• şənbə, 20 Aprel, 18:19
  • Baku Bakı 24°C

“Sənədli filmlərin hər zaman öz tamaşaçısı olub”

23.11.19 12:30 972
“Sənədli filmlərin hər zaman öz tamaşaçısı olub”
Mütəxəssislər kinonun bu növünə az tələbat olması fikri ilə razılaşmırllar
Dünya kinosunun əsası sənədli-xronikal kadrlarla qoyulub. Belə ki, müəyyən mövzu üzrə müxtəlif araşdırmalar nəticəsində toplanan sənədli faktların bir film formatına gətirilməsi sənədli filmi ortaya çıxarıb. Kino sənətinin bu növü olmuş hadisələrin, gerçək həyatın lentə alınması əsasında yaranıb. Real hadisə və əhvalatların lentdə əks etdirilməsi nəticəsində meydana çıxan filmlər bədiilikdən kənar olmaqla, xalis informasiya xronikalarından bəhs edir. Sənədli kinonun əhəmiyyəti təkcə həyat hadisələrini birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. O, konkret faktları və hadisələri tutuşdurmaq və təhlil etmək üçün də geniş imkanlara malikdir. Bəs görəsən Azərbaycanda sənədli filmlər hansı səviyyədədir? Ümumiyyətlə, sənədli filmlərin izləyicisi varmı?
Bəzən deyirlər ki, bizdə sənədli filmlərdə balanslaşdırılma düzgün aparılmayıb. Bu film növünün auditoriyası düzgün seçilmədiyindən, kinonun bu növü sevilmir, baxılmır və televiziyalarda nümayiş olunduqda, reytinq toplamır.Yəni, təbiəti çəkən rejissorla tarixi çəkən rejissor eyni cür düşünə bilməz və düşünməməlidir də. Hər əlinə kamera alan da özünü sənədli film rejissoru kimi təqdim edir. Halbuki, sənədli film rejissoru araşdırma qabiliyyətinə malik olmalıdır. Bəzən isə televiziya filmi ilə sənədli film səhv salınır. Diplomlu rejissorlar telefilm çəkib, adını sənədli film qoyurlar. Əgər rejissor bir film çəkirsə, onu hansı auditoriya üçün çəkdiyini, nə istədiyini, nə gözlədiyini bilməlidir. Müşahidə isə sənədli filmin əsas qoludur.Amma rejissorlar çox az hallarda bunun fərqinə varırlar.
Ekspertlərimiz isə qeyd edir ki, sənədli film çəkmək üçün hər şeydən öncə istək və təcrübənin olması önəmlidir.
"Televiziyada ən çox pul aparan sahə sənədli filmlərdir”
Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin üzvü Tahir Tahiroviç bildirir ki, hazırda bizdə daha çox televiziyalar sənədli filmlərin istehsalı ilə məşğul olur: "Sənədli kinonun bazası son 50-60 ildə "Aztelefilm” yaradıcılıq birliyinin üzərinə düşürdü. Təəssüflər olsun ki, "Aztelefilm” yaradıcılıq birliyi fəaliyyətini redaksiya səviyyəsinə endirib. Bu qurum Azərbaycan Dövlət Televiziyasının binasında yerləşirdi. 2000-ci illərin əvvəllərində "Lider” televiziyası bu işlə məşğul olurdu. Bunlar daha çox film istehsalı ilə məşğul olan təşkilatlar idi. Mütəmadi olaraq televiziyalarda praymtime vaxtlarda həmin sənədli filmlər göstərilirdi. Daha sonra bu işi "Carçı film” davam etdirdi. ARB şirkətinin nəzdində olan "Aranfilm” mərkəzi son 3 ildə sənədli filmlərin istehsalı ilə məşğuldur. Bu günün tamaşaçısı sənədli filmləri televiziyadan izləyir. Televiziyalara gəldikdə isə, İctimai Televiziya və Mədəniyyət kanalını çıxmaq şərti ilə heç bir telekanal xüsusi olaraq sənədli filmə yer ayırmır. Mədəniyyət Nazirliyinin "Salnamə” kinostudiyası birbaşa bu işlə məşğuldur. Ancaq onlar da kütləvi istehsalla məşğul deyillər. Belə ki, ildə 5-6 sənədli film istehsal edirlər. Həmin filmlərin də nümayişi ancaq "Nizami” Kino Mərkəzində baş tutur. Bununla da iş bitir”.
"Rejissorların sənədli filmlərə yanaşması fərqli ola bilər”
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də Müəllif proqramları və xüsusi layihələr departamentinin rəhbəri Bəxtiyar Qaraca bildirir ki, sənədli filmlərin hər zaman öz tamaşaçısı olub: "Dünya kino industriyasında da sənədli filmlər sevilərək izlənilir. Azərbaycanda da kifayət qədər sənədli filmlər çəkilir. Hansı ki, onlar heç də faktların təqdimatına görə çəkilən bədii filmlərdən geri qalmır. Sənədli filmlərlə bağlı müxtəlif festivallar keçirilir, həmin filmlər kinostudiyalarda nümayiş etdirilir. Son illər ayrı-ayrı televiziyalarda, prodakşınlarda bu işlər görülür. Tez-tez sənədli filmlərin təqdimatları keçirilir. Bu ondan xəbər verir ki, vacib bir məsələ ətrafında çəkilən filmlər var. Yeri gəlmişkən, Azərbaycan televiziyasında bu yaxınlarda yubileyi qeyd olunan "Telefilm” bu işi öz üzərinə götürüb. Burada hər il xeyli maraqlı sənədli filmlər istehsal olunur. Bu filmlər vasitəsilə müxtəlif dövrlərdə qarşıya qoyulan məqsədlər həyata keçirilir. Son dövrlər yüksək səviyyədə sənədli filmlər çəkilir. "Telefilm”in imkanları da genişləndirilib. Bədii sənədli filmlərin çəkilişi də nəzərdə tutulub”.
B.Qaraca qeyd edir ki, günümüzün hadisələri ilə bağlı sənədli filmlərin çəkilməsinə ehtiyac var: "Misal üçün, Qarabağ hadisələri ilə bağlı kifayət qədər sənədli filmlər çəkilib. Bununla bərabər, aprel hadisələri ilə bağlı xeyli filmlər çəkildi. Şəxsən mən özüm də bu mövzuda xeyli işlədim. Bundan başqa, ölkəmiz üçün önəmli olan dahi şəxsiyyətlərimizlə bağlı filmlər üzərində çalışmışam. Ola bilər ki, rejissorların sənədli filmlərə yanaşması, baxış bucaqları fərqli olsun. Texniki imkanları güclü və zəif olsun”.
Müsahibimiz hazırda "Aleksandr Düma Azərbaycanda” adlı ssenarinin hazır olduğunu, yeni sənədli film üzərində çalışdığını bildirdi: "Hava şəraitinin yaxşılaşmasını gözləyirik. "Aleksandr Düma Azərbaycanda” filmi 3-4 hissəli nəzərdə tutulub. Canlandıra bilsək, Aleksandr Dümanın torpaqlarımıza səfərini göstərəcəyik. Belə ki, Dərbənddən başlayaraq, Qubadan keçərək, yolboyu gördükləri, görüşdüyü adamlar, hadisələr, eyni zamanda Sumqayıtla bağlı xatirələrini qeyd etmək istəyirik. Onun burada görüşdüyü azərbaycanlılar, mətbəximiz, insanlarımızla bağlı maraqlı fikirləri olub. Bakıda olmağı, Xurşudbanu Natəvanla görüşməyi, Xəzərlə bağlı təəssüratları bu filmdə əks olunacaq. Həmin dövrün tarixini canlandırmaq niyyətindəyik. Mənə elə gəlir ki, bu, bədii filmdən az təsir gücünə malik olmayacaq”.
"Seçim düzgün olmasa, filmin baxıcısı da olmayacaq”
Sənədli filmləri bir çox beynəlxalq festivallarda iştirak edən rejissor Rüfət Əsədov deyir ki, sənədli film çəkmək üçün ilk növbədə onun tamaşaçısının olub-olmayacağı haqqında düşünmək və bütün bunları hesabladıqdan sonra ciddi addım atmaq lazımdır: "Film çəkməmişdən öncə düşünmək lazımdır ki, çəkdiyin film auditoriya üçün maraqlıdırmı? Bu çox həlledici məqamdır. Seçim düzgün olmasa, filmin baxıcısı da olmayacaq. Ölü uşaq kimə lazımdır? Tutaq ki, sənədli film çəkdin, sonra onu neyləyəcəksən? Mən də film çəkməmişdən öncə onun haqqında düşünür, çəkəcəyim filmi harada, necə təqdim edəcəyim barədə götür-qoy edirəm. Mən dağ yəhudilərini araşdırdım və onlarla bağlı film çəkdim. Sizə deyim ki, bu tip filmlərin kifayət qədər tamaşaçısı var. "Kənddə sonuncu yəhudi” filmim təkcə Amerikada 40 dəfə nümayiş olunub. İnternetdə 100 mindən artıq baxış sayı var. Bu film komediya deyil ki, insanlar ona gülmək üçün baxsın. Heç şou-biznesə də aidiyyatı yoxdur. İnternetdən filmi izləyənlərə baxdıqda, şahidi oldum ki, tamamilə müxtəlif dinlərdən olan insanlar baxır, çünki burda insan taleyi var. Həmin filmdə cəmi iki kəlmə yəhudi sözündən istifadə olunub, yerdə qalan hamısı insani mövzudan bəhs edir”.
Rejissor deyir ki, noyabrın 6-dan 9-dək10-cu Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçirilib və münsif heyətinin üzvü kimi 150 sənədli film izləyib. İzlədiyi filmlər onda böyük təəssüratlar doğurub: "Çox təəssüf hissi keçirdim ki, baxdığım filmləri biz Azərbaycanda görmürük. Məsələn, festivala Misirdən bir qız telefonla sənədli film çəkib göndərmişdi. 8-9 dəqiqəlik film məni çox kövrəltdi. Festivalda İran, İsrail və bir çox ölkələrdən göndərilmiş möhtəşəm sənədli filmlər var idi”.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər