• şənbə, 20 Aprel, 12:25
  • Baku Bakı 23°C

Şeir ağlaşma yeri deyil

18.03.19 14:30 2713
Şeir ağlaşma yeri deyil
(Nurduran Duman 1974-cü ildə Çanaqqalada anadan olmuşdur. Uşaq yaşlarından şeir yazmağa başlayan şairin "Varlık”, "İz”, "Cumhuryyet kitap” kimi dərgilərdə poetik nümunələri dərc edilmişdir. "Yenilgi oyunu” adlı kitabı "2005-ci il Cemal Süreya Şeir Ödülleri Özəl mükafatına” layiq görülüb. Hazırda Bahçeşehir Universitetində "Türk ədəbiyyatında sosioloji analizlər” fənnindən dərs deyir.)

– Nurduran xanım, siz ilk şeirinizi 8 yaşınızda yazmış və o gündən bəri həyat yollarınızı ədəbiyyatla birgə addımlamısız. Heç poeziya ilə sizin bir-birinizdən yorulduğunuz anlar olubmu?
– Bir-birimizdən yorulduq deməyək, amma bir-birimizi narahat etmədiyimiz zamanlar olub.
Şeir həyatdan yaranır, həyatdakı həssas, düşüncəli, xəyali olmaqla xüsusilə qavrayışa daxil olan və olmayan bütün yaşantılardan. Şair əvvəl bu yaşantıların baş verdiyi yeri, insanları, dünyada baş verən hadisələri necə qavrayıb özünküləşdirəcəyini, bunu necə təqdim edəcəyini seçir. Şeir ilə həyatın yolu bir-birinin içində inkişaf edən nəsnələrə bağlıdır. Qəti şəkildə deyə bilməsəm də, amma yazdığım şeirin getdiyi, məni də özü ilə apardığı bir yer var. Bu, yazıldıqca, yazıldığı zaman ərzində üz tutduğum yerlərə, baş verən görüşlərə, səbəblərə bağlı bir yerdir. Şeirdən uzaq olduğumuzu zənn etdiyimiz zamanlarda şeirlə bağlı başqa fəaliyyətlə məşğul olur, məsələn pişiklərə qayğı göstəririk...

