı var. Hətta Qafqazda şərabçılığın vətəni olması iddiaları da var. Sovet dövrünün yaratdığı tənəzzüldən uzun müddət sonra ölkəmizdə müxtəlif sortlu üzüm plantasiyalarının salınması, yeni müasir şərab istehsalı zavodlarının fəaliyyətə başlaması, məhsulun xaricə ixracı, bu sahənin inkişafına olan dövlət dəstəyi üzümçülük və şərabçılığın inkişafına təkan verib. Bu sahənin iqtisadiyyatımızda yaratdığı fayda, həmçinin turizm istiqamətli şərab turizmi və şərab marşrutlarını formalaşdırmağa səbəb olub. Hazırda bu gəlirli sahənin daha da inkişaf etdirilməsi diqqət mərkəzindədir. "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı” da bu məqsədə hesablanıb.


Azərbaycanda qərb, şimal və şimal-qərb turizm marşrutları üzrə 25-dən çox şərab zavodunun fəaliyyəti, beynəlxalq səviyyədə tanınan üzüm sortları, eləcə də şərabçılıq təcrübəsinin inkişafı bu sahəni iqtisadiyyatımızın prioritet qollarından birinə çevirib.

Turizm mərkəzi

Vaxtilə üzümçülük və şərabçılığın şöhrət qazandığı, iri aqrar rayon olan Şamaxıda köhnə ənənənin bərpası diqqəti bu bölgəyə, xüsusən qədim Meysəri kəndinə yönəldib. Kənd təsərrüfatının bu vacib sahəsinə diqqət üzümçülüklə məşğul olan sahibkarların fəaliyyətini gücləndirib, həmçinin yeni üzümçülük təsərrüfatlarının yaradılmasına yol açıb. Elə bu kənddə fransız üsulu ilə orqanik və biosertifikatlı şərab istehsal edən zavod açılıb. Prezident İlham Əliyev zavodun açılışında iştirak edərkən "Şamaxının çox böyük turizm potensialı var. Belə gözəl məkanları turistləri cəlb edir. Çünki bu, eyni zamanda, turizm mərkəzi olacaq”- deyə qeyd edib.


"Gülüstan” qalasına yaxın kənd

Meysəri kəndi Zoğalava çayının sahilində, dağlıq ərazidə yerləşir. 800 nəfərə yaxın əhalisi var. Füsunkar təbiəti, minerallarla zəngin bulaqları kəndin qonaq-qaralı olmasında böyük rol oynayır. Mənbələrə görə, kənd XV əsrdə Səfəvilərin ordu hissələrindən birinin adı ilə adlandırılıb. O dövrdə ordunun sol cinahı "cəvanğar” və ya "meysərə” adlanırmış.

İsmayıllı rayon Regional Mədəniyyət İdarəsinin Şamaxı rayon üzrə nümayəndəsi Rəfael Tağızadə Meysərinin qədim üzümçülük və şərabçılıq ənənələrinin olduğunu deyir: "Şamaxının çaxır ənənələri məhz bu kənddə pərvəriş tapıb. Bu kəndə gələn turistlərin marağına səbəb ola biləcək çox şey var. İnsanları mehriban və qonaqpərvərdir. Şirvanşahların müdafiə istehkamı sayılan "Gülüstan” qalası bu kəndin yaxınlığında yerləşir. Həmçinin kənddə albanların izinə məxsus tarixi abidə və müasir mədəniyyət nümunələri var. Yerli əhali təsərrüfatlarda çalışır. Bu kəndin, demək olar ki, işsizlik problemi yoxdur”.

Azərbaycan brendi kimi

Meysəri kəndində olarkən təsərrüfatlardan toplanıb zavodda istehsala yönəlmə mərhələsinə qədərki prosesi tur-bələdçi Nicat Məhərrəmov izah edir: "Bu kənddə əkilən yerli və xarici üzüm sortlarından hazırlanan Şirvan şərab növləri özünəməxsus dadı və ətri ilə seçilir.Üzüm bağlarında əkin və istehsal zamanı heç bir kimyəvi qatqıdan və ya əlavə şəkərdən istifadə edilmir. Qonaqlara tam orqanik şərab təqdim olunur. Məhsullar premium texnologiyalardan istifadə olunmaqla istehsal edilir ki, burda üzümün əllə yığımı əsas şərtdir. Yığım mövsümündə yerli əhali də cəlb olunur. Təsərrüfatlarda yerli üzüm sortları ilə yanaşı, Fransa və Gürcüstandan gətirilən tinglər də əkilir”.

Meysəridəki şərab zavodu müasir texnologiyalarla inşa edilib və Fransanın "Pera” şirkətinin avadanlıqları ilə təchiz olunub. Zavodda "Meysəri” markası ilə "Sədəf”, "Mərcan” və "Məxməri” adlı şərablar istehsal olunur.


