• cümə, 19 Aprel, 04:41
  • Baku Bakı 18°C

Şəhidlər niyə Dağüstü parkda dəfn olundular?

20.02.19 11:30 2926
Şəhidlər niyə Dağüstü parkda dəfn olundular?
1990-cı ilin yanvar ayında Azərbaycan Respublikasının müstəqilliyi uğrunda şəhid olmuş insanların dəfn olunması üçün yerin seçilməsi və onun rəsmiləşdirilməsi ilə bağlı çoxsaylı iddialar var. Bəzən bu mövzuda danışanlar həqiqətləri təhrif edirlər. Əslində isə yer seçimi aşağıda nəql etdiyim kimi olub.
Azər Nəbiyev (hazırda Təhsil Nazirliyində çalışır) ictimaiyyət tərəfindən yaradılmış dəfn komissiyasının adından bir sıra aidiyyatı orqanlara şəhidlər üçün dəfn yerinin seçilməsi üçün etdiyi müraciətlərə rədd cavabı aldıqdan sonra 26 Bakı komissarı adına (indiki Səbaıl) rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri kimi mənə müraciət etdi.
Məlumat üçün qeyd edim ki, o vaxt bizim rayonun Partiya Komitəsinin 1-ci katibi mərhum Məmmədov Vəli Hüseyn oğlu idi.
Bu məlumatı ona görə deyirəm ki, şəhidlərin dəfni üçün yer seçimi ilə bağlı yazılan bəzi məqalələrdə təhrifə yol verirlər.
Biz Azər Nəbiyevlə yer seçimi ilə bağlı qısa müzakirə apardıq. İnsanlar tərəfindən Səməd Vurğun adına bağ, o vaxtın 26 Bakı komissarı adına bağ, Malakan bağı, Dənizkənarı bulvar və Dağüstü park variantları təklif edilmişdi. Mənə məlumat verildi ki, insanların çoxu Dağüstü parka üstünlük verir. Dağüstü parkın həm keçmişini, həm də şəhərin hündür yeri olduğunu nəzərə alaraq bu təklif məqsədəuyğun hesab edildi.
Biz Azər Nəbiyevlə birlikdə Dağüstü parka gəldik. Xeyli insan əllərində qəbirləri qazmaq üçün lazım olan ləvazimatlarla gözləyirdilər.
Biz həmin insanlarla birlikdə Dağüstü parkda qəbirlər üçün yer axtarmağa başladıq. Əvvəlcə Kirovun heykəlinin (o vaxt heykəl hələ dururdu) yuxarıdan baxanda sağ tərəfində olan yerə baxış keçirdik. Lakin orada olan yerli ağsaqqal məlumat verdi ki, vaxtilə həmin yerdə xristianlar dəfn edilib. Oradan qayıtdıq parkın qarşısına, təkliflər oldu ki, şəhidlər parkın qarşısında dəfn olunsun. Mən etiraz etdim və izahat verdim ki, qəbirlər yoldan müəyyən məsafədə olmalıdır. Bu təklif iştirakçılar tərəfindən də qəbul edildi. Bundan sonra insanlarla birlikdə getdik şəhidlərin hazırda dəfn olunduğu yerə. Bura enli və uzun səki idi. Bir nəfər ağsaqqal qəbir üçün yeri ölçdü və aydın oldu ki, qəbirlər bir sırada yerləşir və ikincisi səkiyə sığışmır. Bu zaman orada olan bəzi adamlar dedilər ki, şəhidlərin sayı 2- mindən çoxdur. 19 yanvardan 20 yanvara keçən gecə mən İcraiyyə Komitəsində olan növbətçi ilə birlikdə çox çətinliklə də olsa, bütün xəstəxanalar və morqlarla əlaqə saxlayaraq, şəhidlərin və yaralıların sayın təxmini olaraq müəyyən etmişdik. Ona görə də deyilən 2 min rəqəminin düzgün olmadığını bildirdim.
Bunları nəzərə alaraq, belə razılığa gəldik ki, qəbirləri qazmağa başlasınlar və biz siyahını bir daha dəqiqləşdirək. Mən onlara söz verdim ki, əgər həmin yer azlıq edərsə, əlavə yer məsələsi həll ediləcək. Bundan sonra başladılar qəbirləri qazmağa. Qəbirlərin qazılmasında, dəfn üçün hazırlanmasında rayon Kommunal Təsərrüfat və Bərpası İdarəsi (idarənin rəisi Malik adlı şəxs idi) aktiv iştirak etdi.
Növbəti gün Ali Sovetin fövqəladə sessiyasında bəzi deputatlar kəskin çıxışlar edərək şəhidlərin Dağüstü parkda dəfn olunmasına icazə verilməsini sərt tənqid etmişdilər. Bir sıra vəzifəli şəxslər, o vaxtkı rəhbərlik mənə ciddi irad tutdular və o hadisədən az müddət sonra heç bir səbəb göstərmədən məni icranın sədri vəzifəsindən azad etdilər və uzun müddət işsiz qaldım.
Əli Məmmədov
banner

Oxşar Xəbərlər