• çərşənbə, 24 Aprel, 01:42
  • Baku Bakı 14°C

Səhvin yalnız gülüş və pozitivlik gətirdiyi yer - Reportaj

14.12.18 11:00 2753
Səhvin yalnız gülüş və pozitivlik gətirdiyi yer - Reportaj
"Əgər ömründə bir dəfə də olsa baçata rəqsini oynamamısansa, demək heç rəqs etməmisən”. Bu fikri eşidən və rəqsə marağı olan adamların ürəyindən yəqin ki, adıçəkilən rəqsi etmək keçməmiş olmaz. Elə "Kuba yuxusu” adlandırılan salsa rəqsini də.

Bu iki Latın Amerikan rəqsilə bağlı internetdə bir az axtarış apardım. Baçata rəqsinin əsas məqsədi partnyorların sıx əlaqəsidirsə, salsaya partnyorların fasiləsiz improvizasiyası da demək olar. Yəni, qarşıdakını duyub, onunla hərəkətlərinin təkrarlaması. Məlumata görə, salsa rəqsini Kubada inqilabdan sonra, dövlət tərəfindən bağlanan kazinolarda oynamağa başlayıblar. Rəqslə bağlı oxuduğum məlumatda belə bu cümlə də qarşıma çıxdı: "Eşitməkdənsə, görmək və rəqs etmək daha gözəldir”.

Mən də hələ ki görmək və reportaj hazırlamaq üçün "Street Salsa Baku” rəqs məktəbində bu rəqslərin öyrədildiyi dərsə qatıldım. İki müəllim – bir bəy, bir xanım tərəfindən keçirilən dərs, baçata rəqsi ilə başlandı, amma hələ ki solo olaraq musiqisiz öyrənirdilər. Xeyli müddət müəllimin 1-2-3-4 sayının sədaları altında öyrənmə prosesi getdi, sonra da bunu musiqi üzərində tətbiq etdilər. Hələ izləyici kimi deyim ki, musiqisiz öyrəniləni ritmlərlə ahəngləşdirmək heç də asan deyil. Çünki kimin bu işdə peşəkar olduğu, kimin musiqi ilə rəqs edən zaman belə, saydığını asanlıqla hiss etmək olur.


Nəyi sevirsənsə, onu yaşamalısan

Növbəti hissədə cütlüklər üçün salsa rəqsi başladı. Hiss olunurdu ki, bu, baçatadan bir az çətindir. Bu rəqslər əslində, bir-birinə bənzəyir. Müəllimlər bildirdilər ki, salsa daha hərəkətlidir, baçata isə bir az həzin. Baçatanı "ehtiras rəqsi” də adlandırırlar.

Dərsə cütlüklərin baçata rəqsi ilə yekun vuruldu. Hər kəs yaxşıca tərləşmişdi, amma üzlərində enerji dolu, pozitivlik saçan ifadə var idi, ona görə təəssüratlarının necə olduğunu soruşmağa ehtiyac qalmadı. Bəs bu rəqsə maraqları necə yaranıb? Çünki çox adam danışanda bu rəqsi bəyəndiyini, izlədiyini deyir, amma getmək məsələsi plan olaraq qalır. Zaur Şahinoğlu deyir ki, Latın Amerikan rəqslərinə əvvəldən marağı olub: "Amma Bakıda bu rəqsləri öyrədən məktəb, kurs olduğunu bilmirdim.

Rəqsə gələn tanışlarım mənə bu haqda dedilər və gəldim. Əladır, həyat insana bir dəfə verilir, bir də olmayacaq. Nəyi sevirsənsə, onu yaşamalısan”.

Zaurun dərsdə daha çox səhv etdiyini gördüm. Deyir ki, hələ 3-cü dərsidir, ona görə səhv etməsi normaldır: "Hissə-hissə öyrənilən hərəkətlərin sonda toplaşıb necə gözəl rəqs olduğunu partilərdə görəndə adam dərsə gəlməyi daha çox istəyir”.


