• cümə axşamı, 28 mart, 23:14
  • Baku Bakı 13°C

Şeirə niyə ehtiyacımız var?!

03.11.15 12:11 2121
Şeirə niyə ehtiyacımız var?!
Özünəməxsus təsirli ədəbi tənqidi yazılarında Stefen Bört klassik və müasir şeiri əlaqələndirir, yeni poeziya dalğalarını istiqamətləndirir.
Börtün mühazirələrini niyə dinləməlisiniz? Bört qeyri-bədii hekayənin, hind musiqisinin və qadın basketbolunun ciddi pərəstişkarıdır. Amma bütün dünya onu məhz olduqca ciddi araşdırmalara söykənən poetik tənqidləri ilə tanıyır. Börtün tənqidçi kimi qarşıya qoyduğu məqsəddə poeziyadakı bütün həyəcanlar, fikirlər birləşir.
Harvard Universitetində ingilis dili müəllimi olan Bört həm klassik, həm də müasir şeirin çılğın oxucusularından, araşdırmaçılarındandır. O, ədəbi tənqid haqqındakı çıxışlarında hər zaman poetik dünyalar arasında körpü salır. Bütün bunlarla yanaşı o özü də şairdir, iki şeir toplusunun müəllifidir. “Sonet sənəti” (“The Art of the Sonnet”), “Mənasız zənglərdən imtina edin: Yeni poeziya ilə tanışlıq” (“Close Calls With Nonsense: Reading New Poetry”) və “Paralel oyun: şeirlər” (“Parallel Play: Poems”) kitablarının müəllifidir. Müəllifin “TED: Yayılmağa dəyər ideyalar” layihəsindəki çıxışını ixtisarla təqdim edirik.

Mütəmadi şeir oxuyur və tez-tez poeziya ilə bağlı yazılar yazıram. Şeirləri bir-bir incələyib, inkişafını anlamağa çalışıram, çünki mən söz adamıyam. Mən dünyanı şəkillər və ya rəqəmlərlə yox, sözlərlə daha yaxşı anlayıram və yeni təcrübə və ya duyğunun dadına baxdıqda, bunu sözlərə köçürənə kimi içimdə sürünürəm. Deyəsən, elə həmişə beləydim. Uşaq vaxtı bədii ədəbiyyat nümunələrinin dibini yalayırdım. İndi də eləyəm. Andreu Marvel, Metyu Arnold, Emili Dikinson, Uilyam Butler Yitsin şeirlərini kəşf etməyim də birbaşa bədii ədəbi nümunələrdə məhz onların yaradıcılığından öyrənməyimlə bağlıdır. Üslublarını sevdim və onlarla birgə şeirin “şeirdə fasilə”, “bağlı qafiyələr” kimi texniki məsələlərini araşdırmağa başladım. Çünki şeir məni daha xoşbəxt, daha qəmgin və beləliklə, daha canlı etdi. Sonra isə necə və niyə belə olduğunu bilmək istədim, hər şeyi incələdim, müqayisə etdim və tənqidçi oldum. Bu gün şeir hər hansısa bir məqsədə musiqidən və ya kompüter mühəndisliyindən daha çox xidmət göstərə bilməz. Qədim yunanlar “şeir” məfhumunu sadəcə “düzəldilmiş bir şey” kimi qəbul edir və ciddi yanaşmırdılar. Şeir yazmaq duyğuları sözlərlə ifadə edən texnikadır, bu alət o sözləri həm də bir naxışın ornamentləri kimi düzə də bilir. Şeirin texniki tərəfləri ilə nə qədər dərindən tanışsınızsa, o qədər çox manevr imkanlarınız var. Əgər şeirin yaranma texnikasını bilirsinizsə, ayrı-ayrı naxışları fərqləndirə bilmək və bununla da daha çox naxış tanımaq imkanınız olur.