Hazırda müəssisədə Meysəri kəndi və ətraf ərazilərin 250 nəfərdən çox sakini işlə təmin olunub. Təkcə Şamaxıdan deyil, Ağsudan, Bakıdan və başqa regionlardan gəlib işləyənlər var: "Məqsəd Şamaxının üzümçülük şöhrətini bərpa etmək, insanların işlə təminatına çalışmaq, məhsulu xaricdə tanıtmaq, şərabçılıq turizminə töhfə vermək və bölgənin turizm imkanlarını təqdim etməkdir”.

Ərazidəki şərab muzeyi turistlərin və yerli sakinlərin Meysəri şərabının dequstasiya etməsinə imkan yaradır. Kəndin şərabları Çin, Yaponiya və Polşaya ixrac edilir: "Almaniya və Rusiya ilə bu istiqamətdə danışıqlar son mərhələdədir. Çalışacağıq ki, məhsullarımızı Amerika bazarına da çıxara bilək. Zəngin şərabçılıq tarixi olan, milyonlarla ton istehsal edən ölkələrlə rəqabət etmək üçün bizə vaxt lazımdır. 4 illik nəticə isə göz qabağındadır: bizim şərablar bəyənilir və Azərbaycan brendi tanınır”.


Meysəri festivalı

Kənddə istehsal olunan şərabın dadı damaqlara yayıldıqca, xarici ölkələrdə ekzotik içki kimi təqdim olunduqca 2019-cu ildə ilk şərab festivalının keçirilməsi də gündəmə gəlib. Heydər Əliyev Fondunun dəstəyi ilə respublikamızda keçirilən ilk şərab festivalının rəmzləri olan çeşidli dekorasiyalar, yerli şərab istehsalçılarının dequstasiya pavilyonları, habelə qastronomik və etno zonalar, açıq havada yoqa və şərq döyüşləri üzrə səhər məşqlərinin xoş ovqatı hələ də iştirakçıların yaddaşındadır.

Dövlət Turizm Agentliyi təkcə şərab turizmi və marşrutları yaratmağı deyil, həmçinin Şərab festivalını ənənəyə çevirməyi düşünür. Turistik ölkələrin populyarlığında rol oynayan bu festivalların bizim ölkəyə də turistləri daha çox cəlb edəcəyi istisna edilmir. Məsələn, Gürcüstanda xristianlıqdan əvvəlki dövrlərdən bəri qeyd olunan və ailə tətili sayılan Rtveli Şərab Festivalı, Moldovada rəsmi bayram kimi qeyd edilən Milli Şərab Günü, insanların biri-birini başdan-ayağa şərabla islatdığı İspaniyanın Haro festivalı, italyan şərablarının dadını Aralıq dənizinin peyzajları qədər sevdirən Siciliya festivalı, şərab zirzəmilərinin qapılarını ziyarətçilərə açan Portuqaliya Şərabçılar festivalı kimi bizim də şərab festivalımızın maraq doğuracağına inam böyükdür.
"İter Vitis Qafqaz”

Azərbaycan Turizm Bürosunun Turizm məhsulu şöbəsinin müdiri Şərifə Həsənova "İter Vitis Qafqaz” layihəsini Qafqaz ölkələrini birləşdirən ilk yenilikçi transmilli marşrut kimi dəyərləndirir: "Bu marşrut Azərbaycan-Gürcüstan və Rusiyanı əhatə etməklə bu ölkələrdəki şərab bölgələrini, şərab zavodlarını, ev şərablarını və şərabla əlaqədar arxeoloji qazıntıları tanıtmaq üçün birləşdiriləcək. Qafqaz deyəndə ağıla Azərbaycanın gəlməsi üçün bu cür transmilli marşrutlar çox vacibdir. Qafqazın şərab mərkəzi olduğunu bu tip marşrutlarla dünyaya təqdim edə bilərik”. Ş.Həsənova Bakı-Abşeron, Şirvan, Şamaxı-İsmayıllı-Ağsu, Şimal-Qərb, Şəki-Zaqatala və tarixən mövcud olan Gəncə- Qazax zonası və Tovuza qədər ərazinin turizm marşrutu kimi müəyyənləşdiyini qeyd edir: "Ümid edirik ki, Qarabağ da əhatə olunandan sonra tezliklə Hadrut-Tuğ zonasına da şərab marşrutunun bir hissəsini yönləndirə biləcəyik. O cümlədən, Naxçıvanda da şərabçılıq bərpa olunur”.


Unudulmaz notlar

Hazırda tur-operatorlar tərəfindən yerli və xarici turistlərə xüsusi abı-hava yaradan, səyahətə fərqli və unudulmaz notlar qatan şərab turları təklif olunur. Turizm ekspertləri bu marşrutları turistlər üçün heyrətamiz abı-havadan zövq almaq, üzümçülük və şərabçılıq haqqında onları maraqlandıran bütün suallara cavab tapmaqda unikal fürsət hesab edirlər: "Bir gün xaricdən də şərab festivalına Hamburqa, Bordoya deyil, məhz Azərbaycana gələcəklər”. Qədim mədəniyyətin yeni təqdimatı isə ölkə iqtisadiyyatı və turizminə yalnız fayda gətirəcək.
Təranə Məhərrəmova
Bakı-Şamaxı-Meysəri

Məqalə Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir.

banner

Oxşar Xəbərlər