• şənbə, 20 Aprel, 18:54
  • Baku Bakı 24°C

Səhnə ilə məhəbbət macərası

04.07.13 09:59 1793
Səhnə ilə məhəbbət macərası
Bu qadın indi də cəlbedicidir. Ayaqlarından məhrum olsa da əlil arabasında az qala bütün Moskvanı dolanır. O, öz teatrını qurub. Sevimli oğlunu və ərini itirib, amma həmişə gülür və başqalarına kömək edir.
“İşdə məhəbbət macərası”nın Şuroçkası- əfsanəvi Lyudmila İvanovna yubileyini qeyd edir.
İstəyirsiniz ki, mən zəif olum?
- Lyudmila İvanovna, müharibə günlərində doğulduğunuza görə kədərlənirsinizmi?
- Yox, kədərlənmirəm. Axı biz müharibəni udduq. Müharibə başlayanda mənim 8 yaşım vardı və biz uşaqlar üçün çox maraqlı idi: müharibə, casuslar… Böyüklərdə əməlli-başlı casusmaniya başlamışdı: bizim bağ olan qəsəbədə üç-üç gəzirdilər, hamı şübhəli idi.
- Siz nə vaxt başa düşdünüz ki, müharibə casus oyunu deyil?
- Çox tez. Əvvəla, mən bomba sığnacağında otura bilirdim (bizdə Lasinkada onu «xəndək» adlandırırdılar). Bu, «Q» şəkilli bir kanal idi və yuxarıdan fanerlə örtülmüşdü. Mən ora girən kimi öyüməyə başlayır, özümü qəbirdəki kim hiss edirdim. Bizi təhlükəli yerlərdən uzaq və daha əmin yerlərə köçürürdülər. Dəhşət onda idi ki, heç yerdə ayaqyolu yox idi və valideynlər uşaqlarını pəncərədən asırdılar ki, onlar sidiyə və nəcisə çıxsınlar. Biz Miassa evakuasiya olunduq. Mən orada məktəbə getdim. Orada yerli oğlanlar bütün moskvalı uşaqlara “Yəhudilər Moskvadan qaçırlar” deyə qışqırırdılar.
- Siz ki yəhudi deyildiniz. Uşaqların üzünüzə belə deməyi dəhşətli idimi?
- Hə, biz rusuq. Bütün hallarda bu, dəhşətli idi. Bir dəfə anamla yolda gedirdim. Arxamızca uşaqlar qaçdı və eyni sözləri qışqırdılar. Mən onlara dilimi göstərdim. Evə gələndən sonra anam məni döşəmə üstündə ayaq üstə qoydu və dedi ki, öz ləyaqətini saxlamaq, qürurlu olmaq lazımdır. Sonra iki gün otura bilmədim. Mən ağlamadım, amma başa düşdüm ki, günahkar deyiləm. Mən ümumiyyətlə, anamı heç vaxt incitmirdim. O, həmişə haqlı idi.
- Belə güclü xarakter sizə kimdən keçib?
- Atamdan və anamdan. Ümumiyyətlə, mənim ailəm maraqlıdır. Ulu babam cadugər olub. O, dəyirmançı idi və Dnepr üzərində yaşayırdı, türkəçarə ilə müalicə edirdi. İndi Ukraynada, xüsusilə Dneprdə cadugərlər çoxdur. Özüm onları görmüşəm.
- Ulu babanızın cadugərlik qabiliyyətləri sizə də keçib?
- Yox, mən ovsunlaya bilmirəm. Qoy öz ailəm haqqında danışım. Ata babam kəndli idi. O, savadsız olmasına baxmayaraq 1905-ci ildə bolşeviklər partiyasına daxil olmuşdu. Müharibədə faciəli surətdə həlak oldu. Ancaq mənim atam ixtisasca coğrafiyaçı idi. O, hətta, ada kəşf etmişdi və həmin ada İvanova adlanırdı. Mən o balaca adanı internetdə görmüşəm. Dayımın adına Novosibirsk akademiya şəhərciyində küçə verilib. O, Dneprdə keçid tikib, Osvensimi xilas edib, Berlini bombalayıb və müharibəni general kimi başa vurub. Görürsünüz, bizim necə maraqlı ailəmiz olub. Bütün bunlardan sonra sən istəyirsiniz ki, mən zəif olum?
