• cümə axşamı, 28 mart, 21:18
  • Baku Bakı 13°C

Səhnəmizin gülüşü və təbəssümü

23.09.22 15:55 923
Səhnəmizin gülüşü və təbəssümü

Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdür

Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. Yazıçı, dramaturq, kinossenarist kimi o dövrün ictimai-siyasi prosesləri onun əsərlərində öz əksini tapıb. Sabit Rəhmanın tamaşaları səhnəmizə yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirib. 70 ildən çoxdur ki, səhnəmizdə “Toy” çalınır, “Xoşbəxtlər” “Aydınlıq”da qovuşur, “Nişanlı qız”ların “Hicran”ına son qoyulur. Allah bilir, bəlkə neçənci dəfədir ki, “Əliqulu evlənir”. Həqiqət budur ki, Sabit Rəhman olmasaydı, bu ədəbi incilərin heç biri olmayacaqdı. Bütün bunlarsız Azərbaycan səhnəsinin nə qədər kasıb olacağını təsəvvür etmək isə o qədər də çətin deyil.

AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı və dramaturq Sabit Rəhmanın vəfatından 52 il ötür.

Sabir Kərim oğlu Mahmudov (Sabit Rəhman) 1910-cu il martın 26-da Şəkidə dünyaya gəlib. 1926-cı ildə “Molla Nəsrəddin” jurnalında “Şeyx Samit” imzası ilə dərc olunan felyetonu ədəbiyyat aləminə yeni bir istedadın gəlişindən xəbər verirdi. İllər keçəcək, 50-dən çox hekayə, “Vəfasız”, “Son faciə”, “Arzular” povestlərini, “Nina”, “Böyük günlər” romanlarını, “Hicran”, “Ulduz” musiqili komediyalarını yazacaq Sabit Rəhman daha çox səhnəmizin gülüşü və təbəssümü kimi seviləcəkdi.

Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazır. “Toy” toy kimi qarşılansa da, Sabit Rəhmanın yazdığı “Toy”un əsl mahiyyətini bilmək üçün böyük bir imperiyanın süqutunu gözləmək lazım gəlirdi. Mərhum ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı: “Mən həmişə heyrət edərdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” “37”-dən dərhal sonra 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?

Sabit Rəhman dırnaqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərsə də, əslində bu gülüşün arxasında bir insan taleyi dayanırdı. Necə ki, özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.

Sabit Rəhman təkcə nasir, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi, cəsarəti ilə kinossenarist kimi də uğur qazandı. Sabit Rəhmanın qələmindən çıxan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmlərinin ssenarisi təsadüfi deyil ki, kinossenarilərimizin ən gözəl nümunələrindən sayıla bilər. Bunu vaxtı ilə “Arşın mal alan” filminin kinossenarisini oxuyan Üzeyir bəy Hacıbəylinin Sabit Rəhmana dediyi sözlər də təsdiq edir: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən gülüşlərimə ekran üçün can vermisən”.

Böyük sənətkar olmaqla yanaşı, Sabit Rəhman böyük insan idi. O, hər zaman yaxşı dostlarının olması ilə özünü xoşbəxt sayardı. Xalq şairi Rəsul Rza onun barəsində yazırdı: “Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Necə deyərlər, can bir qəlbdə dostuq. İndiyə kimi bizim dostluğumuza kiçik bir ləkə düşməyib. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var”.

Sabit Rəhman teatra çox bağlı insan idi. Onun yaradıcılığı aktyorlar üçün yaradıcılıq çeşməsi sayılırdı. Sabit Rəhmanın tamaşalarında Mirzəağa Əliyev, Sidqi Ruhulla, İsmayıl Osmanlı, Möhsün Sənani, Ağasadıq Gəraybəyli, Hökümə Qurbanova, Barat Şəkinskaya, Süleyman Ələsgərov kimi qüdrətli sənətkarlar iştirak edirdi. Xalq yazıçısı İlyas Əfəndiyevin təbirincə desək, Sabit Rəhman və Azərbaycan teatrı - bu iki anlayış arasında sıx bir yaxınlıq vardı.

Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.

banner

Oxşar Xəbərlər