• cümə, 29 Mart, 02:00
  • Baku Bakı 7°C

Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı yubiley ilində

22.06.19 13:00 9225
Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı yubiley ilində
XXI əsrdə müasir həyatımızın müxtəlif sahələrini əhatə edən qloballaşma şəraitində hər bir millət özünü böyük dünyanın bir parçası kimi dərk edir. Bu mürəkkəb inteqrasiya prosesində, bir tərəfdən, müxtəlif millətlərin mədəniyyətlərinin sintezi, digər tərəfdən isə özünəməxsus milli xüsusiyyətlərin qabarıq şəkildə üzə çıxması baş verir. Çox qədim tarixi köklərə və zəngin mənəvi dəyərlərə malik olan Azərbaycan, bu gün dünya miqyasında öz milli mənliyini təsdiq etmək üçün fəal şəkildə bu prosesə qoşulmuşdur. Hələ qədim zamanlardan "Böyük İpək Yolu”nun keçdiyi əlverişli tarixi-coğrafi mühitdə yerləşən ölkəmiz, mədəniyyətlərin qovuşduğu, mühüm iqtisadi-siyasi proseslərin baş verdiyi məkana çevrilmişdir.
Təsadüfi deyil ki, bu gün respublikamızda həyata keçirilən bir çox iqtisadi, siyasi, sosial və mədəni layihələr bilavasitə "İpək Yolu” adı ilə gerçəkləşir. "Böyük İpək Yolu”nun musiqi təcəssümü kimi bu deviz ilk dəfə olaraq, 2010-cu ildə dünya şöhrətli bəstəkar, UNESCO-nun "Sülh artisti”, Azərbaycan Bəstəkarlar İttifaqının Sədri, Xalq artisti, professor Firəngiz Əlizadənin təşəbbüsü və təşkilatçılığı ilə reallaşdı. Artıq ənənəvi olaraq, Azərbaycanın ən səfalı guşələrindən biri olan Şəki şəhərində keçirilən "İpək Yolu” Beynəlxalq Musiqi Festivalı geniş şöhrət qazanmışdır. Bu festivalın məhz Şəkidə - "Böyük İpək Yolu”nun qırılmaz halqası olan, zəngin ipəkçilik ənənələrini yaşadan, elm, mədəniyyət məbədgahı kimi tanınan diyarda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Şəkinin bu mövqeyini dəyərləndirərək, burada beynəlxalq musiqi festivallarının, muğam müsabiqələrinin, mədəniyyətlərarası dialoq-forumların keçirilməsini tövsiyə etmişdir.
Azərbaycan Bəstəkarlar İttifaqının bir sıra önəmli beynəlxalq layihələrindən olan "İpək yolu” Beynəlxalq Musiqi Festivalının çox maraqlı yaranma tarixi var. Hələ 1999-cu ildə dünya şöhrətli, Çin mənşəli Amerika violonçel ifaçısı Yo-Yo-Ma Firəngiz Əlizadənin "Muğamsayağı” əsərinə müraciət edərək, özünün məşhur "İpək Yolu” layihəsində bu musiqi parçasını ifa edir. Yo-Yo-Ma bu unikal layihəsi ilə dünya turu konsertlərini "Böyük İpək Yolu”ndan keçən ölkələrin, Amerikadan Avropaya uzanan məşhur konsert salonlarında dinləyiciyə təqdim etmiş və tanınmış bəstəkarların əsərləri ilə yanaşı, Firəngiz Əlizadənin də əsərlərini ifa etmişdi. 2000-ci ildə Yo-Yo-Ma öz layihəsi üçün Firəngiz Əlizadədən yeni bir əsər yazmağı sifariş edir.
Yo-Yo-Manın sifarişi üçün Firəngiz xanım qeyri-adi bir kompozisiya yaratmaq fikrinə düşür. Firəngiz Əlizadə Nəsiminin qəzəllərindən bəhrələnən "Dərviş” əsərini yazır.
Yo-Yo-Manın bu layihəsi çərçivəsində Firəngiz Əlizadənin "Habil Sayağı”, "Aşk havası”, "Oasis”, "Dərviş” əsərləri yer kürəsinin bütün iri konsert salonlarında ifa olunmuşdur. Yo-Yo-Manın 26 ölkənin bəstəkarları və musiqiçilərini birləşdirən transmilli layihəsi bütün dünyada "Böyük İpək yolu”nun ən uğurlu layihəsi kimi seçilmişdir. 26 ölkənin bəstəkarları arasında həmyerlimiz Firəngiz Əlizadənin bu qədər əsərinin həmin konsertlərdə ifa olunması, qətiyyətlə deyə bilərik ki, bizim Azərbaycan bəstəkarlıq məktəbimizin uğurudur.
Əlbəttə ki, Yo-Yo-Ma ilə görüşlər, "İpək yolu”nun Azərbaycandan da yan keçməməsi Firəngiz Əlizadədə belə bir beynəlxalq musiqi festivalının bizdə də keçirilməsi ideyasını yaradır. Onun bu təklifini və hazırladığı layihəni Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi də bəyənir. Festivalın harada və necə keçirilməsi məsələsi də önəmli rol oynamalı idi.
Bu festivalda ulu Şərq ilə müasir Qərbin musiqi dialoqu baş tutmalı idi. Belə bir məkan üçün Şəki şəhərinə üstünlük verilir.
"İpək yolu” musiqi festivalı klassik musiqi ilə bərabər ənənəvi musiqini də dinləyiciyə çatdırmalı idi. Bu festivalın keçirilməsi heç də asan bir iş deyildi. Dünyanın dörd bir tərəfindən gələn musiqiçiləri qarşılayıb yerləşdirmək, ev sahibliyi etmək, konsertlərin təşkili və festivala rəhbərlik Bəstəkarlar İttifaqının üzərinə düşən məsul bir iş idi. Bu işin həm maddi, həm də mənəvi tərəfi vardı.
Bir zamanlar "Yumor şəhəri” kimi tanınan Şəki indi Şərq və Qərbi birləşdirən musiqi beşiyinə çevrilir. Dünyanın bir çox ölkələrinin kollektivləri burada görüşüb müzakirə və mübadilələr aparır, yaxın və uzaq xarici ölkələrdən gələn qonaqlar Azərbaycanın dilbər guşəsi Şəkini yaxından tanımağa başlayır.
Festivalın bir xüsusiyyəti də ondan ibarətdir ki, rəngarəng və zəngin proqramlı konsertlər, əsasən tarixi məkanlarda keçirilir, milli mədəniyyətlər bu tarixi məkanlarda qovuşaraq, festivalın ipək yolunu tamaşaçıya çatdıra bilir. "Niyə bəs məhz Şəki məkan olaraq seçildi” sualına Firəngiz xanım belə cavab verir: "Şəkinin musiqi mədəniyyəti özünəməxsus üslubu və ifaçılıq ənənələri həmişə seçilib. Virtuoz zurnaçılıq sənəti, qəhrəmani instrumental havalar, zorxana musiqisi, zəngin peşələrlə bağlı əmək nəğmələri buna parlaq sübutdur. Şəkidə muğam sənəti özünəməxsus tərzdə inkişaf tapmış, XIX əsrdə Şuşa, Bakı, Şamaxı, Gəncə ilə yanaşı, Şəkidə də muğam məclisi mövcud olmuşdur. Şəkili xanəndələrdən Ələsgər Abdullayevin (Şəkili Ələsgər), Əlövsət Sadıqovun adları muğam sənəti tarixinə qızıl hərflərlə yazılmışdır. Şəkinin musiqi təhsili sistemi də kifayət qədər genişdir. Burada dörd Uşaq Musiqi Məktəbi, bir Uşaq İncəsənət məktəbi ilə yanaşı, uzun illərdir ki, Musiqi Kolleci də fəaliyyət göstərir”.
Beləliklə, "İpək Yolu” I Beynəlxalq Musiqi Festivalı 2010-cu ildə öz karvanını Şəkidən saldı. İlk iki festivalı Bəstəkarlar İttifaqının imkanları əsasında reallaşdıran Firəngiz Əlizadə sübut etdi ki, bu festival doğrudan da yaşamağa layiq bir layihədir.
Birinci "İpək Yolu” Beynəlxalq Musiqi Festivalının proqramında nəinki Azərbaycanın məşhur kollektivləri, eləcə də Norveç, Koreya, Kanadadan gəlmiş qonaqlar və musiqiçilər bir araya gəlmişdilər. İlk dəfə olaraq, Şəkidə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun”, Müslüm Maqomayevin "Şah İsmayıl” operaları açıq səma altında və orijinal bir quruluşda musiqisevərlərə təqdim olundu. Qeyd olunduğu kimi, Şəkinin tarixi məkanları festival ərəfəsində geniş konsert meydançalarına çevrilmişdi.
