cümə, 07 Oktyabr, 11:11

Baku Bakı 19°C

Şəkidə “Şəhər Günü” qeyd olunur - FOTOLAR

icon 713 icon 07 iyul 2022 | 10:51 Şəkidə “Şəhər Günü” qeyd olunur - FOTOLAR

Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin, Mədəniyyət Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının dəstəyi ilə Şəkidə “Şəhər Günü” münasibətilə bayram tədbiri keçirilib.

Kaspi.az xəbər verir ki, “Şəhər Günü” tədbirləri çərçivəsində qala divarları daxilində yerli sahibkarların hazırladığı məhsulların sərgi-satış yarmarkası keçirilib, şəhərin tarixi mərkəzində milli tamaşalardan səhnəciklər nümayiş olunub, konsert proqramı təşkil edilib, yerli rəssamların əl işləri nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Şəkinin Azərbaycan tarixini, mədəniyyətini və mədəni irsini qoruyub saxlayan unikal bir yer olduğunu, bu növ tədbirlərin şəhərin qeyri-maddi irsinin tanıdılmasına dəstək göstərdiyini və şəhərin turizm potensialının inkişafında mühüm rol oynadığını bildirib. Son illər dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində böyük işlərin görüldüyünü deyən Elxan Usubov “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi"nin YUNESKO-nun Ümumdünya İrs Siyahısına salınmasının ölkəmizin və Şəki şəhərinin mədəni həyatında mühüm hadisə olduğunu diqqətə çatdırıb.

Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova çıxışında Şəki şəhərini özündə turizm istiqamətli bir neçə sahəni birləşdirən mədəni irs nümunəsi kimi dəyərləndirib. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilən Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidə olduğunu qeyd edən sədr müavini ötən il Nazirlər Kabinetinin qərarı ilə daha 58 abidənin dövlət mühafizəsinə götürülməsinin Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından önəmli olduğunu vurğulayıb.

Azadə Hüseynova Şəki şəhərinin tarixi hissəsini əhatə edən “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu ərazisində bir neçə tarixi binada təmir-bərpa işlərinin həyata keçirildiyini, növbəti illərdə də bu istiqamətdə işlərin mərhələli şəkildə icrasının davamının nəzərdə tutulduğunu qeyd edib.

Xatırladaq ki, bu gün ərzində Şəkidə ənənəvi XI “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının açılışı da baş tutacaq. 8-9 iyul tarixlərində də şəhərin qonaqları musiqi bayramı çərçivəsində şəhərdə keçiriləcək tədbirlərdə iştirak edə biləcəklər.

Onu da əlavə edək ki, 2019-cu ildə Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Xan Sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olunması ilə bağlı sertifikatın təqdimolunma mərasimi 2021-ci il iyulun 7-də keçirildiyindən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən hər il iyulun 7-nin Şəkidə “Şəhər Günü” kimi qeyd edilməsi qərarlaşdırılıb.