• cümə axşamı, 25 aprel, 11:12
  • Baku Bakı 14°C

Sənət söhbətləri

06.08.21 20:15 911
Sənət söhbətləri
Və ya rəssamlığın cəmiyyətin mənəvi tərbiyəsində rolu
Ta qədimlərdən başlayaraq insanlar öz gözəllik duyumlarını əvvəlcə cizgi, daha sonra isə rənglə ifadə etməyə başlayanda təbiətdə rast gəlinən rəngli piqmentlərin su ilə həll olunmasını üzə çıxarmışlar. Onlar bununla həm də sonradan "akvarel”(sulu boya) kimi tanınacaq rəngkarlıq texnikasının təsviri sənətdə tətbiqinin başlanğıcını qoymuş olublar.

Sonrakı illərdə bu texnikanın təşəkkülü və inkişafı, mövcud olduğu cəmiyyətlərin mədəni həyatındakı yeri də bir-birindən fərqli olmuşdur. Şərq əlyazmalarının yaranma tarixinin orta əsrlərin ortalarına təsadüf etdiyinin qarşılığında deməliyik ki, Azərbaycanda su ilə həll olunan rənglərin bu sahədə tətbiqi davamlı olmuşdur. Belə rəng texnikasının təsvirlərə şəffaflıq və təravətlilik bəxş etməsinin nəticəsidir ki, akvarel və tempera tərkibli rənglərlə çəkilmiş miniatürlərin yer aldığı əlyazmalar bu gün dünyanın ən məşhur muzeylərinin və nüfuzlu şəxsi kolleksiyalarının ən qiymətli eksponatı hesab olunmaqdadır.
Orta əsrlərin sonlarında Avropa və Rusiyadan yağlı boya texnikasının Azərbaycana daşınması və tətbiqi ilə ənənəviləşən akvarelin ikinci plana keçirilməsi baş vermişdir. Bununla belə, XX yüzilliyin əvvəllərində Bakıda rəssamlıq məktəbinin fəaliyyətə başlaması ilə, akvarelin tədris prosesində geniş istifadə zərurəti yaranmışdır. Beləcə, həmin vaxtdan indiyə qədər bu texnika milli rəssamlığımızda mühüm yer tutmaqla, Azərbaycan təsviri sənətinə, daha dəqiq desək, qrafika sənəti saxlancına mühüm töhfələr verilməsində aparıcı bədii-texniki vasitəyə çevrilmişdir. Amma müstəqillik illərində bu texnikaya münasibət duyulası dərəcədə dəyişmişdir. Bunun kökündə heç şübhəsiz, obyektiv və subyektiv səbəblər dayanır. Elə baş verənləri təhlil etmək və yaranmış vəziyyətdən çıxış yolu tapmaq məqsədilə Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyi "IWS Azerbaijan”ın və "Xətai” Sənət Mərkəzinin nəzdində açılmış "İWS Baku Khatai Art Gallery”nin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə bu günlərdə "Su və rəng ahəngi-2021” akvarel sərgisi çərçivəsində müzakirə keçirilmişdir.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımovun moderatorluğu ilə keçirilən müzakirədə akvarel sənətinin tarixinə, Azərbaycan rəssamlarının zaman-zaman işləməyə üstünlük verdiyi bu texnikanın tətbiqinə, qədim ənənələrə malik sahənin inkişaf tendensiyalarına və ölkəmizdə keçirilən son akvarel sərgisinin əhəmiyyətinə toxunulmuşdur. O, çıxışında bu texnikaya son bir neçə ildə "Xətai” Sənət Mərkəzində xüsusi diqqət yetirildiyini vurğulamaqla burada akvarel müsabiqə və sərgilərinin keçirildiyini minnətdarlıqla xatırlamışdır. Q.Qasımov həm də önəmli qrafika texnikası olan akvarelin dirçəldilməsi istiqamətində müxtəlif təşəbbüslərin irəli sürüldüyünü, haqqında söz açılan sərginin akvarelçi rəssamları bir araya gətirmək baxımından mühüm olduğunu vurğulamışdır. Çıxışçı bugünkü müzakirələrin də elmi-təcrübi baxımından gələcək fəaliyyət üçün önəm daşıyacağına inamını ifadə etmişdir.
Müzakirəyə qoşulan Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) təsisçisi və prezidenti, məşhur Türk rəssamı Atanur Doğan onlayn qaydada fikirlərini ifadə etmiş, dünyada və Türkiyədə bu sahədə görülən işlər barəsində məlumat verməklə Azərbaycanda da belə tədbirlərin keçirilməsinin zəruriliyini və əhəmiyyətini söyləmişdir.
Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, akvarelçi-rəssam Xasay Mirzəyev isə öz çıxışında təmsilçisi olduğu qurumun məqsədlərindən söz açaraq son dövrlərdə ikinci plana keçirilmiş akvarel texnikasının geniş yayılması üçün müəyyən addımlar atıldığını qeyd etmişdir.