İddia edirlər ki, şeir bəzi mövzularda daha yaxşı alınır. Məsələn, hamımız bilirik ki, bir gün öləcəyik. Şeir bu həqiqətlə yaşamağımıza kömək edə bilər. Şeir sözlərdən düzəlir, sadəcə sözlərdən. Şeirin qanunları bir insanı digərindən ayıran xüsusiyyətləri, xarakteri kimidir. Şeirin oxunması və paylaşılması asandır. Bir şeir oxuyanda kiminsə - çox uzaqda olan, qeyri-real və ya ölmüş birinin - sizinlə və ya sizə xitabən danışdığını xəyal edirsiniz. Ona görə də nəyisə və ya kimisə xatırlamaq, təbrik və ya yad etmək istəyəndə, ölümdən sonrakı həyata boylanmaq və ya kiməsə əlvida deyib, onu içimizdən tamamilə “yola salmaq” istəyəndə şeirin qapılarını döyürük. Bu, Şeiri bu qədər əhəmiyyətli edən səbəblərdən biridir. Bu poeziyada, sözlərin dünyasında mənim qədər işləməyən insanlar üçün də önəmlidir. Şair Frank Oharanın bir sözü var: “Şeirə ehtiyac duymursunuzsa, xoşbəxt bəndəsiniz”. Yaşamaqdan yorulduğu, davam etmək istəmədiyi zamanlardan şeir yaza bilməyəciyindən qorxduğu üçün özünü öldürmək fikrindən daşındığını deyən də odur. Şeir mənə yaşamaq həvəsi verir və bunun səbəbini belə açıqlayardım: Şeir məlum bir məkanda, zamanda, cəmiyyətdə yaşayarkən paralel olaraq başqa bir aləmdə ola bilməyəcəyimiz həqiqətinə qarşı çıxır.
Sizə əzbərlədiyim ilk şeirlərdən birini tanıtmaq istəyirəm – A.E.Housman “Uzaqdan, axşamdan və səhərdən” (“From far, from eve and from morning”). Bu şeir müxtəlif adamların diqqətini çəkib. Üç məşhur əsərin girişini bəzəyib. Məncə, bunun səbəbi şeirlərin gələcəkdən və keçmişdən, dünyanın dörd bir tərəfindən bizə xəbər verməsidir. Çünki şeirin naxışı bizə kiminsə ürəyindən keçənləri göstərir. Şeir insanları bir şeir müddətinə də olsa, eyni nöqtədə birləşdirə bilir. Şeir ölüm həqiqətini, həyatımızı sürətli kameraya çəkib bizə xatırladır, dünyadakı bir neçə il cəmi bir söhbətlik, bir nəfəslik qədər qısalır. Bu bir yalnızlıq şeiridir – şeirdəki hədəf heç bir əlaqənin, köməyin sonsuza qədər davam etməyəcəyini hiss etdirir. Bu şeir ilk baxışdan yardımlaşmağa çağırış kimi görünür – amma buradakı “kömək” sözü ilə məlum olur ki, bizə əlini uzadan bir müəllim, müdrik, ya da inandığımız hər hansısa başqa bir varlıqdır. Bu bir şairin eşitmək istədiyi bir şeiri ilk dəfə yazması deyil.
Haqqında danışmaq istədiyim növbəti şeir isə həqiqətən zövqümü, oxuduqlarıma yanaşmamı, tam bir yetkin kimi oxuduqlarımın mənə hiss etdirdiklərini kökündən dəyişdi. Əgər bu şeirlə əvvəllər tanış olmamısınızsa, ilk dəfədən sizdə hansısa dərin hiss oyandırmaya bilər – Rae Amantrout “Bağ” (“The Garden”).
Şeir cənnət və ordan qovulmaq haqqındadır, müəllif inanır ki, intim duyğulara düşkünlük, ölüm və günah qovulma səbəbi olmaqla yanaşı, insanın özü ilə birgə dünyaya gətirdikləridir. Bu şeir eyni zamanda görüntünün nə qədər aldadıcı olduğunu, təbiətimizin bizi necə inanmadığımız, xoşlanmadığımız şeyləri deməyə və etməyə sürüklədiyini göstərir. Armantroutun burada istifadə etdiyi üslub bizi yavaşlamağa, zaman-zaman tamamilə dayanmağa çağırır. Şeir köhnə dodaq boyası reklamlarına etiraz edir. Reklamlardakı ifadələrindəki meydan oxuyan səs tonu, dodaqları ilə bizə nə istəyəcəyimizi, nə edəcəyimizi, nə düşünəcəyimizi diktə etməyə çalışan reklamların dilinə qarşı çıxa bilmək, onlara qulaq tıxamaq üçün hər şeyə sahibdir. Müəllifin sərgilədiyi bu dirəniş poeziyanın yüksək nöqtəsidir. Şeirlər haqqında mülahizə və şərhləriniz hər zaman doğru olmaya bilər. Sizin əlinizdən gələn şeirləri dinləmək, onları diqqətlə oxumaq, müəllifin nə demək istədiyi ilə bağlı fikirlər yürütmək və sizə istədiyinizi verib-vermədiyinə baxmaqdır. Hansısa hissəni düzgün şərh etməmiş olsanız belə, bu sizi onun çatdırmaq istədiklərindən məhrum etməz.
