• cümə axşamı, 25 aprel, 02:31
  • Baku Bakı 19°C

Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov "New İn Chess" turnirində 1/4 finala yüksəliblər

27.04.21 10:30 415
Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov "New İn Chess" turnirində 1/4 finala yüksəliblər
Onlayn şahmat üzrə Çempionlar Turunun V mərhələsi olan "New İn Chess" adlı turnir davam edir.
Apasport.az saytının məlumatına görə, Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun da mübarizə apardığı turnirdə 3-cü günün oyunları keçirilib.
XI turda Azərbaycan derbisində qarşılaşan qrossmeysterlərimiz heç-heçə oynayıb. Bu görüşdə Şəhriyar ağ fiqurlarla mübarizə aparıb.

Günün ikinci oyununda Teymur "ağlarla” Sergey Karyakinlə (Rusiya) xalı yarı bölüb. Şəhriyar qaralarla Aryan Tarini (Norveç) məğlubiyyətə uğradıb.
XIII turda Məmmədyarov prinsipial görüşdə Levon Aronyana (Ermənistan) qarşı "ağlarla”, Le Kuanq Lyemə (Vyetnam) rəqib olan Rəcəbov qaralarla mübarizə aparıb. Hər iki şahmatçımız heç-heçəyə imza atıb.
XIV turda Teymur Lenyer Domingeslə (ABŞ) xalı yarı bölübsə, Şəhriyar Yohan-Sebastyan Kristiansenə (Norveç) qalib gəlib. Son turda Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə (Norveç), Rəcəbov Vidit Qucrati (Hindistan) ilə heç-heçə edib.
Bununla da dünya çempionu Maqnus Karlsen istisna olmaqla planetin ən güclü şahmatçıları Rusiyada təşkil olunan İddiaçılar turnirində mübarizə apardığından heyəti o qədər də güclü olmayan "New İn Chess"də birinci mərhələ başa çatıb. 16 iştirakçı bir dövrəlik dairəvi sistemlə mübarizə apararaq 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdirib.
Hər iki təmsilçimiz ilk "8-lik”də yer alaraq növbəti mərhələyə yüksələnlər sırasına qoşulub. İlk mərhələdə Şəhriyar 9,5 xalla 3-cü, Teymur 8,5 xalla 8-ci yeri tutub.

banner

Oxşar Xəbərlər