• cümə, 29 Mart, 02:56
  • Baku Bakı 7°C

Şəkinin Qayabaşı məktəbi 85 illik yubileyinə hazırlaşır

29.11.13 08:58 3914
Şəkinin Qayabaşı məktəbi 85 illik yubileyinə hazırlaşır
Uzaq 1928-ci ildə - Azərbaycanda Sovetlərin hakimiyyəti qurulduqdan 8 il sonra Şəki rayonunun Qayabaşı kəndində savadsızlığın ləğvinə, bu məqsədlə ibtidai məktəbin əsasının qoyulmasına başlanıldı. O dövrün çətin, qarmaqarışıq illərində məktəb üçün nəinki müvafiq bina, hətta stol-stul, parta olmadığı üçün oktyabrın əvvəllərində başlanmış ilk dərslərdə şagirdlər müəllimi qədim alban kilsəsinin həyətindəki iri daşlar üzərində iki-bir, üç-bir oturaraq dinləyirdilər.
Təbii ki, əvvəllər kənddə hər hansı bir təhsil ocağı olmadığından ilk vaxtlar məktəb yalnız bir sinifdən – 1-ci sinifdən ibarəyt idi. Ancaq şagirdlər təkcə 8-10 yaşlı uşaqlardan deyil, həm də heç vaxt təhsil görməmiş daha böyük uşaqlardan və hətta 20-30, 40-50 yaşlı kənd sakinlərindən ibarət idi. Belə bir “kontinqent”ə malik bir “məktəbdə” dərs demək, əlbəttə ki, heç də asan, problemsiz deyildi. Lakin o dövrün ilk kənd müəllimi savadsızlığın hökm sürdüyü bir yerdə yeni bir maariflənmə həyatının başlanmasından, kənd sakinlərinə yazıb-oxumaq öyrətməyin sevincini yaşamaqdan fərəh duyaraq, dərsləri həvəslə, maraqla aparır, bu çətin işin öhdəsindən bacarıqla gəlirdi.
Bir müddət sonra ilk direktorunun Mütəllim Çələbiyev olduğu bu məktəbə onun səyi nəticəsində köhnə bir bina ayrıldı. Oxumaq, təhsil almaq istəyənlər getdikcə çoxaldığından dərslər iki növbədə keçirilməyə başlanıldı – səhərlər məktəb yaşlı uşaqlar, axşamlar isə yaşlı adamlar savad öyrənirdilər.
Hər il yeni fənn müəllimlərinin də cəlb olunduğu məktəb 1948-ci ilə kimi 7 illik, sonralar isə orta məktəb kimi fəaliyyət göstərmişdir. Savadsızlığın ləğvində mühüm rol oynamış bu təhsil ocağı ötən əsrin 30-50-ci illərində kəndin əsl maariflənmə, həm də mədəniyyət mərkəzinə çevrilmişdi. Bütünlükdə isə 85 il ərzində Qayabaşı məktəbi 1150 nəfərə qədər məzuna orta, yüzlərlə məktəbliyə isə natamam-orta təhsil vermişdir. Bir ənənə olaraq burada təlim-tədris işi yüksək səviyyədə qurulduğundan, şagirdlərə kifayət qədər dərin bilik öyrədildiyindən ötən illər ərzində ətraf kəndlərdən – Sarıca, Cəyirli, Çayqaraqoyunlu, Təpəcənnət, Bolludərə, Şirinbulaq, Cəfərabad, Söyüdlü kəndlərindən, hətta Oğuz, Ağcabədi rayonlarından da valideynlər öz uşaqlarını təhsil almaq üçün məhz Qayabaşı məktəbinə qoyurdular.
Bu gün də bu məktəb Şəki rayonunun ən qabaqcıl təhsil ocaqlarından sayılır. Onun məzunları arasında nəinki Azərbaycanda, hətta onun hüdudlarından xeyli uzaqlarda çalışaraq, böyük hörmət-nüfuz, ad-san qazanmış onlarla müəllim, həkim, kimyaçı, neftçi, iqtisadçı, hüquqşünas, mühəndis, inşaatçı, jurnalist, hərbçi, elm adamları və s. vardır. Məsələn, onlardan Ramazan Cəfərov bacarığı, qabaqcıl bir inşaatçı kimi 40 ildən artıq Belarusiyada çalışaraq, böyük bir tikinti trestinə rəhbərlik etmiş, istedadı, işgüzarlığı və yüksək təşkilatçılıq qabiliyyəti sayəsində dərin hörmət-nüfuz qazanaraq, dəfələrlə Minsk şəhər Sovetinin deputatı seçilmiş, müxtəlif təltiflərə layiq görülmüşdür. Məktəbin digər məzunu - tibb elmləri doktoru Məhərrəm Məhərrəmov Bakı Dövlət Universitetinin professoru, kafedra müdiri, biologiya elmləri namizədi Məcid Məcidov isə həmin Universitetinin dosenti kimi uzun illərdir ki, səmərəli elmi-pedaqoji fəaliyyət göstərir, respublikanın gənc mütəxəssislərinin və elmi kadrlarınin yetişdirilməsində mühüm rol oynayırlar.
Bakıda ali təhsil alaraq, sonralar taleyini Ukrayna ilə bağlamış Əli Əliyev uzun illər Odessanın hüquq-mühafizə orqanlarında qüsursuz işləyərək, polkovnik-leytenant rütbəsinə yüksəlmiş, “Daxili işlər orqanları əlaçısı” adına və digər titullara, mükafatlara layiq görülmüşdür. Uzaq Sibirdə çalışaraq, bir çox həmvətənlərini də orada gəlirli işlə təmin etmiş iş adamı Rafiq Məmmədbağır oğlu həm də qardaşları ilə birgə uzun illər susuzluqdan əziyyət çəkən, 3500-dən artıq əhalisi olan doğma Qayabaşı və qonşu Sarıca kəndlərinə çox uzaq - 15 km-lik məsafədən su çəkdirmişdir. Kənd bağbanı Əhməd kişinin övladları Ədalət Cabbarov və Hidayət Mustafayev qardaşları isə ali təhsil aldıqdan sonra talelərini həmişəlik olaraq Bakı ilə bağlayaraq, paytaxtın bir-çox yaşayış və inzibati binalarının inşasında, nəqliyyat sisteminin işinin genişləndirilməsi və yenidən qurulmasında fəal iştirak etmişlər.
Ölkəmizin neft-kimya, metallurgiya, energetika, səhiyyə, elm və s. sahələrində çalışaraq, respublikanın ümumi inkişafına öz töhfələrini vermiş bu kimi yüzlərlə mütəxəssisin yetişdirilməsində, onların bilik təməlinin yaradılmasında Qayabaşı məktəbinin öz müqəddəs peşəsini ürəkdən sevən fədakar müəllimlərinin - Nuru Gülməmmədov, Səfər İsmayılov, Cəmaləddin Camalov, Qasım Abduləliyev, Bəhman Hüseynov, Yusif Məsimov, İsmayıl Ələkbərov, Kazım Rzayev kimi istedadlı pedaqoqların əvəzsiz rolu və xidmətləri vardır.
Məktəbin builki məzunlarının demək olar ki, əksəriyyəti qəbul imtahalarında yüksək nəticə göstərərək, respublikamızın ali məktəblərinə, o cümlədən Tibb və İqtisad Universitetlərinə, Fövqəladə Hallar və Sərhəd Qoşunları Akademiyalarına, digər ali məktəblərə, həmçinin müxtəlif kolleclərə daxil olmuşlar. Məktəbin yubileyi ərəfəsində pedaqoji kollektiv daha bir qürur doğuran, şad xəbər almışdır. Məktəbin məzunu Lalə Nağıyeva Moskvanın görkəmli alimləri qarşısında müvəffəqiyyətlə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür və bu ildən etibarən Tibb Universitetinin müəllimi kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.
- Müəllimlərimizin, məktəbimizin başını uca edən belə məzunlarımız çoxdur, - deyə məktəbin direktoru, Azərbaycanın Maarif Əlaçısı Ramiz Hümmətov məmnunluğunu gizlətmir. – Məktəbimizin 85 illik yubileyini onlarla birgə, həm də çox əlamətdar bir gündə - Azərbaycanda təhsilə və elmə daim böyük diqqət və qayğı göstərən möhtərəm Prezidentimizin Ad günündə, dekabrın 24-də qeyd etməyi planlaşdırırıq. Bu, oktyabrın 9-da keçirilmiş Prezident seçkilərində cənab İlham Əliyevin qətiyyətli qələbəsindən böyük sevinc duyan pedaqoji kollektivimizin yekdil qərarıdır. Xalqımız öz Prezidentinə, onun vətənpərvərliyinə güvənir, onun - yaradıcı, qurucu İlham Əliyevin ölkəmizi çox qısa bir zamanda dünyanın qabaqcıl, yüksək tərəqqi etmiş ölkələrindən birinə çevirməsinə sevinir və başladığı böyük işləri bundan sonra daha geniş miqyasda və yeni bir həvəslə, yeni bir ilhamla davam etdirəcəyinə ürəkdən inanır.
Rəhman ORXAN,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
Osman Mirzəyev adına Respublika mükafatı laureatı
banner

Oxşar Xəbərlər