• cümə, 29 Mart, 13:41
  • Baku Bakı 14°C

Səməd Vurğunun ev muzeyində “60-cılar... ” mövzusunda söhbət...

06.09.16 10:32 3516
Səməd Vurğunun ev muzeyində “60-cılar... ” mövzusunda söhbət...
Nüşabə Babayeva-Vəkilova:60-cı illər bütün SSRİ məkanında olduğu kimi, bizdə də intibah dövrü hesab edilə bilər. Mədəniyyətin bütün sahələrində modern estetika özünü göstərirdi. Musiqidə Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə, Arif Məlikov, Niyazi, rəssamlıqda Toğrul Nərimanbəyov, Tahir Salahov, Mikayıl Abdulayev, Səttar Bəhlulzadə faktı vardı ki, bizi dünyaya tanıdırdı. Ədəbiyyatda da belə misallar var. Vaqif Səmədoğlu həmin dövr haqqında özünün "Mənim 60-cı illərim” adlı məqaləsində ətraflı yazmışdı. "Mən əlimə ilk dəfə şair kimi qələm alanda ana dilində artıq "Şair, nə tez qocaldın, sən” , "Mən tələsmirəm”, "Qızıl gül olmayaydı...” kimi misraların musiqisi səslənirdi, "Nöqtə, nöqtə və nöqtə...” yazılmışdı və bu nöqtələrdən də yeni poeziya başlanırdı. "Xəzər suyu duzlu, adi dənizdir” misrası ritorikaya müharibə elan edirdi, yeni nəsil "parka gedən tramvayla” 60-cı illərə gedirdi. Yəni mənimçün 60-cı illərin əsas qiyməti kimlərinsə o dövrdə yaratdığı romanlar, povestlər, şeirlər, simfoniyalar, rəsm əsərləri deyil, bunlar öz yerində, mənimçün o dövr əsas mahiyyətlə Yeni Zövq yaranan bir zəmin kimi dəyərlidir. Və bu fenomen yalnız Azərbaycanda və o zamankı SSRİ-də yox, bütün dünyada baş verdi. 60-cı illər keçmişə, bu günə və gələcəyə yeni rakursdan baxış nöqtəsi idi”... 90-cı illərdə isə sərhəd qapıları daha geniş açlıldı, amma analiz etmək çətindir ki, dünyaya inteqrasiyamız uğurlu oldu ya yox...
Babək Qurbanov: Həqiqətən də, keçən əsrin 60-cı illəri, ümumiyyətlə, əski sovetlər ölkəsində və respublikamızda bir sosial canlanma, hərəkətlilik və mövcud sistemə qarşı müəyyən bir əks-fəaliyyət mövqeyi özünü göstərməyə başlamışdır. Uzun müddət rus şovinizmi və milli münasibətlərdə yanlış bir siyasətə təməllənən sosialist sistemi və ideologiyası geniş kütlələrin narazılığına səbəb olmuşdu ki, bu da sistemin dağılmasına aparırdı. Əslində, dalğavari bir şəkildə bu meyl bütün sovetlər ölkəsini bürüməyə başladı və təbiidir ki, Azərbaycanda da özünü göstərdi. Rusiyada Soljenitsin, Saxarov, Rastrapoviç kimi görkəmli elm və sənət adamlarıtək Azərbaycanda da Qara Qarayev, Niyazi, Arif Məlikov, Mikayıl Abdullayev kimi şəxsiyyətlər tədricən "sosialist realizmi” adı altında uydurulmuş bir ədəbi-bədii metodun estetik prinsiplərindən uzaqlaşmaq, dünya sənətində baş verən sosial-mədəni proseslərlə inteqrə olma meyllərini müdafiə etmək mövqeyini seçməli olurdular. Məsələn, görkəmli bəstəkarımız Qara Qarayevin aradıcılığına nəzər salsaq, bu söylədiklərimizi aydın bir şəkildə görmək mümkün olardı. Bəstəkarın "Üçüncü simfoniya”sı və "Skripka Konserti”ndə Qərb musiqisində istifadə olunan dodekafon sisteminin prinsiplərindən istifadə olunmuşdur. O dönəmlərdə bu qəbildən olan modernist cərəyanlar və təzahürlər "sosialist realizmi” prinsiplərindən uzaq sayılır və onlara meyl göstərən sənətkarlar hətta cəzalandırılırdı. Bütün bu qadağalara və təqiblərə baxmayaraq, Qara Qarayev Qərb dünyasında geniş intişar tapmış bu qəbildən olan modernist, mücərrəd cərəyanlarda belə mütərəqqi və realist sənət üçün yararlı ola biləcək prinsiplərin də mövcud olmasını sübut etməyə çalışır və yuxarıda qeyd etdiyimiz bu kimi əsərlərində bir daha onlardan yaradıcılıqla istifadə edə bilmişdir.
