AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Şəhid və qazi ailələrinə dövlət dəstəyi sistemli xarakter daşıyır" - Millət vəkili

Cəmiyyət
10 Aprel 2021, 13:30 1121
"Bizə zəfər yaşadan şəhidlər və onların ailə üzvləri, qazilər və müharibə iştirakçıları dövlətin daim diqqət mərkəzindədir. Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılıb. Azərbaycan dövləti hər zamankı kimi vətəndaşının, hərbçilərimizin yanındadır".
 
Kaspi.az xəbər verir ki, bu barədə millət vəkili Müşfiq Cəfərov bildirib.
 
O qeyd edib ki, dövlətimiz Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailələrinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir: "Şəhidlik, əlillik, digər ağır və yüngül xəsarətlərə görə sığorta ödənişləri artıq başa çatıb. Qazilərin dövlət qayğısı ilə hərtərəfli əhatə olunması əsas prioritetdir. Şəhid və qazi ailələrinə dövlət dəstəyi üçün potensiallar səfərbər olunur. Sözügedən kateqoriyadan olan insanlara göstərilən qayğı və diqqət sistemli xarakter daşıyır. Dövlət hər zaman ərazi bütövlüyümüz uğrunda döyüşənləri və həyatını qurban verənlərin ailələrini diqqət mərkəzində saxlayacaq. Onlara göstərilən qayğı davamlı olacaq. Dövlət nəinki bu həssas qrupdan olanlara maddi mənəvi dəstəkdə olur, hətta Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edən hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardım göstərilməsini təmin etmək məqsədilə komissiya yaradılıb. Şəhid, qazi ailələri üçün yaradılan Yaşat Fondu da bu sahədə xeyli uğur əldə edib. Mütəmadi olaraq öz fəaliyyətini ictimaiyyətə təqdim edən fond, sosial şəbəkələrdə vətəndaşların müraciətinə operativ reaksiya verir. Düşünürəm ki, Şəhid ailələri və qazilərlə yanaşı, dövlətimiz vətəndaşlarımıza xüsusi qayğıyla yanaşır. Biz müharibə zamanı da, postmüharibə dövrüdə də xalq-dövlət həmrəyliyinin şahidi olduq. Bu qürurverici proses daimi olmalı, vətəndaş hər sahədə dövlətlə həmrəylini nümayiş etdirməlidir".
 
Deputat vurğulayıb ki, qarşıda bizi daha məsuliyyətli dövr gözləyir: "Qarabağı dirçəldib inkişaf etdirməli, əsl sakinlərinə təhvil verməliyik. Biz buna da vətəndaş dövlət birliyinin gücü ilə nail olacağıq. Dövlətimiz müharibədən zərər çəkmiş mülki şəxslərin də sosial müdafiəsini təmin edir. Dəymiş bütün ziyan dövlət tərəfindən qarşılanır. Bu sahədə deputat seçildiyim Gəncə şəhərini misal göstərə bilərəm ki, sıravi insanların evlə təmin olunması, sığorta ödənişi başa çatmaq üzrədir".
 
Alpər TURAN