Varlı olmaq istəməmişəm
- Soruşmaq istəyirəm, bizim və sizin dövrünüzün teatr məktəbinin tələbələri – burda yer və göy fərqi var?
- Bizdə işləmək həvəsi çox idi. Hamımız dəlisov etüdlər edirdik. Bugünkülərdə isə həmin ehtiras yoxdur. Onlar daha çox fikirləşirlər ki, necə yaxşı işə düzəlsinlər və çoxlu pul qazansınlar. Biz çox ciddi idik. Baxmayaraq ki, indiki tələbələr də yaxşı, xoşagələndirlər. Ancaq biz daha böyük həvəslə oxuyurduq.
Məndə uşaqlıqdan hissetmə vardı: nə fikirləşirdimsə, o, baş verirdi. 8-ci sinifdə oxuyanda avqust ayında bağda olarkən ulduz yağışı baş verdi. Mən arzu tutdum ki, Əməkdar artist olmaq istəyirəm və oldum. Mən təsadüflərə və bəxtə inanıram.
- Bəs «Sovromennik»ə necə gəldiniz? Bunu da ürəyinizdə tutmuşdunuz?
- «Sovremennik» məni uzun müddət qəbul etmədi. Xüsusilə Kvaşa. Nə üçün? Çünki mən partiyanın üzvü idim.
- Onda siz nə üçün partiyaya daxil olmuşdunuz? Siz artist idiniz, axı partiya teatrlarda rolu bölüşdürmürdü.
- Mən bunu indi sizə deyəcəyəm. Mənim babam kəndli idi. O, həmişə orda-burda mənfəət axtarırdı. Mən 9 yaşında olanda xaç suyuna salınmaq istədim. Babam buna görə mənə hörmət elədi. Amma soruşdu: «Demək, sən indi pioner sıralarına daxil olmursan?»
- «Yox, bütün uşaqlar pioner sıralarına daxil olur və mən də daxil oluram» - dedim. Eyni zamanda, partiya ilə də eyni proses baş verdi. Partiyanın nizamnaməsini öyrəndim. O vaxtdan kommunist ideyalarını alqışlayıram. Onlar gözəl idi.
- Mən heç vaxt heç kimi ittiham etmirəm, ancaq dəhşətli dövrdə insanlar uyğunlaşmağa məcbur idilər ki, öz işlərində irəli getsinlər.
- Mənə irəli getmək lazım deyildi. Mən həmişə yaxşı oxuyurdum. Bizim rektorumuz Venyamin Zaxaroviç bir gün mənə dedi: «Qız, dünyada sənin heç bir müdafiən yoxdur, sən yetimsən. Partiyaya daxil ol, bəlkə sənin hansısa müdafiən oldu”.
- Hə, necə oldu? Doğma Kommunist Partiyanız sizi müdafiə etdimi?
- Yox. Çünki mən «Sovremennik»ə gələndə orada partiyaya nifrət edirdilər. Ola bilərdi ki, onlar mənə rol verməsinlər, mən heç nə edə bilməzdim. Məsələn, Rozovun «Sevinc axtarışında» pyesini tamaşaya qoydular. Artistlər o qədər çox deyildi. Mənə o tamaşada balaca rol verdilər. Ancaq «Matrossayağı sakitlik»də artıq mənim böyük rolum vardı. Mən onu elə-belə, asanlıqla almadım. Ümumiyyətlə, mənim üçün heç nə göydən düşmür. Şairə Lyudka rolunu başqa artist oynayırdı. O, hamilə idi. Həkimlər ona oynamağı qadağan etmişdilər. Bu, premyeraya bir həftə qalmış müəyyən oldu. Yadımdadır, Yefremov oturdu, əlləri ilə başını tutdu: «Kimsə mətni bilirmi» soruşdu. «Mən bilirəm» - deyə cavab verdim. Mən o rolu oynamaqdan ötrü hər şeyi verərdim. Məşq etdim və Yefremovun xoşuna gəldi: «Oyna» dedi. Amma aktrisada uşaqdüşmə oldu və o, öz rolunu oynamaq üçün qayıtdı. Əlbəttə, hamı dedi ki, səhnəyə o, çıxmalıdır. Mən özüm də belə hesab edirdim: «Bu, onun haqqı idi». Amma Yefremov – o, sərt adam idi, «Yox, Mila oynayacaq»- dedi. Mən necə də xoşbəxt idim. Amma tamaşanı qadağan etdilər.