İradə Musayeva: Mən həmin dövr ilə bağlı Vaqif Səmədoğlunun fikrinə qayıtmaq istəyirəm. Nüşabə xanımın şairdən gətirdiyi sitatında maraqlı məqam var. Deyir ki, həmin dövr mənim üçün ona görə dəyərli idi ki, özündən sonrakı mərhələ üçün fundamental bir zəmin yarandı həmin illərdə... Doğrudan da elə idi. "70-cilər”, "80-ciılar” və hətta bugünkü ədəbi-estetik dəyərlərimiz də həmin nəslin formalaşdırdığı modern düşüncə yeniliyindən bəhrələndi. Sənətin məzmunu, forması dəyişdi və estetik çoxyönlülüyü zövqləri də yenilədi... Bir maraqlı yaradıcılıq faktı da onunla bağlı idi ki, incəsənətin, mədəniyyətin sahələri və bu sahələrlə məşğul olan insanlar bir sənət dairəsində deyil, müxtəlif kateqoriyalı yaradıcılıq (musiqi, poeziya, rəsm, dramaturgiya, publisistika və s.) qabiliyyətlərinin sintezini yaratdı. Vaqif Səmədoğlu da həm musiqiçi, həm də ədəbiyyatçı - daha doğrusu, ədəbiyyat adamı idi. Amma musiqiçi kimi istedadını da şair-dramaturq fəaliyyətinə qurban verdi. Uddu, ya uduzdu, demək çətindir. Hər halda bu seçimdən poeziyamız uddu...
Nüşabə Babayeva-Vəkilova:Vaqif müəllim də yazırdı ki, əhali və ərazi baxımından çox da böyük olmayan Azərbaycan 60-cı illərdə İntibahın dünyada baş verən bədii hadisələrinin əksəriyyətindən gen düşmədi, bir çox sahələrdə öz sözünü dedi. Bir çox özündən böyük ölkələri geridə qoydu. Hətta Avropa və Amerika qitələrində yerləşən dövlətləri belə. O zaman SSRİ-də ad-san qazanmış sənətkarlar arasında, forma və üslub baxımından ən çağdaş, modernist bəstəkar və şair bizim torpağın oğulları idi...
İradə Musayeva: Sonrakı hadisələrdə, müstəqillik arzusunun mübarizə əzminə çevrilməsi prosesində də o azad düşüncənin rolu olub...
