• çərşənbə axşamı, 23 aprel, 13:34
  • Baku Bakı 24°C

Şeir, sənət aşiqiİ, yaxud da sadəcə Nehrəmli Kamil

11.02.19 12:23 2381
Şeir, sənət aşiqiİ, yaxud da sadəcə  Nehrəmli Kamil
İllər öncə onu ter-tez şeir, sənət məclislərində görərdim. Özünə məxsus məclis aparmaq qaydası vardı. Həmişə də heyrətlənərdim, bu Kamil nə qədər şeir bilir. Avazı, şeir söyləmək qaydası xoşuma gələrdi. Onu həyatda da, səhnədə də eyni səmimiyyətdə, təbəssümdə görərdim. Tale elə gətirdi ki, bir müddət onunla İTV kanalında iş yoldaşı oldum. Tez-tez rastlaşar, salamlaşar, hal- əhval tutardıq. Bu ünsiyyətin nəticəsində mən onu daha yaxından tanıdım. Kamil həm də çox zarafatcıl bir adamdı. Özünün də etiraf etdiyi kimi Mirzə Cəlilin həmkəndlisi necə ola bilər ki? Bəzən ən ciddi sözünü də zarafata salar, ən qəti iradını da zarafatla səsləndirməyi ustalıqla bacarır. Ən başlıca məziyyəti isə vətənə, torpağa bağlılığı, dostluğa sədaqəti, qələminə sirdaşlılığıdı.
Kamil Məhərrəmoğlu (Nehrəmli) Naxçıvanın məşhur Nehrəm kəndində dünyaya göz açıb. Maraqlıdır ki, Kamil iki ali məktəbdə təhsil alıb. 1982-ci ildə Azərbaycan Politexnik İnstitunun mexanika, 2002-ci ildə ABU-nun jurnalistika fakültəsini bitirib. Mühəndis işləyibmi və necə mühəndis olub – bu barədə məlumatım yoxdur. Bildiyim odur ki, Kamil əsil söz adamıdır. 1989-cu ildən dövrü mətbuatda müxtəlif səpgili məqalələri ilə çıxış edir. Tarixi abidələrimizlə bağlı silsilə tele-filmlərin müəllifidir. Radio kanallarında maraqlı verlişlərin aparıcısı olub. Bu işini indi də Azərbaycan radiosunda davam etdirir. Stolumun üstundə bir-neçə kitabı var. Ömrünün 60-cı baharına qədəm qoymaqdadı. İstədim ki, bu mübarək günündə ona bir dost hədiyyəsi edim. Jurnalistin də ən böyük hədiyyəsi elə əlahəzrət sözün özüdür. Unudulmaz şairimiz Məmməd Aslan demişkən işimiz söz səpib-göyərtməkdir. Başqa nə gəlir ki əlimizdən...
Akademik İsmayıl Hacıyevə məxsus fikirdir "Bütün dövrlərdə nehrəmlilər dinə böyük hörmət və ehtiramla yanaşmış, yasaq və qadağalara baxmayaraq dini inanclarını qoruyub saxlamağı bacarmışlar. Hazırda da nehrəmlilər bu cəhətlərilə seçilirlər. Əslinə qalsa, nehrəmlilərin orijinalığının əsas səbəbi onların imanında, əqidə bütövlüyündə, ətrafda baş verən hadisələrə obyektiv yanaşmalarındadı”. O qədər dəqiq və dürüst dəyərləndirmədir ki... Elə Kamil də bir övlad borcu ilə qələmə aldigi "Tarixi özündə yaşadan kənd” adlı kitabı ilə Nehrəmin şanlı tarixi və şəxsiyyətləri haqqında əsil salnamə yaradıb.
Üç fəsil və ön sözdən ibarət olan bu kitab müəllifin doğma kəndi barəsində məhəbbətlə yaratdığı balladadır. Adam bir nəfəsə oxuyub başa çatdırır. 2001-ci ildə Naxçıvanda Mirzə Cəlilin ev muzeyinin açılışında iştirak və çıxış edən ulu öndər Heydər Əliyev Nehrəm kəndi haqqında demişdir: "Mən bu kəndi həmişə sevmişəm, indi də sevirəm...” Müəllif məhz kitabın ilk səhifələrində Heydər Əliyevin Nehrəmə və nehrəmlilərə olan sevgi və ehtiramının miqyasını təsvir etməyə çalışıb. Maraqlı bir fakt mənim də diqqətimi çəkdi. Ulu öndər söyləyir: "Erməni daşnaqları Naxçıvana xaincəsinə hücum edərək dinc əhalini qıran zaman, Andronikin ordusu buradan keçən zaman nehrəmlilər onun dərsini vermişdi. Bu kəndin xüsusi mühiti var, qəhrəman insanlar kəndidir”.
Ötən əsrin əvvəllərində ermənilərin nəqşi-cahanımızda törətdiyi vəhşiliklər nənələrimizin də ağı və bayatılarında xatırlanır. Nehrəmlilərin qəhrəmanlığına şeirlər, nəğmələr qoşulub. Nehrəmli Sona nənənin şeri də məhz o illərin ab-havasından doğulub, bir əsrdir ki, yaddaşlarda yaşayır:
Baqratın paslı zəngi vuruldu,
Andranık qoşunu nizama durdu.
Hücum eylədilər Nehrəm üstünə,
Nehrəm cavanları igid çıxdılar,
Cəmdəyi tökdülər cəmdək üstünə.
Yeri ha, yeri, köpək əndiri
Nehrəmlilər quşu göydən endirir.

Kitabın II fəslini müəllif "Cəlil Məmmədquluzadə və Nehrəm” adlandırıb. Yenə də Ulu öndərin bir fikiri qürur doğurur: "Təkcə Cəlil Məmmədquluzadə kimi böyük bir şəxsiyyəti dünyaya bəxş etdiyinə görə Nehrəm kəndi xüsusi diqqətə və hörmətə layiqdir”.
Nehrəm Naxçıvanın ən böyük kəndlərindən biridir. Müəllif yazır: "Naxçıvanda ilk məktəb 1885-ci ildə məhz burada təşkil olunub. 1890-1897-ci ildə Cəlil Məmmədquluzadə bu məktəbdə müəllim işləyib”. Mirzə Cəlil elə hörmət və inam qazanıb ki, məhz həmin dövrdə qızları da məktəbə, təhsilə cəlb edə bilib. Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə Bakida müstəqil qız məktəbi açdı. Faktlar təsdiqləyir ki, məhz Hacıdan 8 il əvvəl "Cəlil Məmmədquluzadə Nehrəm kimi ucqar bir kənddə qızlar məktəbi açmışdır”. Müəllif haqlı olaraq qürurla bildirir ki, Azərbaycanda qız təhsilinin özəyi məhz Nehrəm məktəbindəki bu kiçik qrupdan başlayır.” Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, millət vəkili İsa Həbibbəylinin müəllifə verdiyi müsahibədə də bu fikirə bir aydınlıq gətirilib: "Bu mütərəqqi hadisəyə görə İrəvan və Yelizavetpoldakı xalq məktəblərinin direktorluğu Cəlil Məmmədquluzadəyə xüsusi təşəkkürünü çatdırmışdır”.
"...Nehrəm və nehrəmlilər Azərbaycan yazıçılarının, elm adamlarının daim diqqət mərkəzində olub. Xüsusilə də Xalq yazıçısı Anarın həm bədii, həm də publisistik əsərləri oxucular tərəfindən maraqla qarşılanıb. Akademik İsmayıl Hacıyevə məxsus fikirdir: "Nehrəmlilərin orijinalliğının əsas səbəbi onların imanında, əqidə bütövlüyündə, ətrafda baş verənlərə obyektiv yanaşmasıdır”. Bax müəllifin özü də belə orijinal qələm sahiblərindən biridir. Böyük məhəbbət və dəqiqliklə Nehrəm kəndinin tarixi abidələrindən, tanınmış övladlarından, burada yaşayan insanların adət-ənənəsindən, məşhur tayfalardan, öz valideynlərindən maraqlı yazılar qələmə alıb. Atası Məhərrəm kişi də savadlı, ali təhsilli jurnalist olub. Amma təəsüf ki, ağır xəstəlik nəticəsində dünyasını tez dəyişib. Ailənin bütün qayğılarını Səkinə ana öz zərif çiyinlərinə çəkərək balalarını həyatın sınaqlarından qalib çıxardıb, oxudub, onları əsil vətəndaş kimi yetişdirməyə nail olub. Kamiln bir etirafı məni də kövrəltdi. O, Xalq şairi Bəxtiyar Vahabzadənin sevdiyi misraları ilə öz portretini yaradıb:
Özümü həkimə, gah müəllimə,
Gah da mühəndisə mən bənzədərdim.
Atamın hər kiçik hərəkətini,
Böyük bir həvəslə təqlid edərdim.