Şuroçka kimi
- «İşdə məhəbbət macərası» filmində məşhur Şuroçka rolu da başqasından qaldı?
- Mənim kinoya çəkilmək istəyim vardı. Hələ Ryazanovun «Uğur dolambacı»nda oynamaq istəyirdim. Ancaq məni heç sınağa buraxmadılar. Ryazanov məni «Öz adını xatırla» filmində gördü. Orada gülməli bir səhnədə mənim faciəli rolum vardı. Bu səhnəyə görə o, məni «İşdə məhəbbət macərası»na dəvət etdi. İlk sınaq – bilmirdim mənimlə nə baş verəcək. Sadəcə Şuroçka oldum və dərhal obrazı tanıdım. Çünki mənim mənzil qonşum o cür idi. Özüm də Şuroçka kimi partiya təşkilatçısı idim. Bütün bu cür qadınları görmüşdüm. Partiya təşkilatlanması bizim teatrda çox maraqlı idi – Yefremov, Şerbakov, Yevstiqneyev, Tabakov və qadınlardan təkcə mən. Yefremov deyirdi: onu partiya komitəsinə göndərmək lazımdır. O, qadındır, o sitatları bilir. Rayon komitəsində isə Lenindən sitatları bilmirdilər. Bir dəfə Yefremov mənə bizim kommunist briqadasını yaratmaq üçün tapşırıq verdi. Axı, Oleq çox romantik kommunist idi. O, ədalətli və xeyirxah idi. Hesab edirdi ki, biz kifayət qədər yaxşı işləyirik. Bizim tamaşalarımız ideyalıdır. Biz hətta, gecələr də işləyirdik. «Əlbəttə, biz kommunist briqadasıyıq»- deyə Yefremov təkrarlayırdı.
- Hansı anda siz öz teatrınızı yaratmağı qərara aldınız? Ona görə ki, xüsusi teatrı olan artistlər yox idi? Yoxsa, Qalina Barisovnaya həsəd aparırdılar?
- Qətiyyən yox. Mən institutda dərs deyirdim və çox gözəl diplom tamaşam var idi. Rəhbərimiz Volçek dedi ki, teatrdan rayon komitəsinə deputat seçilməlidir və həmin namizəd mən ola bilərəm. Teatrdan namizədliyimi irəli sürdülər və mən beləcə deputat oldum. Axı, partiya təşkilatında vicdanla işləmişdim. Artistlər üçün mənzillər əldə edirdim. Bir halda ki, mən deputatlığa gedirdim, demək, işləmək lazım idi. Ancaq o, iclaslar çox vaxt aparır, adamı əldən salırdı. İclaslara nifrət edirdim. Bir dəfə dözmədim, iclasda çıxış edib: «Kişilər, bax mən oturmuşam, sizə qulaq asıram. Amma ağıllı-başlı söz deyəni görmürəm. Siz sanki bura qadınlardan xilas olmağa gəlmisiniz. Bu sözləri danışdığınız müddətdə mən mağazaya qaçar, yemək hazırlayar, uşağın dərsini öyrədər və məşqə gedərdim” dedim. Üstəlik fikirləşdim ki, oradakı böyük zal istirahət günləri azaddır və orda ailəvi məşq etmək olar. Məndə iki tamaşa artıq hazır idi. Teatrım belə başladı.
