• çərşənbə axşamı, 19 mart, 13:08
  • Baku Bakı 8°C

Sənayenin neftdən asılılığının minimuma endirilməsi iqtisadiyyatın inkişafını sürətləndirir

05.08.21 19:30 376
Sənayenin neftdən asılılığının minimuma endirilməsi iqtisadiyyatın inkişafını sürətləndirir
COVID-19 pandemiyasının təsiri ilə Azərbaycan iqtisadiyyatında ötən ilin mayından nəzərə çarpan geriləmə düz bir ildən sonra dayanıb və artıq bu sahədə artım müşahidə olunur. Dünya iqtisadiyyatında hazırda da ciddi geriləmələrin nəzərə çarpdığı və bu səbəbdən Azərbaycan iqtisadiyyatının da müəyyən çətinliklər yaşadığı indiki vaxtda qeyri-neft sənayesində 10 faizdən çox artımın qeydə alınması Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan düzgün siyasətin məntiqi nəticəsidir.
BunuAZƏRTAC-a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.
O bildirib ki, cari ilin ötən aylarında neft-qaz sənayesində azalmaya baxmayaraq, qeyri-neft sektorundakı artım, belə bir müsbət dəyişiklik , ilk növbədə, neftdən əldə edilən gəlirin mərhələli şəkildə qeyri-neft sektoruna transfer olunmasından irəli gəlir. Başqa sözlə, qeyri-neft sektorunun tədrici inkişafı iqtisadi artımı şərtləndirir. Bax, elə bu səbəbə görədir ki, hazırda qeyri-neft sektorunun artım göstəricisi ümumi iqtisadi artımı üstələyir.
Ölkənin qeyri-neft sektorunda artım göstəricisini şərtləndirən bir məqamı da diqqətə çatdırmaq istərdim. Belə ki, ölkə rəhbərinin rəhbərliyi ilə son illər ərzində sənayenin neftdən asılılığının minimuma endirilməsi istiqamətində həyata keçirilən layihələr önəmli rol oynayıb. Bu sahədə reallaşdırılan modernləşdirilmə və strukturun təkmilləşdirilməsi siyasəti diqqətdə saxlanılıb, ixrac potensialının artırılması üçün enerjidən səmərəli istifadə edən, yüksək əlavə dəyər yaradan rəqabətqabiliyyətli istehsalının genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi məsələlər önə çəkilib. Bütün bunlar isə bir az əvvəl vurğuladığım ki, qeyri-neft sektorunda pozitiv göstəricilərin əldə olunmasını gerçəkləşdirib.
Bax, elə bunun nəticəsidir ki, iqtisadi artıma əsaslı təsir göstərən qeyri-neft-qaz sənayesi cari ilin ilk 5 ayında 16,2 faiz böyüyüb. Eyni zamanda, qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi son beş ildə 14,4 faizdən 17,9 faizə yüksəlib.
Emin Bağırov daha sonra deyib: "Onu da xatırlatmaq yerinə düşər ki, bu gün Qarabağda sürətlə aparılan bərpa-quruculuq işləri hesabına həmin göstəricilər daha da yüksələcək. İşğaldan azad edilən torpaqlarda emal və dağ-mədən sənayesinin inkişafının diqqətdə saxlanılması isə respublikanın ümumi sənayeləşməsinə öz töhfəsini verəcək.
Ölkənin qeyri-neft sektorunda bu ilin ötən aylarında nəzərə çarpan artım dinamikasından bəhs edərkən, kənd təsərrüfatı, informasiya, rabitə xidmətləri və pərakəndə ticarət sahələrindəki canlanmanı, həmçinin qeyri-neft ixracında qeydə alınan uğurlu tendensiyanı da xatırlatmaq istərdim. Sadalanan sıralamada daha çox diqqətçəkən xarici ticarət saldosunun yarımillik vəziyyətinin müsbət istiqaməti mühüm önəm daşıyır. Təbii ki, ölkəmizdə iqtisadiyyatın bu mühüm sahəsində yüksək göstəricilərin əldə olunması bu yöndə reallaşdırılan layihələrin məntiqi nəticəsidir. Burada İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən yerli məhsulların ixrac coğrafiyasının genişləndirilməsi, qeyri-neft məhsullarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi, "Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan edilməsi kimi məsələlər xüsusi önəm daşıyır”.
Emin Bağırov açıqlamasının sonunda statistik məlumatlara əsaslanaraq, qeyd edib ki, bu ilin ilk yarısında ölkəmizin xarici ticarət dövriyyəsi 14 milyard 202,26 milyon ABŞ dolları təşkil edib. Bunun da 8 milyard 811,10 milyon dolları ixracın, 5 milyard 391,16 milyon dolları idxalın payına düşüb. 3 milyard 419,94 milyon dollarlıq isə müsbət saldo yaranıb.
Azərbaycanın xarici ticarət dövriyyəsinin 89,9 faizi qonşu dövlətlər olan Türkiyə, Rusiya, İran, Gürcüstan, eyni zamanda, İtaliya, Çin, İspaniya, Ukrayna, Almaniya, Birləşmiş Krallıq, İsrail, ABŞ, Yaponiya, Koreya və s. ölkələrlə idxal-ixrac əməliyyatları nəticəsində formalaşıb.
Burada o da qeyd edilməlidir ki, ölkəmizin xarici ticarət əməliyyatları ümumi iqtisadi vəziyyətə, həmçinin beynəlxalq əməkdaşlığa müsbət təsir göstərərək, dinamik inkişafı şərtləndirir. Bu, eyni zamanda, son nəticədə Azərbaycanın dünya ölkələri ilə əməkdaşlığın möhkəmlənməsinə, beynəlxalq aləmdə nüfuzunu daha da artmasına gətirib çıxarır.
banner

Oxşar Xəbərlər