Əlbəttə, ataya oxşamaq istəyi həm dərin məhəbbətin, həm də həsrətin diktəsidir. Doğulduğu kənd və onun ən qiymətli varidatından – övladlarından məhəbbətlə, qürur və fəxarətlə söhbət açmaq, oxucunu qiyabi də olsa o yerlərə səyahətə apara bilmək əslində vətən sevgisi, vətəndaşlıq qayəsidir. Mənim qələm dostum, qardaşım Kamil Məhərrəmoğlu (Nehrəmli) bunu çox ustalıqla bacarıb. İstedadla zəhmətin nəticəsi olan bu kitab, doğurdan da Vətən haqqında bir balladadı.
Müəllifin "Azərbaycan türkünün daş pasportu” adlı növbəti kitabı isə filologiya üzrə elmlər doktoru Seyfəddin Paşasoyun fikirincə "Azərbaycan insanının inancla yoğrulmasının, müqəddəsliklə süslənməsinin, mistika ilə kamilləşməsinin "dastanıdır”. Ona görə "dastan” ki, bu əsərin janrını müəyyənləşdirmək çətindir.” Mənə elə gəlir ki, müqəddəs ünvanlardan, ziyarətgahlardan yazanda ürəyinindən boşaltdığın sözlər heç zaman hansısa çərçivəyə sığa bilmir. Çünki bu duyğuların ölçü-biçimi olmur. İlahi bir eşq, ilahi bir sevda ruha hakim kəsilir. Sınaqlardan, müxtəlif olaylardan, quruluşların təzyiqlərindən qalib şıxan, insanların inancına, ümidinə çevrilən Əshabi-Kəhf! Bizim çoxumuz bu məhəbbətlə, inamla böyümüşük. Uşaqlığım yadıma düşür. Tez-tez nənəmin dilindən eşidərdim: "Ya Allah, ya Əshabi-Kəhf...” Tez-tez də ziyarətə gedərdilər. Anam son nəfəsində "nəzirim vardı, Əshabi-Kəhfə ziyarət etməli idim, sən mütləq gedərsən...” Bu vəsiyyətdən 30 il keçir. Mən hər dəfə Əshabi-Kəhfi ziyarət edəndə anam mütləq yuxuma girir. Nə isə... Mətləbdən uzaq düşdüm.
Ənənədən kənara çıxaraq sözümü bir başa sənə ünvanlayıram, Kamil Nehrəmli! Elə təkcə bu kitabına görə sənə təşəkkür edirəm. Hələ uşaqlıqdan üzü bəri, sənin sözün olmasın (lap olsun da) məngənəsində sıxıldığım o qədər sualın cavabını tapdım ki... Məncə, bu kitabı təhlil etmək yox, mütləq oxumaq və sevmək lazımdır. Bilirəm ki, hələ neçə-neçə kitabın işıq üzü görəcək, amma elə bu kitabın bəs edər ki, sən ədəbiyyatımzda, jurnalistikamızda adını əbədi həkk etdirə biləsən. Söz insanın içinin ətridir. Bu kitabın sənin torpağa, vətənə sevgini, milli dəyərlərə sadiqliyini, dinə-imana bağlılığını, sözə-sənətə aşiqliyini bir daha təsdiqlədi. Elə yazımı da sənin sözlərinlə tamamlayiram. Qoy bilməyən də bilsin ki:
–...Əshabi-Kəhf Uca Yaradanın möcüzəsi, dünyanın ən qədim ziyarətgahlarından biri, İnsanların Tanrıya, Təkallahlığa sığındığı bir yerdir. Bu, heç də bir əfsanə deyil, əsrlərlə insanların qan yaddaşlarında qorunub saxlanmış böyük Yaradana inamında yaşatmış və nəhayət, müqəddəs Quranı-Kərimdə təsdiqlənmiş bir gerçəklikdir.
Kamil Məhərrəmoğlu (Nehrəmli) ömrünün 60-cı baharını tamamlayır. Həmişə onu söz-sənət aşiqi kimi tanımış və təqdir etmişik. Ona ən gözəl hədiyyə elə ürəkdən gələn dost dualarıdır ki, Allahımız eşidə. Arzum budur, Əshabi-Kəhf sevgisi həmişə qəlbinə hakim olsun. Tez-tez doğma yerləri məhəbbətlə, ehtiramla ziyarət edəsən. Müqəddəs ünvanda olmaq qadadan-bəladan uzaq düşmək deməkdir. Qələm səni, sən də qələmini yaşada biəsən. Bizi var edən də elə söz olacaq, çünki başqa umacağımız yoxdur. Ulu Füzulidən üzü bəri sözün tərifi və qiyməti elə dürüst verilib ki, söz adamı olduğumuza həmişə fəxr etmişik. Ona görə də ürəklə deyirəm ki, sözün həmişə var olsun, qardaş! Heç zaman da yerə düşməsin!

Flora XƏLİLZADƏ
Əməkdar jurnalist



banner

Oxşar Xəbərlər