• cümə axşamı, 25 aprel, 11:38
  • Baku Bakı 14°C

Şeirə bürünmüş İstanbul - REPORTAJ

22.01.22 10:15 418
Şeirə bürünmüş İstanbul - REPORTAJ
Şairlərlə tanışlıq söhbətləri ədəbiyyat müzakirələrinə çevrilirdi. Həm çağdaş dünya ədəbiyyatı, həm texnoloji erada şeirin rolu xüsusunda, həm də milli ədəbiyyatların parlaq simaları barədəki fikirlər sarıdan bu cür müzakirələrin çox böyük əhəmiyyəti var.
Ötən ilin 20-25 dekabr tarixlərində XIII Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak etdim. Festivalın fəxri rəhbəri Doğan Hızlan, direktoru Adnan Özer, təşkilati rəhbəri Həsən İşıq, təşkilatçıları Rüstəm Aslan, Sərdar Çelik, qrafik quruluş verəni isə Cəbrayıl Oxçu idi. Festivala Almaniyadan Sabine Schiffner, İraqdan Əli-Əl-Şalah, Makedoniyadan Yuliana Veliçkovskaya, Erol Tufan, Fələstindən Najvan Dərviş, Misirdən Əhməd Zəkəriyyə, Gürcüstandan Eka Kevanaşvili, Türkiyədən Mətin Cəlal, Serhan Ada, Şərafəttin Qaya, Zeynəb Tuğçə Qaradağ, Çingizxan Oraqçı, Səlahəddin Yolgedən, Nihat Özdal, Güven Adıgözəl, Raşit Ulaş, İsmayıl Orxan Sönməz, Nailə Dirə qatılmışdı.

Festivalın simpoziumlarını Əli Şükrü Çoruq, Baki Asiltürk, Erol Gökşen, Oktay Taftalı, Özge Şahin, Alphan Akgül, Bahanur Garan, Məhməd Samsaçı, Metin Cəlal, Rüstəm Arslan kimi elm, ədəbiyyat və mədəniyyət adamları idarə edirdilər.

Bir qədər rəsmi məsələlər
Bu il ilk dəfə festivalda ədəbiyyat ilə musiqi qovuşmuşdu. Və tədbirin daxilində "FEST/MEST” adlı festival təşkil olunmuşdu. "Fest/Mest” – Məkandan İlhama İstanbul” adlı festivalda gənc yazar və bəstəkarların görüşməsi reallaşdı. Bu tədbirin iştirakçıları isə Bilen İşıqtaş, Sercan Xəlili, Barış Müstəcaplıoğlu, Məhməd Erhan Tanman, Yasəmən Olur, Nəğmə Yarkın, Nuhan Nəbi Çam, Baturay Yarkın, Boğatay Köprülü və sair idi. Festival Beykoz Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutdu.

Tədbirlər... Tədbirlər...
Festivalın açılışı "Atlas” kinoteatrında baş tutdu. Festivalın direktoru Adnan Özer qonaqları salamladı və pandemiya səbəbi ilə iki il festivallara ara verildiyini bildirdi. Sonra S.Ada, M. Cəlal, Ə.Şalah, Y.Veliçkovska, İ.O.Sönməz, N.Özdal, E.Kevanaşvili, Z.T.Qaradağ şeirlərini oxudular. İ.O.Sönməz və S.Ada isə şeir mükafatları aldılar. Festivaldan sonra E.Merallı, Sevingül Bahadur, Cihan Özkanın ifalarında "Çağdaş xalq ozanları: Barış Manço və Cem Qaraca – mahnıları” adlı konsert baş tutdu.


Növbəti gün Atilla İlhan Vəqfində S.Ada. E. Kevanaşvili, N.Dire, G.Adgüzel, E.Tufan, R.Ulaş, N.Özdal şeirlərini oxudular. Axşam isə Şeir Məktəbi/Beykoz Atolyesində Y.Veliçkovskaya, S.Yolgedən, Z.T.Qaradağın şeir saatları təşkil edildi.

22 dekabrda "Fest/Mest "festivalının açılışı oldu. Tədbirdə M.Erhan, M.E.Tanman, S.Xəlili, Y.Olur nitq söylədilər. Ulduz Texniki Universitetində baş tutan bu tədbir də maraqla qarşılandı. Həmin gün S.Sciffer. R.Ulaş, C.Oraqçı şeirlərini səsləndirdilər.


23-dekabrın əsas tədbiri "Ud qardaşlığı” adlı şeir gecəsi AKM Kitabxanasında baş tutdu. Ud sədaları altında A.Özer, Ə.Şalah, N.Dərviş, Ə.Zəkəriyyə və bu sətirlərin müəllifi şeirlər oxudular.


Sonrakı gün "Şeir və tarix” adlı simpozium təşkil edildi, daha sonra Məhmət Akif Ərsoy Şeir Muzeyində gürcü şairi E.Kevanaşvili və bəndənizin şeir müzakirələri saatı baş tutdu.


Nəhayət, Beykoz Vəqfində 25 oktyabrda festivalın bağlanış mərasimi oldu. Həmin tədbirdə oxuduğum "Şuşa, qayıtdıq” adlı şeirim isə sürəkli alqışlarla qarşılandı. Türkiyənin sözümüzə və özümüzə olan mənəvi dəstəyini duymaq çox gözəldir...

Festivalın ilk kitabı
Bu ildən başlayaraq festival çərçivəsində hər il bir əcnəbi şairin şeir kitabının nəşri nəzərdə tutulurdu. İlk dəfə olaraq "Vapur” nəşriyyatında mənim "Yaddaş ilanı” adlı şeir kitabımı çap etmişdilər. Kitabın, İstiqlal Caddəsində yerləşən "İnsan” kitab evində təqdimat mərasimi keçirildi.

Bir-birindən maraqlı şeirlər...
Festival günlərində dinlədiyim, yaxud oxuduğum bəzi şeirləri ölkəmizə qayıdandan sonra dilimizə çevirdim. Məsələn, makedoniyalı şairə Yuliyananın "Axan su” effekti doğuran "Su” şeiri, misirli şair Əhmədin əcnəbi dil öyrənərkən tək-tək əxz etdiyimiz sözlərin həqiqi mənalarına varmaq fürsəti barədəki poetik nümunəsi, gürcüstanlı Ekanın şeirindəki "yaddaş melanxoniyası”, iraqlı şair Əli Əl-Şalahın "modern mühacir düşüncələri”, türkiyəli şair qardaşım S.Qayanın poetik təlqinindəki "qatı ironiyası”, Fələstinin Avropada kifayət qədər şöhrət qazanmış sənətkarı Najvan Dərvişin nikbin təsəvvürə qapılanda dünyanın "Böyük Vətən”, "tünd qaranın canına daraşaraq” fikirləşəndə isə "Vətənsizlik Yurdu” kimi dərk olunmasını ehtiva edən şeirləri diqqətimi çəkdi...

Festival gecələri...
6 gün ərzində şeirlə yaşadıq. İstanbul şeirə bürünmüşdü. Tədbirlərdən sonra otelin restoranında əcnəbi şairlərlə baş tutan tanışlıq söhbətləri, həmişəki kimi hərlənib-fırlanıb ədəbiyyat müzakirələrinə çevrilirdi. Həm çağdaş dünya ədəbiyyatı barədə, həm texnoloji erada şeirin rolu xüsusunda, həm də milli ədəbiyyatların parlaq simaları barədəki fikirlər sarıdan bu cür müzakirələrin çox böyük əhəmiyyəti var. Bu cür ədəbi söhbətlər şairləri biri-birinə həm yaradıcı, həm də dünyagörüşü baxımından daha yaxın edir. Əlbəttə, mən də öz növbəmdə ölkəmizdə "Nizami Gəncəvi İli”, "Vaqif Poeziya günləri”, beynəlxalq forumlar barədə məlumat verəndən sonra ədəbiyyatımızın seçkin simalarından, çağdaş şeirimizdən, ədəbi mətbuatımızdan və sair məlumat verdim. Eyni zamanda festivalda oxunan bəzi şeirlər barədə fikirlərimi bölüşdüm. Bu ədəbi dostluqlar artıq yeni üfüqlərə, yeni əməkdaşlıqlara, layihələrə yol açır. Zamanı qabaqlamaq istəmirəm deyə açıqlamıram, yaşayarıq, görərik... Əsas olan ədəbiyyatımızın, Azərbaycan insanının ədəbi sözünün dünyada tanıdılması, layiq olduğun dəyəri almasıdır...
Fərid Hüseyn

banner

Oxşar Xəbərlər