Babək Qurbanov: Bir şeyi də xatırlatmaq istərdim, belə ki, bir müddət xalq kütlələrinin geniş miqyaslı narazılığını ifadə edən etiraz aksiyaları, yürüşləri, heç şübhəsiz, ziyalılarımızın bir çoxlarının da bu hadisələrdə iştirak etmələrinə, xalqın istək-arzularını əsərlərində ifadə etmələrinə səbəb olmuşdur. Bu baxımdan İsmail Şıxlı, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Sabir Əhmədov, Yusif Səmədoğlu. Vaqif Səmədoğlu kimi şair və yazıçılarımızın adlarını xatırlatmaq istərdim. Heç şübhəsiz, yuxarıda qeyd etdiyimiz kütləvi xalq hərəkatı və milli şüurun formalaşmasında, müstəqillik ideyalarının xalq arasında daha böyük miqyasda yer almasında bu şəxsiyyətlərin rolu xüsusilə böyük olmuşdur. Ümumiyyətlə, burada klassik sənətkarlarımızın da daima azadlığa, müstəqilliyə səsləyən əsərlərinin də rolunu unutmamalıyıq. Zənnimizcə, keçən əsrin 60-cı illərindən başlayan əbəbi-bədii prosesin hazırlanmasında keçmişin realist ənənələrinin rolunu da heç cürə unutmamalı, əslində bu mütərəqqi prosesi keçmişin mütərəqqi ənənələrindən, bədii-estetik prinsiplərindən ayırmamalıyıq. 60-cı illərin ədəbi-bədii hadisələrini hər nə qədər cəmiyyətin yeniləşdirilməsi, demokratik prinsiplərin həyata keçirilməsi yolunda mühüm addımlar hesab etsək də, (hətta bəziləri tərəfindən tez-tələsik bu prosesi az qala ədəbiyyatımızda məhz ancaq o dövrə aid olan, yəni 60-cı illərdən başlayan intibah dövrü kimi qələmə alınır) əslində isə bu dövrün mədəniyyət və elm, sənət sahəsində keçmişin izi görünməkdədir.... ədəbi klassik ənənlərimizin prinsipləri və bu ənənələrdən yaradıcılıqla yararlanma xüsusiyyətlərini görə bilirik.
İradə Musayeva: Maraqlıdır ki, Vaqif Səmədoğlu da sözügedən məqaləsində 60-cıların modernist yaradıcılıq tendensiyasını bir çox hallarda klassik ədəbiyyat intibahı ilə bağlayırdı. Məsələn, deyirdi ki, 60-cılar özlərini kütləvi şəkildə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirin davamçıları elan etdilər...
Babək Qurbanov:Tanınmış yazarımız Anarın bir sıra əsərləri (kino sənətimizdə önəmli yeri olan "Dədə Qorqud”, Üzeyir Hacıbəyli, Hüseyn Cavid və s. mövzular ilə bağlı əsərləri ) söylədiklərimizə örnək ola bilər. 60-cı illər sənətimizin canlanmasında, Yeni təfəkkür tərzinin formalaşmasında, mədəniyyətimizin xarici ölkələrdə belə tanınmasında Emin Sabitoğlu, Oqtay Kazımov, "Qaya” vokal-instrumental ansamblının və s. xüsusi rolu olmuşdur. Anarın demək olar ki ilk dəfə olaraq o dönəmin ideoloji və dəmir pərdə çərçivələrindən uzaqlaşa bilən, sənətdə pluralizm meylini (müxtəlif dünyagörüşlü və yaradıcılıq üslublarını ifadə edə bilən sənət adamlarına səhifələrini aça bilən) həyata keçirə bilən "Qobustan” dərgisini də yada salmaq lazımdır. Burada müasir Azərbaycan sənətində baş verən yeni-yeni bədii hadisələr, eyni zamanda dünya mədəniyyətindəki bədii proseslərlə əlaqədar maraqlı yazılar dərc olunur, bir çox modernist cərəyanlar haqqında maraqlı məlumatlar verilirdi. Təbii ki, bu mütərəqqi və maarifçilik meylləri, elə zənnimizcə "Qobustan” kimi azadfikirlilik və demokratik prinsipləri müdafiə edən mətbuat orqanlarına da hakim ideologiya tərəfdarları tərəfindən qadağalar və təqiblər tətbiq olunmaqda idi.
Təəssüf ki, yuxarıda qeyd etdiyimiz mütərəqqi meylin daha sonralar bir qədər zəifləməsinin şahidi olduq. Yəni bu tarixi dönəmin, xalq kütlələrinin hegemon sistemə qarşı baş qaldırdığı bir dönəmdə insanların keçirdikləri sosial-psixoloji vəziyyət, ruh halları, istək-arzuları, bu "əks durmanın” əsas səbəbləri ədəbi əsərlərdə bədii bir dillə ifadə olunmasının əsas (milli, ideoloji, dini, psixoloji, kulturoloji və s.) səbəblərini ifadə edə bilən monumental bir əsərlə hələ də rastlaşa bilmirik.
Renesans (kimi bəzən qələmə alınan bu tarixi dönəmi izah edərkən bu kulturoloji-fəlsəfi anlamın daha geniş bir mənaya malik olmasından söz edilməkdədir. Belə ki sənətə, ümumilikdə mədəniyyətin hərtərəfli inkişafında, çiçəklənməsində müəyyən bir zirvə mərhələsi olan, uzun bir tarixi dönəmi əhatə edən (məsələn, bu cərəyanın İtaliyada meydana gəlməsi və əsasən 14-16-cı əsrləri əhatə etməsindən söz edilir, eynilə onun daha sonralar Avropanın digər ölkələrində meydana gəlməsi, Rusiyada isə XIX əsrin ikinci yarısından etibarən meydana gəlməsi gerçəkliyini mütəxəssislər qeyd etməkdədirlər.) Bu səbəblərdən dolayı elə bilirəm ki, 60-cı illərin bədii yaradıcılıq sahəsindəki başarılarının intibah hadisəsi kimi qələmə almaq hələ ki bir çox səbəblərdə, həmçinin elə zaman baxımından da erkən olduğunu söyləməyə haqq verir - deyə düşünürəm.
İradə Musayeva: Biz bayaq 60-cılardan danışdıq. Amma bu gün 30-40-cı illər ədəbi nəsli haqqında fikir birmənalı deyil. Bu nəslin nümayəndələrindən çoxu məhz həmin 60-cıların ataları idi... Qəribədir, nə üçün oğullar ataların yolunu getmədi, sanki yenidən doğuldular...Deməli, bu fikirdə həqiqət var ki, insanlar öz zəmanələrinin övladlarıdırlar...
Babək Qurbanov: O yazıçı və şairlər sovet dönəmində və məkanında sayılan və əsərləri respublikamızın kənarlarında belə geniş yayılan, təbliğ edilən sənətkarlarımızdan idilər. Xoşbəxtlikdən onların bir çoxunu canlı olaraq görmüş və əsərləri ilə tanış olmuşam. Çox qəribə də olsa qeyd etmək lazımdır ki, onların yaradıcılıq üslubları, dəst-xətləri bir-birilərindən çox seçilirdi, lakin həyat həqiqətləri, real gerçəkliklər onların əsərlərinin ana xəttini təşkil edir və bu əsərləri minlərcə, milyonlarca oxuculara sevdirən cəhətlərdən olduğunu söyləmək mümkün idi. Bu şəxsiyyətlərin yalnız adlarını saysaq belə onların ədəbiyyatımızda nə qədər önəmli yer tutduqlarını görə bilərik: Mir Cəlal, Səməd Vurğun, Mirzə İbrahimov, Rəzul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov, Mehdi Hüseyn, Əli Vəliyev, İlyas Əfəndiyev, Məmməd Cəfər, Məmməd Arif, Əziz Mirəhmədov və başqalarının adlarını hörmətlə yad etmək istərdim. Heç şübhəsiz, bu ədiblərimizin yaradıcılığı özlərindən sonra gələn nəsillərə öz müsbət təsirini göstərə bilmişdir. Lakin yeni həyat tərzi, cəmiyyətdə baş verən sosial-mədəni hadisələr, sosial mühit, müxtəlif ictimai konfliktlər və hadisələr təbii olaraq bu nəslin yaradıcılığında yeni-yeni bədii hadisələrin, mövzuların, bədii-estetik ifadə-təsvir vasitələrinin də ortaya çıxmasına səbəb olmaqda idi.
Zənnim, bu problemi Batı ölkələrindəki kimi izah etmək bir qədər yanlış görünə bilər. Bizim mənəvi dünyamızda həmçinin Müsəlman aləmində mirasçılıq qayda-qanunları, adət-ənənələri hər zaman olduqca güclü olmuşdur. Bir çox dünya ədəbiyyatı nümunələrində Voyniçin "Ovod” , Turgenyevin "Atalar və oğullar” Çernışevskinin "Nə etməli” və başqalarının bu kimi əsərlərində belə bir meyli görmək mümkündür. Əslində bu problem ədəbi yox, sosial-mədəni, sosial-psixoloji bir problemdir və onların bir növ sənətdə əks olunmasıdır, yəni bu problemin bədii-estetik baxımdan ifadəsidir. Zənnimcə, əslində atalar və oğullar arsında fərqliklər, ziddiyyətlər hər bir tarixi inkişaf mərhələlərində olmuş, lakin bu ziddiyyətləri bəziləri kimi antoqonist ziddiyyətlər olaraq görmək yanlış ola bilir. Unutmamaq lazımdır ki, ümumiyyətlə, bu ziddiyyətlər inkişafın təkanverici bir qüvvəsidir və onlar olmadan heç bir sahədə tərəqqidən və inkişafdan söz açmaq olmaz. Bu ziddiyyətlərin kökünü isə yalnız ailə-məişət problemlərində aramaq yəni əslində mövzuya "okal bir baxış mövqeyindən yanaşmaq sosioloq və filosof, kulturoloq üçün qaneedici görünmür.
Düzünü desək, o dönəmin insanları o qədər də övladları ilə indiki insanlar kimi təmas saxlamırdılar, həddindən artıq övladlarının kaprizləri, bəzən hüdudsuz istəklərinə meydan vermirdilər. O nəslin nümayəndələri, İkinci Dünya müharibəsinin odlu-alovlu, ölüm-itimli günlərindən çıxmış insanlar idi və həyata nə isə başqa bir gözlə baxır, mənəvi təmizlik, əxlaqi dəyərlər, ahəngdar ailə həyatı, insanın halal zəhmətlə xoşbəxt olacağı inancında olan insanlar idi.
Nüşabə Babayeva-Vəkilova:Azərbaycandan kənarda, amma Azərbaycan üçün yaşamaq, mücadilə etmək də olur. Vətənin tarixi, ədəbiyyatı, mədəniyyəti, itirilmiş torpaqları və s. bu kimi problemlərini qabartmaq, daha geniş auditoriyalara yaymaq işində Babək müəllim də öz xidmətini göstərir, təbii ki...
Babək Qurbanov: Türkiyə kimi bir məmləkətdə belə bizi o qədər də yaxşı tanımırlar. Bir dəfə Iğdırdan avtobusla Ərzuruma getdiyim zaman yanımda bir Türk vətəndaşı oturmuşdu. Görünüşündən ziyalıya bənzəyirdi. Maraqla söhbət edirdik. Ermənistanla olan sərhəddin yanından keçirdik, söhbətimi davam etdirmək, həm də həmsöhbət yoldaşımın fikrini öyrənmək üçün - bu sağ tərəfdə, ssərhəddin o tayındakı hansı ölkədir – soruşdum. Dedi Sovet İmperiyasıdır.. Anladım ki, indiyə kimi bu adam qonşularının kim olduğunu bilmir. Kiçik şəxsi araşdırmalarıma əsaslanaraq etiraf edim ki, Türkiyədə hələ də bizim böyük şəxsiyyətlərimizi - Bəhmənyarı, Nizamini, Füzulini, Nəsimini, Üzeyir Hacıbəylini, Səməd Vurğunu və başqalarını o qədər də tanımırlar. Mütəxəssislər belə Nizaminin fars şairi, Füzuli və Nəsiminin sadəcə olaraq Türk şairi olduqlarına inanırlar. Biri Üzeyir Hacıbəylinin dünyaca məşhur "Azərbaycan xalq musiqisinin əsasları” kitabının tərcüməsini öz adına belə çıxmışdır. Türk-Azərbaycan mədəni əlaqələrinin inkişafında, genişlənməsində onların fəaliyyətlərini unutmamaq lazımdır. Mədəniyyətimizin geniş təbliği və qalıcı, davamlı, əbədi olması yolunda xaricdə yaşayan və çalışan mütəxəssislərin fəaliyyət və syylərinin rolu da olduqca faydalı ola bilərdi.
İradə Musayeva:Doğrudur, amma Babək müəllim, "Beyin axını” –deyilən ağrılı bir ifadə var... Bu gün biz bu mənəvi-intellektual itki ilə üz-üzə dayanmışıq. Qorxuram ki, bu işin sonunda, bu kənara, başqa ölkələrə intellekt axınının sonunda bir gün oyanıb boşluğa düşəcəyimizi görək...