İlk festivaldan başlayaraq, bu fikrin nə qədər doğru-düzgün olduğu özünü göstərdi. Festival çərçivəsində görkəmli sənətkarların Şəki Musiqi Kollecində verdikləri "ustad dərsləri” Azərbaycan musiqi təhsilinin inkişafına unikal bir töhfədir. Hələ onu da demək lazımdır ki, elə ilk "İpək Yolu” festivalında Kollecdə royal musiqi aləti çatışmazlığını görən Firəngiz Əlizadə, kollektivə özünün şəxsi royalını hədiyyə etmişdi.
"İpək Yolu” II Beynəlxalq Musiqi Festivalı isə Bakıda, İçəri Şəhərin qədim abidələri arasında, açıq havada baş tutmuşdu. Firəngiz Əlizadə həmin festival haqqında yazırdı: "Festival günlərində qonaqlar və Bakının sakinləri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin uzun müddət səhnədə getməyən "Əsli və Kərəm” operasına yenidən tamaşa etmək, Kiyevin "Rikoşet” ansamblının ifasında avanqard musiqini dinləmək, polyak pianoçusu Stanislav Deyin ifasında romantik musiqinin parlaq nümayəndələri – Şopen və Listin əsərlərindən həzz almaq, tanınmış alman dramaturqu P.Züskindin "Kontrabas” pyesinin ideya və məzmununun Azərbaycan muğamının melodiyaları ilə "çarpazlaşmasını” izləmək imkanını əldə etdilər”.
Nəhayət, III festivaldan başlayaraq bu günə kimi, festival artıq Mədəniyyət və Turizm Nazirliyi və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə öz işini davam etdirir.
"İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı 2012-ci ildə Azərbaycanın ən məşhur memarlıq abidələrindən biri olan "Şəki Xan Sarayı”nın 250 illik yubileyi günlərində baş tutmuşdu. 2012-ci il TÜRKSOY-un qərarı ilə Şəki şəhərinin "Türk xalqlarının qeyri-maddi mədəni irs paytaxtı” elan edilməsi və dünya memarlığının möhtəşəm abidələrindən olan Şəki Xan Sarayının yubileyi, "İpək Yolu”nun karvanını yenidən Şəkiyə gətirmişdi.
"İpək Yolu” III Şəki Beynəlxalq Musiqi Festivalı Üzeyir Hacıbəyli musiqisi ilə açılışını etmişdi. Bəstəkarın dahi "Arşın mal alan” operettasının maraqlı musiqili hekayəti "Arşın malçı İpək yolunda” adlanırdı. Şəki Xan Sarayının həyətində, açıq havada, geniş tamaşaçı qarşısında cərəyan edən hadisələr dinləyicini sanki həmin hadisələrin içində olaraq, onu bilavasitə öz iştirakçısına çevirmişdi.
Bundan başqa, Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xoru, Niyazi adına Simfonik Orkestrinin konsertləri ilə yanaşı, xaricdən gələn bir sıra kollektivlərin də bu festivaldakı çıxışları təqdirəlayiq olmuşdur.
Dünyada məşhur olan Türkiyənin "Əl-Kindi” instrumental ansamblı da festivalın qonağı idi. Ansambl Orta əsrlərdə yaşayıb yaratmış ərəb-müsəlman musiqi nəzəriyyəçisi, filosof, astronom, riyaziyyatçı Əbu Yusif əl-Kindinin şərəfinə belə adlandırılıb. Maraqlıdır ki, ansamblın rəhbəri fransız əsilli Jülyen Vayss türk musiqiçilərini başına toplayıb, bu məşhur kollektivi yaratmışdır.
İldən-ilə festivalın coğrafi məkanının genişlənməsi bir daha onu göstərir ki, bu tədbir, artıq xarici ölkələrin musiqiçilərini də özünə cəlb edə bilmişdir.
Konsert proqramlarına gəlincə, İranın "Acəmilər” ansamblını da xüsusilə qeyd etmək istərdim. Tərkibi əsasən gənc musiqiçilərdən ibarət olan bu ansambl, XIV-XV əsrlərdə yaranmış qədim musiqini müasir fars klassik musiqisinə inteqrasiya etməyə can atır.
Şəki şəhəri Türkiyənin Giresun şəhəri ilə qardaşlaşmış şəhərlərdəndir. Hər iki şəhər arasında çox səmimi, işgüzar münasibətlər hökm sürür və "İpək yolu” Festivalının musiqili qonaqları arasında Giresun şəhər bələdiyyəsi Konservatoriyasının "Rəqs qrupu” da dəvətli idi. Tələbələrin konserti, Qara dəniz rəqsləri, əlbəttə ki, festivala rəngarənglik gətirməyə bilməzdi.