– Şeirləriniz ingilis, çin, ispan, fransız, alman, fin, slovak, bolqar – bir sözlə dünyanın aparıcı dillərinə çevrilib. Bir çox ölkələrdə şeir kitablarınız nəşr edilib, dünyanın söz sahibi olan ədəbiyyat biliciləri yaradıcılığınızı yüksək qiymətləndirib. Yəni müasir Türkiyə şeirinin dünyaya çıxışında müəyyən qədər rolunuz olduğunu söyləyə bilərik...
–Dilə, ənənəyə, bilgiyə, həqiqətə, öz həqiqətimə sayğı ilə dolu şeir yazmağa çalışıram. Neçə min ildən bəri bizi formalaşdıran gözəl dilimiz, gəldiyi yollardan, çaylardan, dağlardan, nənə və babalarımızdan miras qalan böyük şeirimiz var. Türk şeiri öz nəhəngliyi ilə kainatı qucaqlayır. Bu şeiri başqa coğrafiyalara daşıyıb başqa dillərdə səsləndirən, sətirləri ilə yol açan türk şairlərinə eşq olsun.
– Dünya ədəbiyyatının ən öndə gələn dərgilərindən biri olan "Modern Poetry Translation” 2017-ci ilin iyun sayında "The river” (Çay) şeirinizi dərc etdi. Eyni dərginin bu ilki "Ten Women Poets in Translation for International Women’s Day” siyahısında isə adınıza ikinci sırada yer verildi.
– Ən vacibi xoşbəxtlik, sevinc hissləridir. İnsan ən sevdiyi işlə məşğul olarkən ən xoşladığı hadisəni yaşayanlar sırasına daxil olur. İstərdim ki, hər kəs sevdiyi işlə məşğul olsun. Tikiş tikməyi sevən dərzi olsun, gül əkməyi sevən bağban... bu zaman insandan xoşbəxt canlı olmaz. Mən də hərf-hərf, sözbəsöz sətirlər yaradıb, şeirlər toxumağı sevirəm. Həmin il yaşadığım ən fərqli təcrübə idi bu xəbər. Sevincimi sözlə izah etməkdə çətinlik çəkirəm. Amma bunu asanlıqla deyə bilərəm ki, Anna Axmatova kimi böyük bir şairlə eyni siyahıda adımın olmasına görə sevirirəm...
– Vladimir Nabokovun sözüdür: Zaman insanı dəyişir. Amma dövrün hadisələri göstərir ki, bu gün insan özü zamanı dəyişməyə məcbur edir. Sizcə, bu dəyişikliyə sənət amili də təsir göstərirmi?
– Zamana hansı tərəfdən baxmağın mühümdür. Bir həqiqət isə heç vaxt dəyişmir: İnsan insandır, sənət sənətdir. İnsandakı fəzilət daim ordadır. Sənətin gücü və qüvvəsi də ortadadır.
– Dəyişən zamanın poeziyaya təsiri də şübhəsizdir. Necə düşünürsünüz, bu gün həmin poeziyanı yaradan şair özü zamanla ayaqlaşa bilirmi?
– Şairlərin əksəriyyəti incəqəlbli, kövrək varlıqlardır. Bəzi şairlər isə işıq saçır. Yıxılsa da ayağa qalxan, yıxılanı qaldıran, hətta yıxılmaq üzrə olanı saxlaya bilən şairlərdir bunlar. Həyat eşqinin təsirindən xəbərdar olub həyata söykənirlər. Şeir həyatın dözə bilmək qüvvəsidir. Suyun qalxma qüvvəsinin dəstəyi ilə okeanlar aşıb, qasırğalara sinə gəririksə, şeir ilə də ömürlər aşıb qərinələrdən keçə bilərik.
– Şeirlərinizi oxuduqca zərif qadın hissləri ilə, məntiqi düşüncəyə söykənən fikirlərin şüuraltı bağlılıq yaratdığını görürük.
– Üzdə görünənlə dərində gizli qalan arasında kontakt qura bilmişəmsə, hələ şeirlərimdə bunu görmək mümkündürsə, nə gözəl... Həm qadın, həm insanam demək. Üstəlik şairəm. Necə böyük xoşbəxtlik.
Bəzi oxucular şeirimin musiqisinin cazı xatırlatdığını söyləyirlər, yəqin bu türkülərimizlə caz parçaları arasındakı ritm bənzərliyi səbəbindəndir. Yüz ölçüb, bir biçməyi sevirəm, beləcə anlam qatları ilə hörülmüş bir quruluş çıxır ortaya. Bundan ötrü ən çox dilin imkanlarından istifadə etməyə çalışıram. Son zamanlar yazdıqlarımda, gündəlik həyatda o qədər də sıx istifadə etmədiyim səs və məna olaraq xoşuma gələn sözlərdən yararlanmağa çalışıram. Türk dili olduqca zəngin dildir, idealdır, insan anatomiyasına uyğun olduğu kimi həm də şeir dilidir. Sadəcə dil zərifliyinə görə deyil, həm də mədəniyyətdə, ənənələrdə, indi isə dünyada baş verən hadisələrdə aktiv iştirak edir.
– Bəs sizin poeziyanızın əsas qəhrəmanı kimdir? Və ya sualı belə qoyaq, şeirlərinizdəki Nurduranın həyatdakı Nurduran Dumanla nə qədər uzlaşdığını deyə bilərsizmi?
– Dünyagörüşü, poetik anlayış, cavab gözləyən suallar, həyatdan ilham almağın şeirin təməl məsələlərində mühüm yeri olduğunu düşünürəm. Buna xüsusilə diqqət edirəm. Özəl həyatım, dərdim, sevinc və kədərim şeirə xidmət edəcək dəyərdə olarsa, uyğun vəziyyətə gələrək misralarımda yer ala bilər. Çünki şeir, sənət ağlaşma yeri, ya da teatr səhnəsi deyil.
– "Qəlbində heç nə gizləmə, qəlbinin özünü belə” deyirsiz. Sizcə dünya bu qədər səmimiyyətə duruş gətirə bilərmi?
– Dünya belədir. Baxın, əgər ayaqlarımız yerin cazibə qüvvəsi ilə yerə bağlı olmasaydı kim bilir haralara, kainatın hansı ucuna sovrulub gedərdik. Səmimiyyət gərəkdir. Həyatın qaynağı sevincdir.

– Finlandiyada nəşr edilən Kaltio dərgisində yayımlanan yazınız "Dünyada sülh istənilirsə ölkələrin ciddi bir ədəbiyyat tərcümə siyasəti olmalıdır” düşüncəsi ilə qələmə alınıb. Həqiqətən də ədəbi tərcümənin xalqlar arasında əlaqələrin inkişafındakı rolu misilsizdir. Tərcümə sayəsində biz Dostoyevskini, Heminqueyi, Floberi, Stendalı və başqalarını oxumaq və yazıçının mühiti ilə tanışlıq, oradakı insanlarla mənəvi cəhətdən ünsiyyət şansı əldə etmiş oluruq... Maraqlıdı, siz tərcümə zamanı ən çox əsərə hansı mövqedən yanaşırsız – oxucu kimi zövq alıb, daha sonra çevirməyə başlayır, yoxsa sırf texniki cəhətdən yəni əsərə məhz tərcümə mətni kimi münasibət göstərirsiz?
– Şeir tərcümə etmək şeiri yenidən yazmaq kimidir. Çətin işdir, çünki sənət əsəri diqqətli, amma vasvası yanaşma tələb edir. Bundan başqa eyni şeirin, eyni dildə bir neçə fərqli tərcüməsinin olmasını istəyirəm. Başqa dildən sevdiyim bir şeirin türkcəyə hər fərqli tərcüməsi məni olduqca həyəcanlandırır.
– Bu günlərdə 2012-ci ildə yayımlanan "Mi Bemol” adlı kitabınızı oxudum. Topluya daxil olan şeirlər sanki bir-birini tamamlayır. Şeir seçimi də olduqca uğurludur. Görünür, bu həm də yaradıcılığınıza qarşı həssaslığınızdan irəli gəlir...
– Şeir yaradıcılıq məhsuludur. Əslində, heçdən ərsəyə gətirdiyimiz hər şey elədir. Haqqında danışdığınız "Mi Bemol”un hətta durğu işarələrinə də diqqətlə, məsuliyyətlə yanaşmışam.

Söhbətləşdi: Xatirə Nurgül

banner

Oxşar Xəbərlər