Sənətşünas Z.Əliyev də aparılan müzakirənin vacibliyini dilə gətirməklə onun nəticələrinin gələcək fəaliyyət üçün müsbət təsir qoyacağına ümid bəslədiyini ifadə etmişdir. O, sovet dönəmində ayrı-ayrı sərgi müzakirələrinin keçirilməsinin ənənə şəklini aldığını xatırlatmaqla, iştirakçısı olduğu bu diskussiyanın da sənətin inkişafına təsir göstərəcəyini vurğulamışdır. Z.Əliyev akvarel texnikasına olan marağın zəifləməsində onun tətbiq dairəsinin məhdudluğunun az rol oynamasını xüsusi qeyd etmişdir. Onun qənaətincə, respublikada indiki duyulası inşaat bumunun qarşılığında, o qədər də baha başa gəlməyən akvarel texnikalı lövhələrin yeni tikililərin interyerlərində vacib estetik element kimi daxil edilməsi, bu məsələnin əlaqədar qurumlar qarşısında qaldırılması vəziyyətdən çıxışın bir forması ola bilər. O əlavə etmişdir ki, müasir kitab nəşrlərində rəssam təxəyyülünün nəticəsi olan tərtibat və illüstrasiyaların sıradan çıxarılıb onların internetdən götürülmüş plagiat tərtibatlarla əvəzlənməsi bütün mənalarda xoşagəlməzdir. Bunun öz-özlüyündə akvarel texnikasının tətbiqinə və inkişafına maneə olduğunu qeyd etmişdir.
Beynəlxalq Suluboya Cəmiyyətinin (İWS Globe) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Səbinə İskəndərova 2012-ci ildə yaradılan dünyəvi qurumun yerli təmsilçiliyinin son illərdə akvarellə bağlı yaddaqalan addımlar atdığını söyləməklə bu texnikanı yardımçı vasitə olmaqdan xilas etməklə vəziyyətdən çıxmağın mümkünlüyünü dilə gətirmişdir. O, son zamanlar bu texnikaya gənclər arasında marağın güclənməsini də qeyd etməklə, müxtəlif yaradıcı qurumların səylərini birləşdirməklə akvarelin əvvəlki şöhrətini qaytarılacağına ümid etdiyini söyləmişdir.
Akvarelçi-rəssam Pərviz Əliyev isə Azərbaycan akvarelinin yaradılmasının vacibliyindən söz açmışdır. O, Avropa və Rusiya ilə yanaşı, bizə uzaq-yaxın olan Şərq ölkələri rəssamlarının da "tanınma nişanı”na çevrilən akvarel lövhələrinin mövcudluğunu xatırlatmaqla bu yöndə addımların atılmasını, akvarel sahəsində təcrübəsi olan sənətkarların ustad dərslərinin təşkilini, beynəlxalq sərgi və müsabiqələrə qatılmanın praktiki əhəmiyyətinin olmasını vurğulamışdır.
Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi, akvarelçi-rəssam Cəlal Ağayev də həmkarının dediklərinə dəstək verməklə bu texnikanın bədii-texniki imkanlarının çox geniş olduğunu qeyd etmiş, davamlı axtarışlarla bədii özünəməxsusluğun əldə olunmasının mümkünlüyünü söyləmişdir.
Akvarelçi-rəssamlar Əbdüləmi Əliyev, İntiqam Cəfərov və Rafael Əsədov da öz çıxışlarında texnikanın müsbət məziyyətlərindən söz açmışlar. Onlar öz şəxsi təcrübələrindən nümunələr gətirməklə Azərbaycanda akvarelin dirçəldilməsinin bu sahəyə davamlı diqqət və qayğıdan keçdiyini bildirmişlər.
Sənətşünas Anar İskəndərov isə akvarelin dünyada yaranma və inkişaf mənzərəsinə ekskurs etməklə Qərb və Şərq akvarellərinin oxşar və fərqli xüsusiyyətlərinin estetikasından söz açmışdır. O, Şərq akvarellərində fəlsəfi məzmunun üstünlük təşkil etdiyini vurğulamaqla bu yanaşmanın Azərbaycan qrafika sənətinə daşınmasının yerli akvarel məktəbinin fərdi və fərqli bədii simaya malik olacağına ümid etdiyini bildirmişdir. A.İskəndərov bunun sayəsində qədim miniatür ənənələrinin müasir görkəmdə inkişaf etdirilməsinə də yol açılacağını vurğulamışdır.
Çıxışlara və səslənən təkliflərə münasibət bildirən "Xətai” Sənət Mərkəzinin rəhbəri Zahid Əvəzov da bu sahənin mövcud problemlərindən danışmış, ilk növbədə gələcək üçün fəaliyyət proqramının müəyyən olunmasının vacibliyini qeyd etmişdir. O, son illərin təcrübəsindən söz açmaqla gələcəkdə mərkəzdə silsilə ustad dərslərinin təşkilinin ümumi işə müsbət təsir edəcəyini bildirmişdir. Onun fikrincə, yenicə yaradılan "akvarel bazarı”nın Azərbaycan mədəni məkanında yer almasına yetişmək də, texnikanın daha geniş şəkildə ictimailəşməsinə yardımçı olardı. O, akvarelçi-rəssamların yaradıcılığının kütləvi informasiya vasitələrində təbliğinin də texnikanın dəyərinin və əhəmiyyətinin cəmiyyətə çatdırılmasında mühüm rolunun olacağına ümid bəslədiyini bildirib. Sonda o, ümumi səyləri birləşdirməklə qarşıda duran yaradıcı vəzifələrin uğurla yerinə yetiriləcəyinə inandığını ifadə etmişdir.
Sonda, keçirilən dəyirmi masanın əhəmiyyətini bir daha vurğulamaqla təsviri sənətin digər sahələrinin də problemlərlə baş-başa qaldığını qeyd etmək istərdik. Yalnız problemlərin mövcudluğunu etiraf etməklə, onu mütəxəssislərin iştirakı ilə müzakirə etməklə yaranmış vəziyyətdən düzgün çıxış yolu tapmaq mümkündür. Qənaətimizcə, "Xətai” Sənət Mərkəzində baş tutmuş müzakirəni də problemlərin həllini tezləşdirəcək başlanğıc hesab etmək olar...
Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi, professor



banner

Oxşar Xəbərlər