Rəqsə gələndən karyeramda müsbət dəyişikliklər olub

Mahir Hüseynov isə 2 ildən çoxdur Latın Amerikan rəqsləri ilə məşğuldur: "Həmişə rəqsi sevmişəm, amma təhsilim, işimlə əlaqəli vaxt qıtlığı olduğu üçün gedə bilməmişəm. Elə oldu ki, işimlə bağlı müəyyən stress keçirdim, həm psixoloq yanına gedirdim, həm də müəyyən dərmanlar qəbul edirdim. Bir gün psixoloqum dedi ki, bu dərmanlar səni müvəqqəti sakitləşdirir, özünə hobbi kimi maraqlı məşğuliyyət tap, o sənə daha çox kömək edəcək. İdman edirdim, rəqsə marağım olduğu üçün elə bu sahəni seçdim. Hazırda salsa, baçata, kizomba, ça-ça-ça rəqsləri ilə məşğul oluram. Rəqsə gələndən karyeramda müsbət dəyişikliklər olub. Bütün stressimi burda atıram, sabah işə pozitiv enerji ilə başlayıram”.

Səbinə Məmmədovanın uşaqlıqdan rəqsə marağı yaranıb, əvvəllər bal rəqsləri ilə məşğul olub, amma iki ildir ki, Latın Amerikan rəqsləri onu özünə bağlayıb: "5-6 il bundan əvvəl bal rəqsləri ilə məşğul olurdum. Bir müddət rəqslərə fasilə vermişdim, sonra salsaya gəldim. Bu rəqs mənim xasiyyətimə daha uyğundur”.

Səbinə deyir ki, gələcək həyat yoldaşının da bu rəqsi bacarmasını istəyər: "Bacarmasa da, öyrədəcəm”.


Əsas idarə edən oğlandır, qız isə oğlanı başa düşməlidir

Dərs zamanı məndə suallar yaranmışdı, tələbələrlə söhbəti yekunlaşdırıb onu müəllimlərə ünvanladım. Bunlardan biri xanımların ayağında olan ayaqqabılar idi. Müəllim Aydın Qasımzadə bildirdi ki, bu rəqs zamanı xanımlar xüsusi hündürdaban ayaqqabılarda olurlar. 7-8 sm hündürlükdə olan ayaqqabıların daban hissəsinin möhkəm olması şərtdir. Başqa ayaqqabılarda xanımlar tarazlıqlarını itirə bilərlər.

Rəqs zalında öndə və sağ tərəfdə böyük güzgü var. Rəqs edənlər güzgüdə özlərini izləyirlər. A.Qasımzadənin sözlərinə görə, güzgü ondan ötrüdür ki, rəqs edərkən ayaqlarına baxmasınlar, amma güzgüdə baxa bilərlər. Cütlük rəqsi olduğu üçün rəqs edəndə bir-birinə baxmalıdır. Güzgüyə öyrəşdikcə rəqs edəndə partnyora baxmağa da alışacaqlar”.

Dərsdə maraqlı məqamlardan biri də o idi ki, müəllim tez-tez partnyorları dəyişirdi. A.Qasımzadə deyir ki, bir nəfər eyni adamla rəqs etməyə vərdiş etsə, əzbərçiliyə gedir: "Bu zaman başqa partnyorlarla rəqs edəndə çətinlik çəkərlər. Bu rəqslərdə əsas idarə edən oğlandır, qız isə onu başa düşməlidir. Eyni qızla oynayanda oğlanın idarəetməsi zəifləyir, qızın da başa düşməsi zəifləyir”.


Kompleksləri atmağı gözə almalısan

Müəllimlər deyirlər ki, bu rəqsə gedirsənsə, kompleksləri atmağı gözə almalısan: "Öyrənə bilməyib yarımçıq qoyanlar çox olub. Çünki ya yaddaşı, götürmə qabiliyyəti zəif olur, ya da komplekslərini yığışdıra bilmir. Dərsdən əlavə, həftə ərzində müxtəlif məkanlarda latino partilərimiz olur. Dərsdə öyrəndiklərimizi partilərdə praktiki olaraq tətbiq edirik”.

A.Qasımzadə bildirdi ki, ölkəmizdə Latın Amerikası rəqslərinə maraq göstərənlərin sayı ildən-ilə artır: "Əvvəllər daha çox salsaya maraq göstərirdilər, indi baçata və kizombaya. Salsanın da 3 növü var. Əsas mənbə Kuba salsasıdır. Sonra isə Los Anceles və Nyu York salsaları. Birinci daha çətin, daha sürətli və daha klassikdir. Birincidə ritmə üstünlük verilir, ikincidə musiqiyə. Bizdə ən çox maraq Salsa Los Ancelesədir. Amma dünyada Los Anceles və Nyu York salsaları arasında mübarizə gedir. Elə ölkələr var ki, onlarda yalnız Kuba salsası öyrədilir. Baçatanın da fərqli formaları var, onun isə sensual növü bizdə daha aktualdır”.

Müəllim Veronika Talıbova isə deyir ki, hər yaş qrupunda fərqli sahələrdən tələbələri olur: "Hər yaşda tələbəmiz olub. Hətta 65 yaşlı bir xanım gəlmişdi, 6 nəvəsi var idi. Öyrəndi, yaxşı da rəqs etdi. 45-50 yaşında cütlüklər də gəlib. Bizdə hər sahədən tələbə var - hərbçi, dövlət qurumlarından çalışanlar belə. Bəylər gəlməyə bir az utanırlar, amma son vaxtlar bu cəhətdən də artımlar var. Müraciət sayında xanımlar hələ ki üstünlük təşkil edir”.


Xanımlar daha tez öyrənirlər

Rəqsi öyrənməyə gəlincə isə, müəllimlər bunun fərdlərə görə dəyişdiyini bildirdilər: "İnsana, musiqi duyumuna, yaddaşına görə öyrənmək sürəti də dəyişir. Ritmlərlə işləməyi bilmək önəmlidir. Hər dərs fərqli hərəkətlər öyrənirik. Bir il ərzində görün, nə qədər hərəkət olur, onların hamısını yadda saxlamaq çətindir. Əslində, avtomatikləşəndən sonra yadda saxlamağa ehtiyac qalmır. Əsas yaddaş oğlanlarda olmalıdır, çünki rəqsi idarə edən onlardır, xanımlar uyğunlaşırlar. Ona görə xanımlar daha tez öyrənirlər”.

A.Qasımzadə deyir ki, bu rəqsə gələnlərin hər birinin məqsədi fərqli olur: "Elə adamlar var ki, sırf rəqsi sevdiyi üçün gəlir. Stress atmaq, depressiyadan, yalnızlıqdan qurtulmaq, dost tapmaq, əhatəsini genişləndirmək üçün də gələnlər az deyil. Yaxud sadəcə əks cinslə tanış olmaq problemi yaşayanlar var ki, hardasa kimləsə ünsiyyət qurmağa çətinlik çəkirlər, gəlib burda tanış olurlar, dostlaşırlar, hətta ailə quranlar da olur”.


Aqressivlər mülayimləşir

Rəqs zamanı təcrübəsi az olanlar mütləq səhv edirlər. Bu zaman cütlüklər bir-birinə təbəssüm göstərib, rəqsə davam edirlər. Bu mövzuda tələbələrdən biri Mahir Hüseynovla söhbət edəndə demişdi ki, burda səhv yalnız gülüş və pozitivlik gətirir. A.Qasımzadə bildirdi ki, tələbələrə təkcə rəqs hərəkətləri öyrətmirlər, həm də xanıma daha zərif davranmağı, hörmətlə yanaşmağı təbliğ edirlər: "Rəqs mədəniyyətdir, aqressiyadan kənardır. Elə aqressiv adam olub ki, rəqsə gələndən sonra tam dəyişib, xarakteri yumşalıb. Səhv məsələsinə gəlincə, biz təbliğ etdiyimiz mədəniyyətin içində bu da var. Partnyor rəqs zamanı səhv edəndə bunu ona bildirmirik. "Hər şey yaxşıdır” deyib gülürük, keçib gedir. Bir də rəqsin sonunda partnyora təşəkkür etmək vacibdir”.

Aydın müəllim bizi yola salanda belə bir cümlə işlətdi: "Rəqs elədir ki, sən onu atsan da, o səni atmır. Arada fasilə versən də, nə vaxtsa yenə qayıdırsan”. Əslində, maraqlı yanaşmadır, ona görə çətini başlamaqdır. Həvəsi, marağı olanlar başlasalar, davamı özü gələcək. Çünki hansı ölkənin olmasından, necə edilməsindən asılı olmayaraq, rəqs gözəllik və sağlamlıqdır.

Aygün Asimqızı









banner

Oxşar Xəbərlər