Sənayenin qeyri neft-qaz sektorunda istehsal 15,7 faiz artıb

Sənayenin qeyri neft-qaz sektorunda istehsal 15,7 faiz artıb

İqtisadiyyat
12 İyul 2019, 14:30 8001
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən yanvar-iyun aylarında 23,6 milyard manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,7 faiz artıb.
Sənaye məhsulunun 25,6 faizi emal sektorunda istehsal olunub. Bu sektorda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, içkilərin istehsalı 65,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 51,2 faiz, hazır metal məmulatlarının istehsalı 47,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 30,8 faiz, kimya sənayesi məhsullarının istehsalı 30,4 faiz, kağız və karton istehsalı 28,6 faiz, mebel istehsalı 27,7 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,6 faiz, qida məhsullarının istehsalı 20 faiz, tütün məmulatlarının istehsalı 14,2 faiz, poliqrafiya məhsullarının istehsalı 10,6 faiz, maşın və avadanlıqların istehsalı 10 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 10 faiz, tikinti materiallarının istehsalı 8,9 faiz, əczaçılıq məhsullarının istehsalı 5,7 faiz, geyim istehsalı 3,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 1,8 faiz artıb.
Neft məhsullarının istehsalı 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı 8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı isə 18,2 faiz azalıb.