• şənbə, 20 Aprel, 14:06
  • Baku Bakı 23°C

“Sən belə şəraitdə yaşasaydın, ermənicə danışardın?”

29.01.18 18:59 768
“Sən belə şəraitdə yaşasaydın, ermənicə danışardın?”
Ermənistan və onun havadarlarının Dağlıq Qarabağda başlatdıqları hərbi əməliyyatlardan ən çox zərər çəkən, sözsüz ki, soydaşlarımızdır. Bir milyona yaxın soydaşımız əsrlər boyu yaşadıqları torpaqlardan zorla qovuldular. Bunun ardınca da, yaşadıqları torpaqlardan ermənilərin çıxarılması prosesi başladı. Öz rəhbərlərinin çirkin oyunlarının qurbanlarına çevrilən ermənilər arasında da qaçqınlar az deyil. Bəlli olduğu kimi, münaqişənin nə vaxt nizamlanacağı ilə bağlı müddət hələ dəqiq müəyyən olunmadığından, hakimiyyət bu kateqoriyadan olan insanlar üçün müvəqqəti saxlanc yerləri müəyyən edib. Rusiyanın nüfuzlu "Vestnik Kafkaza” nəşri hər iki ölkədə qaçqınların müvəqqəti saxlanc yerləri ilə bağlı araşdırma təqdim edib. Həmin material nəyi üzə çıxarıb? Fotolarla müqayisələr nəticəsində bəlli olur ki, ən acınacaqlı durum Ermənistandadır. Əgər Bakıda və ətraf yerlərdə qaçqınlar üçün bütün infrastrukturla tam təmin olunan yaşayış kompleksi salınırsa, Yerevanda bu sahədə vəziyyət dözülməz həddədir. Və tək acınacaqlı durum onların yerləşməsi ilə bağlı deyil. Artıq üçüncü onillikdir ki, Ermənistanda olan qaçqınlar ciddi problemlərin içində boğulurlar. Bu problemlərin nədən ibarət olduğunu "Epress.am” əməkdaşı ilə söhbətində Abovyan şəhərində yaşayan qaçqın Stella Arutunyan açıqlayıb. Reportajda xüsusilə qeyd edilir ki, hakimiyyətdə olan Qarabağ klanı qaçqınlar, eləcə də, Spitak zəlzələsindən zərər çəkənlər üçün ayrılan vəsaitlərdən öz gəlirlərini artırmaq üçün istifadə edib. Bu insanlar hələ də vaqonlarda yaşayırlar. Bu faktlar mehriban və dostluq şəraitində yaşayan iki xalq arasında qarşıdurma yaratmış Sarkisyan və Köçəryan rejiminin əsas məqsəd və hədəflərinin nədən ibarət olduğunu bütün çılpaqlığı ilə üzə çıxarır. Bu gün daşnak xislətli erməni hərbi xuntası millətçi şüarlardan yararlanaraq qaçqınların faciəsi üzərində sərvətlərini artırır, milyardlar mənimsəyirlər. Reportajda Stella Arutunyan ölkə ərazisində azad hərəkət etməsinə imkan verə bilən pasportu nümayiş etdirir. Lakin əlavə edir ki, onunla heç yerə çıxa bilmir. "Erməni hakimiyyət orqanlarının, baş nazir və prezidentin bütün səfirliklərə xüsusi tapşırığı var – qaçqınları buraxmamaq. Onlar BMT Konvensiyasının tələblərinə zidd gedərək, erməni hökumətinin tapşırığına əməl edirlər. Mən bütün səfirliklərdə olmuşam. Səfirlik əməkdaşları mənə deyirlər ki, nahaq yerə gəlirsən, bizə bu sənədi sənə verməyə qadağa var. Heç kim sənə viza verməyəcək. Ən yaxşısı qeyri-leqal yoldur. Biz hakimiyyət üçün gəlir yeriyik”. S.Arutunyan bildirir ki, Ermənistanda beynəlxalq ictimaiyyət qarşısında qaçqınların problemlərinin qabardan bir çox təşkilat, qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Onlar beynəlxalq ictimaiyyət qarşısında qaçqınların saxlanılması üçün vəsait ayrılması məsələsinin qabardırlar: "Kimsə bu vəsaitlərin hara sərf olunması, nəyə xərclənməsi ilə maraqlanıbmı? Qaçqınlar üçün evlərin tikilməsi ilə bağlı nə qədər maliyyə ayrılıb, haradadır bu tikililər? Qaçqının öz ölkəsində adaptasiya olunması üçün şərait yaradılmalıdır, bizdə isə yaşayış evləri bərbad gündədir”. Saytda dərc olunan materialda Dövlət Miqrasiya Xidmətinin rəhbəri Qaqik Yeqanyanın, fövqəladə vəziyyətlər və ərazi idarəetməsi üzrə nazirin keçmiş müavini Artaşes Baxşyanın (2016-cı ildən vəzifəsindən uzaqlaşdırılıb) və "Yataqxana” dövlət qeyri-kommersiya müəssisəsinin rəhbəri Murad Meclumyanın adları əks olunub. Sonuncu, uzun illər qaçqınlar üçün ayrılan vəsaitlərin, resursların bölgüsü ilə məşğul olub. Stella Arutunyan onları "quldur” adlandırır. "Onlarla rastlaşan şəxs yalnız bu sözü işlədə bilər. Bu, onlar barəsində işlədilə biləcək ən yüngül sözdür. Bu dəstə qaçqın düşən insanlara qarşı fəaliyyət göstərən əsl quldur dəstəsidir. Və bu cinayətlərinə görə hər hansı bir cəza belə almayıblar. Murad Meclumyan, Artaşes Baxşyan, Qaqik Yeqanyan barəsində müstəqil tədqiqat aparılmalıdır - nə qədər ev satıblar, necə talan edirlər, necə satırlar. Mənim Qarabağda olan uşaqlarım açıq şəkildə bildirirlər ki, sərhəddə döyüşməyə getməyəcəklər. Qoy özləri gedib döyüşsünlər”. Stella Arutunyan jurnalistə belə bir sual ünvanlayır - əgər sən belə şəraitdə yaşasaydın, heç ermənicə danışardın? Səndən bir əşya kimi istifadə olunan ölkənin vətəndaşı olmaq istərdin? Yaşayış üçün elementar vasitən belə yoxdursa, mətbəx, yuyunmaq yerindən məhrumsansa, polis səni qorxudursa, sənin barəsində saxta iş açırsa - belə yerdə qalarsan?” Onun sözlərinə görə, Ermənistan parlamentinin deputatları qaçqınların məsələsini qaldırmaq belə həvəsində deyilər. "Çünki, bunu özləri üçün başucalığı gətirən hal hesab etmirlər. Siz heç bilirsiniz ki, Ermənistanda yaşayış, yardımlar üçün nə qədər vəsait ayrılıb? Qızıl Xaç Cəmiyyəti ötən il yataqxanaların təmiri üçün 5 milyon dollar vəsait ayırıb. Bu pullar hara gedib? Bir paltaryuyan maşına?” - deyə qaçqın qadın bildirir. Daha sonra əhəmiyyətli bir mənəvi-psixoloji məsələ qaldırır: "Biz ermənilərik – lakin başqa, fərqli xalqlarıq. Burada hər şeyi yalan danışırlar. Mən ömrümdə heç vaxt yerli ermənilərə inanmaram. Mən İraq və Suriyadan olan qaçqınlarla dəfələrlə görüşmüşəm. Biz onlarla yaxınıq. Suriyalılar təmiz insanlardır. Onlar ermənilərlə yaşaya bilməzlər. Ən yaxşısı acı həqiqətdir. Yerli ermənilərə öz problemləri barədə danışmaq olmaz. Əgər problemin barədə azərbaycanlıya danışsan, o sənə kömək edəcək, erməniyə danışsan - bundan istifadə edəcək və səni əzəcək”. Ümumi xristian inamı barədə danışan Arutunyan bir şeyi anlaya bilmir: "Axı siz necə dindar insanlarsınız. Siz öz həyat tərziniz, fəaliyyətinizlə tam bunun əksisiniz”. Prezidentin fəaliyyətini şərh edən qaçqın xanım bildirir ki, Ermənistan prezidenti ona qane etmir: "O daha çox şəxsi var-dövlətinin necə artırmağı, öz ailəsi haqqında düşünür. Xalq, əsgərlər barəsində düşünmür. 10 ailə o qədər harınlayıblar ki, ölkəni qarət edib satıblar”. S.Arutunyan daha sonra korrupsiyaya uğrayan beynəlxalq və yerli QHT-lər, xüsusən də BMT və onun Ermənistandakı nümayəndəliyi, Qızıl Xaç, qaçqınlar, beynəlxalq hüquq barəsində danışıb. Ardınca, yenə də qaçqınlara məsul yerli erməni məmurlarının tənqidinə qayıdır. "Onların uşaqları xaricdə qaçqın kimi pulsuz yaşayır. Hansı ana uşağını kiminsə kazino və otelini qorumağa göndərər? Bu insanların övladları qoy özləri əllərinə silah götürüb əmlaklarını qorusunlar. Ermənistanda yalnız müharibə və seçki gedir. O zaman xalq yada düşür”, - deyə erməni qaçqın fikrini tamamlayıb.

Azər NURİYEV


banner

Oxşar Xəbərlər