Ən maraqlı konsertlərdən biri Gürcüstanın məşhur "Erisioni” folklor mahnı və rəqs ansamblının çıxışı olmuşdu. Bu konsert, yenicə bərpa və təmir olunmuş Aşağı Karvansarayda keçirildi. Kollektivin çıxışı üçün çox möhtəşəm, müasir texnika ilə təmin olunmuş açıq hava səhnəsi quraşdırılmışdı. Aşağı Karvansaray Şəkinin digər məkanları kimi xalqın milli sərvətidir. Əlbəttə ki, belə bir səhnədə və belə bir məkanda çıxış etmək onsuz da dünyada məşhur olan kollektivi bir daha vəcdə gətirmişdi.
Nəhayət, festivalın son günü yenə də həmin səhnədə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına Simfonik Orkestrinin unudulmaz konserti ilə "İpək Yolu” III Beynəlxalq Musiqi Festivalı öz işini yekunlaşdırmışdı.
Bu günə qədər hər festivalda Azərbaycan musiqisinin ölməz klassik əsərlərinin səslənməsi artıq ənənə halını aldığına görə, IV festivaldan da bu, yan keçmədi. IV Beynəlxalq Musiqi Festivalının rəsmi açılışı da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ifasında dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl” baleti ilə Şəkinin tarixi məkanı Aşağı Karvansarayda baş tutdu. IV Festivalın musiqi proqramında MDB ölkələrinin Moldova, Ukrayna, Tacikistan və Azərbaycan rəqs ansambllarının birgə konserti, ABŞ-nın "Filliqar” rok qrupu, Türkiyənin "Axşam sədası” TRT orkestr və solistlərinin konserti, Cənubi Koreya solistlərinin ifasında qədim Koreya musiqisi və başqa nümunələr də daxil olmuşdu. Əlbəttə ki, həmin festivalın yadda qalan konsertlərindən biri də dünya şöhrətli muğam ifaçısı, Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın Şəki Xan Sarayında baş tutan musiqi gecəsi oldu.
Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsi olan multikulturalizm və tolerantlıq, dostluq, qonaqpərvərlik və həmrəylik "İpək Yolu” Beynəlxalq Musiqi Festivalının da əsas qayələrindən biridir. Ona görə də, "İpək Yolu” Festivalının növbəti musiqi proqramı Azərbaycanda yaşayan azsaylı xalqların folklor nümunələrinə həsr olunmuşdu. Son illərdə TÜRKSOY Beynəlxalq Türk Mədəniyyət Təşkilatının bu Festivala qatılması xüsusilə təqdirəlayiqdir. Bu təşkilat tərəfindən 2014-cü ildə təqdim olunan türkdilli ölkələrin milli geyimləri və musiqisindən ibarət "Defile” böyük rəğbət qazanmışdır. Beləcə, bu günə qədər hər il Şəkidə keçirilən biri-birindən rəngarəng festivallar artıq yubiley - X festival ilinə qədəm qoymuşdur.
İyun ayının 29-da Şəkidə açılışını edəcək X yubiley Şəki "İpək Yolu” Beynəlxalq Musiqi Festivalı I Festivalın açılışında olduğu kimi, Üzeyir Hacıbəylinin "Leyli və Məcnun” operası ilə öz işini başlayacaq. Bu il "Nəsimi ili” olduğundan Şəki festivalı da bu əlamətdar hadisədən yan keçməyəcək. Festival çərçivəsində "Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının yaradıcılığında” Şəki regional Kollecində dəyirmi masa keçiriləcək, eyni zamanda Firəngiz Əlizadənin "Nəsimiyə ithaf” xoreoqrafik kompozisiyası səslənəcəkdir.
Beş gün davam edəcək geniş konsert proqramını Q.Qarayev adına Dövlət Kamera Orkestri, Macarıstandan gələn musiqi qrupu, Qazaxıstan Estrada-Simfonik orkestri və başqa kollektivlərin çıxışları əhatə edəcək.
Festivalın uğurları respublikamızda, habelə onun hüdudlarından uzaqlarda böyük əks-səda yaratmışdır. Müxtəlif xarici ölkələrdən dəvət olunmuş musiqiçilərin Festivalda iştirak etməsi, musiqinin bütün millətlər arasında ən anlaşıqlı ünsiyyət dili olduğunu bir daha sübut etdir. Bizə isə X yubiley ili Beynəlxalq Şəki Festivalına uğurlar diləmək qalır.

HƏCƏR BABAYEVA,
Azərbaycan Respublikasının
əməkdar incəsənət xadimi


banner

Oxşar Xəbərlər