Növbəti şeir Armantroutunkundan çox köhnə, Housmanınkından bir qədər cavandır - Vallas Stevens – “Cəsur adam” (“Brave man”). Şeirdə müəllifin qəhrəmanı qorxaq adamdır, hər zaman “qaçıb getmək” fikri ilə yaşayır, günəşdən və işıqdan uzaq qalmağa çalışır, amma istəmədən, durmadan üzü yuxarı, Günəşə doğru ucalır. Stevens bu şeirlə ilk baxışdan əlaqəsi olmadığı düşünülən “düşünmə” (meditasiya) məfhumunu lap sona saxlayır. Müəllif bununla bizi keçmiş və gələcək, həyat və ölüm, zirvə və uçurum haqqında düşüncələrə sövq edir. Bu isə oxucunu yenidən əvvələ dönməyə məcbur edir və bir az ürküdür.
Şeirlər, şeirlərdəki hörgülər, naxışlar bizə kimlərin nə düşündüyünü, nə etdiklərini və ya onların talelərində nə baş verdiyini demir. Sadəcə özümüzü onların yerinə qoymağımızı təmin edir, onlar kimi olmağın necə olduğunu göstərməyə çalışır, onlar kimi narahat, onlar kimi tənha, onlar kimi maraqlı, onlar kimi qərarsız, dəlisov və onlar kimi cəsur... Bu şeirlərin ilk andan bu qədər dayanıqlı, bu qədər məxsusi, şəxsi və bir o qədər də fani olmasının birinci səbəbidir, onlar bircə anın içində içimizdə yanan və sönən işıqlar kimidirlər. Cəmi bir anda daxilinizdə və xaricinizdəki dünyanı dəyişə bilən şeylərdirlər. İsveç şair Denis Riley şeiri bir ucundan içimizə yeridilən iynəyə bənzədir və amerikalı şair Terrens Hayes də “Qutunun içindəki külək” (“Wind in a Box”) başlığında şeiri təsvir edən altı şeir yazıb. Onlardan birində şeir müəllifdən soruşur: “Mənə de, mən öləndə nə edəcəyəm?”. Müəllif cavab verir ki, bizimlə qalacaq. Ya da bizimlə yox, içimizdə bir külək kimi qalacaq, ciyərlərimizə işləmiş təmiz hava kimi, sözlər kimi qalacaq.
Bu gün harada yaşayırsınız yaşayın, çox, çox qədimlərə və ya elə bu dəqiqəyə aid, çox, çox uzaqlardan və ya elə öz içinizdən olan, yaxınınızda duran, yanınızda qalan şeirlər tapmaq həmişə olduğundan daha asandır. Şeirlər özünüzü necə hiss etdiyinizi deməyə, göstərməyə kömək edə bilər, bununla yanaşı sizi yeni duyğularla tanış edər, dünyadakı var olma formaları ilə sizə heç bənzəməyən insanlarla hətta bəlkə çox qədim zamanlardan olan insanlarla birləşdirər. Hətta bəzi şeirlər dərin səmimiyyətlə sizə əllərindən gələnin bu olduğunu da deyir. Con Kitsin bəlkə də ən çox sevilən şeirlərindəki ovsun, açar budur. Onun şeirləri ovsunludur, çünki natamamdır. Bəlkə də özü bilərəkdən şeirləri yarım qoyub, bu, bir oyun baxımından hər zaman müəllifin məqsədini gizləməyi bacardığı üçün uğurlu texnikadır. Bu şeirlərlə klassik şeirin texniki gücünü hiss edirəm. Bəlkə də Kitsi oxuyanda sizdə də eyni şey olur, elə bil həyatımın illər əvvəlki dövrünə aid birisi ilə qarşılaşıram, ya da belə bir hiss formalaşır. Kits özəl və unudulmaz müəllifdir.
“Bu canlı, isti və möhkəm-möhkəm tutan əl,
Soyuyub, qəbrin buz kimi səssizliyinə məhkum olanda,
Günlər o qədər ruhlarla dolu
və xəyal dolu gecələr o qədər dondurucu olur ki
Qanı sorulmuş ürəyini belə arzulayırsan.
Ki, damarlarında qızıl həyat yenidən oyanar bəlkə.
İndi isə inamlı və sakit ol,
Bax budur, onu sənə uzadıram”.

Təşəkkürlər
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər