Sendviç yeyib dünyanı gəzən qız – Səyyah
Səyahət
etməyi sevir və edir də. Əslində, səyahət etməyə maraq göstərən adam çoxdur,
amma maliyyə məsələsinə görə bu istəklərini reallaşdıra bilmirlər. Amma o, az
maliyyə ilə də səyahət etməyin mümkün olduğunu deyir, çünki bunu edir. Və öz təcrübəsini
həm də sosial şəbəkələr, saytı vasitəsilə insanlarla bölüşür. Müsahibimiz gənc xanım səyyah Jalə Ələkbərovadır.
- Əslində, söhbətə ucuz səyahətlərə necə nail
olmağınızla başlamaq istəyirdim, amma səhifənizin adı diqqətimi çəkdiyi üçün
birinci ondan başlayaq. Niyə "Uzaq sahillərdə”?
- Çünki
bu ideya məndə uzaq sahillərdə olanda yaranıb. Həmin vaxt Bolqarıstanda
yaşayırdım. Çox səyahət edirdim və bu müddətdə həm də axtarışlarım olurdu.
Çünki hər hansı ölkəyə getməmişdən əvvəl "Necə gedəcəm”, "Haralara gedəcəm” və
s. sualları ətrafında böyük araşdırma aparırdım. Bütün araşdırmanı rus və
ingilis dilində edirdim. Axtarış etmişdim, amma səyahətlərlə bağlı müxtəlif məlumatlar
olan baza tapmamışdım. Düşünürdüm ki, azərbaycan dilində insanlar bu cür məlumatları
necə əldə edə bilərlər? Dedim ki, niyə də mən bunu yaratmayım? Əslində, həmişə
bloq yazmaq arzusunda olmuşam, amma nədən yazacağımla bağlı qərar verə
bilmirdim. Hər şeydən bir az yazmaq da istəmirdim. Fikirləşdim ki, həm gəzirəm,
bu məlumatları bilirəm, həm də paylaşmağı bacarıram. Və bunu etmək qərarına gəldim.
Sonra hansı ad altında bunu edəcəyim qalırdı. "Tık-tık xanım səyahətdə”, "Sənin
səyahət dostun” və s. çoxlu adlar səsləndirildi, amma sonda” Uzaq sahillərdə”ni
seçdim. Çünki hər dəfə bir uzaq sahildən insanları salamlayıram.
- Uzaq sahillərə getməyə maraq nə vaxtdan yaranıb?
- Həmişə
marağım olub, amma əvvəllər valideynlərim bununla bağlı mənə dəstək olmurdular.
Təxminən 18 yaşımı tamamladığım vaxtlarda. Sonra gördülər ki, mümkün deyil.
Valideynlərim adekvat düşüncəlidirlər. Məsələn, görsələr ki, hansısa proqramın
qalibi olmuşam, onların heç bir xərci filan da çıxmayacaq və bu zaman mənim
qarşımda maneə kimi də durmurlar. Mən valideynimə desəm ki, 1000 manat ver,
gedim gəzim. Bunu verməyə bilər, onun öhdəliyi də deyil. Onlar mənə xaricdə təhsil
almağa icazə vermirdilər, amma xəbərləri olmadan təqaüd proqramı uddum, 1000
avro təqaüd alırdım. Biləndə ki qalib olmuşam, valideynlərimə zəng vurub dedim ki,
Bolqarıstana təhsil almağa gedirəm, onlar da bunu normal qarşıladılar.
- İlk səfəriniz təhsillə bağlı oldu?
- Yox, mənim
o vaxta qədər də səfərlərim olmuşdu. İlk dəfə Gürcüstana, çalışdığım təşkilatın
layihəsi ilə bağlı getmişdim. Ümumiyyətlə, gərək övladlar valideynlərinə özlərini
təsdiqləsinlər. Valideyn bilsin ki, övladı boş işlə məşğul deyil. Valideynlərim
görürdü ki, təşkilatda çalışıram, layihələrlə bağlı səfərlərə gedirəm. İndiyə qədər
21 ölkədə olmuşam, bir çoxu proqramlar, layihələr, tədbirlər vasitəsilə olub.
Pulumu yığıb səyahət edirəm.
- Az maliyyə ilə səyahət də budur? Yəni pul olmasa
da olar, bacarmaq lazımdır...
- Əlbəttə.
"Uzaq sahillərdə”ni yaratmağımın səbəblərindən biri də odur ki, bildiyim
yolları insanlara izah edim. Doğrudan da səyahət etmək ucuz başa gələ bilir.
Müxtəlif proqramlar vasitəsilə bunu etmək mümkündür. Bu proqramlarla (Erasmus+,
EVS və s.) bağlı "İnstaqram” (@jala.alakbarova), "Facebook” səhifələrimdə ətraflı
danışıram, izah edirəm ki, məlumatlı olsunlar.
- Maraqlıdır, hər kəs bu proqramlar vasitəsilə səyahət
edə bilər?
- Əgər
ingilis dili biliyi, istək, bacarıq varsa, olar. Proqramla gedəndə bu səfərlərə
sırf gəzmək məqsədli də baxmaq olmaz, çünki layihədə Azərbaycanı təmsil etməyi
istəmək lazımdır. Eyni zamanda, qatıldığınız tədbirin mövzusu sizin üçün
maraqlı olmalıdır. Məsələn, gənclərin sosial aktivliyə cəlb olunması, insan
alveri və s. mövzularda ola bilər. Əgər könüllülüyü mənasız iş hesab edirsinizsə,
gənclərin sosial aktivliyi layihəsində iştirak edib nə danışacaqsınız? Layihənin
mövzusuna maraq varsa, istəyirlərsə, layihə yazmaq qabiliyyətləri də varsa,
seçilib rahatlıqla gedə bilərlər.
- Həmişə müraciət edəndə seçilirsiniz?
- Xeyir.
Məsələn, bu yay iki layihəyə müraciət etmişdim. Biri Litvada idi, o biri
Slovakiyada. Litvaya seçilmədim, amma Slovakiyaya qəbul aldım. 4 günlük layihə
idi, 10 günə yaxın qaldım.
- Layihələrlə bağlı gedəndə vaxtı uzatmaq olur?
- Layihə
vaxtı gəzməyə vaxt ayırmaq çətin olur. Məsələn, "Erasmus” proqramı ilə
gedirsinizsə, o zaman imkan yaradırlar ki, layihədən 3 gün əvvəl gedəsiniz,
yaxud sonra 3 gün artıq qalasınız. Çünki layihə boyu çox məşğul oluruq, hər gün
9-dan 6-ya qədər treninqlər, axşamlar hər hansı məşğuliyyətlər olur. Həftənin
bir günü boş olursan. Ondan başqa heç nə olmur. Ən yaxşısı, bir neçə gün artıq
qalıb, o günləri dəyərləndirməkdir.
- Necə dəyərləndirirsiniz o günləri?
- Məsələn,
Slovakiyada 4 günlük layihəyə dəvət almışdım, lakin bir həftəlik getdim. O səfərdə
Slovakiya ilə yanaşı, Macarıstan və Avstriyanı da gördüm. Avropaya bir dəfə
çıxıramsa, vaxt varsa, çalışıram ki maksimum dərəcədə qonşu ölkələrdə də olum.
O dediyim 3 ölkə bir-birinə yaxın olduğu üçün bu istəyim rahatlıqla reallaşdı.
Mümkün olmayanda isə heç olmasa getdiyim ölkədə iki şəhərdə olmağa çalışıram.
- Belə səyahətlərdə nə qədər maliyyə gedir?
- Macarıstanda
7 gün qaldım, 125 avro xərclədim. Çünki biletlərimizin və 4 günümüzün xərcləri
layihə çərçivəsində qarşılanırdı. Layihədən kənar günlərdə isə 10-15 avroya
hostellərdə qalıram, hər gün restoranda qidalanmıram. Çalışıram ki, bir dəfə
yemək 3-5 avronu keçməsin. Sendviç yeyib dünyanı gəzirəm. Düzdür, çalışıram ki
getdiyim ölkənin yerli mətbəxindən də nələrinsə dadına baxım. Təbii ki, hamısına
baxmaq mümkün deyil. Azərbaycana gələn turist həm aş, həm dolma, həm digər yeməkləri
yemək istəsə, bu, ona baha başa gələcək. Avropada isə qiymətlər ikiqat bahadır.
Getdiyim ölkənin bir yeməyini seçib dadına baxıram. Həm də ki, mən qastromon səyahəti
etmirəm. Kolbasa çörək də mənim üçün möhtəşəmdir. Hətta Avstriya ilə bağlı
videomda, sendviç hazırlamağı paylaşmışdım. Bir avroya doğranmış çörək alıram,
bir avroya doğranmış kolbasa, bir avroya da doğranmış pendir. Kolbasanı çox
sevirəm deyə belə yemək mənim üçün əladır.
- Bəzən görürsən ki, az pulla səyahət edənlər səfərlərindən
daha çox zövq alırlar, nəinki əlində kifayət qədər pulla gedənlər.
- Səyahətdən
zövq almaq bir bacarıqdır. Mamam deyir ki, sən bomj kimi gəzirsən. Amma mən
bundan zövq alıram. 5 ulduzlu otellərdə qalmağı istəmirəm. Əgər kimsə bunu mənim
üçün qarşılasa, gedərəm, gözəl. Amma qarşılamırsa, öz büdcəmlə gedirəmsə, çox dəbdəbəli
yerlərdə qalmaram. Hostel, 3 ulduzlu otel də kifayət edər. Səyahətin gözəlliyi
5 ulduzlu oteldə deyil. Ab-havada, mühitdə, insanlardadır. Sərbəst turlar olur,
tanımadığın insanlarla səfər edirsən, yeni insanlar tanıyırsan. Son zamanlar bu,
mənə maraqlı gəlir. Səyahətləri daha əyləncəli və maraqlı etməyə çalışıram.
- Sizdə avtostopa meyillilik də hiss olunur...
- Meyillilik
var, lakin təhlükəsizlik, doğulduğum mühit meyarları imkan vermir ki, Avropada
rahat avtostop edim. Bolqarıstanda bu cəhətdən problem yox idi. Azərbaycanda
qismən edirəm, evimizdən metroya filan. Amma rahatlıqla, burdan Tbilisiyə avtostop etdiyimi deyə bilmərəm. Yol yoldaşı
olsa, bəlkə gedərəm.
- Bizdə xanımın, tanımadığı əks cinsin maşınına
minməsi bir az qəbul olunmur. O maneəni artıq aşıbsınız?
- Bəli,
aşmışam, artıq məni maşına götürən pis nə isə fikirləşirsə, onun problemidir. Mən
avtostop məqsədilə maşına otururam, düşünürəm ki, indi minən kimi söhbət etməyə
çalışacaqlar, sual filan verəcəklər. Amma avtomobilə minəndən sonra çoxunu elə
bil tok vurur, şok olurlar, heç nə demirlər. "Ay da, maşınımda qız var, mən onu
yoldan götürmüşəm” kimi bir ab-havada olurlar.
- Səyahətlər sizə nə verib?
- Xoşbəxtlik.
Səfərlərdə ağzım qulaqlarımda olur. Layihələrə qatıldıqca, çoxlu xarici dostlar
qazanmışam. Bir çox ölkəyə getdikdə rahatlıqla onlara müraciət edə, evlərində
qala bilərəm. Onlar mənə dəvət göndərə bilərlər. Çoxlu mədəniyyətlər kəşf etmişəm.
- 7 ilə 21 ölkə gəzibsiniz. Azdır, ya çox?
- Nə
azdır, nə də çox. Amma davam edirəm, Avropa ölkələrində daha çox olmuşam, indi
Asiya, Afrika diqqətimi çəkir. Afrikada bircə Mərakeşdə olmuşam, amma Misirə
getməyi çox istəyirəm. Asiyaya təyyarə bileti baha başa gəlir. Bali, Nepal,
İndoneziya hələ ki, xəyaldır. Oralara getmək üçün pul toplamaq lazımdır. Çünki
orda layihələr az olur.
- Səyahət edənlərin başına müxtəlif hadisələr də gəlir.
Onlardan danışaq...
- Səyahətlər mənə, özündən başqa heç kimə
güvənməməyi öyrətdi. İkinci səfərim Türkiyəyə olmuşdu, təşkilatla getmişdik, rəfiqəm
və bir oğlan dostumuz. Layihədən sonra əlavə bir neçə gün qalmaq istəyirdik,
amma hostel-filan bron etməmişdik. Oğlan dostumuz Makedoniyaya gedəsi idi, bizə söz verdi ki, sizi yerbəyer etməmiş
heç yerə getməyəcəyəm. Türkiyədə oxuyan bir tələbə dostumuz var idi, dedi
hosteli neynirsiniz, tələbə evində qalıram, əlavə otağımız da var, gəlib
qalarsınız, heç nə lazım deyil. O oğlanın qısqanc sevgisili var idi, bizə orda
qalmağa imkan vermədi. Bunu əvvəldən bilsəydik, əslində problem olmazdı. 3 qız
gedəcəkdik, səhər tezdən çantaları toplayıb oğlanı gözləyirik ki, gəlib bizi
aparacaq. Zəng vururuq götürmür. Makedoniyaya gedən oğlan da dedi ki, təyyarəyə
gecikirəm, getməliyəm. "Taksim” meydanında bizi qoyub getdi. Mənimlə gedən rəfiqəm
də çox qorxaq idi, oturub ağlayırdı ki çöldə qaldıq, nə edəcəyik? Sağa-sola
baxdım ki, bizə heç kim kömək edən deyil, dedim gedək "Mcdolands”a. Orda
internetə qoşulduq, özümüzə hostel bron etdik. Gedib yerləşdik, qız hələ də
ağlayırdı (gülür). Bu hadisədən sonra bütün səyahətlərimi özüm planlayıram. Çox
hadisə başıma gəlib, amma özümü heç vaxt itirmirəm, problemləri həll etməyi
bilirəm.
Aygün
Asimqızı