Babək Qurbanov: Sovet İmperiyası dağılandan sonra bir çox elm və sənət adamlarımız ölkəmizdən uzaqlarda, daha çox da qardaş Türkiyə Cümhuriyyətində çalışmağa başladılar. Onlar heç şübhəsiz xalqımızın, mənəvi dünyamızın bir parçasını da özləri ilə aparmış oldular. Əslində elə bunun özü eyni zamanda milli mədəniyyətimizin, adət-ənənələrimizin, min illiklərdən gələn sənətimizin, həmçinin müasir sənətimizin təbliği demək idi. Bu ölkələrə gəlmiş adamlarımızın çoxu ölkəmizdə gedən ictimai-siyasi prosesləri, demokratiya yolunda xalqımızın əldə etdiyi uğurları, həmçinin elm və sənət sahəsindəki nailiyyətlərlə dünya ictimaiyyətini tanış etmək yolunda çox işlər görürlər.
Həqiqətən də keçən əsrin 20-ci illərindən başlayaraq digər ölkələrə köç etmələrin şahidi olmaq mümkün idi. Təbii ki, bunun bir çox səbəbləri var idi. Belə bir vəziyyət uzun müddət basqı, qorxu, haqsızlıqlar, sosial bərabəsizlik mühitində yaşayan insanların yaranmış şəraitdən istifadə edərək xarici ölkələrə getməklə canlarını qurtarmaq istəyindən irəli gəlməkdə idi. "Beyin axını” terminin də əsasən daha çox bu dönəmlərdə ortaya çıxmasını söyləmək mümkündür. Lakin bu anlayışın məcburi köçlərlə eyniləşdirmək qeyri-mümkündür. Qərb ölkələri "beyin axını” anlayışı dedikdə əsasən intellektual səviyyəyə malik və öz sahəsini dərindən bilən mütəxəssislərin ölkələrinə gətirilməsini nəzərdə tutmaqdadırlar.
Cəmiyyətin inkişaf tarixi sübut edir ki, inkişaf heç də hər zaman düz xətli deyil. Müharibələr, ticari əlaqələr, tarixi-mədəni proseslər və qarşıdurmalar, sosial- ideoloji hadisələr, maarifçilik hərəkatları, azadlıq və müstəqillik uğurundakı mübarizələr və s. əlbəttə hər bir millətin mədəni inkişaf tarixində müəyyən müsbət və ya bəzən hətta mənfi rol da oynaya bilmişdir. Bununla belə, ayaqda qala bilmək, öz tarixi yolunu davam etdirmək kimi xüsusiyyətlər yalnız o millətlərə xas ola bilir ki, onlar keçmişin mənəvi dəyərlərinə qayğı ilə yanaşa bilir hər bir kəsdə mahnı və rəqsləri ilə, qədim dekorativ-tətbiqi sənətləri ilə, folklor yaradıcılığı ilə yaxından maraqlandırmaq yolunu tutur.
Mədəniyyətimizin inkişafını əngəlləyə bilən bir cəhət də belə düşünürəm ki, kütləvi mədəni tədbirlər təşkil edə bilən professional mütəxəssislərin istənilən qədər olmamasıdır. Bəzən mədəniyyət müəssisələrinə bu sahədə səriştəsi olmayan və ya hətta buraya başqa bir sahənin adamının gətirilməsi kimi hallar da xeyirdən çox zərər verə bilir. Ümumiyyətlə mədəniyyət sahəsinin olduqca spesifik və geniş erudisiya və ensiklopedik bilik, həmçinin intellektual-potensial tələb edən bir sahənin olmasını unutmamaq lazımdır.
Daha geniş və mürəkkəb sosioloji problemləri əhatə edən mədəni tərəqqi, eləcə də estetik mədəniyyət anlayışları müəyyən mənada yuxarıdakı məsələlərlə sıxı bir şəkildə əlaqəlidir. Biz bu problemləri həll etmək yolunda ümumiyyətlə ahəngdar inkişaf anlayışından çıxış etməyin daha faydalı ola biləcəyinə inanırıq.
banner

Oxşar Xəbərlər