- Yeri gəlmişkən, sizdən babat biznesmen də çıxar.
- Yox, mən heç vaxt varlı olmaq istəməmişəm. Axı mənim şubam məktəbdə hamınınkından yaxşı olanda utanırdım. Anamı onu satmağa məcbur etdim. Mən anamdan heç nə götürmürdüm. Hesab edirdim ki, insan şahin kimi çılpaq olmalı və öz işini görməlidir.
- Çılpaq – bu, indi dəbdir, amma praktik deyil. Bütün hallarda böyük pulları böyük imkanlara verirlər.
- Yəqin ki... Amma mən heç vaxt belə düşünməmişəm. Mən indi hərdən tələbələrə kömək edirəm. Əgər məndə imkan daha geniş olsaydı, hətta, onunla nə edəcəyimi bilməzdim. Milyon dollar istəmirəm – ola bilsin ki, mən düz adam deyiləm.
- Bəs artıq mənzil almaq kasıb qocalığınız üçündür?
- Mənim əvvəl «Sovremennik» məhəlləsində dördüncü mərtəbədə mənzilim vardı. Liftsiz qalxmağı bacarmayanda mən onu təhvil verdim və birinci mərtəbədə mənzil aldım. Mən daha böyük mənzil ala bilərdim. Amma mənim xarici artistlərim vardı. Onlara yataqxana vermək lazım idi. Buna görə öz mənzilimin bir hissəsini kəsib iki otaq və mətbəx qurdum.
Şikəst yaşamaq çox çətindir
- İnsanda elə bir güc olmalıdır ki, o, dözülməyən dərdə tab gətirsin (sevimli oğlunun və ərinin ölümü nəzərdə tutulur).
- Mənim həkimim və keşiş həmişə deyirlər: «Ömür Allah tərəfindən verilib. Vaxtından qabaq ölə bilməzsən”. Mən fikirləşirdim ki, Valerikin ölümündən sonra yaşamaram. Sonra da oğlum Saşanın ürəyi dayandı. Yaşamaq istəmirdim, inanırsınız? İndisə mənə deyilir: əgər yaşayıramsa, deməli, bu, olmalıdır.
- Həyatda ən mühüm olan nədir?
- Faydalı olmaq.
- İnsanları bağışlamaq lazımdır?
- Lazımdır.
- Əgər sənə ən yaxın adamın xəyanət edibsə, onda necə?
- Onda uzaqlaş və heç vaxt onunla yaxın ünsiyyət qurma. Mən həmişə belə edirəm. O cür adamları qəlbim daha qəbul etmir.
- İnsanlara inanmaq olar?
- Əlbəttə, amma... Şərait insanı başqa cür hərəkət etməyə məcbur edə bilər.
- Siz uzun və sadə olmayan ömür yaşamısınız - 80 il. Allahdan nə diləyiniz var?
- Əgər ölümdürsə, ani olsun.
- Əgər ölüm deyilsə?
- Şikəst yaşamaq çox çətindir. Bax, dünən Qalya məni əlil arabası ilə vanna otağına apardı. Nə etmək olar, başqa çıxış yolu yoxdur – yaşamaq lazımdır. Bizim ailəmizdə hamısını donuz qripi tutdu. Təkcə mən sağ qaldım. Hesab edirəm ki, əgər insan qalırsa, deməli, o, faydalı olmalıdır. Mən 17 gün reanimasiyada qaldım. Orada ancaq ölümcül insanlar qalırlar. Tanımadığım bir həkimdən xahiş etdim: «Məni yalnız burdan çıxarın!». Cavan bir həkim “babka, tərpən” dedi. Mən birdən özümdən çıxdım: “mən, “babka” deyiləm, Xalq artistiyəm”. Bu, sözlər də sanki yel kimi onun yanından keçdi. Mən adamlara kömək edə bilərəm, ancaq təki tamamilə şikəst olmayım.
“Moskovskiy komsomolets”dən tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər